www.sinerjipro.net

SinerjiProWide
Reklam

elman_Rustamov_elmanf629Mərkəzi Bankın komisyon haqlarını və illik faiz dərəcələrini inzibati yolla tənzimləməsi təşəbbüsü daha çox bank olmayan kredit təşkilatlarını vuracaq

Mərkəzi Bankın komisyon haqlarının 1%-ə salınması və kredit faizlərinə yuxarı tavanın tətbiqi ilə bağlı göstərişləri bank sektorunun baş ağrısına çevrilib. Mərkəzi Bankın qeyri-rəsmi tapşırığı daha çox sosial gərginliyin azaldılmasına hesablanıb. Tənzimləyici qurum bu addımı ilə bankların sağalmamış devalvasiya “yaralarının” üzərinə sanki duz səpdi. Həm kreditləşmənin zəifləməsi, həm də faiz dərəcələrinə limitin qoyulması faiz gəlirlərini kəskin azaldacaq.

Qeyd edim ki, Mərkəzi Bank qeyr-rəsmi göstəriş verməklə ikinci dəfə öz səlahiyyətlərini aşmaq yolunu tutdu. “Banklar haqqında” Qanunun 36-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəstdir. Mərkəzi Bankın inzibati yolla komisyon haqlarını endirmək və faiz tavanı tətbiq etmək göstərişini verməsi qanuna ziddir. Bankları qanunun tələblərinə əməl etməyə dəvət edən Mərkəzi Bank bank qanunvericiliyini pozmaq yolunu tutur. Mərkəzi Bank uzaqbaşı banklara tövsiyə verə bilər. Bunu həyata keçirmək isə bankların öhdəliyi yox, hüququdur.

Mərkəzi Bankın komisyon haqlarını və illik faiz dərəcələrini inzibati yolla tənzimləməsi təşəbbüsü daha çox bank olmayan kredit təşkilatlarını (BOKT) vuracaq. Çünki BOKT-ların maliyyə mənbələri məhduddur və göstərdikləri xidmətlərin çeşidi isə azdır. Banklarla müqayisədə BOKT-larda kredit faizləri daha yüksəkdir. Bu kredit təşkilatlarında illik faiz dərəcəsi hətta 42%-ə çatır. Bu qurumların kredit portfeli də məhduddur. BOKT-ların kredit qoyuluşu ümumilikdə 591 milyon manata yaxındır və ölkə üzrə kredit qoyuluşunun 2,9% onların payına düşür.

Ölkədə 157 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir ki, onların 109-u kredit ittifaqlarıdır. Deməli, hazırda əhalini və kiçik sahibkarları aktiv olaraq kreditləşdirən 48 kredit təşkilatı var. Bu kredit təşkilatlarının ümumilikdə 224 filil şəbəkəsi mövcuddur, onların əksəriyyəti regionlarda yerləşir. BOKT-ların əsas üstünlüyü onun resurslarına əlçatanlığın asan olmasıdır. BOKT-lar həm də banklardan fərqli olaraq kənd yerlərində, o cümlədən cəbhə bölgəsinə yaxın ərazilərdə işləyirlər. O yerlərə ki banklar qəti maraq göstərmir. Bu qurumların işçiləri ən ucqar kəndlərə getməkdən belə çəkinmirlər. Halbuki banklar ən yaxşı halda rayon mərkəzlərində işləməklə kifayətlənirlər.

Mərkəzi Bankın son tapşırıqları BOKT-ların gəlirlərini kəskin azaldacaq. Nəticədə bəziləri filial şəbəkəsinin bağlanması, işçilərin ixtisarı kimi sərt addımlar atılacaq. Hətta bəzi BOKT-ların bazarı tərk etməsi mümkündür. Bununla da regionların kreditə əlçatanlığı pisləşəcək. BOKT-ların kredit vermək üçün cəlb etdikləri resurslar çox bahadır. Mövcud faiz həddi (istehlak kreditləri üçün 29%, mikrokreditlər üçün 25%) onlar üçün çox əlverişsizdir. Ona görə Mərkəzi Bank kreditlərin illik faiz dərəcələrinə tətbiq etdiyi tavanı BOKT-lara şamil etməməlidir. Onlara faizləri müəyyənləşdirməkdə sərbəstlik verilməlidir. Bu qurumların kredit bazarında faizlərin formalaşması siyasətinə təsir imkanları yox səviyyəsindədir. Kredit faizlərini banklar formalaşdırır, BOKT-lar isə onların arxasınca gedir. Mərkəzi Bank kredit faizlərini aşağı salmaq istəyirsə, banklarla işləməlidir. Banklarla BOKT-lara eyni yanaşma olmamalıdır. Ən azı yaxın dövr üçün BOKT-lar üçün bu limiti aradan qaldırmalıdır. Əks halda ixtisarlar və bağlanma halları qaçılmazdır.

Samir Əliyev

İqtisadçı ekspert

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 37
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."