yenicag.az
yenicag.az

Elnur Aslanovu kim(lər) və niyə aktivləşdirdilər? – Fətullahçıların Azərbaycanda revanşı

Elnur Aslanovu kim(lər) və niyə aktivləşdirdilər? – Fətullahçıların Azərbaycanda revanşı

Müəllif: Baş Redaktor

Baş Redaktor

maxresdefaultHər nə qədər bu vəzifəni özünə yaraşdırmasa da, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri olan Elnur Aslanovun “dili açıldı”. 2014-cü ilin mart ayında Azərbaycan Prezidenti tərəfindən Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri vəzifəsindən uzaqlaşdırılan Aslanov və havadarları yaranan boşluqdan yararlanmaq istəməkdədir.

Belə ki, öncə Ceyhun Osmanlını ön plana çıxararaq, yenidən deputat olmasına çalışan, lakin bu baş tutmadıqda, kriptolarla istəklərinə nail olan şəbəkə bu dəfə dövlətdə yaranan mövcud vəziyyətə uyğun olaraq, Elnur Aslanovu “bağışlatdırmaq” istəyir.

elnur_aslanov

Öncəliklə, E.Aslanovun müsahibələrində bu məqamlar diqqət çəkir:

  • Müsahibələrdə sanki onun Prezident deyil, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən vəzifəsindən uzaqlaşdırılması və İlham Əliyevin bundan xəbərsiz olması mesajı verilir. Halbuki, o, Azərbaycan Prezidentinin 17 mart 2014-cü il tarixli sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılıb. Sərəncamın bir sıra rəsmi media qurumlarında verilməməsi isə E.Aslanova sədaqətlilərin Prezidentin bu qərarına səssiz etirazı kimi qəbul edildi.
  • Elnur Aslanov son müsahibəsində yenə Ramiz Mehdiyev məsələsinə toxunur və onun postuna gəlmək istəmədiyini vurğulayır. İl yarım susduqdan sonra bu mövzuyla gündəmə gələn Elnur Aslanov nədənsə anasının onun haqqında söylədiyi “siyasi xadim” bənzətməsini və İlham Rəhimovla qısa müddətli evliliyinin həm də Rusiya ilə bağlı çoxşaxəli planın tərkib hissəsi olduğunu unutmuşa bənzəyir. ABŞ-la münasibətləri yüksək səviyyədə qurduqdan sonra Rusiya əngəlini ortadan qaldırmaq üçün bu yola baş vuranlar E.Aslanovu prezidentliyə uzanan yolda ilk öncə bu vəzifədə görmək istəyirdilər. Lakin evdəki hesab bazarla uyğun gəlmədiyindən bu plan yarımçıq qaldı. İndi isə yenidən o məsələyə qayıdaraq, bir zamanlar köməkçisi olduğu şəxsin yenidən etimad qazanmaq istəyir. Naşükür olmayan keçmiş köməkçi o zaman nə üçün şöbə müdiri olarkən, ziqzaqlı yollara baş vurub?!Elnur-Ceyhun
  • Elnur Aslanov Türkiyə məsələsini qabardır və dolayısı ilə Ərdoğanla bağlı “gülənçilərlə birlikdə olmusan” ittihamını səsləndirir. Diqqət edək: “2013-cü ildə adıçəkilən qrup (fətullahçılar-red.) Türkiyənin siyasi isteblişmentinə daxil idi. Biz də qardaş ölkənin hakim elitası ilə işləyərkən, heç vaxt onlara siyasi yaxud ideoloji platformalarına dair suallar vermirdik. ..Ola bilsin ki, bu adamlar “nurçu”, yaxud “gülənçi” olub. Amma Türkiyə siyasi elitasının qüvvələr nisbətini nəzərə aldıqda, 2013-cü ilin dekabrına qədər bizim tərəfimizdən heç vaxt belə suallar verilməyib”. Qeyd edək ki, “Sabah” qəzetinin bir müddət öncə yazdığı yazıya Elnur Aslanovun dostları da təxminən bu tip cavab vermişdilər.

Bu məsələdə Elnur Aslanovun hər iki açıqlamasında həm də “Türkiyədə yaxşı qarşılanma” məsələsi diqqət çəkir. Ərdoğanın prezident İlham Əliyevə “fətullahçıların siyahısı”nı göndərməsi barədə KİV-də gedən məlumatlara toxunan E.Aslanov bildirib ki, “belə bir siyahı barədə eşitməyib”: “Əgər belə siyahı olsaydı və orada mənim vəzifədən azad olunmam tələbi əks olunsaydı, bu gün məni Ankarada belə isti və səmimi qarşılayardırlarmı?” Burada bir haşiyəyə ehtiyac var.

Birincisi, Azərbaycan prezidentinin Türkiyədən daha öncə, 2006-cı ildən etibarən Gülən Şəbəkəsinə qarşı mübarizə tərəfdarı olması, fəqət hansı səbəblərdən prossesin ləngidiyi “wikileaks” sənədlərində öz əksini tapıb. Bu səbəbdən də əslində “siyahı”nın bir fətullahçı yalanı olduğu qədər E.Aslanovun Türkiyə ilə bağlı dedikləri də iz azdırmadır.

fethullah-gulen-hocaefendiden-musibetlere-karsi-dua-1

Belə ki, bizdən fərqli olaraq, Türkiyədə Azərbaycan yaxşı tanınmır. Məsələn, Azərbaycanda qatı Türkiyə düşməni olan bir şəxs belə çox asanlıqla Ankarada özünə dəstək tapa bilər. Azərbaycan sevgisinin yüksək olduğu Ankarada Bakıdan gedən bir çoxu bunun şahidi olub. Eyni zamanda Aslanovun da PA-da işlədiyi zaman orada ciddi bir lobbi qurduğu məlumdur. Ortada Elşad İsgəndərov nümunəsi də var. Belə ki, fətullahçı şəbəkə ilə ortaq çalışan sabiq komitə sədri Bakıdan İstanbula getdi və bu gün də orada fəaliyyətini davam etdirir. İlk baxışda Azərbaycanda fətullahçılıqda ittiham olunan şəxsin İstanbulda fəaliyyət göstərməsi anormal görünə bilər. Ancaq nəzərə alsaq ki, E.İsgəndərovun rəhbərlik etdiyi qurum ABŞ-ın himayəsi altındadır, o zaman bu suala ehtiyac qalmır. Başqa bir fakt. Elnur Aslanovun digər silahdaşı Ceyhun Osmanlı Paralel Şəbəkəyə qarşı ən mübariz yazarlardan Ersoy Dədənin 24 TV kanalındakı proqramında Xocalı soyqırımı ilə bağlı qonaq olmuşdu. Həm də Gülən ilə mübarizənin ən ciddi anında. O zaman aparılan araşdırmalar göstərmişdi ki, Türkiyənin istər hökuməti, istərsə də mediası hər nə qədər Türkiyədə Gülənə qarşı mübarizə aparsalar da, şəbəkənin Azərbaycandakı qrupunun fəaliyyətindən xəbərsizdirlər. Yəni, Türkiyə faktorunun qabarılması sadəcə imitasiyadır.

  • Aslanovun müsahibəsində özü və “İrəli” ilə bağlı məqamlarda özünün prezidentin tapşırıqlarını daha çevik həll etməsinə və öz nəzarətində olan “İrəli”nin isə əsgər ölümləri zamanı göstərdiyi fəaliyyətə diqqət çəkir. Ancaq əsgər ölümlərindən daha öncə, 11 mart 2011-ci ildə lisey məzunlarının Azərbaycana ərəb baharını gətirmək cəhdi qarşısında necə aciz qaldıqlarına toxunmur. Qeyd edək ki, o zaman dövləti dəstəkləyən gənclər belə dilə gələrək, “yüz minlik ofislərdə oturanlar nə üçün susub” deyə, Elnur Aslanovun 400 minlik büdcəsi olan “İrəli”sinə öz etirazlarını bildirirdilər. Üstəlik, əsgər ölümləri ilə bağlı aksiyalar zamanı da “İrəli”nin fəaliyyəti o qədər də qənaətbəxş sayıla bilməz. Şübhəsiz ki, o zamanın böyük büdcəli gənclər təşkilatı daha çox “çatlaşmaq” ilə vaxtını öldürür, siyasi prosseslərdən kənar qaçırdılar.
  • Özünün işləri çevik görməsinə gəlincə, “Today`s Zaman”ın müxbiri Mahir Zeynalov Türkiyədə akkreditasiyadan keçirmək üçün Türkiyə Baş Nazirliyi Mətbuat və İnformasiya Baş Müdirliyinə telefon açması və sonucda Azərbaycan dövlətinin dəstəklədiyi imicini yaratdığı jurnalistin Ərdoğanı təhqir etməsi çeviklik sayılırsa, əlavə şərhə ehtiyac yoxdur. SAM-ın jurnalı olan “Caucasus International”in redaktoru olaraq qeydiyyatdan keçdikdən sonra Türkiyə hökuməti əleyhinə ardıcıl fəaliyyət göstərən Zeynalov bu gün də Aslanovun ən yaxın adamlarından biridir.

Və ya Azərbaycan müxalifətinin liderləri ilə birlikdə Kadir Has Universitetində İlham Əliyev əleyhinə konfrans təşkil edən, eyni zamanda Türkiyədə Soros Fondunun dəstəyi ilə Ermənistana davamlı səfərlər edən “Arı” Hərəkatının rəhbəri Ural Aküzümü “Caucasus Internetional” jurnalının məsul katibi təyin edib, onunla ortaq lahiyələr həyata keçirmək Aslanovun “çevik fəaliyyəti”nə dair nümunələrdəndir.

Qeyd edək ki, həmin tədbirdə Azərbaycan iqtidarı və prezidenti kəskin tənqid olunub, ərəb baharının Azərbaycana gətirilməsi mövzusu ətrafında müzakirələr təşkil olunub, bu işdə Azərbaycan müxalifətinə yardım etmək məqsədilə Avropa və Qərbə çağırışlar edilib. Azərbaycan əleyhinə çağırışlar edən, Hrant Dink Vəqfi ilə ortaq ermənipərəst proyektlər həyata keçirən Ural Aküzüm məhz Elnur Aslanovun sayəsində Azərbaycan büdcəsindən faydalanmağa başlayıb.

Bəs nə üçün indi Elnur Aslanov üzə çıxdı və ya çıxarıldı?

Bu suala cavab verməzdən öncə bir fakta diqqət çəkməkdə fayda var. Fətullahçılar Azərbaycana nə zaman gəldilər? Sovetlər dağılmadan, yəni Azərbaycan müstəqilliyini qazanmağa az qalmış. Nevval Sevindinin «Fəthullah Gülən ilə Nyu-York söhbəti» kitabının 17-ci səhifəsində Gülən Azərbaycandakı fəaliyyətləri ilə bağlı bunları söyləyir: «Azərbaycanı ruslar işğal edəndə (20 yanvar 1990-cı ili nəzərdə tutur-red.) dostlarımız orada idi. Mən onlara «orada qalın» dedim: «Əzilsəniz belə, orada qalın». Onların məğlub olduğu bir dönəmdə bizim orada olmağımız bir kreditdir». Yəni, bir tacir məntiqi ilə hərəkət edən Şəbəkə üçün hazırki vəziyyətdən daha münbit şərait yoxdur. Azərbaycan yenidən bir keçid dönəmindən keçməkdədir. 10 ildən bəri Azərbaycanda qurulan və onlara da zaman-zaman qol-qanad olan Mahmudov şəbəkəsi çökdürülüb. Fəqət bu həm də dövlət içində ciddi dəyişikliklərin olacağından xəbər verməkdədir.

Elnur Aslanov isə məhz bu səbəbdən gənclər imamı olaraq ön plana çıxarılır. Həm iqtidara “əzilsə də səsini çıxarmayan” obrazında təqdim edilir, həm də fətullahçı imicindən qurtulmaq istənilir. Eyni zamanda yaranan fürsətdən istifadə edərək, yenidən vəzifəyə qayıtmaq üçün “çevik” fəaliyyətini xatırladaraq, ikinci bir şans istəyir.   

Bu isə akademik Ramiz Mehdiyevin “Beşinci kalon” adlandırdığı qüvvənin fürsətdən istifadə cəhdindən başqa bir şey deyil.

Eyni zamanda ABŞ ilə münasibətlərdə hər zamankı kimi hegemon olmaq istəyi var. Belə ki, illərlə Azərbaycanın guya ABŞ-da lobbiçiliyini edən fətullahçılar bir tərəfdən ölkəmizin əleyhinə fəaliyyət göstərib, digər tərəfdən də müxtəlif “qonorarlar” və səfərlərlə sözdə ABŞ-la əlaqələrimizi qurublar. İndiki tələblərdən biri isə iqtidar daxilində ABŞ-ın istədiyi kadrların olmamasıdır. Yəni, Elnur Aslanovun yenidən yüksək vəzifə sahibi olması planının tərkib hissəsidir. Şübhəsiz ki, zamanında Mərkəzi Kəşfiyyat İdarəsi ilə yazışmaları ortaya çıxan Elnur Aslanovun yenidən qayıdışı üçün Azərbaycanda nazir səviyyəsində səfərbər olanlar da az deyil. Bu planın ABŞ ayağını isə fətullahçıların Türk Amerikan Alyansı təşkil edir. Hər il Azərbaycanın yüz minlərlə manatını “yeyən” qurum sanksiyaların qarşısını almaq üçün Aslanov və qrupunun önünün açılmasını istəyir.  Bu yöndə çalışmaların hansı nəticəni verəcəyi hələlik bəlli deyil. Fəqət son əfv fərmanı ilə Azərbaycan Prezidenti onunla ultimatium şəklindən danışılmasına kəskin cavabını verdi. Anlayanlar üçün…

Aqil ƏLƏSGƏR

yenicag_kollaj_gulen

P.S. Onu da qeyd edək ki, “buzu” açılan sadəcə Elnur Aslanov deyil. Artıq Gülənin fəxri sədri olduğu Dialoq Avrasiya Platformu Azərbaycan bölməsi Qafqaz Universitetinin dekanı Cəlil Ərdəm rəhbərliyində media ilə itirilən əlaqələri yenidən bərpa etməkdədir. Fətullahçıların beyin mərkəzi olan QU isə yenidən aktivləşməkdədir. Qısacası, 2016-cı ildə fətullahçılar itirilən bütün mövqeləri bərpa edərək, 2018 və 2020-ci illərə səhvləri təkrar etmədən, istədikləri hədəfə çatmaq üçün itkisiz getmək istəyirlər.

P.P.S. Onu da vurğulamaq gərəkir ki, Elnur Aslanovun özü ilə bağlı o qədər yazının qarşısında susub, birdən birə danışması üçün fürsət Riqada ev alması xəbəri ilə baş verdi. Ardınca Elnur Aslanovun əzabkeş obrazının yaradılması ilə yanaşı, görünüş etibarı ilə bu şəbəkəyə qarşı, fəqət bu şəbəkənin üzvlərindən daha çox qurbanlarını hədəf seçən yazılar internetdə yayımlanmağa başladı. Qəsdən məsələnin əsl mahiyyəti unutdurularaq  Elnur Aslanovun komandası deyil, başqaları bu qrupun üzvləri kimi təqdim edildirlər. Etiraf olunmalıdır ki, dövlətin 400 minlik büdcəsi ilə Elnur Aslanov dövlət üçün olmasa da, özü üçün bir mobil ordu yarada bilib və onlar xüsusilə sosial mediada imamlarının planlarını mükəmməl icra edirlər. Məsələn, Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, “Azərbaycan” qəzetinin parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynli, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması- Beynəlxalq Təşkilatlarla Əlaqələndirici Ayaz Salmanov, ASAİF –in keçmiş baş katibi Vusal Qurbanov və bu kimi Elnur Aslanovun əsas kadrları bu gün bir kənarda qalıb, bu şəbəkəyə aidiyyatı olmayan Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyevin, Vaqif Seyidzadənin və başqalarının adı  hallandırılır. Bu məsələni tamamilə başqa yönə çəkir və əslində elə Elnur Aslanov qrupuna xidmət edir.  Buna yol verməməyin tək yolu isə mailə gələn hər yazıya inanmamaqdır.

Manşet, Banner, Flaş, Aktual

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti