Dərslər nə zaman bitir?

Müəllif: Redaktor

Editor

240527Respublikanın ümumtəhsil məktəblərində bu il ilk dəfə olaraq dərs ili iyunun 14-də başa çatacaq.

Bununla bağlı qərar Nazirlər Kabineti tərəfindən 2014- cü ildə verilib. Belə ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Amma ötən il Bakıda baş tutan Avropa Oyunlarına görə məktəblilərin dərs ili mayın 30-də başa çatmışdı. Beləliklə, bu il ilk dəfə olaraq məktəblilər “Son zəng”i iyunun 14-də qeyd edəcəklər.

Valideynlər isə hələ də iki il əvvəl verilmiş bu qərardan narazıdır. Onlar uşaqlarının isti havalarda dərsə getməsindən narahatdırlar. Bildirirlər ki, bu onların, xüsusilə də azyaşlı şagirdlərin psixologiyasına mənfi təsir göstərir.

Təhsil eksperti Etibar Əliyev də Qafqazinfo-ya açıqlamasında problemlərin sentyabr ayının 15-də dərs ilinin başlanması ilə bağlı verilən qərardan sonra yaranmağa başladığını xatırladıb:

“Dərs ilinin sentyabr ayının 1-dən 15- nə keçirilməsi hələ də müəamma kimi qalır. Hər hansı ayın ortasından dərs ili başlamaz. Problemin kökü bundan ibarətdir. Valideynlərin etirazına gəlincə isə, onlar nəzərə almalıdırlar ki, bayramların və yay tətilinin müddətləri də çoxdur. Buna görə də həmin 14 gün valideynlərin narahatlığına səbəb olmamalıdır. Bir çox ölkələrdə uşaqları hətta yay məktəblərinə cəlb edilirlər. Dünyanın inkişaf etmiş ölkələrinin hamısında bu proses var. İstəyirlər ki, uşaqlar çox məktəbdən ayrılmasınlar, bununla məktəbə bağlılıq artır.

Bizimkilər isə dərhal narahat olur. Həmin iki həftə məktəbdə proqramın hansısa hissəsində çatışmazlıqları doldurmaq məqsədi daşıyır. Nə üçün o zaman valideynlər bayramların, yay tətilinin çox olmasına qarşı çıxmırlar? Bunun özü müəyyən ətalət, tənbəllik yaradır. Buna görə də valideynlər narahat olmamalıdır. Təki uşaqların məktəbə bağlılığı bir qədər də artsın, onlarda tənbəllik yaranmasın”.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır