!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dilarə həyat yoldaşının SİRLƏRİNİ AÇIB-TÖKDÜ: “Ərim qadınlarla dostluq edir, məni...” – MÜSAHİBƏ

!Reklam – Yazi

İlk başda televiziyada apardığı dadlı-duzlu verilişlərlə yadda qaldı, daha sonra meylini filmlərə salıb, çəkiliş meydançalarında min “Hoqqa”dan çıxdı. Özü də əvvəlki Dilarə bacı deyil e, qızı tanımaq olmur. O qədər arıqlayıb ki, lap iynəyə sap olub. Qulağından uzaq, orda-burda danışırlar ki, plastik əməliyyat etdirib. Neyləyib-neyləməyib, babal yuya bilmərəm, bir onu bilirəm ki, tanınmış prodüser Oqtay Əliyevin 25 illik həyat yoldaşı qızlarından seçilmir…

Əməkdar artist Dilarə Əliyevanın Yeniçag.az-a müsahibəsini təqdim edirik.

– Dilarə bacı, son vaxtlar sizi yalnız filmlərdə görürük, efiri unutmusunuz deyəsən?

– 17 il davamlı olaraq veriliş aparmaq məni yordu. Forma dəyişsə də məzmun etibarı ilə eyni yükü daşımaq hesab edirəm ki, 17 il mənə görə kifayət elədi. Heç vaxt sevmədiyim və artıq marağında olmadığım işi özümə yaxın buraxmıram. Nə vaxt ki, o iş mənə maraqlı idi, o layihəni elədim. Televiziya da bilirsiniz ki, insanın tozsoran kimi nəyi var sovurub çıxarır. Deyim ki, darıxmışam yox, darıxmamışam. Darıxmadığım bir yer üçün qayıtmağın yeri yoxdur. Hazırda aktrisa kimi fəaliyyətimlə məşğulam.

– Demək siz aktrisa olaraq özünüzü çəkiliş meydançasında daha rahat hiss edirsiniz, nəinki efirdə?

– Düzü yaradıcılıq məni daha çox cəlb edir.

– Bir müddət əvvəl söhbət əsnasında demişdiniz ki, hər səhər yuxudan hind filmlərindəki kimi xəyallarla dururam. O xəyallarınız gerçəkləşirmi?

– Təbii ki, xəyallar məni nə vaxtsa tərk eləsə demək ki, gələcək artıq bitib. Şükür ki, mənim o xəyallarım gerçəkləşir. Bu yaxınlarda çəkildiyim “Hoqqa” filmi loru dillə desəm “partlatdı”, tamaşaçı tərəfindən də bəyənildi. O tamaşaçı axınını görüb, arzumdan arzu doğdu. – “Hoqqa”da canlandırdığınız Qızxanıma gözüm yaşarınca güldüm…

– Hə, Qızxanım yaşı-başı keçmiş, bir neçə dəfə qaçmış, belə deyim də, “tutuzdura” bilməyən bir qızdır. Sosial şəbəkə vasitəsi ilə oğlanla tanış olur, oğlana da təklif eləyir ki, gəlib onu götürüb qaçsın. Oğlan da onu qaçırdır və yolda nə hoqqalardan çıxır, bunu da filmə baxanlar bilir.

– Prototipləri uğurla canlandırmağınızın səbəbi nədir?

– Gecə-gündüz prototipimi tapmağa əlləşirəm. Getdiyim yerlərdə diqqətlə müşahidələr aparıram.

– Tapmaqda çətinlik çəkmirsiniz ki?

– Bu işi sevirəm, buna görə bu müşahidənin özü də ayrı bir zövq verir. Olub ki, prototipi tam tapmasam da, onun sxemini özüm cızıram. İllərin müşahidəsi də öz bəhrəsini verir. Qovluqda bilirsən nə qədər prototiplər var (gülür).

– Efirdən sizi sözdən söz çıxaran, “dodağısözlü” biri kimi tanıyırıq. Həyatda bəs necəsiz?

– Belə bir söz var e, beşini yırğalasan içindən çox şey çıxar. Mən efirdə verilişimdə sözün başına ip salıram, söz oynadıram, amma həyatda tam fərqliyəm. Sözün başına ip salım, ucundan tutum ucuzluğa gedim, belə şeylər məndə yoxdur. Qayğıkeş, diqqətcil, insanları sevən bir insanam. Bir sözlə, insan haqqında nə qədər yaxşı söz varsa, mənə aid eləmək olar (gülür). Amma hər kəs kimi mənim də xətrimə dəyəcək hərəkətlər olanda, xarakterim özünü dərhal göstərir.

– Hansı formada?

– Birinci xəbərdarlıq formasında, sonra “al dili”, ardınca “şal dili” gəlir. Qarşı tərəfə bütün şansları verirəm, o da nə qədər lazımdırsa, istifadə edir. Əslində, qarşı tərəfə şansı ona görə verirəm ki, yəni mən bunu da keçdim, bunu da keçdim, sonda hazır ol; yəni edəyəcəm, özü də çox pis formada.

– Bəlkə taktikanızı incələyəsiniz?

– Həmin an obyekti görmürəm də… O insan mənim gözümə görünmür.

– Həyat yoldaşınız Oqtay Əliyev çox kaprizli insandır; belə deyək də, hər işi bəyənmir. Hərdən hansısa obrazı canlandıranda narahat olursunuzmu ki, görən Oqtay nə deyəcək?

– Böyük mənada götürsək, Oqtay mənim istedadımı yüksək qiymətləndirir. Nəsə irad tutanda o deməkdir ki, məndən daha çox şeylər gözləyir və bunu görmədiyi üçün irad tutur. Amma ümumi hesabla mənə verdiyi qiymət “5+”-dur.

– Rejissora tabe olan aktrisasınız?

– Bəli, o halda ki, rejissora inanım və o, məni məntiqli şəkildə inandırsın. Əgər inandırdısa, rahat başını qoyub yata bilər, çünki o nə desə mən də onu yerinə yetirəcəm.

– Hərdən ürəyinizdə əsəbiləşirsinizmi ki, filan rolu başqa cür oynamaq istəyirəm, amma rejissor buna imkan vermir…

– Təbii ki, məntiq qalib gəlirsə, razılaşıram. Rejissor deyirsə, bunu sübut da etməlidir. Cavab qənaətbəxşdirsə, imtina etmirəm.

– Maşallah, bədən quruluşunuzla göz çıxarırsınız.

– (gülür) Çalışıram bir qadın kimi formada olum. Həmişə saçıma, vizajıma fikir verirəm. Kifayət qədər arıqlamışam, buna da idman və sağlam qidalanma ilə nail olmuşam. Hələ ki plastik əməliyyat etdirməmişəm.

– Bəs bu dəyişiklik nəylə bağlıdır?

– Yalnız dişlərimlə bağlı estetik dəyişiklik var. Sifətim də çox dəyişkən olduğundan xırda bir şey üz cizgilərimi dəyişdirir. Çox şayiələr yayılıb. Danışırlar ki, Dilarə üzündə əməliyyat etdirib, yalan sözdür. Eləsəm də bunu gizlətmərəm. Hətta güləndə göz ətrafımda qırışlarım da var. İnanmırsan, baxa bilərsən.

– Hə, gördüm. Niyə bizim qadınlar qırışlardan bu qədər qorxurlar. Monika Beluççinin qırışları gözə girir, heç əməliyyat da etdirmir. Yaşı 50-ni coxdan haqlayib, amma bütün dünya onun gözəlliyindən danışır…

– Mən də qorxmuram qırışlardan. Ümumilikdə, məni dəyişik göstərən fakturamdır. İdmanla inanılmaz dərəcədə ciddi məşğul oluram. Bəlkə 20 yaşımda bu cür bədənə sahib deyildim, amma 44 yaşımda belə bədənə nail olmuşam. Pəhriz saxlayıram, idman edirəm, çoxlu su içirəm – səbəb bu qədər sadə.

– Bu gözəlliyə görə verdiyiniz qurbanlar ağır olub?

– Çörəkdən, tortlardan imtina edirəm, kolorili yemək yemirəm. Ürəyimdən çox yemək keçir, amma nəfsimi saxlamaq məcburiyyətində qalıram.

– Qadın həm də sevgidən enerji alır. Həyat yoldaşınız bu sevgini sizə ötürə bilirmi? Bayaq dedin ki, yaradıcılığına “5+” verir, bəs qadın kimi özünə?

– O, mənə ruh verir.

– Yalandan sözlə başını aldadır, yoxsa?

– 25 ildir evliyik. Zarafat deyil e, ortada bu boyda tarixçə var. Durum deyim ki, bu müddət ərzində ailəmizdə söz-söhbət olmayıb, yalandır. Amma Oqtay həyatı boyu ailəsinin, uşaqlarının istədiyini edib. Yetər ki, mən deyim nəsə istəyirəm. Dərhal yerin dibindən də olsa, tapıb gətirəcək Təki mənim üzüm gülsün, kefim yaxşı olsun. Oqtay elə güvəniləcək həyat yoldaşıdır ki, həmişə arzulamışam ki, kaş gələcəkdə qızlarımın da yanında ataları kimi güvənilən kişi olsun.

– Bir sözlə, həyatınızın kişisidir…

– Bəli, o, həyatımın kişisidir.

– Amma ara-sıra həyatınızın kişisiylə boşanma xəbəriniz də yayılır…

– Mənə də çatmır ki, bu söz-söhbətləri kim yayır.

– Belə xəbərləri eşidəndə reaksiyanız necə olur?

– Əvvəllər əsəbiləşirdim, sonra güldüm. Güləndən sonra isə başladım özlüyümdə götür-qoy eləməyə. İndi bütün reaksiya formaları bitib, bilmirəm necə reaksiya verim bu söhbətə.

– 25 il bir yerdə yaşamaq daha çox kimin zəhmətinin bəhrəsidir: sizin, yoxsa həyat yoldaşınızın?

– Desəm ki, tək mənim əməyimdir, yalan olar, hər ikimizin də zəhməti var. Düşünürəm ki, ərlə arvad dost olmalıdır. Bölüşmək, danışmaq üçün bizim o qədər ortaq olan və olmayan mövzularımız var ki… İki ildir ki, biz bulvarda sürətli yerişlə qaçırıq, orda danışırıq, sonra evdə söhbəti davam etdiririk. O da, mən də inanılmaz dərəcədə söhbətcilik, bir-birimizlə yaradıcılıqdan, ordan-burdan danışıb, düzüb-qoşuruq. Oqtay dəhşətli dərəcədə maraqlı adamdır, onunla söhbətdən doymazsan.

– Elə xanımlar da onu çox istəyir. Qısqanmırsınız ki?

– Qətiyyən, qadınlar həyat yoldaşımı nə qədər çox sevirlərsə, o qədər xoş gəlir mənə, şərəf duyuram. Ərim qadınlarla dostluq edir, bu, mənim xoşuma gəlir.

– Bəs yanında belə incə görünməyiniz onu qısqandırmır ki?

– Əksinə, mənim gözəl görünməyim onun xoşuna gəlir. Mən sevinəndə o ikiqat sevinir. O, mənim üçün, mən də onun üçün qiymətli insanam. Buna adım kimi əminəm.

Cəvahir Səlimqızı

Yeniçağ.az

www.yenicag.az

2298
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv