!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Həsənov: “Əminəm ki, bu qurultay Ümumrusiya Azərbaycan Konqresinin tarixində mühüm mərhələ olacaq”

!Reklam – Yazi

elihesenov“Əminəm ki, budəfəki forum Ümumrusiya Azərbaycan Konqresinin tarixində mühüm mərhələ olacaq, bu qurultay Rusiyada yaşayan həmvətənlərimizin mədəni-mənəvi cəhətdən daha sıx birləşməsinə şərait yaradacaq və əlbəttə, iki ölkə və iki xalq arasında qarşılıqlı anlaşmanın və dostluğun dərinləşməsinə xidmət edəcək”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu ilə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ümumrusiya Azərbaycan Konqresinin qurultayında deyib.

Ə. Həsənov qeyd edib ki, mövcud olduğu illər ərzində ÜAK nüfuzlu ictimai təşkilata çevrilib, milli bənzərsizliyin qorunub saxlanması, bizim multikultural ənənələrin təbliği, Azərbaycan haqqında obyektiv informasiyanın yayılması və iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün böyük iş aparır.

Prezidentin köməkçisi Azərbaycan-Rusiya münasibətlərinə toxunub, bu münasibətlərin zamanın sınağından çıxdığını deyib: “Bu münasibətlər həmişə qarşılıqlı hörmət prinsipləri üzərində qurulub və mehriban qonşuluq xarakteri daşıyıb. Müasir mərhələyə gəldikdə, qeyd etməliyəm ki, bizim əlaqələrimiz bütün istiqamətlər üzrə durmadan inkişaf edir və hazırda strateji tərəfdaşlıq səviyyəsindədir. Ümumrusiya Azərbaycanlılar Konqresi və Azərbaycanın Rus İcması bu işə öz töhfəsini verir. Yeri gəlmişkən, Cənubi Qafqazda ən böyük rus diasporu bizim ölkədə yaşayır, onun nümayəndələri dövlətimizin ictimai-siyasi həyatında çox fəal iştirak edir. Əminəm ki, ÜAK bundan sonra da ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığa kömək edəcək”.

Ə. Həsənov Azərbaycan diasporu nümayəndələrinin milli kimliyi və mənəvi dəyərləri qoruyub saxlamaqla Rusiya cəmiyyətinə inteqrasiya etməsinin məmnunluq doğurduğunu bildirib: “Xalqımızın nümayəndələri Rusiyanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Onlar elmin və mədəniyyətin, iqtisadiyyatın və səhiyyənin inkişafına sanballı töhfə verirlər. Sevindirici haldır ki, onların çoxu öz peşəkar fəaliyyətində qazandıqları nailiyyətlərə və ya Rusiya dövləti qarşısında xidmətlərinə görə təltiflərə layiq görülüb, mühüm vəzifələr tutur, böyük hörmət və nüfuz sahibidir. Başqa sözlər desək, bu insanlar həm onlar üçün ikinci vətən olmuş ölkənin firavanlaşmasında, həm də bizim xalqımızın müsbət imicinin formalaşmasında maraqlı olan, Azərbaycanı ləyaqətlə təmsil edən əsl quruculardır. Əslində yerli sakinlərin nəzərində bizim ölkənin obrazı həmvətənlərimizin necə yaşamasından və işləməsindən, onların Rusiya adətlərinə, Rusiya mədəniyyətinə və əhalisinə necə münasibət bəsləmələrindən asılı olaraq formalaşır. Bizim xalqın nümayəndələri Rusiyanın ictimai-siyasi həyatında daha fəal iştirak etməli, dövlətə və ölkə vətəndaşlarına hörmət göstərməli, Rusiyanın tarixinə və ənənələrinə qayğı ilə yanaşmalı, Rusiyanın müsbət obrazının formalaşmasına kömək etməlidirlər. Bir sözlə, sizi ürəkdən qəbul etmiş ölkənin gələcək inkişafı və firavanlığı üçün hər cür səy göstərməlisiniz. Rusiyanın uğuru sizin nailiyyətiniz, sizin fəxrinizdir. Axı siz məhz sizin üçün Vətən olmuş bu ölkədə elmi və peşəkar fəaliyyətdə, biznes və istehsal sahəsində yüksək nəticələrə nail olmusunuz. Eyni zamanda, Ümummilli Liderin dediyi kimi, azərbaycanlı adi vətəndaş deyil, elə vətəndaş olmalıdır ki, onun simasında Azərbaycan yüksəlsin, ölkəmizin bayrağı ucalsın. Siz həmin mühüm və möhkəm körpüsünüz ki, bundan sonra da iki qardaş xalq və ölkə arasında qarşılıqlı anlaşmanın və dostluğun dərinləşməsinə şərait yaratmalıdır”.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışında bildirib ki, qurultay Ümumrusiya Azərbaycan Konqresinin ötən illər ərzində fəaliyyətinə qiymət verəcək, eləcə də gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək. N. İbrahimov qeyd edib ki, Diasporla İş Komitəsi Heydər Əliyevin siyasətini davam etdirir, prezident İlham Əliyevin siyasətini həyata keçirir: “Bu siyasətin əsası ondan ibarətdir ki, harada yaşamasından və işləməsindən asılı olmayaraq, hər bir azərbycanlı öz ölkəsində dəyərləndirilir. Diaspor üzvləri Azərbaycanı dünyada tanıtmaq , Azərbaycan həqiqətlərinin yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmaq üçün çox iş görürlər. Dövlət komitəsinin başlıca vəzifəsi isə dövlətlərin daxili işlərinə qarışmadan, diaspor təşkilatlarının fəaliyyətinə dəstək olmaqdır”.

Komitə rəhbəri ÜAK-ın yeni seçiləcək heyəti ilə sıx əməkdaşlıq edəcəklərini də vurğulayıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan azərbaycanlılarla iş sahəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Fondun Rusiya nümayəndəliyinin və Rusiya Azərbaycanlı Gənclər Birliyinin işini xüsusi vurğulayıb.

ÜAK-ın icraçı direktoru İlqar Hacıyev ÜAK-ın hesabat məruzəsi ilə çıxış edib, gündəlikdə olan məsələlər barədə məlumat verib.

Qurultay davam edir.

***
Moskva Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) IV Qurultayı keçirilir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın “Ukrayna-Radisson” otelində keçirilən qurultaya Rusiya Federasiyasının 78 bölgəsindən 200-dən artıq nümayəndə, Rusiya və Azərbaycanın dövlət və hökumət nümayəndələri qatılıblar.

Qurultayda ÜAK rəhbərinin təşkilatın 5 il ərzində gördüyü işlər haqqında hesabatı dinləniləcək, məruzə ətrafında çıxışlar olacaq. Qurultayda Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, Rusiyadakı soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, növbəti beş il üçün fəaliyyət strategiyasının müəyyənləşdirilməsi ilə bağlı geniş müzakirələrin aparılması nəzərdə tutulur.

Qurultayda Mərkəzi Şura, Rəyasət Heyətinin yeni tərkibi və təşkilata prezident seçiləcək, sonra Mərkəzi Şuranın iclası keçiriləcək. Tədbirin yekununda bir sıra sənəd və müraciətlərin qəbulu gözlənilir.

Qeyd edək ki, Azərbaycanın xaricdə ən böyük diaspor təşkilatı olan ÜAK ümummilli lider Heydər Əliyevin və Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci il martın 5-də Moskva şəhərində yaradılıb. Təşkilatın məqsədi buradakı soydaşlarımıza milli, mədəni, sosial maraqların həyata keçirilməsinə yardım etmək, Rusiya və Azərbaycan arasında sosial-iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etməkdir. Rusiyadakı diaspor təşkilatları ilə əməkdaşlıq, bu fəaliyyətin koordinasiya edilməsi də Konqresin prioritet vəzifələrindəndir. Hazırda ÜAK-ın Rusiyanın 83 bölgəsində bölməsi fəaliyyət göstərir. Təşkilatın III Qurultayı 2011-ci il noyabrın 25-də keçirilib.

 

Yenicag.az

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv