Eldar Mahmudov gələn həftə həbs ediləcək? – Generalların paqonları sökülür

Müəllif: Baş Redaktor

Baş Redaktor

eldarmamdududjkadrGeneralların poqonlarının sökülməsi üçün təqdimat hazırlanır

Gələn həftə Azərbaycanda qalmaqallı həbslərin olacağı gözlənilir. 1 ay əvvəl MTN-də başladılan “təmizləmə” əməliyyatı məntiqi sonluğuna yaxınlaşmaqdadır. Hər ötən gün Eldar Mahmudovun 11 il müddətində rəhbərlik etdiyi qurumda baş verənlər haqda yeni məlumatlar üzə çıxır.

Məlumatlarda yer alan məqamlar çox keçmir ki, cinayət işlərindəki cildlərə əlavə olunur və həbslər reallaşır. MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovu tutduğu postdan uzaqlaşdırsalar da, noyabrın 14-nə qədər onu həbs etməmişdilər.

Bu müddət ərzində A.Çovdarovun çeşidli cinayət əməlləri haqda məlumatlar mətbuat səhifələrinə çıxdı. Onun adam oğurlayıb qanunsuz həbslərə qol qoyması haqda yazılanlar az keçmədi ki, təsdiqləndi. Akif Çovdarov digər cinayətlərlə yanaşı rəsmən adam oğurluğunda ittiham olundu. Onu həbs etdilər. İstintaqçılar A.Çovdarova əsaslı ittiham elan etmək üçün 27 gün çalışdılar və nəticədə Eldar Mahmudovun pillə-pillə böyütdüyü bir kadrı dəmir barmaqlıqlar arxasına göndərildi.

Bir aydan artıqdır ki, Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Onun istintaqdan kənar qalması çoxlu sualların meydana çıxmasına, müzakirələrə yol açır. “Onu niyə tutmurlar” sualı tez-tez eşidilir, sabiq nazirin istintaqdan kənarda qalmasında ən müxtəlif versiyalar səsləndirlir. Amma ötən 1 ay ərzində görünən budur ki, istintaqçılar dosye yığır, toplayır. Çox iri fiqurların toplu həbslərinin gerçəkləşəcəyi gün isə uzaqda deyil. Tutulanlar sırasında “MTN işi” dalğasında postunu itirən rabitə və yüksək texnologiyalar nazirinin olacağı da realdır.

Eldar Mahmudova gəlincə, ona ittiham elan etmək üçün faktlar və dəlilər, şahid ifadələri toplanır. Artıq ağır topların işə düşməsi üçün bütün hazırlıq işləri görülüb. Eldar Mahmudovun taleyinin efirlərdə müzakirələrə çıxarılması da təsadüfi deyil. Efirə ciddi nəzarətin olduğu bir vaxtda “Mahmudov və onun komandası” haqda 2 saatlıq veriliş nümayiş olunur. Bu, oktyabrın 17-də başlanan prosesin hansı sonluqla başa çatacağına işarədir. Bu günə kimi Eldar Mahmudovun komandasına daxil olan, ölkə əhəmiyyətli bir qurumda yüksək postlar tutan 20-dən çox şəxs həbs olunub. Təxminən bu qədər “mahmudovçu” da dəmir barmaqlıqlar arxasına göndərilib.

Belə bir halda E.Mahmudovun yaxasını istintaqçıların əllərindən uzaq tuta biləcəyi mümkünsüzdür. O, bu illər ərzində rəhbərlik etdiyi qurumda baş verənlərdən xəbərsiz ola bilməzdi. Xəbərsiz olubsa, bunun özü də ittihamın əsasını təşkil edə biləcək faktdır.

Qafqazinfo.az-ın məlumatına görə də milli təhlükəsizlik naziri vəzifəsindən azad edilən general-polkovnik Eldar Mahmudov, general-mayor Akif Çovdarov və digər generalların rütbələrindən məhrum olunacaqları gözlənilir. Sayt ali rütbələrin alınma qaydası haqda da məlumat verir.

Birinci qayda məhkəmə qərarı ilə qanuni cəza qüvvəyə minəndən sonra ola bilər. Cinayət Məcəlləsinin 48-ci maddəsində qeyd olunur ki, məhkəmə qərarı ilə cəzalandırıldıqdan sonra şəxs rütbədən və dövlət təltiflərindən məhrum edilə bilər.

Maddə 48. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə
Ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə, bu barədə xüsusi və ya hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana müvafiq təqdimat göndərir.

İkinci isə prezidentin səlahiyyəti daxilindədir və dövlət başçısı istənilən zaman həmin şəxsləri ali rütbələrindən məhrum edə bilər.

Yada salaq ki, E.Mahmudova general-polkovnik rütbəsi 2014-cü il martın 27-də verilmişdi. / MUSAVAT.COM


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir