!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın oxumaq istəmədiyi Qətər dərsi - Analiz

!Reklam – Yazi

ODA TV. com-un köşə yazarı Barış Doster regionda baş verən siyasi prosesləri şərh edib.

Yenicag.az həmin yazını təqdim edir.

“Qətər 4 ərəb ölkəsinin 13 maddəlik tələb siyahısını rədd etdi. Siyahıda İranla əlaqələrin kəsilməsi, Türkiyənin Qətərdəki hərbi bazasının bağlanması kimi şərtlər də var. Həmin saatlarda Ankarada Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn səfirləri Türkiyə XİN-də Qətər məsələsini müzakirə etmək üçün toplaşmışdı.

İsrail qırıcı təyyarələri Suriya ordusunun mövqelərini bombaladı. Qırmızı dənizdə Misirə aid iki ada (Tiran və Sanafir) Səudiyyə Ərəbistanına verildi. ABŞ-ın enerji nəhəngi Exxon Mobil şirkəti Qətərlə əməkdaşlıq məsələsini müzakirə etdi. Məlumdur ki, ABŞ-ın xarici işlər naziri Reks Tillerson Exxon Mobil şirkətinin sabiq idarəçilərindəndir. Bu şirkət, Obamanın Rusiyaya tətbiq etdiyi sanksiyalara qarşı çıxıb, Putinlə yaxın dostluq əlaqələri qurub və Rusiyanın enerji şirkəti Rosneftlə birlikdə şimal qütbündə quyu qazıb. Bu hadisələri kompleks şəkildə dəyərləndirmək lazımdır. Çünki imperializmin paket proqramı qüvvədədir…

Yaddaşımızı təzələyək. Qətər 12 min kvadrat kilometr sahəsi, 2,6 milyonluq əhalisi ilə (əhalinin 90%-i qətərli deyil) təbii qazla zəngin bir ölkədir. Qurudan sadəcə, Səudiyyə Ərəbistanla sərhəddi var. O da sərhədi bağladıqdan sonra yarımada ölkəsi olan Qətərin quru ilə əlaqəsi tamamilə kəsildi. Bu ölkədə adambaşına düşən illik gəlir 75 min dollardır. Böhranın ilk mərhələsində Qətərlə diplomatik əlaqələrini kəsən 7 ölkə (Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Bəhreyn, Liviya, Maldiv adaları və Yəmən) Qətəri terror qruplaşmalarına dəstək verməkdə və İranla yaxın münasibətlər qurmaqda günahlandırdı. Səudiyyə Ərəbistanı nə qədər çalışsa da, Yəməndə İranın dəstəklədiyi Husiləri məğlub edə bilmir, həmçinin Suriya məsələsində də İranla mübarizə aparmağa gücü çatmır. Buna görə də bütün gücünü Qətər məsələsinə sərf edir. Eyni zamanda Obamanın dövrünə nisbətən daha yaxşı münasibətlər qurduğu Trampın gözünə girmək istəyir.

Yaxın Şərqdə ABŞ-ın ən böyük hərbi bazası Qətərin ərazisindədir. Qətər Suriya məsələsində Türkiyə və Səudiyyə Ərəbistanı ilə birlikdə ABŞ-ın tərəfindədir.

Suriyanın bu vəziyyətə düşməsində Qətərin rolu böyükdür. Həmçinin qərb imperializmi Liviyaya hücum çəkəndə bu hücumu ən çox dəstəkləyənlərdən biri də Qətər idi. Uzun sözün qısası, imperializm məzlum millətlərə – ərəb ölkələrinə nə vaxt hücuma keçsə, Qətər “bəli, kifayət deyil” deyərək, hadisələrin davamını arzulayırdı. Yəni Qətər özünə çox güvəndi. ABŞ-ın hər dediyini elədi. “Sam əmi”nin həmişə onu dəstəkləyəcəyini, heç vaxt tək qoymayacağını düşündü. İqtisadi qüdrəti ilə siyasi gücünü artırmağa, regional nüfuz sahibi olmağa çalışdı. Hal-hazırda isə Qətərin özü Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin hədəfindədir. ABŞ-dan daha çox danlaq eşitməmək üçün keçən həftə 12 milyard dollar xərcləyərək, ABŞ-a 36 ədəd hərbi təyyarə sifarişi verdi. Yəni imperializmə xərac ödədi. Bu da kifayət etmədi, ABŞ-ın iki hərbi gəmisi Qətərə göndərildi və burada ortaq hərbi təlimlər keçirildi…

Diqqət edin, ABŞ terroru dəstəkləməklə, “Müsəlman Qardaşlar”ı müdafiə etməklə, İrana yaxın münasibətlər qurmaqla günahlandırdığı Qətərə hərbi təyyarə satır. Birgə hərbi təlimlər keçirir. Qətər də ABŞ-da ona vəkillik xidməti verməsi üçün, ABŞ-ın keçmiş ədalət nazirinin vəkillik şirkətini tutur. “ABŞ istədiyi üçün Talibana Dohada ofis açmağa icazə verdik. “Müsəlman Qardaşları”ı dəstəklədik”- deyə Qətər özünü müdafiə etməyə çalışır. 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girməsinə qadağa qoyan Tramp isə Səudiyyə Ərəbistanı ilə “qılınc rəqsi” oynayır, Misir lideri Sisi ilə isə canı bir şüşədədir.

İslam dünyası bir-birilə döyüşür, Qərb qazanır!

Qətərin İngiltərə, Fransa, Almaniya, İtaliya, İsveçrə və ABŞ-da böyük sərmayəsi, bu ölkələrin şirkətlərində hissələri var. Türkiyəyə qoyduğu sərmayə də 20 milyard dollara yaxındır. ABŞ-ın qurduğu planlardan biri bu idi: Qətər qazı, boru xəttiylə Səudiyyə Ərəbistanı-İordaniya-Suriya vasitəsilə Türkiyəyə çatdırılarsa, Türkiyədə sıxılmış qaza çevrilərək dünya bazarında satışa çıxarılarsa, bu vəziyyət Rusiya və İranın qaz satışına neqativ istiqamətdə təsir edəcəkdi. Əsəd bu layihəyə qarşı mübarizə apardı. Sonrası məlumdur… Qətər də bunu başa düşür: İranla eyni hövzədən qaz çıxarır. Rusiya, İran və Qətərin təbii qaz ehtiyatları dünyadakı ümumi qaz ehtiyatının 55%-ini təşkil edir. İranın regionda nüfuzu artır, gələcəkdə Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmağa hazırlaşır, buna görə də ABŞ və Səudiyyə Ərəbistanı üçün İranla “dalaşmaq” Qətər tərəfindən məntiqli addım hesab olunmur.

1980-1988-ci illər ərzində İran və İraq müharibəsində iki tərəfdən ümumi olaraq 1 milyona yaxın insan ölmüşdü. Qərb ölkələrinin kassası isə eyni anda hər iki tərəfə satılan silah pulları ilə dolduruldu. Soyuq müharibə bitdikdən, Varşava paktı, SSRİ dağıldıqdan, Berlin divarı yıxıldıqdan sonra ABŞ mütləq qələbəsini elan etdi. Daha sonra ABŞ, 1990-91-ci illərdə I Körfəz müharibəsində, İran-İraq müharibəsində dəstəklədiyi İraqa hücum etdi. Halbuki, Kuveytə hücum etmədən əvvəl Saddam Hüseyn Amerikaya xəbərdarlıq etmiş, “Nə edirsən et, qarışmayacağıq” cavabını almışdı. ABŞ Səddam Hüseyni bəhanə edərək regionda yerləşdi. İraqın şimalında kürd dövləti qurmağa, PKK terror təşkilatına hər cür dəstək verməyə başladı. Region ölkələrini bir-birinə qarşı qızışdırmaq, öz aralarında parçalamaq üçün yeni həmlələr etdi.

Terrorun arxasındakı ən böyük güc imperializmdir!

10 il sonra 2001-ci ildə, ABŞ 11 sentyabr hadisələrini bəhanə gətirərək Əfqanıstanı işğal etdi və bu istila 2014-cü ilə qədər davam etdi. 2003-cü ildə isə kimyəvi silahdan istifadə bəhanəsiylə İraqı işğal etdi, bu işğal da 2011-ci ildə sona çatdı. 2010-cu ilin dekabr ayında başlayan ərəb baharından sonra imperializm Liviyanın üstünə cumdu. Ölkə üç yerə parçalandı. 2011-ci il mart ayında isə Suriyada vətəndaş müharibəsi başladı. Suriya mübarizə aparsa belə, əvvəlki kimi olması çətindir. ABŞ hücum və işğallarına “demokratik müdaxilə”, “müstəqilləşdirən işğal”, “humanist müdaxilə” adı ilə don geyindirməyə çalışır. İmperialist xuliqanlığını pərdələmək üçün uydurmalara əl atır. Vəhşiliyini elmi ifadələrlə əsaslandırmağa, qanuniləşdirməyə çalışır. Bu zaman o, öz nəzarəti altında olan etnik seperatçılardan İslamçılara, NATO milliyyətçilərindən liberal sola qədər geniş bir ittifaq cəbhəsi qurur. Onları inandırır ki, İraqa, Suriyaya demokratiya və azadlıq aparır. ABŞ-ın İraq işğalını dəstəkləyən İraq Kommunist partiyası kimi Türkiyədə “Nə Şam, nə Səddam?” deyən geydirmə sosialistləri də yaxşı tanıyırıq. Bu, dövlətsiz-vətəndaş cəmiyyəti tərəfdarları və solçuluq, yeni mühafizəkarlıq, neo-liberalizm, vəhşi kapitalizm, postmodernizm kimi ideologiyaların hamısı ABŞ-a xidmət edir.

Hər biri də imperializm tərəfindən dəstəklənən Taliban, Əl-Qaidə, PKK-PYD, FETÖ kimi terror təşkilatlarının realda kimə xidmət etdiyini, etnik-dini məzhəb bölünmələrinin arxasındakı gücü görmədən, Yaxın Şərqə sabitlik və sülh gəlməyəcək. ABŞ iqtisadiyyatında çox vacib əhəmiyyətə malik hərbi sənayenin roluna da diqqət etmək lazımdır. İllik müdafiə xərcləri 700 milyard dollara qədər olan ABŞ silah istehsal etmədən, silah satmadan mövcud ola bilməz. Bu struktur hərbi, siyasi, iqtisadi, elmi, texniki, sosial sahədə də təsiredici gücə malikdir. ABŞ qlobal hegemoniyasının, imperializminin davamı üçün strategiyasında qətiyyətli şəkildə dayanmalıdır.

Fikrimcə, ərəb aləminin, İslam dünyasının Atatürkün anti-imperialist mübarizəsindən və dünyəvi respublikasından götürülməli olduğu çox dərs var.

Yenicag.az

www.yenicag.az

1069
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv