!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diaspora Komitəsi ÜAK-la bağlı bəyanat yaydı

!Reklam – Yazi

Diasporla İş üzrə Dövlət Komitəsi Ümumrusiya Azərbaycan Konqresinə qarşı keçiriləcək məhkəmə prosesi ilə bağlı bəyanat yayıb.

Yeniçağ.az-ın məlumatına görə, bəyanatda deyilir:

“Rusiya Federasiyası Ədliyyə Nazirliyinin müraciəti əsasında Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi ilə bağlı başlamış məhkəmə prosesi Rusiyada yaşayan azərbaycanlı icmasının, digər xarici ölkələrdə məskunlaşmış soydaşlarımızın, eləcə də bütün Azərbaycan ictimaiyyətinin dərin narahatlığına səbəb olmuşdur. Təəssüf hissi ilə bildiririk ki, son dövrlərdə daxil olmuş məlumatlar Rusiya Federasiyasında müəyyən anti-Azərbaycan qrupların ÜAK-ın fəaliyyətinin dayandırılması istiqamətində xüsusi fəallıq göstərdiyini, may ayının 15-nə təyin olunmuş məhkəmə prosesinə təşkilatın bağlanması üçün təzyiq etmək cəhdlərinin intensivləşdiyini söyləməyə əsas verir.

Dövlət Komitəsi bəzi qüvvələrin bilavasitə Azərbaycan-Rusiya münasibətlərini zədələməyə yönəlmiş məqsədyönlü fəaliyyətindən dərin narahatlıq hissi keçirdiyini bir daha bəyan edərək, məhkəmənin ədalətli qərar verəcəyinə inandığını ifadə edir. ÜAK Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradılmış, fəaliyyət göstərdiyi müddət ərzində soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi, xalqlarımızı bir-birinə bağlayan mədəni dəyərlərin, tarixi ənənələrin təbliğinə xidmət edən bir sıra uğurlu layihələr həyata keçirmişdir. İki milyona yaxın azərbaycanlını təmsil edən bu təşkilat millətlərarası barışın və qarşılıqlı anlaşmanın tərəfdarı kimi çıxış etmiş, ölkədə mövcud olan dini və etnik tolerantlığın daha da gücləndirilməsinə töhfə verməyə çalışmışdır.

Bir daha vurğulamağı vacib hesab edirik ki, ÜAK ictimai rəydə yalnız milyonlarla azərbaycanlını təmsil edən təşkilat deyil, eyni zamanda xalqlarımızın dərin tarixi köklərə malik çoxəsrlik dostluq münasibətlərinin, ölkələrimizin bir çox sahələri əhatə edən strateji tərəfdaşlığının simvolu kimi qəbul olunmaqdadır. Bu gün beynəlxalq münasibətlər sistemində mühüm yerə malik Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xüsusi rol oynayan yüzlərlə azərbaycanlının adını çəkmək olar. Rusiyada yaşayan azərbaycanlılar bu ölkəni özünün ikinci vətəni kimi qəbul edir, onun tərəqqisi və rifahı naminə səy və bacarığını əsirgəmirlər.

ÜAK-ın fəaliyyətinin başlıca qayəsi Rusiya Federasiyasında yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların xalqlarımız arasındakı əlaqələrin güclənməsinə, ölkələrimizin iqtisadi, siyasi və digər sahələrdə münasibətlərinin inkişafına cəlb etməkdən ibarət olmuşdur. ÜAK və onun üzvləri heç zaman Rusiya Federasiyasının qanunlarına və milli mənafelərinə zidd hər hansı addım atmamış, ölkənin, dövlətin maraqlarını yüksək əzmlə qorumağa, müdafiə etməyə çalışmışdır. Bütün bunlara baxmayaraq, bəzi qüvvələrin ÜAK-ın fəaliyyətinin dayandırılmasına yönəlmiş israrlı cəhdləri onların Rusiyanın ümumi mənafelərinə xidmət etdiyinə şübhə yaradır, eyni zamanda erməni diasporu ilə əlaqələrinə dair məlumatların həqiqətə uyğun olma ehtimalını artırır, habelə azərbaycanlı icmasının Rusiyanın milli siyasətinə inamının sarsılmasına səbəb ola bilər. Bu cür təşəbbüslər, eyni zamanda Rusiya Federasiyasının milli və etnik azlıqlarla bağlı siyasətinin məzmununa, prinsiplərinə qəti şəkildə ziddir.

Dövlət Komitəsi bütün Azərbaycan ictimaiyyətinin və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 460-dan çox diaspor təşkilatında birləşmiş azərbaycanlıların ÜAK-ın fəaliyyəti ilə bağlı başlamış məhkəmə prosesində iki ölkənin maraqlarına, xalqlarımızın dostluq ənənələrinin, dövlətlərimizin strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd qərar qəbul olunması istiqamətində təşəbbüslərdən dərin narahatlığını ifadə edir. Ümid edirik ki, məhkəmə bu narahatlığı nəzərə alaraq, milyonlarla azərbaycanlını təmsil edən ÜAK-ın fəaliyyəti ilə bağlı tam ədalətli, obyektiv və heç bir siyasi motivə əsaslanmayan qərar qəbul edəcəkdir. Bir daha xüsusi vurğulamağı vacib hesab edirik ki, Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinin dayandırılması iki ölkənin ümumi mənafelərinə tamamilə ziddir və yalnız Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmlənməsini istəməyən qüvvələrin maraqlarına xidmət edə bilər”.

Yeniçağ.Az

www.yenicag.az

1093
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv