Elməddin BEHBUD: Vətəndaşın dövlətçilik sınağı

Müəllif: Redaktor

Editor

elmeddinbehbudikoshe5Elməddin Behbud

Azərbaycan dünyanın ayrılmaz bir hissəsidir və təbii ki, qlobal miqyasda baş verən hadisələr ölkəmizə də təsirini göstərir. Ötən ilin sonlarında manatın məzənnəsində baş verən dəyişiklikdən sonra bir sıra iş yerləri bağlanması və insanların gəlirlərinin azalması vətəndaşların haqlı narazılığı ilə müşahidə edilir. Bütün bunlar şübhəsiz ki, hamını narahat edən, arzuolunmaz hallardır. Ancaq belə məqamda daha təhlükəli olan məqam vəziyyəti süni şəkildə gərginləşdirmək cəhdləridir. Biz şahidiyik ki, müxtəlif ölkələrdə ictimai-siyasi sabitliyin pozulmasının nəticəsindən orada yaşayan hər bir kəs zərər görür. Ölkədə nəinki illər, hətta on illər boyu qazanılmış bütün nailiyyətlər aradan qalxır, iqtisadi inkişafı və stabilliyi xaos, kütləvi insan qırğınları, anarxiya əvəzləyir. Məhz bu baxımdan Azərbaycanda da baş verən iqtisadi prosesləri anlayışla qarşılamaq və onun aradan qaldırılması üçün cənab Prezident İlham Əliyevin tapşırığıyla müvafiq dövlət qurumlarının həyata keçirdiyi islahat proqramının səmərəli icrasına yardımçı olmağa çalışmaq lazımdır.

Son günlər bir neçə rayonda baş verən sosial xarakterli aksiyalardan sonra təəssüf ki, belə hadisələrin artaraq xaosa, iğtişaşa çevrilmə perspektivindən məmnunluğunu gizlətməyənlərin də olduğunu görməkdəyik. Dünyada regional münaqişələrin alovlandığı, vətəndaş müharibələrinin hər gün yüzlərlə insanın həyatına son qoyduğu hazırkı dövrdə hər bir yetkin şəxs anlayır ki, ictimai-siyasi stabillik neft də daxil olmaqla bütün təbii sərvətlərdən daha dəyərlidir. Unutmamalıyıq ki, sabitliyin pozulması cəhdləri sosial durumun çətinləşməsindən daha ağır nəticələrə gətirib çıxara bilər. Bu baxımdan sosial cəhətdən daha yüksək təminatlı şəkildə yaşamağı və firavan həyatı arzulayan bütün vətəndaşlar mövcud olan problemlərin həllinin rasional yolunu seçməlidirlər.

Xatırlayırsınızsa, neftin dünya bazarında qiyməti yenicə enməyə başlayanda ölkəmizə qarşı destruktiv mövqe tutmuş şəxslər və qruplar bunu xüsusi sevinclə qarşılayırdı. Ancaq çox keçmədi ki, bu qeyri-təbii qiymət enişi onların da həyatına təsir etməyə başladı və sevincləri çox da uzun çəkmədi. Hazırkı vəziyyət də eyni ilədir. Əgər xaos mahiyyətli kütləvi aksiyalar insanların həyatını müsbətə doğru dəyişsəydi, onda Yaxın Şərqdəki məlum ölkələrin əhalisi dünyanın ən xoşbəxt vətəndaşları olardılar… Ayrı-ayrı siyasi qrupların bu prosesə mane olmağa çalışması isə vətəndaşların rifah halını yüksəltməyə xidmət etmədiyini hər kəs anlamaqdadır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son tolantısındakı çıxışında ölkədə və beynəlxalq aləmdə baş verən hadisələri yetərincə müfəssəl şəkildə təhlil edərək hökumətin qarşısında ciddi tələblər qoydu. Bununla da yaranmış vəziyyətdən narahatçılıq keçirən vətəndaşların çağırışına hərzamankı kimi cənab Prezident adekvat və konkret qərarlarla cavab vermiş oldu. Vətəndaşların sosial güzəranının yaxşılaşması üçün atılan addımlar – bir sıra lisenziya növlərinin ləğvi, süni qiymət artımına qarşı inzibati mübarizə mexanizmlərinin işə salınması, gömrük sahəsində islahatların sürətləndirilməsi, sahibkarlıq müəssisələrində qanunsuz yoxlamalar keçirən qurumların əməkdaşlarının cəzalandırılması, un və un məmulatlarının satışı və istehsalının ƏDV-dən azad edilməsi və s. dövlətin qlobal böhranın təsirlərini aşağı salmaq üçün proqrama sahib olduğunu və insanların psixoloji təlaşa qapılmasına lüzum olmadığını göstərir. Eyni zamanda 10 min dollara kimi krediti olan vətəndaşlar borclarını1,05 məzənnə ilə geri qaytarılması istiqamətində də müvafiq hazırlıqların görüldüyü bildirilir.
Təəssüflər olsun ki, yaranmış vəziyyətdən istifadə edərək istehlak məhsullarının qiymətini süni şəkildə qaldıraraq vətəndaşları dövlətdən narazı salmağa çalışanlarda var. Ancaq bu məsələ də bağlı artıq müvafiq addımların atıldığının şahidiyik. Dövlət başçısının qətiyyətli mövqeyi əminəm ki, süni bahalaşma yaradıb artıq qazanc əldə etmək istəyən möhtəkirlərin, korrupsiyaya bulaşmış məmurların məsuliyyətdən kənar qalmasına imkan verməyəcək.

Cənab prezidentin çıxışında vurğuladığı məsələlərdən biri də hökumətə vətəndaş nəzarətinin gücləndirilməsi ilə bağlıydı. Bu cəhətdən vətəndaş nəzarətinin işlək və səmərəli mexanizmlərinin müəyyən olunması sahəsində vətəndaş cəmiyyəti institutları, xüsusi ilə də QHT-lər və media qurumları yaxından əməkdaşlıq etməlidir. Bildiyimiz kimi artıq bu istiqamətdə də ilkin addımlar atılaraq işçi qruplar formalaşdırılıb. Yaxın zamanlarda vətəndaş cəmiyyəti institutları vətəndaş nəzarətinin tətbiqi mexanizmləri ilə bağlı ölkə prezidentinə konkret təkliflərlə müraciət edəcək. Sevindiricidir ki, vətəndaşlarımızın mütləq əksəriyyəti, xüsusi ilə gənclər baş verən iqtisadi proseslərə sağlam münasibət bəsləyir və cənab prezidentin ətrafında sıx surətdə birləşdiklərini bəyan edirlər.

Dövlətimizin sosial-iqtisadi problemləri aradan qaldırmaq üçün ard-arda atdığı addımlar qısa zaman müddətində vətəndaşlarda olan narahatçılıqları aradan qaldıracaq gücdədir.

Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən antiböhran və islahatlar proqramı yaranmış müvəqqəti çətinliklərin tədricən aradan qalxması ilə nəticələnəcək. Azərbaycan qlobal iqtisadi böhranın təsirlərini minimuma endirərək bu mərhələni də uğurla başa vuracaq və neft kapitalından asılı olmayan yeni sənaye sahələri quracaq.
Dövlətimiz bunun üçün yetərincə güclü iqtisadi-maliyyə resurslarına və cənab prezidentin şəxsində qətiyyəli siyasi iradəyə sahibdir!


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir