yenicag.az
yenicag.az

Dünyanın diqqətini Azərbaycana yönəldən möhtəşəm tədbir – İslamiada

Dünyanın diqqətini Azərbaycana yönəldən möhtəşəm tədbir – İslamiada

Müəllif: Redaktor

Editor

Bu gün IV İslam Həmrəylik Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.

Yeniçağ.Az xəbər verir ki, mayın 22-dək davam edəcək yarışlarda 54 ölkədən olan 3 minə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.

Son illərdə dünyanın əsas idman mərkəzlərindən birinə çevrilən Azərbaycan bir-birindən nüfuzlu beynəlxalq yarışlara uğurla ev sahibliyi etməkdədir. 2015-ci ildə I Avropa Oyunları və 2016-cı ildə “Formula1” yarışlarının təşkil olunduğu Azərbaycanda bu gün daha bir idman bayramı – IV İslam Həmrəylik Oyunları rəsmən start götürür.

Qısa olaraq, İslamiada kimi tanınan bu yarışların “doğum tarixi” XXI əsrə təsadüf edir. I İslamiada 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib.

Lakin 2009-cu ildə İranda keçirilməsi qərarlaşdırılan II İslamiada baş tutmayıb. İran və Ərəb ölkələri arasında yaranan anlaşılmazlığa görə yarışlar 2010-cu ilin aprelinə qədər təxirə salınsa da, yekunda yenə konsensus əldə edilməyib. III İslamiadaya isə 2013-cü ildə İndoneziya ev sahibliyi edib.

IV İslamiadanın Azərbaycanda keçirilməsi ilə bağlı qərar İslam Həmrəyliyi İdman Federasiyasının 2014-cü ilin iyulunda Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunan 8-ci Baş Assambleyasında qəbul olunub. Azərbaycan iddialı ölkələrin mübarizəsində daha çox səs qazanaraq, IV İslam Həmrəylik Oyunlarını təşkil etmək hüququ qazanıb.

2015-ci il aprelin 7-də isə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və Səudiyyə şahzadəsi Abdullah Bin Mosaad Bin Əbdulaziz Əl-Səud imzalanan müqaviləyə əsasən, sözügedən yarışların proqramına 21 idman növü daxil edilib.

269 dəst medalın öz sahibini gözlədiyi İslamiadada Türkiyə ən çox idmançı ilə təmil olunan ölkədir: 345 atlet. Azərbaycandan 325, İrandan isə 300 idmançı ölkəsinin idman şərəfini qoruyacaq.

İslamiadanın açılış mərasiminə qədər müşahidə olunan beynəlxalq reaksiyalar da təsdiqləyir ki, I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindən sonra Azərbaycanın bu yarışları da uğurla təşkil edəcəyi şübhə doğurmur.
Bu yarışları dünya üzrə 1 milyarddan çox insanın izləyəcəyi gözlənilir. Başqa sözlə desək, qarşıdakı 10 gün ərzində İslam aləminin, eyni zamanda, dünyanın əhəmiyyətli hissəsinin diqqəti Azərbaycana yönələcək.

IV İslam Həmrəylik Oyunlarının açılış mərasimi bu gün saaat 21.00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Yeniçağ.az

Xəbərlər, Manşet, Araşdırma, Banner, Flaş, Seçmələr, İslam Həmrəyliyi Oyunları

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti