www.sinerjipro.net

SinerjiProWide
Reklam

 Azərbaycan Ordusunun Qarabağ savaşında mütləq mənada dönüş yaratdığı, tarixə “Aprel döyüşləri” kimi yazılan  “Dördgünlük müharibə”dən 1 il ötür.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistanın artan hərbi təxribatlarının qarşısını alan Silahlı Qüvvələrimiz düşmənə və onun hamilərinə unutmayacaqları bir dərs verdi. Ordumuzun göstərilən tarixdə başladığı uğurlu əks-hücum əməliyyatı öz nəticələri baxımından istər cəbhədə, istərsə də danışıqlar masasındakı vəziyyəti, o cümlədən beynəlxalq aləmin Qarabağ münaqişəsinə münasibətini əhəmiyyətli surətdə dəyişdi.

“Dördgünlük müharibə” 1994-cü il mayın 12-də “Bişkək protokolu”nun imzalanması ilə Qarabağ cəbhəsində uzunmüddətli atəşkəs rejiminin tətbiqindən sonra baş verən ən genişmiqyaslı toqquşmadır. “Aprel döyüşləri” münaqişənin dinc yolla həllinə tərəfdar olduğunu bütün addımları ilə təsdiqləyən Bakının lazım gələrsə, hərbi gücə əl atılacağına dair bəyanatlarının söz xatirinə verilmədiyini bütün dünyaya nümayiş etdirdi. Münaqişənin dinc vasitələrlə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 məlum qətnaməsinin kağız üzərində qalmasına baxmayaraq, Azərbaycan yenə təmkinlə davranaraq, müharibənin yenidən alovlanmaması üçün konstruktiv mövqeyini pozmadı. Lakin işğalçı Ermənistan və və faktiki olaraq, onun dəstəkçisinə çevrilmiş ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Fransa, Rusiya) Azərbaycanın bu siyasətini çəkingənlik kimi qiymətləndirdilər.

O baxımdan, Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı il aprelin 2-si gecədən başlayaraq, növbəti 3 gün ərzində Ermənistan ordusuna endirdiyi sarsıdıcı zərbə işğalçı ölkə ilə yanaşı, beynəlxalq birlik üçün də “aydın səmada çaxan şimşək” effekti yaratdı. “Aprel döyüşləri” öz aktuallığına görə hətta dünyanın gündəmini dəyişən bir hərbi aksiyaya çevrildi. Beynəlxalq gündəlikdə dayanan məsələlərin önündə gələn, dünyanın aparıcı mediasının əsas mövzuları olan Suriya və Ukrayna hadisələri də “Dördgünlük müharibə”nin kölgəsinə düşdü. “Aprel döyüşlərini” işıqlandıran beynəlxalq media Qarabağ münaqişəsi tarixində bəlkə də ilk dəfə idi ki, o günlərdə hazırladıqları reportaj və təhlillərdə məsələyə bu qədər obyektiv yanaşırdılar.

“Dördgünlük müharibə”nin mühüm xüsusiyyətlərindən biri də Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətinin döyüş hazırlığının yüksəkliyi və arsenalımızdakı silah-sursatın müasirliyi ilə yanaşı, Ordumuzun modern hərbi texnika əsasında irimiqyaslı əməliyyatları uğurla həyata keçirtmək qabiliyyətinin nümayişi oldu. Əlamətdar haldır ki, dünya hərb tarixində məhz Azərbaycan ilk dəfə olaraq, Pilotsuz Uçan Aparatlardan (PUA) düşmənə zərbə endirmək təcrübəsinin əsasını qoydu və bu praktika dünya çapında müsbət dəyər qazandı. Ümumiyyətlə, Azərbaycanın “Dördgünlük müharibə”də seçdiyi taktika Rusiya və Qərb hərbi texnoloqları tərəfindən müsbət qiymətləndirildi. Hətta Ter-Tadevosyanın şəxsində düşmən Ermənistanın nüfuzlu generalları da Azərbaycan Ordusunun “Aprel döyüşləri”ndə qarşıya qoyduğu məqsədə maksimum nail olduğunu etiraf etmək məcburiyyətində qaldılar.

Ümumiyyətlə, hərbi əməliyyatların 4-cü günündə Ermənistan rəhbərliyinin yalvararaq, sülh istəməsi düşmən ölkənin vəziyyətini göstərən əsas “barometr”dir.

Yuxarıda qeyd olunduğu kimi, “Dördgünlük müharibə” Qarabağ danışıqları masasında da vəziyyəti kökündən dəyişdi. Minsk qrupundakı himayədarlarına arxalanan Ermənistan bu sarsıdıcı hərbi məğlubiyyətdən sonra həyasız şıltaqlığını davam etdirə bilməyəcəyini başa düşdü. Eyni zamanda, beynəlxalq vasitəçilər də inadla dəstəklədikləri Ermənistanın çarəsiz vəziyyətə düşdüyünü görərək, nizamlama prosesini sürətləndirməli oldular. Hər halda, “Aprel döyüşləri”ndən sonra Minsk qrupu həmsədrlərinin fəallığı artırmalarının arxasında məhz Ermənistanı xilas etmək niyyətinin dayandığı şübhə doğurmurdu. Lakin təəssüf ki, növbəti aylarda Yaxın Şərq regionunda vəziyyətin daha da gərginləşməsi, Qərb-Rusiya qarşıdurmasının güclənməsi və əlbəttə ki, Türkiyədə FETÖ terror şəbəkəsinin hərbi çevrilişə uğursuz cəhd göstərməsi Qarabağ danışıqlarındakı intensivliyi pozdu. Bununla belə, “Dördgünlük müharibə”nin hərbi-siyasi nəticələri və ən əsası, Ordumuzun bütün dünyaya göstərilən hərbi qüdrəti bir “Domokl qılıncı” kimi Ermənistanın başı üzərindədir.

Yekunda bir daha “Aprel döyüşləri”nin faktiki nəticələrini xatırlatmaq istərdik. Azərbaycan Ordusu 4 gün davam etmiş hərbi əməliyyatlar zamanı Ermənistanın işğalı altında olan ərazilərimizdən 2 min hektarı azad edib. Cəbhənin şimal-qərb və cənub-qərb istiqamətləri – Goranboy rayonuna və Naftalan şəhəri üçün ciddi təhlükəyə çevrilmiş Talış kəndi yaxınlığındakı yüksəkliklər düşməndən təmizlənib. Füzuli rayonundakı Lələtəpə adlanan strateji yüksəklik üzərində nəzarət bərpa olunub. 4 gün davam etmiş toqquşmalarda Ermənistanın yüzlərlə hərbçisi məhv olunub, 500-dən artıq əsgəri yaralanıb, düşmən 30 tank, 15-ə yaxın artilleriya qurğusu və başqa hərbi texnikasını itirib.
“Aprel döyüşləri”ndə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmış Azərbaycan hərbçilərinin xatirəsinə ən yüksək səviyyədə ehtiram ifadə olunub, onların ailələri dövlətin qayğısı ilə əhatələnib. Döyüşlərdə yaralanan əsgər və zabitlərimizin tezliklə sağalmaları üçün lazım olan bütün addımlar atılıb, onların da ailə üzvləri dövlətin qayğısından kənarda qalmayıblar. “Dördgünlük müharibə”də xüsusi şücaət göstərmiş hərbçilərimiz (bəzilərinə ölümündən sonra) layiqincə təltif olunublar.

Bir il əvvəl baş vermiş “Aprel döyüşləri” öz əhəmiyyətinə görə Azərbaycanın ən yeni tarixinin “Qızıl səhifələri”ndən biridir. Ancaq “Dördgünlük müharibə”nin əsas özəlliyi onun Azərbaycanı qarşıdakı böyük zəfərlərə aparacaq yolun başlanğıcı olmasıdır.

Araz Zeynalov
Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 55
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."