!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dostu yaxama əl atdı, ərim isə... – Dilənçi milyonçunun tükürpədən hekayəsi

!Reklam – Yazi

Onunla hər gün işə gedib-gəldiyim yolda rastlaşırıq: bir-birimizin üzünə gülümsəyir, sanki illərin tanışı kimi baxışırıq. Amma onun təbəssümü, baxışları başqa sözlər deyir. Nədənsə, mənə elə gəlirdi ki, bu gözlərin sahibinin çox dəhşətli bir həyat hekayəsi var. Hissiyyatım məni yanıltmamışdı…

Soyuq fevral səhərlərindən biri… o, yenə həmənki yerində idi. Yaxınlaşıb salamlaşdım, soyuqdan titrəyən əlinə pul qoydum. Sevincdən gözləri parladı. Pulu cibinə qoyub, diqqətlə üzümə baxdı. Onunla söhbət etmək istədiyimi dedim. Əvvəlcə danışmaq istəmədiyini söyləyir, sonra razılaşır. Onu da deyim ki, Nailə xala mənimlə söhbət etməyə başlasa da, gözünü gəlib-gedənlərdən bir anlıq da olsa yayındırmır. Mən də onun sığındığı küncdə dayanıram ki, həm söhbət edə bilim, həm də onun dilənməyinə mane olmayım.

– Nailə xala, niyə dilənirsən?

– Eh… dilənməyim neynəyim? Bu yaşdan sonra kimdi məni işə götürən? Yenə gücüm buna çatır.
Üzünü yola tərəf tutub susur, gözləri yol çəkir. Sağ ovucunu isə bağlamır. Bir neçə dəqiqəlik susqunluğu pozub “mənə kömək edin, ay bala, kimsəsiz adamam bir çörəkpulu verin”,- deyir.

– Ay xala, niyə “kimsəsizəm” deyirsən?

– Kimim var ki, ay bala?

Kövrəlir… Titrək əlləri ilə eynəyini çıxarıb, yaşarmış gözlərini silir. Bir neçə saniyədən sonra söhbətə başlayır:

– Mənim dərdim böyükdür. Dağa danışsam dağ dözməz, daşa danışsam daş əriyər (ah çəkir). Mənim 57 yaşım var. 17 yaşım olanda valideynlərimin razılığı ilə ailə qurdum. Yoldaşım təzə-təzə evlənəndə mənə çox yaxşı baxırdı, ta ki, üçüncü övladım olana qədər. Yaxşı yerdə işləyirdi, gündəlik gəliri vardı, korluq çəkmirdik. Gözü götürməyənlərim çox oldu. Yoldaşımın evini dostları, evimdə süfrəmin qırağında oturanlar yıxdı. Onu iynəyə “oturtdular”. Əvvəl -əvvəl məndən gizlədirdi, sonra açıq-aşkar mənim yanımda iynə vurmağa başladı. İki qızım, bir oğlum var. Balalarım dədələrinin əməlindən qorxuya düşdülər. Oğlum ruhi xəstə oldu. Dədəsi belə, balası da belə. Nə başını ağrıdım ay qızım, illərnən bu ağrıya, əzaba dözdüm, balalarımı böyütdüm. Qızımın biri qoşulub qaçdı, o biri də qohuma ərə getdi. Ancaq oğlumla, ərimi gəzdirmədiyim xəstəxana qalmadı. Nə oğlumun dərdinə dərman tapıldı, nə də ərimin. Bütün varım, dövlətim əlimdən çıxdı, evim satıldı, qır-qızılım getdi. Nəsə… (ağlayır). Ancaq qızlarımı birtəhər yerbəyer edə bildim, azdan-çoxdan cehiz verdim. İnan, hər gün qapımda yatan qohum-əqrabam da məndən üz çevirdi. Məcbur olub, oğlumu verdik dəlixanaya, kişiynən mən onun-bunun qapılarında qaldıq. Qızlarım da ərə gedəndən sonra elə də çox gəlib-getmədilər. Bir sözlə, adamın doğma balası da adama yiyə durmur.

– Bəs, indi həyat yoldaşın haradadır?

– Elə ərim boynu vurulmuş məni dilənçiliyə saldı da. Müalicə olunurdu, görürdü yaxşılaşıb, bir aydan sonra yenə başlayırdı iynə vurmağa. Eləcə məni də saldı küçələrə, dilənçi elədi. Bilirsən, cavan vaxtı necə gözəl qız olmuşam? Üstümdə qırğın gedirdi, o rayon olmazdı ki, ordan bir adam mənə elçi düşməsin. Kiminin əvvəli, kiminin axırı…

Doluxsunur, başındakı köhnə, nimdaş, kirli yaylığı ilə burnunun suyunu silir. Boynubükük məsum baxışları ilə üzümə baxır və davam edir:

– Axır vaxtlar iynəyə pul tapmayanda məni döyüb, küçəyə atırdı ki, “get, hardan necə qazanırsan, qazan, lap pozğunluq elə. Ancaq mənə iynəpulu gətir”. Nəsə… İşləmək üçün çox yerə üz tutdum, qab yudum, yer təmizlədim… Amma onun dediyi kimi pozğunluq eləmədim. Mən namusumu qorumaq üçün qatil də ola bilərəm. Hətta bir dəfə ərimin “iynə dostları” bizə gəlmişdilər. Onlardan biri yaxama əl atdı. Qaçmasaydı, stolun üstündəki ütü ilə başını yaracaqdım. Ərim soruşdu nə olub? Demədim. Guya nə xeyri vardı ki? Ondan olsaydı məni “satıb”, iynəyə verərdi. Bu günün özündə də dilənçilik etməyi özümə ar bilmirəm, amma pozğunluğu ayıb bilirəm. Sonra elə oldu ki, işlədiyim yerlər də pulumu azaltdılar. Başqasını tapıb, onlar da məni atdılar bayıra. Dolana bilmirdik, bir qarnı ac, bir qarnı tox qalırdım. Nə qədər küçələrdə soyuq oturacaqlarda yatmaq, küknar ağacının dibinə sıxılıb qalmaq, onun-bunun zibilliyə atdığı çörək tikələri ilə dolanmaq olar? Gördüm, nə iş tapa bilirəm, nə də yeməyə çörək… başladım dilənməyə. Elə diləndiyim pulları da onun iynəsinə verirdim. Səhərlər diləndiyim yerlərə gedəndə o da arxamca gəlib, məni güdməyə başlayırdı ki, görsün nə qədər pul yığıram. Nə olurdusa, əlimdən alırdı, mənə bir qəpik də vermirdi. Hər məni güdürdü, axşam düşən kimi də yığdığımı əlimdən tutub alırdı. Axırı bezib qaçdım…

– Hara qaçdınız, bəs indi harada qalırsınız?

– Günlərin bir günü onu yatan yerdə qoyub, evdən çıxdım. O, məni diləndiyim yerlərdə axtarmağa başladı. Bir neçə gün küçələrdə gecələdim. Daha yerimi dəyişmişdim, məni tapa bilməzdi. Həmin gün ilk dəfə idi ki, qarnım doyurdu. Bir müddət sonra yaşlı bir kişi ilə rastlaşdım. O da kənardan mənim necə diləndiyimə baxırmış. Axşama yaxın o kişi mənə yaxınlaşdı. Əvvəl qorxdum, elə bildim ərim əclafın “iynəvuran” dostlarındandır. Ancaq söhbət edəndən sonra gördüm ki, yox, doğrudan da tanımır məni. O da öz taleyindən danışdı. Dedi ki, “arvadı ölüb, bir qızı var, o da xarici ölkədə yaşayır. Bu da evdə tək qalır”. Ona qoşulub getdim. Bir neçə ay məni dilənməyə qoymadı. Sonralar onun aldığı pensiya ilə də dolana bilmədik və mən yenə köhnə peşəmə davam elədim.

Biranlıq özü hiss edir ki, başı necə qarışıbsa, dilənməyi unudub. Sonra yavaş-yavaş yığdığı ovucunu açır və yenə gələn-gedənə titrək səslə “kimsəsizəm, kömək edin”, deyir. Gələnlər uzaqlaşan kimi danışmağa davam edir:

– Həəə belə… İndi də elə onun evində qalıram. Səhərlər məni gətirib qoyur, axşamlar da gəlib götürür. Ancaq adamın başının üstündə Allah var, bu kişi ərimdən yaxşı adamdır. Nə döyür, nə söyür. Doğrusu, mən özüm də artıq dilənməyə öyrəşmişəm. Bir gün evdə qalanda sıxılıram, elə bilirəm nəsə çatmır. Şükür Allaha, isti ev, yemək var; paltarlarım nimdaş olsa da, geyinməyə nəyimsə varımdır.

– Burada sizi dilənməyə qoyurlar?

– Yox a qızım… O ağbaş, arıq kişi var haaa, adı da yadımnan çıxdı. Burda oturur. Buranın böyüyüdür.

– Hacıbala Abutalıbovu deyirsiniz?

– Hə, hə, Hacıbaladı adı. O gələndə polislər qovur. Ara sakitçilik olanda burda ağaca qısılıb dilənirəm. Yerimi dəyişmirəm, elə burda oluram. Buranın işçilərinin hamısı məni tanıyır. Ancaq polislər söyüb, qovur məni. Cavan bir polis var, elə yaxşı oğlandı ki. Ona arada pul da verirəm. Məni görəndə heç nə demir, bir dənə deyir ki, “elə et ki, komandir burdan keçəndə səni görməsin, mənə söz gələr”. Mən də ona söz gəlməsin deyə, komandiri görəndə kolluqda gizlənirəm. Polislərin hamısının gözü ovucumdadı. Mən də acığa onlara heç nə vermirəm, bir o oğlandan başqa (gülümsəyir). Hələ bir dəfə də o ağbaş gələndə polisin biri məni söyüb qovmağa başladı. Sağ olsun, o Hacıbala müəllim dedi ki, “işin olmasın yaşlı qadındır, durub da orda, sənə nə edir ki, qovursan?”. Elə hörmətim artdı ki, ona. Çox başa düşən kişidir. Onun yerinə kim olsaydı polisə deyərdi ki, “söy, qov onu burdan”. Ancaq o elə demədi. Hamı onu pisləyir, mən onu mülayim kişi kimi tanıdım. Çünki qoymadı polis məni alçaldsın.

– Bəs oğlundan, ərindən xəbərin varmı?

– Ərim başıbatmışdan yox. Artıq qocalıb, illərdir mən ondan canımı qurtarıb qaçmışam, xəbərim də yoxdur. Allah bilir harda it kimi can verir (əsəbiləşir). Ancaq oğlum yaralı yerimdir (kövrəlir). Neçə dəfə onu qoyduğum dəlixanaya gedib, uzaqdan görmüşəm. O, məni tanımayıb. Elə bilir heç kimi yoxdur, lap uşaq kimi olub. Bir dəfə gedib, həkimlərlə danışdım; dedilər ki, heç kimi tanımır, nə etdiyini özü dərk eləmir, həm də pis xəstəlikdən tutub. Ancaq bilmirəm nə xəstəlikdir. Gözümün ağı-qarası bir oğlum vardı, onu da ərim xəstə etdi. Onu Allaha tapşırmışam, o ki, bizi isti yuvamızdan edib, küçələrə saldı, pərən-pərən olduq. (ağlayır).

Göz yaşlarını gizlədə bilməyən Nailə xalanı dərd-qəmi ilə baş-başa buraxıb, ayrılırıq. Həqiqətən də kənardan hamı xoşbəxt görünsə də və kimisə nəyəsə görə qınasaq da, kiminsə yaşadığı çətinliklərdən xəbərimiz yoxdur. Ancaq tanıyanda görürük ki, həqiqətən də insan bütün dərdlərə tab gətirən böyük qüvvədir. Allah heç kimə çəkə bilmədiyi yükü qismət etməsin.

Gülnarə Eynullaqızı

Yeniçağ.az

www.yenicag.az

2534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv