yenicag.az

Elşən Manafov: “Trampın sözü ilə əməli vəhdət təşkil edərsə…”

Elşən Manafov: “Trampın sözü ilə əməli vəhdət təşkil edərsə…”

Müəllif: Redaktor

Editor

trumpABŞ-ın yeni prezidenti Donald Tramp özünün “Tvitter” hesabında yazıb ki, “BMT çox nəhəng potensiala malik olsa da, hazırda yalnız xoş vaxt keçirmə yeri kimi tanınır”. Beləliklə, bu açıqlamadan görürük ki, Tramp BMT-ni də hədəfə götürərək, onu belə demək mümkünsə, fəaliyyətsizlikdə ittiham edib.

Qeyd edək ki, BMT-nin öz funksiyalarını icra edə bilmədiyi barədə fikirlər çoxdan səslənir. Bu əsasda da bir çox ölkə rəhbərləri, (onların arasında hətta Almaniya, Yaponiya, Türkiyə kimi nəhənglər də var) BMT-də struktur dəyişiklikləri, islahatlar aparılmasının vacibliyini dəfələrlə gündəmə gətiriblər. İndi isə Trampın timsalında görünür ki, Vaşinqton da BMT-ni yararsız qurum kimi xarakterizə etməyə başlayıb.

Super -güc olaraq ABŞ-ın da belə bir istəyinin olacağı fonunda BMT-də hansısa dəyişikliklərin ola biləcəyini gözləmək olarmı?

Yenicag.az-a açıqlamasında politoloq Elşən Manafov bildirdi ki, ABŞ-ın yeni prezidentinin sözü ilə əməli üst-üstə düşdüyü təqdirdə, BMT strukturunda da hansısa dəyişikliklərin ola biləcəyini gözləmək olar. Əks halda yenə əvvəlki vəziyyət qalacaq:

“Trampın seçkilər ərəfəsi verdiyi vədlərlə prezidentlik kürsüsünə oturduqdan sonra həyata keçirəcəyi siyasət həqiqətən üst-üstə düşərsə, o halda BMT-də də ciddi struktur islahatları apara biləcəyilə bağlı prosesləri izləyə bilərik. Məsələ ondadır ki, BMT-də ciddi struktur islahatlarının aparılmasında dünya dövlətlərinin əksəriyyəti maraqlıdır. Almaniya, Yaponiya, Türkiyə kimi dövlətlər haqlı olaraq belə bir mövqedən çıxış edir ki, dünyanın iqtisadi və siyasi güc mərkəzləri olmalarına baxmayaraq, hələ də BMT Təhlükəsizlik Şurasında təmsil olunmayıb və digər 5 dövlət kimi veto hüququna malik deyillər. Əslində, II Dünya Müharibəsindən sonra dünyanın təyinatını hazırda BMT-də veto hüququna malik olan məhz bu 5 dövlət müəyyənləşdirib. İndi isə dünya, onun geosiyasi mənzərəsi kifayət qədər dəyişib. Yeni iqtisadi və siyasi güc mərkəzləri meydana çıxıb. Hansı ki, həmin yeni güc mərkəzlərinin BMT-nin müvafiq qurumuna münasibətləri də kifayət qədər fərqlidir.

BMT büdcəsinin əhəmiyyətli hissəsi həmçinin ABŞ-ın verdiyi vergilər hesabına formalaşır. Ona görə də BMT-də ciddi söz sahibi olan başlıca dövlət məhz ABŞ-dır. Bu mənada ABŞ-ın yeni prezidentindən BMT-də struktur islahatları ilə bağlı təkliflər səslənərsə, güman edirəm ki, TŞ-da təmsil olunan digərləri də məsələyə anlayışla yanaşacaqlar. Bu halda iflic vəziyyətinə gələn məsələlərin qısa zaman kəsiyində aradan qaldırılmasını da müşahidə edə bilərik. Hazırda həqiqətən beynəlxalq hüququn gücü işləmir. Sadəcə olaraq, beynəlxalq güclərin hüququ işləyir. BMT də bu ciddi fakt qarşısında aciz qalıb. Ayrı-ayrı güc mərkəzləri öz maraqlarından çıxış edərək, dünyanın bu və ya digər bölgələrində baş verən olaylara öz maraqları prizmasından yanaşırlar. Belə olan halda BMT sanksiyalarının qəbul edilməsinə ehtiyac da qalmır. Tramp hər halda müasir dünyada ABŞ-ın mövqeyi və təsir imkanları ilə bağlı məsələlərə fərqli yanaşır.

Qətlə yetirilən Prezident Kennedinin də mövqeyi belə olub. O da vaxtilə BMT-də ciddi islahatlar aparılması təklifilə çıxış etmişdi. Tramp da özündə güc, iradə, qətiyyət tapıb ortalığa əlcək atarsa, bunun arxasınca baş verəcək hadisələrin hansı kontekstdə gedəcəyilə bağlı məsələlərin mahiyyətinə varmağı da bacarmalıdır. Amma məsələ ondadır ki, ABŞ prezidenti ölkəsinin siyasətini həyata keçirərkən Konqres, Dövlət Departamenti, ölkənin hərbi-sənaye kompleksi, neft şirkətlərinin də marağını nəzərə almaq məcburiyyətindədir. Bütün bunları ortaq məxrəcə gətirib, Tramp həmin qurumların da razılığını alacaqsa, bu halda BMT-də müəyyən islahatların aparılmasını müşahidə edə bilərik. Yox əgər, Trampın sözü ilə əməli arasında vəhdət olmayacaqsa, o, ümumdünya məxfi hökumətin tapşırıqlarından kənara çıxa bilməyəcəksə, dediyi sözlər elə bəyanat olaraq qalacaq”.

ELÇİN

Yenicag.az

Dünya, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti