yenicag.az
yenicag.az

Diqqətli olun!: “Ayxan hədiyyə qutusundan çıxan şokoladı yeyib zəhərlənmişdi…” – Reportaj+FOTOLAR

Diqqətli olun!: “Ayxan hədiyyə qutusundan çıxan şokoladı yeyib zəhərlənmişdi…” – Reportaj+FOTOLAR

Müəllif: Redaktor

Editor

hediyyeYeni ilin gəlməsinə artıq bir gün qalıb. Buna çox sevinən ən çox uşaqlardır. Çünki bu bayramda hər kəsdən çox balacalar hədiyyə qazanır. Hər il olduğu kimi bu ildə Yeni il münasibətilə uşaqlar üçün müxtəlif çeşiddə hədiyyə bağlamalarının satışına start verilib. Amma bəzən uşaqları sevindirmək üçün hazırlanan hədiyyə bağlamalarının içindən istifadə vaxtı keçmiş, sağlamlıq üçün təhlükə törədən keyfiyyətsiz hədiyyələr çıxır.

Artıq böyük supermarketlər də uşaqlar üçün içində oyuncaq və qida məhsulları olan Yeni il hədiyyələri satışa çıxarılıb. Onların qiyməti, tərkibi, keyfiyyəti ilə maraqlanmaq üçün bir neçə supermarketlərə baş çəkdik. Öncə deyək ki, Yeni il hədiyyələrinin qiyməti 5 manatdan 15 manatadək dəyişir. Təbii ki, qiymət artdıqca qutu da böyüyür.

Adı çəkilən böyük marketlərdə müxtəlif ölçü və qiymətdə olan şirniyyat paketlərinin alıcıları da kifayət qədər çox idi. Əsasən də balacalar şəkilli karton qutularda qablaşdırılmış konfet və şirniyyatları almağa daha çox həvəs göstərirdilər.

Hədiyyə qutularının içərisində bəzən sağlamlıq üçün təhlükə törədəcək şirniyyatlar da olur. Bağlamalara bəzən vaxtı keçmiş məhsullar qoyulur. Qutuların üzərində onun içərisinə qoyulan şirniyyatların yer aldığı yazılsa da, onların heç birinin istifadə müddəti göstərilmir. Bu hədiyyələri alarkən içindəki məhsulların keyfiyyətini yoxlamaq mümkün olmadığından bəzi şirkətlər fürsətdən istifadə edərək köhnə məhsullarını əhaliyə satmağa başlayıblar. Və hətta həmin marketlərdə şəkilli hədiyyə bağlamalarını satıcıların özləri doldurur və qiymət yapışdıraraq satırlar. Beləliklə, istifadə müddəti keçmiş və bitməsinə az qalmış bu məhsulları satmağın ən “münasib” üsulu onları hədiyyə paketlərinə yerləşdirməkdir.

Satıcılara yaxınlaşıb satılan Yeni il hədiyyələrinin keyfiyyətini və alıcıların sayını soruşduq:

– Hədiyyə bağlamalarını boş gördük, deyəsən, özünüz doldurursunuz?

– Bəli… özümüz də doldururuq, firma da gətirir. Ən çox öz hədiyyələrimizi satırıq.

– Firma sizə bu hədiyyələri gətirəndə heç maraqlanırsınız ki, istifadə müddəti nə qədərdir və bağlamanın içinə yerləşdirilən şirniyyatların keyfiyyəti necədir?

– Hədiyyələr bizə bağlı gəlir. Amma keyfiyyəti haqda maraqlanırıq, heç bir təhlükəsi yoxdur.

– Hədiyyələrinizin balaca alıcıları da çox olar…

– Bu il yox. Amma keçən ilə kimi çox idi. Bu il çox zəif satılır, belə getsə məcburuq ya qaytaraq, ya da üstümüzdə qalacaq.

– Bəs siz öz doldurduqlarınızı neynəyəcəksiniz?

– Heç nə, satılmayanı qutudan boşaldıb, vitrinə qoyub satacağıq.

– Nə qədər müddəti var ki, vitrinə də çıxarıb satacaqsınız?

– Var müddətti…

– Olar, bağlamanın birini açım baxım?

– Yox, olmaz. Çünki bizə bağlı gəlir. Qutunun altına içinə yerləşdirilən nə varsa yazılıb. Baxın.

– Siz özünüz doldurduğunuz qutunun birini aça bilərik?

– Onu artıq bağlamışam, açsam yenidən yığa bilməyəcəm. İnciməyin, icazə yoxdur.

– Bəs siz bağlamanı doldurmağı niyə dayandırdınız?

– Sizinlə söhbət edirəm deyə dayandırdım.

– Birini doldurun, biz də baxaq…

– Siz niyə baxırsınız ki?… Birini alın və baxın nə yerləşdirmişik. Belə doldura bilmərəm, siz baxa-baxa (gülür və mövzudan yayınır-red).

Onu da qeyd edim ki, satıcı bizim ona yaxınlaşdığımızı görən kimi hədiyyə bağlamalarını doldurmağı dayandırdı…

Sonra Sevinc adlı (ad şərtidir- red) alıcıya yaxınlaşıram. Yanında olan balacalar hədiyyə seçirlər. Elə sevinə-sevinə seçirlər ki, adam lap həvəsə düşür. Ancaq uşaq nə bilsin ki, o bağlamaya yerləşdirilən şirniyyatların yararlılıq müddəti məlum deyil.

– Uşaqlarınıza hədiyyələr alırsınız. Heç keyfiyyəti ilə maraqlanırsınız?

– Satıcıdan soruşdum, dedi, “narahat olmayın”. Uşaqdı da ağlı kəsmir, istəyir, biz böyüklərdə ildə bir dəfə olduğu üçün məcbur qalıb alırıq.

– Deyirsiniz ki, məcbur qalıb alırıq. Gerisini düşünmürsünüz?

– Doğrusu, keçən il yanımızda böyük market var, ordan hədiyyə almışdım (marketin adını çəkmir-red). Ayxan hədiyyənin içindən çıxan şokoladı yeyib zəhərlənmişdi. Bir həftə “Semaşko”nın ( 1 saylı şəhər kliniki xəstəxanası- red) yolarında qaldıq. Bayram da zəhər oldu bizə.

– Oğlunuz keçən il bu bağlamalardan zəhərlənib, bu il isə siz yenidən alırsınız.

– İndi başlarını qatmaq üçün alıram, ancaq yeməyə imkan verməyəcəm. Balacadır, baxın, bayaqdan marketdə özünü öldürür ki, bizə hədiyyə al. Amma bilmir ki, o hədiyyəni yemək olmaz.

Uşaqlar bizim söhbətimizə mane olur… Onların fikri yalnız hədiyyələrdir. Sevinc bayramımızı təbrik edir və uşaqlarına hədiyyə seçməyə davam edir…

Yeniçağ.az olaraq hədiyyə bağlamalarının keyfiyyətini öyrənmək üçün Azad İstehlakçılar Birliyi ilə əlaqə saxlama çalışdıq. Təəssüf ki, zəngimizə cavab verən olmadı…

Qeyd edək ki, Azərbaycanda yalnız uşaqlar deyil, böyüklər də bəzən bir-birini hədiyyə ilə sevindirir.

Gülnarə Eynullaqızı
Yeniçağ.Az

Cəmiyyət, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti