!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlətin ədalətinin daha bir nümayişi

!Reklam – Yazi

Bu gün daha 254 jurnalist ailləsi ilə birlikdə bizim ailənin də həyatında ən xoşbəxt gündür.

Prezident Administrasiyasından gələn bir zəng həyatımızı büsbütün dəyişdi. Bu gün 40 illik əzablı və əziyyətli kirayə həyatına son qoyulan gündür. Bu gün, yazı hazırlayarkən mövzu ilə bərabər “axşam yenə ev sahibi zəng edəcək, nə deyəcəm, kirayə pulunu necə verəcəm” düşüncəsinin də beynimizdə dolaşdığı sonuncu gündür. Bu gün xalqımıza və dövlətçiliyimizə xidmətin layiqli mükafatının verildiyi gündür…

Dövlətçiliyə və xalqa xidmətin layiqli mükafatı

20 ilə yaxın Azərbaycan televiziya və mətbuatında işlədiyim müddətdə həmişə təmənnasız olmağa çalışmışam. Nə dövlətdən, nə cəmiyyətdən nəinki hansısa mükafat, heç adi “sağ ol” belə gözləməmişəm. Eynilə, 16 ilə yaxın televiziya və mətbuatda çalışan həyat yoldaşım Lalə Mehralı da.

Anadan olandan bu günə kimi 40 il kirayələrdə yaşayan biri kimi çox çətinliklər yaşadım, evsizlik səbəbindən 30 yaşadək ailə qura bilmədim, evləndikdən sonra da “evlənə” bilmədik, çünki evimiz yox idi. Beləliklə, iki jurnalist olaraq 12 il kirayələrdə süründük, Bakının az qala hər yerində yaşadıq, min bir zəhmətlə 2 övlad böyütdük. Bunun nə demək olduğunu ancaq uzun illər kirayədə yaşayanlar bilər.

Heç bir təmənna güdmədən, heç bir tələb etmədən vicdanla işlədik, dövlətçiliyimizin gələcəyi, xalqımızın maariflənməsi, sağlam cəmiyyət yaranması naminə mübarizə apardıq. Ermənistan kimi azğın və terrorçu düşmənimizlə informasiya müharibəsində əlimizdən gələn hər şeyi etdik. Bu mübarizə təkcə mətbuat səhifələrində, televiziya ekranlarında deyil, cəbhə xəttində də aparılıb. 90-ların ortalarında 3 il də cəbhə bölgələrində, ön səngərlərdə əldə silah Vətənimizi qorumuşam. Əgər bir gün ehtiyac olarsa, yenə də eyni silahı əlimə götürüb vətənimizin işğal olunmuş parçasının azad olunması üçün döyüşməyə hazıram.

Beləliklə, bir vətəndaş olaraq, vətənimizə, xalqımıza xidmət üçün bacardığımız hər şeyi etmişik, əvəz gözləmədən. Əvvəllər heç ev məsələsi də yox idi, bilirdik ki, bu sahədə işləməklə heç vaxt yaxşı yaşaya, ev sahibi ola bilməyəcəyik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin jurnalistlər üçün bina tikilməsi haqda sərəncamı bu ümidsizliyə son qoydu. İlk bina tikilərkən biz də müraciət etdik, lakin o binada ev sayı nisbətən az olduğundan, mətbuatmızda böyük xidməti, onillərlə təcrübəsi və daha çox ehtiyacı olanların sayı çox olduğundan bizim ailə ilk binada ev ala bilmədi. Bunu normal qarşıladıq və 156 həmkarımızın mənzillə təmin edilməsinə görə dövlətimizə təşəkkürümüzü ifadə etdik. İnanırdıq ki, 2-ci binada bizim ailə də mənzillə təmin olunacaq.

Həm elan olunan kriteriyalar, həm namizədlərin seçilməsi, həm sənədlərin qəbulundakı ciddi yanaşma, həm də bu işin başında duranlar tərəfindən verilən qətiyyətli açıqlamalar göstərirdi ki, hər şey tam ədalətli olacaq, burada heç bir kənar faktor rol oynamayacaq.

Bilirdim ki, bu məsələ dövlətin ədalətinin əyani nümayişi olacaq və dövlətin bu işi aparan yüksək səlahiyyətliləri hansısa neqativ hala yol verib, dövlətin xalq arasında olan müsbət imicinə zərrə qədər də xələl gətirməzlər. Buna sadəcə olaraq imkan verməzlər. Belə də oldu.

40 illik kirayə, 20 illik əzablı iş prosesinə son qoyulan gün

Bu gün bir daha əmin oldum ki, Azərbaycan dövlətinə və xalqına xidmət edirsənsə, bir gün mütləq qiymətləndiriləcəksən. Beş-on manata görə, ölkəmizin və xalqımızın əleyhinə olan hansısa xarici maliyyəli mediada işləməkdənsə, elə kirayədə ölmək yaxşıdı. Xeyli həmkarım, iş yoldaşım dəqiq bilir, mən 200-300 manat maaş alıb yarısını kirayəyə verdiyim vaxtlarda bu cür yerlərdən gələn yüksəkmaaşlı iş dəvətlərini rədd etmişəm. Bir insan, xüsusilə də bir jurnalist öz əqidəsini, öz dəyərlərini heç bir pula, vəzifəyə, karyeraya sata bilməz.

Beləliklə, biz 12 ildir ailə qurmağımıza baxmayaraq, biz bu gün evləndik. Bu evlənmək nəyi dəyişəcək? Hər şeyi dəyişə bilməz. Çünki ev alsaq da, almasaq da prinsiplərimiz, fəaliyyət kriteriyalarımız dəyişəsi deyildi. Dəyişənlər olacaq təbii ki. Öz evimizdə yaşayarkən kirayə verəcəyimiz pulu Vətən üçün 2 nümunəvi, sağlam övlad böyütməyə, onların yaxşı təhsil almasına sərf edə biləcəyik. Yazdığımız yazıların daha keyfiyyətli olması mümkün olacaq, informasiya müharibəsində düşmənlərimizə beynəlxalq arenada layiqli cavab vermək, başqa ölkələrin ictmaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması üçün daha çox vaxtımız və enerjimiz olacaq. Problemlərdən azad olan beynimiz bütün enerjisini dövlətimizin maraq və mənafelərinin qorunmasına, xalqımızın maariflənməsinə sərf edəcək. Bax dəyişən bunlar olacaq.

Mətbuat günündə 3-cü binanın da təməlinin qoyulması ilə daha 255 jurnalist ailəsi evlə təmin olunacaq və bu da ümumilikdə 766 ailənin, başqa sözlə, təxminən 4 min nəfərə yaxın insanımızın mənzillə təmin olunması deməkdir.

Bu jurnalistlərimiz normal həyat şəraitində yaşaya biləcək və bu təbii ki özünü onların daha məhsuldar və effektli işləməsinə səbəb olacaq. Son nəticədə bu, mətbuatımızın inkişafında öz sözünü deyəcək. Heç kim bunda mənfi nə isə göstərə və əsaslandıra bilməz.

“Beynəlxalq” təşkilatlar və yerli siyasətbazların iddiaları darmadağın oldu

Azərbaycan dövlətinin mətbuatın inkişafında xidmətləri olan, kirayədə çətin şəraitdə yaşayan jurnalistləri mənzillə təmin etməsi həm xarici, həm də onların burdakı tör-töküntülərini yaman narahat edib. Heç bir əsas olmadığı halda, olmazın böhtan yağdırır, qərəzli mövqe nümayiş etdirir, bu işi müxtəlif yerlərə yozurlar. Bunların hamısına arqumentlərlə cavab vermişik. Elə dünən bədnam Meydan TV saytı öz feysbuk səhifəsində “Avropa Şurası jurnalistlərə ev verilməsini pisləyib” bağlıqlı yazı paylaşıb və əlavə eləyib ki, guya bunu başqa beynəlxalq təşkilatlar da qınayıb.

Əvvəla, heç bir təşkilatın hansısa müstəqil dövlətin işlərinə qarışması mümkün deyil. Konkret bu halda isə, çox müsbət bir hadisədən söhbət gedir. Evsiz jurnalistlər evlə təmin olunur. Burda hansı mənfi məqam görürlər ki, qınayırlar? Bu “beynəlxalq” təşkilatların kimlərin əlində alət olduqları bizə çoxdan məlumdur.

Qarabağ məsələsində göstərdikləri mövqe də bunu açıq göstərir. Hansısa, cibində jurnalist vəsiqəsi daşıyan bir şəxsin konkret cinayət başında yaxalanaraq həbs edilməsini insan hüquqlarının pozulması sayıb haray-həşir salan bu qərəzli təşkilatlar nədənsə Azərbaycanda hüququ pozulan 1 milyon insanı görmürlər, hansi ki erməni terorruna və öz yurdlarından deportasiyaya məruz qalıblar.
Elə bir neçə gün əvvəl 2 yaşı tamam olmamış Zəhra balamızın və onun nənəsinin heç bir hərbi obyektiv olmadığı cəbhəyanı kənddə erməni terrorçuları tərəfindən öldürülməsini niyə qınamadılar? Onlar insan deyildimi, insan hüquqları onlara da aid deyilmi? Bəlkə bunlar insan deyəndə ancaq öz agentlərini və hər cür cinayətkar şəxslərə nəzərdə tuturlar? Görünən odur ki, elə belədir.

Necə olur ki, hansısa jurnalistin hüququnun pozulmasını tənqid edirlər, amma yüzlərlə jurnalistin evlə təmin olunmasını pis sayırlar?

Dövlətimiz bu problemi həll edir ki, jurnalistikamız daha sağlam, daha yaradıcı olsun. Mətbuatın inkişafı, jurnalistlərin normal yaşaması pisdirmi? Əlbəttə, xeyr! Əksinə, lap əladır, mən deyərdim ki idealdır. Bəs onda nəyin davasını döyürsünüz?

Qaldı ki, sizin əsas arqumentlərinizə, ona da aşağıdakı bölümdə aydınlıq gətirək.

Dövlətin əsas məqsədi nədir?

Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir. Düşmənimiz Ermənistanla 2 cəbhədə mübarizə gedir- hərbi sahədə və informasiya müharibəsi sahəsində. Dövlət hər iki sahədə ordusunu, əsgərlərini gücləndirir, onların probemlərini həll edir. Ordumuza göstərilən yüksək diqqət və qayğı faktdır. Buna görə də, cəbhədə üstünlük bizim tərəfimizdədir və düşməni 1 həftəyə məğlub edəcək qüdrətə malik güclü ordumuz var.

Jurnalistlər də informasiya müharibəsinin əsgərləridir və bu müharibə heç də az əhəmiyyət kəsb etmir. Bu müharibədə də əsgərlərimiz güclü olmalıdır. Dövlət də bunu təmin edir. Bax bu işdə qulp axtaranlar var ha, onlara izah etmək lazımdır ki, dövlətin axtardığınız məqsədi bundan ibarətdir.
Göründüyü kimi, jurnalistlərin hakimiyyətin təsiri altına düşüb mövqeyini dəyişəcəyi haqda iddialar cəfəngiyyatdan başqa bir şey deyil. Belə müzakirələrdə dəfələrlə sual qoyduq ki, keçən binada 156 nəfər mənzil aldı, bircə nəfər mövqeyini dəyişən adam göstərə bilərsinizmi. Cavab verə bilmədilər.
Üstəlik də, mənzillər özəl əmlak kimi verildiyindən, dövlətin onu geri alması imkanı yoxdur, demək jurnalistin heç bir asılılığından söhbət gedə bilməz. Göründüyü kimi, bu iddia da tam əsassızdır.

