Dövlət büdcəsi üzərində nəzarət gücləndirilir

Müəllif: Redaktor

Editor

dovletAzərbaycanda dövlət büdcəsi vəsaitlərindən istifadə üzərində nəzarət gücləndirilir. Bu istiqamətdə Azərbaycan prezidentinin təqdimatı ilə bir neçə qanun dəyişikliyi layihəsi Milli Məclisin müzakirəsinə verilib. Layihələr bu gün müzakirə olunur.

Prezidentin “Büdcə sistemi haqqında” qanunun 11.15, 15.2, 16, 18.3, 20.1 və 18-ci maddələrinə təklif etdiyi əlavə və dəyişikliklər Hesablama Palatasına büdcənin icrasına əlavə nəzarət imkanları yaradır. Layihəyə əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı 3 il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək müvafiq icra hakimiyyəti orqanı ilə yanaşı, Hesablama Palatasına da təqdim olunacaq. İndiyədək olan qaydaya əsasən, büdcə layihəsi Milli Məclisə daxil olduqda Hesablama Palatasına çatırdı ki, bu da layihənin ətraflı analizi üçün vaxt azlığına səbəb olurdu.

Daha bir dəyişikliyə əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi mətbuatda dərc edildikdən sonra dövlət büdcəsinin gəlirlərinin və xərclərinin (funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində) təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Hesablama Palatasına təqdim ediləcək. Digər düzəlişə görə isə dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar, habelə, onların regional və yerli bölmələri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış formalara uyğun olaraq aylıq, rüblük və ilin əvvəlindən artan yekun gəlirlərin təsnifatı üzrə hesabatları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı ilə yanaşı, Hesablama Palatasına da təqdim edəcəklər. Bundan başqa, büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatlar həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları müvafiq icra hakimiyyəti orqanı ilə yanaşı Hesablama Palatasına da təqdim edəcəklər. Layihəyə görə, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirlərinin və funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərinin bölgüsündə dəyişiklik edildiyi təqdirdə, bu barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən Hesablama Palatasına təqdim ediləcək. Layihədə o da var ki, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi növbəti ilin aprel ayının 25-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanaraq, müvafiq icra hakimiyyəti orqanına və Hesablama Palatasına təqdim ediləcək.

Bütün bu dəyişikliklər imkan verəcək ki, Hesablama Palatası büdcənin ayrı-ayrı xərc bölmələri üzrə edilən dəyişikliklərdən vaxtında xəbər tutsun. Buna qədərsə hökumət xərc maddələrinə çoxsaylı dəyişiklikləri aparırdı və bu barədə Hesablama Palatasının məlumatı olmurdu. Bu isə büdcənin icrasına dair rəylərin hazırlanması prosesində Palataya əlavə çətinliklər yaradırdı.

Azərbaycan Prezidentinin təqdimatı ilə “Büdcə sistemi haqqında” qanunun 20-ci (Dövlət büdcəsinin icrası barədə hesabat) maddəsinə də əlavə və dəyişiklik edilir. Layihəyə əsasən, maddəyə əlavə edilən 2-2-ci bəndə görə, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi növbəti ilin may ayının 5-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Maddənin 3-cü bəndinə edilən dəyişikliyə görə, dövlət büdcəsinin icrası barədə hesabat özündə digər məlumatlarla yanaşı bütün dövlət borcları, il ərzində götürülən dövlət borcları, o cümlədən buraxılmış qiymətli kağızları və verilən dövlət zəmanətləri və büdcənin Ehtiyat Fondunun, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitlərindən il ərzində istifadə ilə yanaşı, məqsədli büdcə fondlarının və yerli gəlirlərinin vergi və digər ödəniş növləri üzrə icrası haqqında da məlumatları əks etdirəcək.

Maddəyə əlavə edilən 4-1ci bəndə görə, müvafiq icra hakimiyyəti təsdiq edilmiş forma və hesabatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət qurumlarına təqdim edir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxış imkanlarını təmin edəcək.

Bu dəyişikliklər dövlət büdcəsinin icrasına dair hesabatlılığın artmasına, büdcə xərclərinin daha yaxından izlənməsinə, dövlət büdcəsü üzərində daha effektiv ictimai nəzarətin qurulmasına şərait yaradacaq.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır