www.sinerjipro.net

SinerjiProWide
Reklam

238730Prezidentin oktyabrın 17-də Milli təhlükəsizlik naziri Eldar Mahmudovu işdən qovması ilə başlayan kadr islahatları artıq ikinci aya keçib. Ötən müddət ərzində demək olar ki, hər gün müxtəlif dövlət qurumlarında ən yüksək vəzifəli şəxslər ya həbs olunur, ya da işdən çıxarılır.

Əsasən Rabitə və Yüksək Texnologiyaları Nazirliyi ilə MTN strukturlarında çalışan şəxsləri əhatə edən bu prosesin hələ bir müddət də yüksələn xətt üzrə davam edəcəyi, daha böyük sferanı əhatə edəcəyi gözlənilir. Baş verənlər haqqında hələlik nə hüquq mühafizə orqanları, nə də hakimiyyətin digər qurumları tərəfindən cəmiyyətə təfsilatlı məlumatlar çatdırılmasa da, bu hadisələr zamanı insanı şok edəcək məqamların üstü açılıb.

Məlum olub ki, Eldar Mahmudov, Vidadi Zeynalov, Akif Çovdarov kimi yüksək vəzifə tutan insanlar illər ərzində rüşvət toplamaq, dövlətə xəyanət etməklə məşğul olmayıblar. Həm də özləri kimi yüzlərlə qohumlarını, kürəkənlərini, qudalarını, övladlarını müxtəlif qurumlarda strateji postlara yerləşdirməklə bir növ dövlət içində dövlət yaradıblar. Yəni bu adamların vahid komandası olub. Onlar elə bir şəbəkə yaradıblar ki, istənilən qanunazidd əməli asanlıqla həyata keçirmək və gizləmək mümkün olub.

Təsəvvür edin ki, Eldar Mahmudovun əlində banklar, institutlar, deputatlar, hətta nazirlik belə olub. Söhbət onun rəhbərlik etdiyi yox, Əli Abbasovun rəhbəri olduğu nazirlikdən gedir və qeyd etdiyimiz kimi burada bütün strateji vəzifələri onların qohumları tutub.

Bu gün “Qafqazinfo”ya həmin dəstənin hələ də iş başında olan daha iki üzvü ilə bağlı məlumat daxil olub. Məlumata görə, Rabitə Nazirliyinin həbs olunan aparat rəhbəri, ölkənin ən varlı adamlardan biri olan Vidadi Zeynalovun kürəkəni Nəriman Muradov hələ də “Rabitəbank”ın mərkəz filialının direktoru vəzifəsində çalışır. Bu bank Rabitə Nazirliyinin tabeliyində fəaliyyət göstərib və demək olar ki, cinayət yolu ilə qazanılan pulların çoxu burada dövriyyə olunub. Elə Vidadi Zeynalovun şəxsi mülkiyyətinin böyük hissəsi də məhz kürəkəni Nəriman Muradovun adınadır. Maraqlıdır ki, Zeynalovun qudası, yəni kürəkəninin atası da elə-belə adam deyil. O da hazırda Hüquq Mühafizə Orqanlarında strateji yerdə çalışır. Belə ki, Zeynalovun qudası Namiq Muradov polis-polkovnikidir və “Bandotdel”də çalışır.

Daha bir maraqlı fakt isə odur ki, MTN-də təmizləmə işi başlayan zaman Baş İstintaq İdarəsinin rəisi vəzifəsindən azad olunan, general-mayor Mövlam Şıxəliyevin kürəkəni Nail Əliyev hazırda Abşeronda prokuror müavinidir.

Dünən MSK-nın Çingiz Əsədullayevin dairəsində seçkinin nəticələrini ləğv etməsi də təsadüfü deyil. Rəsmi açıqlama olmasa da, Mahmudovun bandası ifşa olunandan bəri dəfələrlə mətbuatda Əsədullayevin də bu prosesdə iştirakı ilə bağlı məlumatlar dərc olunub.Dünən eyni zamanda Odlar Yurdu universitetinin rektoru, “Muğanbank”ın sahibi Əhməd Vəliyevin də haqqında yayılan məlumatlar onun da bu komandaya canla-başla xidmət etdiyini ortaya qoydu. Hətta Əhməd Vəliyev digər komanda üzvlərindən daha irəli gedərək eks-MTN şefinin atasının adına təqaüd kəsdirib, konfranslar təşkil edib, bir növ ali məktəbdə Mahmudovların təbliğatı ilə məşğul olub.

Bütün bunlara nəzər salanda aydın görmək olur ki, bu təmizləmə işləri yaxın gələcəkdə də davam etdiriləcək. Bu çetenin ən ucqarlarda aşağı vəzifələrdə olan bütün üzvləri ifşa olunaraq dövlətin içindən təmizlənəcək. Yeri gəlmişkən, onların himayəsində olan reket medialar haqda da yaxın günlərdə ölçü götürüləcəyi ilə bağlı dəqiq məlumatlar var. Məlumdur ki, bu reket komanda cinayətkar əməllərini həyata keçirmək üçün maliyyələşdirdikləri sayt və qəzetlərin xidmətlərindən istifadə ediblər. Artıq Azərbaycan prezidenti tərəfindən tam şəkildə deşifrə olunaraq xəyanətlərinin üstü açılan Eldar Mahmudov və bandasının ölkənin yaxın tarixində baş verən Hacı Məmmədov, Əli İnsanov və Fərhad Əliyev olaylarını geri də qoyaraq misligörünməmiş xəyanət arealını əhatə etdiyi üzə çıxıb. Xoşbəxtlikdən bu xəyanətkar qruplaşmanı qarşısı zamanında alınıb. Dövlətin əsasları sarsılmadan həmin banda zərərsizləşdirilib.

Qeyd etdiyimiz kimi, bu prosesdə aparılan təmizləmə işləri isə yaxın aylarda da davam edəcək. Çünki dövlətin orqanizminə yeridilən ilan zəhərini təmizləmə vaxt aparan işdir(Qaynarinfo)

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 36
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."