Dövlət təkcə jurnalistlərəmi ev verir? Xeyr! Hərbçilərə, neftçilərə, yazıçılara, alimlərə, mədəniyyət xadimlərinə, idmançılara, hüquq-mühafizə və təhlükəsizlik də daxil bir sıra dövlət orqanlarının işçilərinə, qaçqınlara, köçkünlərə, müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə…
Gördüyünüz kimi, siyahı çox genişdir və yüz minlərlə vətəndaşımızı əhatə edir. Bilirsinizmi niyə? Çünki Azərbaycan sosial dövlətdir və aztəminatlı kateqoriyalara imkan daxilində hər cür yardım edir.

Cənab Avropa Şurası və digər qərəzli “beynəlxalq” təşkilatlar başqa sahələrdə dövlət ev verəndə niyə etiraz etmirsiniz? Demək, sizin yanaşmanız ədalətli deyil, qərəzlidir siyasi ambisiyalara hesablanıb. Ancaq Azərbaycan cəmiyyəti belə ədalətsiz mövqeyi dəstəkləməz və dəstəkləmir də. Azərbaycanda xalqla dövlət birdir. Biz jurnalistlər də xalqa və dövlətə öz xidmətimizi göstərəcəyik. Azərbaycan dövlətinin qüdrətlənməsi, xalqımızın hər cəhətdən inkişafı üçün apardığı müqəddəs işdə həmişə Prezident İlham Əliyevin yanında olacağıq.

Dövlətin ədalətinin əyani nümayişi

Hələ 1-ci binada mənzillər paylanmamışdan əvvəl – Jurnalistlərin VI Qurultayında çıxış edən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuatın ali tribunasından əsas prinsipləri bəyan etdi: “Ən çox ehtiyacı, haqqı, xidməti olan jurnalistlər növbəlilik əsasında evlə təmin olunacaqlar”, “Ev verdiyimiz heç bir jurnalistdən tələb etməyəcəyik ki, ancaq İlham Əliyevi tərifləyin, müxalifəti pisləyin”. Zaman göstərdi ki, deyilən söz yerinə yetirildi.

Bu gün – iyulun 19-u – Milli

Mətbuatımızın 142 yaşına 3 gün qalmış öz inamımın doğruluğunu və dövlətin ədalətinin təntənəsini gördüm. Buna görə, başda cənab Prezident İlham Əliyev olmaqla, bu işə rəhbərlik edən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, çox gərgin şəraitdə işləyən komissiya üzvlərinə və bu prosesə əməyi olan hər kəsə ailəmiz adından təşəkkür edir, onlara “çox sağ olun” deyirik. İyulun 22-si bizim üçün də, daha 254 həmkarımız üçün də ikiqat bayram olacaq.

Bizi dəstəkləyən, tez-tez maraqlanan, narahat olan həmkarlarımıza və yaxınlarımıza təşəkkür edirik. Arzu edirik ki, bütün evsizlər evə sahib olsun. Bir az tez, bir az gec belə də olacaq. Çünki Azərbaycan dövləti Azərbaycan xalqnın mənafeyi uğrunda mümkün olan hər şeyi edir və edəcək. Hər nə qədər müvəqqəti çətinliklərimiz olsa da, yaxın vaxtda dövlətimiz və xalqımız özünün ən möhtəşəm dövrünə qədəm qoyacaq. Ümumillli liderimiz Heydər Əliyevin sözləri isə desək, Azərbaycan dünyaya Günəş kimi doğacaq.

Bunu isə onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev həyata keçirəcək.
Çox sağ olun cənab Prezident. Tanrı bu müqəddəs işinizdə Sizə yar olsun!

Yenicag.az

www.yenicag.az

783
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv