!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dolların məzənnəsi ilin sonuna qədər dəyişməyəcək - İDDİA

!Reklam – Yazi

Avropa və Çin iqtisadiyyatındakı müsbət tendensiyalar dollara mənfi zərbə vurub.

Son dövrlər dolların qlobal valyuta bazarlarında ucuzlaşması müşahidə olunur. ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması da ucuzlaşmanın qarşısını ala bilmir. Belə vəziyyət nədən qaynaqlanır? Azərbaycan valyuta bazarına nə kimi təsirləri ola bilər?

Yenicag.az-a açıqlamasında Kapital Menecment İnvestisiya Şirkətinin direktoru Cəfər İbrahimli bildirdi ki, Avropa və Çin iqtisadiyyatında baş verən müsbət tendensiyalar dolların əksər valyutalar qarşısında ucuzlaşmasına gətirib çıxarıb. Ekspertə görə, manat dollar qarşısında mövcud vəziyyətini ilin sonuna qədər qoruyub saxlayacaq:

“ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırmağa başladığı ilk andan etibarən dollar dəyər qazanmağa başlamışdı. Dollar bütün valyutalar qarşısında dəyər qazandı və bu hal xeyli müddət çəkdi. Amma burada bir məsələ var ki, ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini yüksəltməsi istər-istəməz dövriyyədən pul yığmaq və əlavə olaraq bu ilin sonuna qədər aktivlərin azaldılmasına gətirib çıxara bilər. Yəni dövriyyədə həm uçot dərəcəsini yüksəltmək, həm də aktivləri azaltmaqla pul kütləsinin bir hissəsini geri yığmağı düşünürlər. Bu tendensiya sürətlə davam edəcəyi təqdirdə iqtisadiyyatın gələcəkdə böyümə imkanlarının zəif olması ehtimalı ilə dolların dəyər itirməsi baş verə bilərdi. İndi Federal Ehtiyat Sistemi həm uçot dərəcəsini yüksəldir, həm də aktivlərini azaldır. Bu da Amerika iqtisadiyyatına iqtisadi göstərici və işsizlik baxımından mənfi təsir göstərəcək. Habelə, Avropa və Çin iqtisadiyyatından gələn müsbət rəqəmlər istər-istəməz dollarla müqayisədə digər kənar valyutaların məzənnə baxımından güclənməsinə səbəb olub. Amma bu tendensiyanın uzun müddət davam edib-etməyəcəyini demək çətindir. Fakt ondan ibarətdir ki, indi 1 avro dollara nisbətən 1,05-dən 1,15-ə yüksəlib. Həmçinin, son 2 – 3 ayda dollar digər valyutalar qarşısında dəyərini itirir. Azərbaycan ixracatı hələlik neftdən asılı olduğundan gələn gəlirlər də dollarladır. İdxalın da böyük hissəsi dollarla həyata keçirilir. Bu mənada ölkəmizdə manatla bağlı məsələ Azərbaycan iqtisadiyyatının özünün fundamental məsələsidir. İstər-istəməz hələ Dövlət Neft Fondu və Mərkəzi Bank üzərindən tənzimləmə prosesi saxlanıldığı, həmin qurumlar tərəfindən bazara tələb olunan qədər valyuta verildiyindən üzən məzənnə tam olaraq oturuşmayıb.

İqtisadiyyatın özündə də müəyyən qədər fundamental problemlər var. Dolların dəyərinin bu fonda düşdüyü zaman manatın məzənnəsinin yüksələcəyini gözləmirəm. Hələlik, manat dollarla nisbətdə sabitliyini cari il ərzində qoruyub saxlamalıdır. Çünki əvvəlki illərdə manatın dəyərdən düşməsi iqtisadiyyat və sahibkarlar arasında ciddi sıxıntılar yaratdı. Ona görə də nisbi sabitliyi saxlamaq lazımdır ki, investorlar ondan bəhrələnərək, strategiyalarını formalaşdıra bilsinlər. Bu mənada Azərbaycanda tam sürətli dəyişiklik olmayacağı qənaətindəyəm. Avronun dollara nisbətdə məzənnəsi 1,05-dən 1,15 səviyyəsinə qalxdığı halda, manatın dollara nisbətdə məzənnəsi xeyli zamandır 1,70 dəyərində qalmaqdadır”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

1059
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv