Eldar Mahmudovun “vergi naziri” 5 min yetimi necə ac qoydu? – Bir İnterpol axtarışının izi ilə…

Eldar Mahmudovun “vergi naziri” 5 min yetimi necə ac qoydu? – Bir İnterpol axtarışının izi ilə…

Müəllif: Baş Redaktor

Baş Redaktor

 

39828Bu günlərdə yayılan xəbərə görə, Beynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri beynəlxalq axtarışa verilib. Məlumatda qeyd olunur ki, 45 yaşlı Rəşad Axundov külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

APA-nın əldə etdiyi məlumata görə, axtarışa verilən R. Axundov “Dar Al Ber” beynəlxalq xeyriyyə təşkilatının Bakı nümayəndəliyinin rəhbəri olub.

Xəbərdə o da qeyd olunur ki, hələ 2014-cü ildə “Dar Al Ber” beynəlxalq xeyriyyə təşkilatının Bakı nümayəndəliyində MTN və Vergilər Nazirliyi birgə əməliyyat keçirib. Əməliyyat zamanı nümayəndəliyin rəhbəri R. Axundov saxlanılıb, bir gün sonra isə sərbəst buraxılıb.

Adıçəkilən xeyriyyə təşkilatı 1979-cu ildə Birləşmiş Ərəb Əmirliklərində təsis edilib. Təşkilat 1994-cü ildə Azərbaycanda nümayəndəliyini açıb.

***

Yazının buraya qədərki hissəsindən anlaşılır ki, R.Axundov adlı şəxs dövlət büdcəsini talayıb, daha sonra da ölkədən qaçıb.

Ancaq ortaya suallar çıxır. Suallardan biri budur ki, MTN və Vergilər Nazirliyi birgə əməliyyat nəticəsində Rəşad Axundovu yaxalamışdısa, nə üçün bir gün sonra buraxıb, daha sonra da ölkəni tərk etməsinə icazə verdilər?

Suallar bununla bitmir. Adından da göründüyü kimi “Dar Al Ber” beynəlxalq xeyriyyə təşkilatının Bakı nümayəndəliyi bir yardım təşkilatıdır.

Dahası təşkilat Azərbaycanda fəaliyyət göstərdiyi 1994-2014-cü illər ərzində vergiyə tabe tutulmayıb. Səbəb isə sadədir: Azərbaycan qanunvericiliyinə görə, xeyriyyə təşkilatları vergidən azaddırlar.

Təşkilat barədə rəsmi məlumat budur:

“1978-ci ildə, Birləşmiş Ərəb Əmirlikləri dövlətində Əmək və Sosial Məsələlər Nazirliyinin 23/78 saylı sərəncamı ilə təsis edilən “Darül Bir” Xeyriyyə Cəmiyyəti  xeyriyyəçilik fəaliyyəti həyata keçirir. Birləşmiş Ərəb Əmirlikləri dövlətinin vitse prezidenti, eyni zamanda Baş nazir və Dubay şəhərinin meri olan zati-aliləri Şeyx Muhəmməd ibn Raşid Al Maktum tərəfindən təsdiq edilmiş idarə heyəti sözügedən cəmiyyətə rəhbərlik edir. Birləşmiş Ərəb Əmirliklərinin hüdudlarından kənarda “Darül Bir” Xeyriyyə Cəmiyyətini təmsil edən nümayəndəliklərdən biri də, sözügedən cəmiyyətin Azərbaycan Respublikasında fəaliyyət göstərən “Darul-Bir Xeyriyyə Cəmiyyətinin Azərbaycan şöbəsi”dir. Qeyd olunan şöbə 1994-cü ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində açılmışdır. Cəmiyyət Bakıda fəaliyyətə başladığı gündən etibarən Azərbaycan hökuməti, xüsusən Azərbaycan Respublikası Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə birgə çalışaraq dəyərli Azərbaycan xalqının xidmətində durmuş və öz köməyini heç zaman əsirgəməmişdir. 2007-ci ildən etibarən “Darül Bir” Xeyriyyə Cəmiyyəti aztəminatlı ailələrin himayəyə götürülməsi layihəsi çərçivəsində Azərbaycan Respublikasının aztəminatlı ailələrinə də yardım göstərir”.

Hələ ötən il bu barədə Yenicag.az təfsilatı ilə yazmışdı. Həmin yazıdan bir hissəni təqdim edirik:

Vergidən azad olan Cəmiyyətin başına gələnlər…

 

Hadisənin tarixçəsi belədir. QHT-lərlə bağlı qanun dəyişikliyindən sonra Vergilər Nazirliyinin əməkdaşları  “Darül Bir” Xeyriyyə Cəmiyyətinin də qapısını döyüblər. Nazirlər Kabinetinin qərarı ilə xeyriyyə işləri ilə məşğul olduqları üçün vergidən azad olan təşkilat bütün sənədlərini Vergilər Nazirliyinə təqdim edib. Lakin baş nazirin müavini Əli Həsənovun imzası ilə göndərilən məktub da daxil olmaqla heç bir sənəd Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentini qane etməyib. Qısacası, Azərbaycanda beş minə yaxın uşağa yardım üçün Birləşmiş Ərəb Əmirliklərindən göndərilən 280 min dollar pul cəzası olaraq, Vergilər Nazirliyinin hesabına yönləndirilir və açılan cinayət işinə xitam verilir.

Bakı şöbəsi iki ölkə arasında əlaqələrin gərginləşməməsi üçün bu barədə məlumatı mərkəzə, yəni Şeyx Məktumun təyin etdiyi idarə heyətinə açıqlamağın yollarını axtararkən, ikinci zərbəni alır. Bu dəfə isə Vergilər Nazirliyinin Audit Departamenti tərəfindən yoxlama açıldığı xəbəri verilir. Audit Departamentinin rəhbərliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin bu barədə çıxardığı qərarı tanımadığını bildirərək, Cəmiyyəti ağır sınaq qarşısında qoyub. Ya Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin kəsdiyi cərimə məbləğində Audit Departamentinin də cərimə kəsilməsinə səs çıxarılmayacaq və növbəti yetim pulu Vergilər Nazirliyinin hesabına köçürüləcək, ya da Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin aylarla apardığı cinayət işini bu dəfə Audit Departamenti aparacaq.

Vidadi Məmmədov özbaşınalığının qurbanı olan təşkilat

 

Azərbaycanda 5 min aztəminatlı ailəyə yardım edən təşkilatın başına oyun açan isə hazırda həbsdə olan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin sabiq rəisi Vidadi Məmmədovdur. Belə ki, V.Məmmədov müstəntiq Şahin Rüstəmovla birlikdə cəmiyyətin bütün sənədlərini yoxlamaq adı altında apardıqdan sonra həmin sənədləri qəbul etmədiyini iddia edib. Məsələ isə sadəcə pulun məbləğində olub. Çünki rahat şəkildə 280 min manatı ələ keçirdikdən sonra əlavə istənilən 100 mini Rəşad Axundov verməkdən imtina edib.

Daha sonra Audit Departamentinin də məsələyə müdaxiləsi ilə vəziyyət daha da çıxılmaz hal alıb. Maraqlıdır ki, fəaliyyət göstərdiyi 20 il ərzində bir dəfə də olsa “Dar al Ber” təşkilatından vergi istəmək ağıllarına gəlməyən vergi müfəttişləri 2014-cü ildə özlərinin də dediyi kimi “büdcəni doldurmaq” adı altında iki ölkənin münasibətlərini baltalamaqdan çəkinməyiblər.

 

Aparılan araşdırmalar zamanı bəlli olur ki, Vidadi Məmmədov Vergilər Nazirliyində Eldar Mahmudovun çinovniki kimi fəaliyyət göstərib. Elə basqınlarda istifadə etdiyi qara maskalılar da Akif  Çovdarovun qrupu olub. Bu cinayətkar şəbəkə ifşa olunsa da, göründüyü kimi qurbanlarına qarşı haqsızlıq davam etməkdədir.

Bu gün Vergilər Nazirliyində Rəşad Axundovun günahsız olduğu və heç bir vergidən yayınma halının olmadığı bilindiyi halda V.Məmmədovun hələ azadlıqda qalan cinayətkar qrupu ondan vermədiyi rüşvətin qisasını almaqdadır.

Halbuki ortada baş nazirin müavini Əli Həsənovun bu təşkilatın vergidən azad olunduğuna dair qanuna müvafiq məktubu var. 5 min aztəminatlı ailənin yardımının kəsilməsi, Azərbaycanın dostluğuna ehtiyac duyduğu Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətinin kəskinləşməsi öz mənfəətlərinin yanında önəmli olmadığından 20 il Azərbaycana yardım əlini uzatmış təşkilatın başına bu oyunu açırlar.

P.S. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti ilə sıx əməkdaşlıq edən Cəmiyyətin bir neçə il öncə Dubay Əmirliyinin Azərbaycan vətəndaşlarına qarşı tətbiq etdiyi giriş qadağasının götürülməsində də müstəsna rolu var. Eləcə də, Şeyx Maktumun son Azərbaycan səfəri zamanı dövlət başçısı ilə görüşdə “Dar al Ber” ilə bağlı sıxıntıya da toxunulub və Prezident bu məsələnin araşdırılmasını tapşırsa da, vergilər naziri Fazil Məmmədov Eldar Mahmudov əngəlinə ilişərək, məsələni dondurulmuş şəkildə saxlayıb. Ərəblər isə illərlə etdikləri qarşılıqsız dəstəyin müqabilində belə münasibətlə üzləşməkdən çox narahatdırlar və Azərbaycana qarşı konkret addımlar atılacağı da güman edilir. Nəzərə alsaq ki, Dubayla olan iqtisadi əlaqələr Azərbaycan üçün çox əhəmiyyət kəsb edir, o zaman məsələnin ədalətli həllinə böyük ehtiyac var, əks halda Rövşən Rzayev ABŞ üçün hazırladığı təklifin eynisini Birləşmiş Ərəb Əmirlikləri üçün hazırlamalı olacaq ki, bundan sadəcə Azərbaycan itki ilə çıxacaq.

 

Manşet, Banner, Flaş, Aktual

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti