Əli Həsənov YAP və onun Azərbaycanı hansı statusda idarə etməsi haqda…

Müəllif: Redaktor

Editor

118867_res_01“Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının ehtiyaclarından yaranmış bir partiyadır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri, Azərbaycan xalqının Ümummilli lideri olan Heydər Əliyev ölkənin ictimai-siyasi, daxili ehtiyaclarından, insanların düçar olduğu gündəlik qayğılardan, problemlərdən, dövlətin rastlaşdığı gərgin vəziyyətdən çıxış edərək, bir qrup qabaqcıl ziyalının müraciətinə cavab verdi və Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməsinə razılıq verdi. Bu partiya, həqiqətən, Azərbaycanın o dövrdəki siyasi çətinliklərindən irəli gələrək yaradıldı və qısa müddət ərzində ümummilli partiyaya çevrildi”.

Bunları Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov deyib.

Əli Həsənov bildirib ki, həmin dövrdə Azərbaycanda partiyaların təsnifatı sağçılar, solçular, kommunistlər, müəyyən qədər daha çox fərqli insan təbəqəsini, qruplarını təmsil edən ideoloji postulatlar üzərində qurulurdusa, Yeni Azərbaycan Partiyası birbaşa bütün xalqın maraqlarının ifadəçisi formasında meydana çıxdı və qısa müddət ərzində təşkilatlanaraq, bütün xalqın partiyası statusunu aldı. Təxminən yarandığı noyabr ayından iyun ayına qədər olan 6-7 ay ərzində fövqəladə vəziyyətdə təşkilatlanma kursu keçdi, bütün ölkə ərazisində partiyanın şəhər və rayon təşkilatlarının yaradılması istəyilə meydana çıxan ziyalılar onun təsis konfranslarını keçirdilər.

Onun sözlərinə görə, baş verən hadisələrin fonunda Heydər Əliyevin o dövrkü hakimiyyət tərəfindən Bakıya dəvət olunmasına, xalqın tələbilə yenidən parlamentə Sədr, qısa vaxtdan sonra Prezident seçilməsinə qədər artıq Yeni Azərbaycan Partiyası çətin bir şəraitdə təşkilatlanmışdı, formalaşmışdı və bitkin siyasi təşkilata çevrilmişdi. Sonrakı hadisələr isə göstərdi ki, YAP Azərbaycanın taleyini çiyinlərinə götürməyə, onun idarəçiliyini əlinə almağa və dövləti, xalqı həmin böhranlı vəziyyətdən çıxarmağa qadir partiyaya çevrilmişdi.

“Prezident İlham Əliyevin YAP-a sədr seçilməsindən sonra Azərbaycanın gənclik mühitində ciddi bir canlanma müşahidə olunmağa başladı. Əlbəttə ki, Heydər Əliyev dövlətin xilası, qurulması və inkişafı mərhələsində əvəzedilməz siyasətçi idi. Azərbaycan dövlətçiliyinin yeni dövründə isə, yəni 2003-cü ildən başlayaraq prezident İlham Əliyev dövlət rəhbəri kimi ölkə gəncliyi mühitinə yeni əhval-ruhiyyə gətirdi. Həqiqətən də, çəkinmədən demək olar ki, 2004-cü ildən başlayaraq, Azərbaycanın inkişafında, YAP-ın fəaliyyətində bütün parametrlər üzrə yeni mərhələ başladı.

Bu, bir faktdır ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlətçiliyinin inkişafının bitkin konsepsiyasını yaratdı, hakimiyyətə gəlmənin sivil ənənələrini formalaşdırdı. Bu mənada YAP 1995-ci ildə çoxpartiyalı sistem əsasında yeni parlament formalaşdırdı, Konstitusiyanı qəbul etdi. Bu Konstitusiyanın isə təməl prinsipləri Azərbaycan demokratik inkişafını şərtləndirir, insanların hüquq və azadlıqlarının bütün spektrlərini təmin edir, ölkənin bazar iqtisadiyyatı yolu ilə dünyanın qabaqcıl dövlətlərilə inteqrasiya xəttini təlqin edir, dövlətimizin bölgənin və dünyanın əsas inkişaf etmiş, sülhvevər ölkələrilə birgəyaşayış normalarına əsaslanan siyasətinin həyata keçirilməsini təşkil edir. Əlbəttə ki, YAP bütün bu proseslərin əsasında dayanırdı. Məhz Ümummilli lider YAP-a söykənərək dövlətçiliyimizin qorunması və inkişafını həyata keçirirdi.

Bu gün isə prezident İlham Əliyev YAP-a söykənərək real siyasət həyata keçirməkdədir. Vurğuladığım kimi, YAP ümumxalq partiyası kimi yaranıb və bu gün də həmin statusda Azərbaycanı idarə edir, gələcəkdə də xalıqımızın bütün ehtiyaclarına, istək və arzularına cavab verə bilən partiya kimi qalacaq”, – deyə Əli Həsənov vurğulayıb(virtualaz).



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır