“Dövlət elə mənim 30 manatıma qalıb?!” – Toylarda klounluq edən şəxsin fəryadı

Müəllif: Redaktor

Editor

15577578_840410999435538_1628095330_nToydan qazananların vergi dərdi

Bundan sonra toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar işlərlə məşğul olanlar da vergi ödəyəcəklər. Vergilər Məcəlləsinə əlavə olunacaq yeni maddəyə əsasən, sadalanan fəaliyyət növü ilə məşğul olan fiziki şəxslər sadələşdirilmiş vergi üzrə hər ay sabit məbləğ – 30 manat ödəyəcəklər.

Bəs görən bu peşənin sahibləri nə fikirdədirlər? 30 manat kimin gözünə çox, kimə az görünür?

Rəqqasə kəlməsini eşidən kimi ağlımıza ilk gələn ad həmişə Fatimə Fətəliyeva olub. Elə məsələ ilə bağlı ilk olaraq ona üz tutduq. Fatimənin sözlərinə görə, o heç vaxt vergidən boyun qaçırmayıb.

“Mənim “Banu” rəqs məktəbim və gözəllik salonum var. Hər iki obyektə görə vergimi ödəyirəm. Hamı bilir ki, mən xınayaxdı məclislərini də aparıram. Və bunun üçün də 30 manat ödəməyə hazıram. Heç bir problem yoxdur”.

Digər məşhur rəqqasəmiz Oksana Rəsulova isə sən demə, hələ 2008-ci ildən VÖEN sahibi imiş:

“Fiziki şəxs kimi 2008-2015-ci illərə kimi toylara getdiyim üçün vergi ödəyirdim. 2015-ci ildə isə “Oksi Media Production” adlı MMC açdığım üçün şəxsi VÖEN-i “dondurdum”. O vaxtdan bəri toylara rəqqasə kimi getmirəm. Olduğum məclislər də dost-tanış yığıncağıdır ki, orada da təmənnasız iştirak edirəm. Bunu ev sahibləri də təsdiqləyə bilər. Rəhbərlik etdiyim “Oksi Media Production” film çəkilişləri ilə məşğuldur. Və bir prodakşn olaraq, vergimizi vaxtlı-vaxtında ödəyirik”.

Gördüyü işdən yaxşı qazanc götürən fotoqraflar da bundan sonra VÖEN almalı olacaqlar. Əsasən “love story” çəkən fotoqraf Alim Nağıyev bu barədə bizdən eşitdiyini dedi.

“Allaha şükür, işimdən narazı deyiləm. Yaxşı qazanıram. Ayda 30 manat ödəmək imkanım var. Heç bir problem yoxdur. Əgər tələb olunarsa, gedib VÖEN də alaram, vergimi də ödəyərəm”.

Çörəyi “daşdan çıxanlar”dan biri də Seymur İbadovdur. O, şou-proqramlarda, uşaq ad günlərində klounluq edir:

“İnanın, mənə qəpik-quruş verirlər. Klounluq etmək hər adamın işi deyil. Çünki bizim iş belədir ki, sən adamları əyləndirirsən, adamlar isə səni təhqir edir. Əvvəllər yaxşı pul qazanırdım. İndi camaatın elə də imkanı yoxdur. Mən nə qazanıram ki, nə də vergi verim? Dövlət elə mənim 30 manatıma qalıb? Bəd ayaqda çıxıb kəndimizə gedəcəm. Yenə alma satıb, dolanmaq olar”.

Növbəti müsahibimiz isə uşaq ad günlərini nağıl qəhrəmanları, “köpük şou” və “şar şou” ilə təmin edən “İSİ Organization”-nun rəhbəri İsmayıl Məmmədovdur.

“Biz qanuna tabeyik. Düzdür, biznesimiz kiçik olsa da böyük məclislər yola veririk. Adamlar da razıdır. Getdiyimiz tədbirlərdə uşaqlardan çox, böyüklərin marağına səbəb oluruq.

Bizim MMC 2 ildir ki, fəaliyyət göstərir. Vergimizi də vaxtlı-vaxtında ödəyirik. Əslində, bu qərarın bizə daha çox xeyri var. Çünki dediyiniz o sabit məbləğ olan 30 manat elə də böyük pul deyil. Bir onu bilirəm ki, gəlirin varsa, vergisini də ödəmək lazımdır”.

Zakirə Zakirqızı
Yenicağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır