Dopinqə görə karyerasını bitirən idmançımızın 4 il sonra bəxti gətirdi – Olimpiya medalı

Müəllif: Redaktor

Editor

Sonuncu dopinq qalmaqalından sonra idmanla vidalaşan, ağır atletika üzrə milli komandamızın üzvü İntiqam Zairov günü şad xəbərlə açıb. Belə ki, London Olimpiadasında 94 kq. çəki dərəcəsində 6 ağırlıqqaldıranın cəzalanması həmyerlimizə gümüş medal qazandırıb. Bununla da 2012-ci ildə Londonda keçirilmiş Olimpiadada medal sayımız 11ə çatıb.

İntiqam Zairov məsələ ilə bağlı Yeniçağ.az-a müsahibə verib.

– İntiqam bəy, məsələ ilə bağlı yəqin başqa zəng edənlər də olub…

– Bəli, zənglər gəlib. Azdan-çoxdan məsələdən xəbərim vardı. Amma hələ ki, təsdiq xəbərini gözləyirəm.

– Tam təsdiqlənmə nə vaxt olacaq?

– Deyilənə görə, bu ayın sonuna kimi…. Məsələ ilə bağlı ötən ildən Beynəlxalq Ağır Atletika Federasiyasının saytında məlumat getmişdi. Rəsmi təsdiq isə yaxında bilinəcək.

– Əminsiniz ki, London Yay Olimpiya Oyunlarında sizin qanınız “təmiz” idi? Yəni növbəti yoxlanışda adınız dopinq məsələsində hallanmayacaq ki?

– Orada mən ilk dəfə analiz vermişəm. London yarışında dopinqdən söhbət gedə bilməz. Çünki həm A, həm də B “probu” vermişdim. Bir səhər tezdən vermişəm, bir də günorta testi üçün getmişdim. Nəsə olsaydı, yəqin ki, həmin 6 nəfər sırasında mənim də adım olardı. Artıq medal sevinci yaşaya bilərəm. Fərəhimin həddi yoxdur.

– Karyeranızı tamamı ilə bitirmisiniz?

– Bəli, hələ ki peşəkar şəkildə məşq etmirəm. Məşqləri formamı qorumaq üçün edirəm.

– Peşəkar idmana qayıtmaq ehtimalı varmı?

– Gümanki yox. Çünki hələ cəzam var. Bundan əlavə axırıncı dəfə dopinqə görə cəzalanan tək mən deyiləm. Görək necə olacaq. Sözün düzünü deyim ki, özüm də istəmirəm qayıdam. Yaşım da o yaş deyil.

– Yəqin ki, məsələdən Nizami Paşayev də xəbərdardır?

– Bəli, onun da xəbəri var. Təbii ki, məşqçim də sevindi. İndi MOK-dan da təsdiqlənməni gözləyirik.

– Milli Olimpiya Komitəsinə (MOK) mükafat üçün müraciət edəcəksinizmi?

– Məşqçim Nizami Paşayevlə məsləhətləşəcəm. Mənim ağır atletikada 20 il təcrübəm var. Nəsə olmalıdır, kənarda qalası deyilik ki… Məşqçimlə də məsləhətləşdikdən sonra rəsmi qurumlara müraciət edəcəyik.

 

Aygün İlqarqızı

Yenicag.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir