yenicag.az
yenicag.az

Dubaydan qayıdan qadın: “Məni ora dayə adı ilə aparmışdılar…”

Dubaydan qayıdan qadın: “Məni ora dayə adı ilə aparmışdılar…”

Müəllif: Redaktor

Editor

112303_res_01“…Qorxma, həmişəlik ayrılmırıq ki… Hər həftə görüşünə gələcəm. Bəs mənimlə küçələrdə qalmaq yaxşıdır? Burada sənə yaxşı baxacaqlar. Yemək yeyəcəksən, dərsə gedəcəksən…”

Bunu 8 yaşlı oğlunu Azərbaycan Uşaqlar Birliyinin sığınacaq evinə gətirən ana uşağını ovutmaq, razı salmaq üçün deyir.

Qadın kömək istəyir: “Gecələr kafedə yatırıq. Qarşıdan qış gəlir, daha küçədə qala bilməyəcəyik. Uşağı internata vermək istəyirəm. Amma kömək edən yoxdur, hamı pul istəyir. Mənim pulum olsaydı, uşağımdan ayrılmaq istəməzdim ki…”

1988-ci il təvəllüdlü İradə Məmmədova (ad-soyadı məlum səbəbdən dəyişmişik-red.) insan alverinin qurbanıdır. İradə 2008-ci il təvəllüdlü övladını internat evinə yerləşdirmək istəsə də Təhsil Nazirliyinin razılığı olmadığından uşaq ana ilə birgə küçələrdə gecələyir.

Virtualaz.org saytının müxbirləri 2007-ci ildə insan alverinin qurbanı kimi tanınan İradə Məmmədova ilə həmsöhbət olub, onun şikayətini dinləyib.

İradənin dediklərindən:

-Bakıda kafelərin birində işləyirəm. Mətbəxdə qab yuyur, salatların hazırlanmasına kömək edirəm. Günə 5-6 manat verirlər. Axşam isə kafenin həyətindəki stolları birləşdirib ana-bala orada yatırıq. Uşağa görə başqa iş tapa bilmirəm. Hava soyuyur, yatmağa yer tapa bilmirəm. Artıq 8 yaşı var, məktəbə getməlidir. Məktəbə gedən uşaqlara baxı ağlayır, yemək istəyir, diqqət istəyir. Bəs mən neyləyim? İnternata qoymaq istəyirəm. Amma imkan vermirlər.

-Uşağı internata verməyinizə kim, nə mane olur?

-Xaçmazda qeydiyyatdayam. İnternat evlərinə getdim, dedilər ki, get qeydiyyatda olduğun yerdən, bir də poliklinikadan arayış gətir. Xaçmaz Rayon İcra Hakimiyyətinə getdim. Orada dedilər ki, gec gəlmisən, ərizə yaz, 2-3 ay gözlə, dekabrda, ya da yanvardan sonra yer boşalacaq…

Bəs o vaxta kimi mən uşağı harada saxlayım? Axı uşaq məktəbə getməlidir. Dedilər ki, 50 manat verməlisən. Dedim axı mənim 1-2 manatım da yoxdur. Yayda mənə işdən icazə vermirdilər. Rayona getməyə pul lazımdır. Hələ deyirlər sən hələ sevin ki, 100 manat istəmirik. Keçən il də məndən 300 manat istədilər. Hansı internata gedirəm, “yerimiz yoxdur” deyirlər. Uşağı kefimdən atmıram. Heç olmasa 4-5 il internatda qalsın. Ona kimi özümə torpaq alım, balaca daxma tikdirim.

-Yaxınlarından, doğmalarından uşağa sahib çıxan yoxdur?

-Bacım, qardaşım var. Amma uşağı qəbul etmək istəmirlər. Bacım deyir ki, bizə gələndə uşağı gətirmə. Bu uşağın günahı nədir? Mən aldanmışam, satılmışam, buna uşaq neyləsin?! Heç kim mənə sahib çıxmadı. Qardaşım Rusiyaya gedib. O, mənim insan alverinin qurbanı olduğumu hələ də bilmir. Amma uşağımın olduğunu bilir, elə bilir ki, qoşulub qaçmışam. İmkanı var, amma mənə kömək etmək istəmir. Bilirsiniz, insandan imtina etməklə namusu təmizləmirlər. Bizə sahib çıxmaq istəyən yoxdur.

-Bəs uşağın atası?

-Uşağın atası ilə işlədiyim mağazada tanış olmuşdum. Oğlan türkdür, Azərbaycana işləməyə gəlmişdi. Mən bacım və qardaşımla birgə yaşayırdım. Atam və anam dünyasını dəyişəndən sonra dolana bilmirdik. Qonşumuz da onu tanıyırdı. Qonşum Dubayda yaşayırdı, ailə qurduğunu, orada işlədiyini, varlı olduğunu deyirdi. Sonradan mənimlə dostlaşdı. Dedi ki, bir oğlum var, Dubayda atasının yanındadır, indi hamiləyəm, ikinci uşağım olandan sonra çətinlik çəkəcəm. Qonşum mənə uşaqlarına baxmaq üçün dayəlik təklif etdi. Dedi ki, ayda 1000 dollar verəcəm, bizdə qalacaqsan, paltarlar alacam. Sənə verəcəyim pulları yığarsan, Azərbaycana qayıdandan sonra çətinliyin olmaz, özünə iş qurarsan.

Orta məktəbi güclə bitirmişdim, onun dediklərinə aldandım. Həmin ərəfədə oğlan da Türkiyəyə qayıtmışdı. Dubaya getmədən əvvəl Türkiyəyə getdik. Qonşu məni oğlanın yanına apardı. Bir neçə gün onun yanında qaldım. Sonra qonşumuz ona dedi ki, İradəni Dubaya aparmaq istəyirəm. Dedi mənim xidmətimdə dayansın, ayda 1000 dollar maaş verəcəm, sizə köməklik göstərəcəm. Beləliklə, Dubaya getdik.

-Dubaya gedəndən sonra oğlan səninlə əlaqə saxlamadı?

-Biz dini kəbin kəsdirmişdik. Məni ailəsi ilə tanış eləmişdi. Amma Dubaya gedəndən sonra məni axtarıb-aramadı. Dubaya çatan kimi sənədlərimi əlimdən aldılar. Qonşum ərəb kişi ilə görüşürdü. Başa düşdüm ki, əri deyil, məni aldadıb. Beləliklə, məni 6 ay boyunca müxtəlif kişilərlə görüşməyə məcbur elədi.

-Bəs necə geri qayıtdın?

-Tək olanda telefon tapıb gizlicə bacıma zəng vurdum. Ona vəziyyətimi danışdım, dedim ki, burada hər gün məni incidirlər, fahişəlik etməyə məcbur edirlər. Həm də artıq hamilə idim. Bacım evlərinə gedib valideynləri ilə dalaşmışdı. Bundan sonra məni axtarışa veriblər. Polis qadının atasını həbs etmişdi. Gəlməzdən iki-üç gün əvvəl mənimlə mehriban rəftar eləməyə başladı. Dedi ki, səhv eləmişəm, bundan sonra sənə də, uşağa da baxacam. Viza müddətim bitdiyindən məni təkrar Türkiyəyə göndərdi. Dedi ki, bu dəfə geri qayıtsan, qohumların sakit dayansalar, sənə ayda yaxşı pul verəcəm.

Türkiyəyə – oğlanın yanına qayıtdım. Amma hamilə olduğumu biləndən sonra mənimlə danışmadı. Beləliklə, Azərbaycana qayıtdım. Sərhəd keçid məntəqəsində sənədlərimə baxan kimi saxladılar. İtkin kimi axtarışda olduğumdan polis şöbəsinə apardılar. İndi deyirlər ki, məni Dubaya aparan qadın 10 gündür həbs edilib, yaxın günlərdə Azərbaycana təhvil veriləcək.

-Bəs bacın, qardaşın sənə sahib çıxmadı?

-Yox. Məni “Təmiz Dünya” Qadınlara Yardım Mərkəzinin rəhbəri Mehriban Zeynalovanın yanına gətirdilər. Sonra sığınacaqda qaldım. Mehriban xanımın köməyi ilə xəstəxanada yatdım, uşaq olandan sonra sığınacaqdan çıxdım. Orada bizə yaxşı baxırdılar, amma çox qalmağa imkan yoxdur. Bir müddət “Sədərək” ticarət mərkəzində işlədim. Kirayə ev tutmuşdum, uşağa baxan vardı. Sonra ixtisara düşdüm. İndi də deyirlər ki, “Sədərək” ticarət mərkəzində günü 15 manata iş var. Kirayə bahalaşıb, uşağın xərcləri çoxdur. Uşaqlı qadına iş vermək istəmirlər. Uşaq dərsə getməlidir. Kafedə işdən çıxandan sonra harada qalacağımı da bilmirəm. Təhsil Nazirliyinə müraciət elə deyirlər. Mən nazirliyin yerləşdiyi yeri tanımıram. Mənə kömək eləsinlər, uşağı internata yerləşdirsinlər. Uşaq küçələrdə qalmasın.

***

…Ana uşağın sığınacaqda qalması üçün onu dilə tutur: “Gecələr rahat çarpayıda yatacaqsan. Nə vaxt istəsən, yemək verəcəklər. Burada uşaqlarla oynayacaqsan…”

Göz yaşı tökən uşaq isə “Ana, istəsən, gecələr yatmaram, yanında dayanaram. Daha səndən heç nə istəmərəm”- deyə hıçqırıq içində pıçıldayır.

Ana isə onu axıradək dinləməyə dözməyərək, bunu bəlkə də istəməyərək sürətlə qapıdan çıxır. Bu səhnəni ifadə etməyə söz belə acizdir…

İradənin düşdüyü vəziyyətə aydınlıq gətirmək üçün Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət etdik. RİH-dən elə bir rayon sakininini tanımadıqlarını, amma bu faktın mütləq araşdırılacağını dedilər.

 

Yenicag.az

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti