eldarmahmudov4Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun çox yaxın ətrafı kimi tanınan daha 2 generalın Dövlət Təhlükəsizlik Xidmətindəki (DTX) fəaliyyətinə son verilib.

Məlumata görə, DTX-nın rəisi Mədət Quliyevin əmrilə general-mayor Əlimusa Əliyev və general-mayor Fərhad Vahabov təhlükəsizlik orqanlarından xaric olunublar.

Qeyd edək ki, adları çəkilən hər iki generalın DTX-dan uzaqlaşdırılacağı gözlənilən idi. Məsələ ondadır ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Kadrlar Baş İdarəsinin rəisi vəzifəsində işləmiş general-mayor Əlimusa Əliyev nazir Eldar Mahmudovun sadiq adamlarından – “pulyığanlarından” biri hesab edilirdi. Eldar Mahmudov məhz Əlimusa Əliyevin əli ilə MTN-də “bazar” açmış, pul hesabına 100-lərlə bu sistemə yararsız şəxsi təhlükəsizlik orqanlarında işə götürmüşdü.

MTN-in Mərkəzi Aparatının rəhbəri vəzifəsini tutmuş general-mayor Fərhad Vahabov da Mahmudovun ən yaxın kadrlarından biri hesab edilirdi. Onun adı Eldar Mahmudovun bir çox qeyri-qanuni işlərində həlledici rol almış şəxs kimi hallanıb.

Qeyd edək ki, Eldar Mahmudova xidmətlərinin müqabilində bu generallar özləri də böyük pullar, varidat qazanıblar. Belə ki, Əlimusa Əliyevin böyük biznes şəbəkəsinin olduğu haqda məlumatlar var. Onun Bakı, Şamaxı, Yardımlı, Qax və Zaqatala şəhərlərində istirahət mərkəzlərinin, mağazalarının, çörək sexlərinin, fermalarının və restoranlarnın, hətta notarius məntəqələrinin də olduğu deyilir.

Ə.Əliyevin Qax rayonu, İlisu kəndində böyük hotel kompleksi tikdirdiyi, “Bergs otel & Restaurant” istirahət guşəsinin ona məxsus olduğuna dair də məlumatlar var.

Elə Fərhad Vahabov da vəzifədə olduğu illərdə böyük biznes şəbəkəsi qurub. Onun Bakı və Şabran şəhərlərində iri mağazalara, restoranlara, çin və yapon mətbəxi təqdim edən kafelərə, geyim butiklərinə sahib olduğu bildirilir.

Hər iki generalın belə böyük biznesə qanuni yollarla yiyələnmədikləri şübhəsizdir. Onların məsuliyyətə cəlb olunacaqları da istisna olunmur.

E.Mahmudovun yaxın çevrəsinə qarşı cəza tədbirlərinin davam etməsi keçmiş nazirin ətrafında həlqənin daraldığını göstərir. Bu cəzalandırma tədbirləri sonda sabiq nazirin həbsilə nəticələnəcəkmi, bunu yaxın gələcəkdə biləcəyik.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 12
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."