Dollarla kredit götürənlərin çıxış yolu – Ekspert fikri

Müəllif: Redaktor

Editor

Dollar hər gün manata nisbətən bahalaşmaqda davam edir. Ölkə vətəndaşlarının böyük hissəsi 21 fevral manatın devalivasiyasından sonra kreditlə bağlı problemlərlə üz-üzə qaldı. Birdən-birə manatın 35 faiz ucuzlaşması dollarla verilən kreditlərin ödənilməsində ciddi çətinliklər yaratmağa başladı. Və tez-tez bank əməkdaşıları ilə müştəri arasında ciddi problemlərin yaşandığını müşahidə etdik. Çünki bank əməkdaşları borclu müştərilərdən kreditin ödənməsini dolların hər gün bahalaşan yeni məzənnəsi ilə tələb edirlər.

Bəs görəsən, bunun çıxış yolu varmı?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirir ki, əlbəttə, problem varsa, ondan çıxış yolları da mövcuddur.

Əvvəla, ondan başlayaq ki, kredit götürən və ya hər hansı bir bank-maliyyə əməliyyatı aparan hər bir vətəndaş, dövlətinə, hökumətinə və onun maliyyə siyasətinə güvənərək bu işin altına girir:

“Güvənməsəydi, bütün əməliyyatları nağd aparardı, krediti də tanıdığı imkanlı adamlardan xahiş edib alardı. Güvəndiyi hökumətin iqtisadi- maliyyə siyasəti nəticəsində də vətəndaş ziyana düşüb, bir tərəfdən ödəyir, ödədikcə də borc şişir. Problemin qaynağı hökumətin iqtisadi siyasəti olduğundan ya zərəri hökumət ödəməlidi, ya da bank; başqa sözlə, vətəndaş və dövlət arasında bu zərər bölüşdürülməlidir. Bütün yükü vətəndaşın çiyninə yükləmək olmaz, bu, haqsızlıq, ədalətsizlikdir. Çox təəssüf ki, Azərbaycan hökuməti bu ədalətsiz yolu tutdu. Devalivasiyadan dərhal sonra Mülki Məcəllənin bu münasibəti tənzimləyən maddəsi Ali məhkəmənim mülki işlər kollegiyasının hakimi tərəfindən təfsir edildi. Həmin təfsir zamanı qanunun tələbləri kobud şəkildə pozuldu”.

Akif Nəsirli ile ilgili görsel sonucuƏslində, qanun tələb edir ki, Azərbaycan bankı ölkə vətəndaşına krediti dollarla verə bilməz:

“Yalnız əcnəbilərlə belə müqavilələr başlana bilər. Lakin hakim Əsəd Mirzəyev iddia etdi ki, qanuna görə vətəndaş banka olan kredit borcunu borcun yaranışı dövründəki kursla ödəməlidir. Yəni hökumət siyasətinin günahı olaraq, vətəndaşların zərərinə şərik çıxmalıdır. Lakin hələ ki, bu, müşahidə edilmir”.

İqtisadçı-ekspert Əli Əhmədovun fikrincə, vətəndaş banka yaxınlaşaraq, yeni məzənnə ilə borcu ödəyə bilməyəcəyini deyib, onu sübut etməlidir:
“Yəni sübut etməlidir ki, krediti alanda onun gəlirləri imkan verirdi ki, o vaxtkı məzənnə ilə krediti qaytarsın. İndiki məzənnə ilə isə qaytara bilmir. Bunu sübut etmək üçün öz gəlirlərini göstərməli və banka vəziyyəti izah etməlidir. Əgər bank bunu başa düşsə, müştəriyə güzəşt edilməlidir. Məsələn, faizlər yığışdırılmalıdır. Yəni müştəri yalnız əsas məbləği ödəməlidir”.

Digər variant odur ki, müştərinin bu izahatından sonra borc həmin, yəni indiki məzənnə ilə manata çevrilir:

“Və müştəri pulu manatla qaytarmağa başlayır. Bunun bir yaxşı cəhəti var ki, daha müştəri dolların bahalaşmasından asılı olmur. Bu dediklərim o hala aiddir ki, bank müştərini başa düşür və onun sübutları ilə razılaşır. Yox, əgər razılaşmırsa, müştəri məhkəməyə gedir və krediti ödəyə bilməməsi barədə iddia qaldırır. Deyir, ya məni müflis elan edin, ya da yeni cədvəl verin, uzun müddətə ödəyim pulu. Bu dəfə onun vəziyyətini məhkəmə araşdırır. Adam sübut edə bilsə ki, gəlirləri bu krediti ödəməyə imkan vermir, ona yeni cədvəl təyin etməlidirlər. Uzun müddətə, bəlkə də hətta manatla… Bu zaman məhkəmə nəzərə almalıdır ki, adamın qazancı ailəsinə çatırmı? Eyni zamanda məhkəmə bu borcu müştərinin adına olan əmlaka da yönəldə bilər. Məsələn, evi ya maşını varsa, ona yönəldib həbs qoya bilər. Ümumiyyətlə, iş məhkəməyə gedib çıxarsa, variantlar çoxdur”.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir