www.sinerjipro.net

SinerjiProWide
Reklam

Doğma VƏTƏN dara düşəndə, ömürlər, talelər sınağa çəkilər. Vətənin başı üzərini qara yellər alanda, xain düşmən müqəddəs torpaqlarımıza basqın edəndə qəlbində əsl vətən sevgisi gəzdirənlər səfərbər olarlar. Erməni quldurları doğma Qarabağımıza hücum edəndə silaha sarılıb, Vətəni yağı düşməndən qorumağa çalışan minlərlə vətənpərvər oğullarımızdan biri də Sənan Axundov oldu. O, canından da çox sevdiyi Qarabağın, Füzulinin, onların ümumi anası olan Azərbaycanın müstəqilliyinə tuşlanan düşmən güllələrinə sinəsini sipər etmək, döyüşlərdə vətənə necə bir oğul olduğunu, kimliyini təsdiqləmək, düşmən tərəfindən zəbt edildiyindən ağlayıb-sızlayan yurd yerlərimizə nicat gününü bir şəhid ömrü qədər yaxınlaşdırmaq üçün döyüşdü. Onun ömür yolu orada Qarabağ cəbhəsində – Lələtəpə yaxınlığındakı Yastıtəpə ərazisində qırıldı. O, döyüşçü dostlarının öyünüb güvənəcəyi bir QƏHRƏMAN ÖMRÜ yaşadı. Vətəni necə məhəbbətlə sevməyi öyrətdi Sənan döyüşçü dostlarına, əsgərlərimizə, gələcək nəsillərə.

Vətənin bu qeyrətli oğlu Qarabağ ərazisində erməni işğalçı qüvvələri ilə keçirilən bir sıra döyüşlərdə fərqlənmiş, göstərdiyi şücaəti ilə başqalarına nümunə olmuşdur. O, cəbhənin Füzuli və Cəbrayıl rayonları ərazilərində şərəfli döyüş yolu keçmişdir. Sonda isə 18 aprel 2016-cı il tarixdə həmin rayonların sərhədi yaxınlığında, Yastıtəpə ərazisində baş verən şiddətli mina partlayışı nəticəsində ağır yaralanmış və cəmi bir neçə saat sonra müqəddəs şəhidlik zirvəsinə yüksəlmişdir. Qarabağ müharibəsində onun keçdiyi döyüş yolu da göstərdi ki, ölümün özü belə Sənan kimi mərd, qəhrəman, cəsur oğullardan qorxur. Məhz belə yenilməz, mərd, vüqarlı, yurdsevər oğullarla itirilmiş torpaqlarımızı geri qaytara bilərik…

2007 – 2016-cı illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində informasiya şöbəsinin müdiri vəzifəsində işləyən Sənan Axundov dəfələrlə Azərbaycan Respublikasının Prezidenti adından Respublika Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev tərəfindən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal və “Yubiley medalı” ilə təltif edilmişdir.

Hərb peşəsini ürəkdən sevən mahir kəşfiyyatçı polkovnik-leytenant Sənan Axundov dəfələrlə Qarabağda olmuş, gənc zabit və əsgərlərə lazımi tapşırıq və tövsiyələrini vermişdir. Gərgin keçən 1 aprel 2016 – 5 aprel 2016-cı il tarixlərində o, hətta macal tapıb evə də gəlməmiş, həmin dönəmlərdə cəbhədə baş verən döyüş əməliyyatlarının nazirlikdə müzakirə və təhlilinə öz töhfələrini vermişdir. Müdafiə Nazirliyinin məxfi informasiyalar şöbəsində toplanmış məlumatlarla yaxından tanış olan vətənsevər zabitimiz Sənan Axundov hər gün dəfələrlə rəhbərlikdən onun da cəbhəyə, ata yurdu olan doğma Füzuli rayonu istiqamətinə göndərilməsini xahiş etmişdir.

Nəhayət, günlərin bir günü yenicə korpusun kəşfiyyat rəisi təyin edilən Sənana cəbhə bölgəsinə getmək üçün icazə verilir. 16 aprel 2016-cı il tarixdə o, cəbhənin Füzuli bölgəsinə gəlir. Burada korpus komandiri ilə görüşən Sənan müəyyən tapşırıqları yerinə yetirmək üçün bir gün sonra, aprelin 17-də Bakıya – evə, atasına zəng edərək müəyyən səbəbdən hələlik ləngiyəcəyini, iki günə isə qayıdacağını bildirir.

O, ön cəbhədəki şəraiti, təmas xəttindəki mövcud vəziyyəti özü görüb-yoxlamaq və əmin olmaq istəyi ilə aprelin 18-də səhər erkən bir neçə zabit əməkdaş və eləcə də mina axtaranlar ilə birlikdə reyd keçirir. Səhər saat 8 radələrində korpusda müvəqqəti idarə rəisi vəzifəsini icra edən polkovnik-leytenant Vüqarın ayaqları qəfildən ağlagəlməz bir sahədə basdırılmış piyada əleyhinə minaya toxunur. Mina tam partlamasa da, Vüqar bir ayağından yaralanır. Bir neçə metr ondan aralıda olan və Vüqarın yanına gələn Sənan öz kəmərini çıxarıb axan qanın kəsilməsi üçün yaranı bağlayır. Elə bu zaman minanın güclü partlayış dalğası Vüqarı və Sənanı bir neçə metr kənara atır. Daha ağır yaralanan Sənanı saat 9 radələrində Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşən hospitala çatdırırlar. Həkimlərin beş saatlıq cidd-cəhdlərinə baxmayaraq Sənanı ölümün pəncəsindən xilas etmək mümkün olmur. Saat 14:00-da polkovnik-leytenant Sənan Axundov dünyasını dəyişir. Beləliklə, mərd, igid bir Azərbaycan oğlunun ömrünə nöqtə qoyulur və o, müqəddəs Şəhidlik zirvəsinə qovuşur…

19 aprel 2016-cı il tarixdə polkovnik-leytenant Sənan Tahir oğlu Axundov Beyləqan rayonunun ərazisindəki müqəddəs “Cərcis peyğəmbər qəbiristanlığı”nda yaylım atəşlərinin sədası altında dəfn olunur.

Sənanın dəfnində onun qohum-əqrəbaları, tanışları ilə yanaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, döyüşçülər, Füzuli və Beyləqan rayonlarının icra hakimiyyətlərinin rəhbərləri, qonaqlar, eləcə də yüzlərlə digər vətəndaşlar iştirak etmişdir.

Allah Sənana rəhmət eləsin! Qəbri nurla dolsun!

Atası Tahir Davud oğlu Axundovun dediklərindən:

– Qarabağı çox sevirdi. Buna görə də bədxah qonşularımız kəndlərimizə silahlı hücumlar edəndə, günahsız, dinc insanlar, kənd sakinləri erməni quldurları tərəfindən qətlə yetiriləndə Sənan özünə heç yanda yer tapa bilmirdi. Hər zaman ürəyinin odu bildiyi Qarabağı ermənilərdən müdafiə etməyə hazır idi. Torpaqlarımızın bütövlüyü uğrunda könüllü olaraq silaha sarılan vətən igidlərinə xüsusi rəğbəti vardı. Həmişə deyərdi ki, torpağı sevmək azdir, gərək onun uğrunda şəhid olmağı da bacarasan. Müqəddəs şəhidlik zirvəsi onun da qisməti oldu. Bu gün onun qoxusunu iki balasından alıram. Allah balamın yadigarlarını qorusun.

Nazim Tapdıqoğlu (Vəlişov)
Oqtay Əliyev (Ərgünəş)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 322
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."