www.sinerjipro.net

SinerjiProWide
Reklam

15128615_208854139557971_1701975902_nBakının qədim məhəllələrindən birində əslən Ərdəbildən olan səkkiz qardaş uzun illər idi məskunlaşmış, özlərinə yaxşı ad qazanmışdılar.

Öz əllərinin zəhmətinə yurd-yuva qurmuş, bəzilərinin dini təhsil aldığı, digərlərinin isə ticarət, çovdarlıq sahəsində uğur qazandığı qardaşlardan ən tanınmışı məşədi hüseynəli ailədə də böyük nüfuz sahibi idi, məhəllənin 7 yerində mülkləri, Buzovnada kənd evi, qum bağı və meyvə-tərəvəz sahələri var idi. Məşədinin ürəyinin yaralı yeri oğlan fərzəndinin olmaması idi. Ərdəbilin məşhur ərbablarından olan, şəhər yaxınlığındakı Torpaqlı kəndinin mülkədarı Rəhim Ağanın qızı ilə izdivacdan dünyaya gələn oğlan uşağı kiçik yaşlarında dünyasını dəyişmişdi. Bilqeyis xanım xəstəliyi ucbatından oğul anası olmaq ümidini itirmiş, üç qız övladı ilə kifayətlənməli olmuşdu. Məşədi Hüseynəli isə qardaşı Bayramın oğlanlarına mehrini salmış, onlara doğma balaları kimi qayğı göstərirdi. Qardaşı oğlu Qulamın zirək, bacarıqlı bir gənc kimi püxtələşməsi, əziz-xələf balası Zivərin göbəkkəsməsinin özünün həqiqi varisi olacağına ümidini artırırdı.

Ötən əsrin əvvəllərində Rusiya imperiyasında baş verən siyasi proseslər Azərbaycandan da yan keçmədiyindən imkanlı adamların bir çoxunu min bir zəhmətlə əldə etdikləri varidatın taleyi barədə düşünməyə vadar edirdi. Ona görə də Məşədi Hüseyn Əli qardaşı oğlanlarını təhsil almağa ruhlandırır, onlara zəhmətkeş və savadlı olmağı tövsiyə edirdi. Sovet hakimiyyətinin ilk illərində bacarıqlı tacirlərin imkanlarından proletar hakimiyyətinin iqtisadi dayaqlarının möhkəmlənməsi üçün istifadə olunur, siyasətə qarışmayan varlılardan yararlanırdılar.
Sovet hakimiyyətinin ilk illərində Nəriman Nərimanov şəxsən Məşədi Hüseyn Əli ilə görüşür və onu əmin edir ki, narahat olmasın, xeyriyyəçi və rəhmdil insan kimi tanındığından rahat öz işlərini davam etdirsin.

Əfsuslar ki, hadisələr başqa cür cövlan etdi. Məşədi qolçomaq kimi sürgün edildi, bütün var-dövləti əlindən alındı. Xoş bir təsadüf nəticəsində Sibirə yox, Cənubi Azərbaycana deportasiya olundu. Qardaşı Bayramın böyük oğlunda ərdə olan qızı Zivər həmin dövrdə “qırmızı kommersant” kimi məşhurlaşmış Qulama görə bu proseslərdən kənarda qalsa da, sevimli atası və bacılarından ayrı düşməyinin nisgilini ömrü boyu yaşadı.

Bayram kişinin oğulları əmilərinin nəsihətlərinə əməl edərək zəhmətkeş,zirək, bacarıqlı oldular. Onların arasında Mirzə Əli intellekti, elmlərə olan həvəsi, çalışqanlığı ilə 18№li məktəbdə seçilən şagird oldu.
Bütün kataklizmləri ilə bərabər 30-cu illər həm də yeni təhsil sisteminin uğurları ilə yadda qalıb. Həmin dövrdə bir çox tanınmış şəxsiyyətlər məktəblərdə dərs deməyi millətə xidmətin nümunəsi sayırdılar.

15046217_208854142891304_1929615182_nMirzə Əliyə dərs deyən müəllimlərdən biri də gənc şair, qeyri-adi istedad sahibi Mikayıl Müşfiq idi. Müşfiq uşaqlara təkcə ədəbiyyatı sevdirmirdi, onlarda mədəniyyət, gözəllik, mərhəmət hisslərini formalaşdırırdı.

Mənim əziz Mirzəli əmim ömrünün sonunadək Müşfiq dəsrlərini unutmadı. Şair qəlbli, musiqi duyumlu bu insanın tikintisinə rəhbərlik etdiyi binaların hamısında dövrün məhdudiyyətlərinə rəğmən imzasını qoymağı bacardı.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun İnşaat-memarlıq fakültəsində ali təhsilini uğurla başa vurdu.

Müharibənin başlanması gənc inşaatçının tikinti ilə bağlı arzularını gerçəkləşdirməsində fasilə yaratdı.

Faşıstlərin SSRİ-nin böyük bir hissəsini qəsb etməsi ilə əlaqədar həyati əhəmiyyətli müəssisələrin Qafqaza və Orta Asiyaya köçürülməsi zərurətə çevrildi. Mirzə Əliyev Azərbaycanda yeni istiqamətli zavod və fabriklərin qurulması işinə cəlb edildi.

Bir sıra məktəb və digər binaları hərbi hospitallara çevirmək üçün təcili şəkildə əlavə tikililər və quraşdırma işlərinə qoşuldu. Dəfələrlə müharibəyə getməyə can atsa da arxa cəbhədə qalması lazım bilindi. Müharibənin taleyində müstəsna rol oynayan Bakı nefti ilə bərabər, arxa cəbhədə əzmkarlıqla çalışan insanların da xidmətləri unudulmazdır. Hələ müharibənin gedişatında Stalinin göstərişi ilə yaralıların reabilitasiyası üçün sanatoriya və istirahət evlərinin tikintisinə rəvac verildi.

Mirzə Əli Əliyev Zuğulbada dövlət adamları üçün nəzərdə tutulan pansionatın tikintisinə cəlb olundu. Sonralar Bakıda inşa olunan istirahət evləri və sanatoriyaların qurulmasında Mirzə Əli Əliyevin təcrübəsindən istifadə olundu. Müharibədən sonra qurulan Sumqayıt, Mingəçevir kimi şəhərlərdə fəhlə qüvvəsinin şəhərlərə axını ilə bağlı ölkədə inşaat işlərinə ehtiyac artırdı. Bu məqsədlə mütəxəssislərin təkmilləşdirilməsi və yeni kadrların yetişdirilməsi üçün Moskvaya göndərilən kadrların arasında inşaatçı Əliyev də yer almışdı. SSRİ-nin ən prestijli,rəhbər kadrlarının hazırlanması üçün nəzərdə tutulan Akademiyasında təhsil almaq çox şərəfli sayılırdı. İki körpə uşağı və xanımı ilə birgə soyuq Moskvada məskunlaşmaq o qədər də asan deyildi. Son dərəcə ailəcanlı insan olduğundan Mirzə Əli bütün çətinliklərə baxmayaraq ailəsinin yanında olmasını daha məqbul saydı.

Akademiyada təhsilini uğurla başa vurub Bakıya döndükdən sonra Bakı Baş Tikinti İdarəsində məsul vəzifələrdə çalışdı və baş mühəndis vəzifəsi ona etibar olundu. Həmin dövrün idarəetmə sisteminə bələd olanlar yaxşı bilirlər ki, paytaxtın Baş Tikinti İdarəsinin baş mühəndisi nə qədər mühüm və məsuliyyətli iş sayılırdı. Şəhər əhalisinin evlə təminatı respublikada ən strateji məsələ olduğundan, paytaxt ətrafında mikrorayonların salınması, köhnə, yararsız binaların sökülməsi ilə Baş Tikinti İdarəsi məşğul olurdu.

Əhalinin mədəni səviyyəsinin artırılması üçün yeni mədəniyyət evlərinin tikintisinə də böyük ehtiyac yaranmışdı. Taxtadan quraşdırılmış köhnə sirk sökülərək yeni yerdə dövrün tələblərinə uyğun tərzdə tikildi.
Mirzə Əlinin dədə-baba yurdunda, əmisi Məşədi Hüseynəliyə məxsus evlərin sökülməsi ilə bağlı xatirələrini yada salan əmim, “xalq ata yurdunu qoruyar, mən isə uçurub dağıtdım. Amma nə yaxşı ki, yerində həmin dövrdə Sovet İttifaqının ən gözəl sirk binalarından birini tikdik” – deyə təsəlli tapırdı.
Əhmədli qəsəbəsinin salınması 60-cı illərdən başlayaraq ən möhtəşəm layihə kimi gerçəkləşdi və qısa zamanda on minlərlə insanların ev problemi həll olundu.

Bir sıra müəssisələrin tikintisi də Bakı Baş Tikinti İdarəsinə həvalə olunurdu. Xüsusilə tikintidə yaranan böyük canlanma yeni-yeni layihələrin gerçəkləşdirilməsini təmin edirdi. Elmlər Akademiyası, Azərbaycan Dövlət Universiteti, Politexnik İnstitutu, Akademik Dram Teatrı, Naxçıvan oteli, sonralar “stalinka” adlanan binalar xalqın istifadəsinə verildi.

1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərliyə başlaması ilə digər sahələr kimi inşaat işləri yeni vusət aldı. Tikintinin sürətini artırmaq üçün yeni texnologiyaların tətbiqi, dünya təcrübəsinin öyrənilməsi, ixtisaslı kadrların hazırlanması prosesində Bakı Baş Tikinti İdarəsinin üzərinə böyük vəzifələr qoyuldu. Xarici ölkələrin təcrübəsinə istinad edən 1№li tikinti kombinatının işə düşməsi sürətli inşaat işlərinin aparılmasına şərait yaratdı. Şübhəsiz ki, həmin dövrdə Sadıq Rəhimov, Əmiraslanov kimi şəxsiyyətlərin, Mikayıl Hüseynov kimi memarların tikinti işlərinə cəlb olunması, Əliş Ləmbəranskinin şəhərin meri olması işgüzarlığı daha da artırırdı. Tikintinin texniki təminatı üçün cavabdehlik baş mühəndis Mirzə Əli Əliyevin üzərinə düşürdü.

70-ci illərin ən nəhəng binalarından olan Respublika Sarayının tikintisi bu dövrə təsadüf edir. Şəhərin mərkəzindən Bakı tütün kombinatının və digər obyektlərin sökülərək köçürülməsi, yerində dünya standartlarına cavab verən möhtəşəm binanın inşasını şəhər əhalisi böyük maraqla izləyirdi. Ölkə rəhbəri Heydər Əliyevin şəxsi nəzarəti altında olan binanı inşa etmək böyük məsuliyyət tələb edirdi. Binanın vaxtında istifadəyə verilməsi üçün böyük potensial səfərbər olunmuşdu. İnşaat işlərinin bütün incəliklərinə bələd olan Heydər Əliyevin problemlərə şəxsi müdaxiləsi və göstərişləri şəhərimizin bəzəyi olan bu monumental abidənin əsas təminatçısı oldu.
Bu gün dahi liderin adını daşıyan saray, onun qarşısındakı park və ölməz rəhbərin möhtəşəm heykəlinin yaratdığı ansambl harmoniya təşkil edir.

Vaxtında və qüsursuz istifadəyə verilən tikintilər inşaatçılara olan inamı doğruldur, yeni-yeni layihələrin reallaşdırılması üçün stimul yaradırdı.

Azərbaycan öz inkişafının yeni dövrünə başladığından, yeni konsert və idman komplekslərinə, məktəb tikililərinə, otellərə ehtiyac artırdı. Abşeron, Azərbaycan, Qarabağ və digər otellərin inşası turist və qonaqların sayını artırırdı. Bakı bulvarının yenidən qurulması, yeni park və bağların salınması yaşıllıqların artmasına səbəb olur, paytaxtımızın ekoloji təmizliyini təmin edirdi. Bir sıra sanatoriyaların, istirahət evlərinin, müalicə ocaqlarının tikintisi insanların sağlamlığına göstərilən qayğının təzahürü idi. Fəaliyyətində qazandığı uğurlara görə Mirzə Əli Əliyev respublika rəhbərliyinin diqqətindən kənarda qalmır, fəxri ad, orden və medallarla təltif olunurdu. Sosial obyektlərin və mədəniyyət təmayüllü binaların inşasını həyata keçirən ixtisaslaşmış tikinti trestinə rəis təyin olunması bu sahədə daha keyfiyyətli inşaat işlərinin aparılmasını sürətləndirdi. Bu gün Heydər Əliyevin adını daşıyan idman kompleksi, dünya standartlarına cavab verən möhtəşəm bina dünyanın bu qəbildən olan nadir abidələrindəndir. Heç zaman “kabinet adamı” olmayan, inşa olunan bütün binalara nəzarəti şəxsən həyata keçirən, sadə insanlarla, fəhlələr, inşaat mühəndisləri, bənnalarla daim ünsiyyətdə olan idarə rəhbəri böyük hörmət və nüfüz sahibi idi.

İstirahət bilməyən, səhər tezdən bəzən gecədən keçmişə qədər iş başında olan M.Əliyev eyni zamanda gözəl ailə başçısı, etibarlı dost, qayğıkeş qohum, diqqətli qonşu kimi də rəğbət qazanmışdı. Klassik poeziya və muğamlara bələd olması, gənc yaşlarından ədəbiyyat və incəsənət xadimləri ilə təmas qurması onun yaradıcı ruhunun əsas qidası idi. Ailə qurduqdan sonra da birgə yaşadığı böyük qardaşı Qulamın övladlarının tərbiyəsində və formalaşmasında əmi kimi böyük zəhmət çəkmişdir. Şəhərin mərkəzinə köçdükdən sonra da qohumlarına olan diqqəti davam etmiş, 28 May küçəsindəki mənzili hamının doğma evinə çevrilmişdi.

Qardaşım Tofiq Bayramın Cahangir Cahangirov, Şövkət Ələkbərova ilə birgə yaradıcılıq əlaqələrində əmimin qonşusu olmaları öz bəhrəsini verib. Cahangir Cahangirov, Şövkət Ələkbərova, Azad Mirzəcanzadə ilə bir blokda yaşaması və aralarındakı səmimi münasibətlər həmin şəxsləri doğmalaşdırmişdı. Xoşbəxtlikdən biz uşaqlıq və gənclik illərində bu insanların əhatəsində olmuşduq.

Əliyev Mirzə Əli Azərbaycanın ən görkəmli inşaatçılarından biri kimi bu gün də hörmətlə xatırlanır. Onun xatirəsini əbədiləşdirən Bakıda 50-ci illərin sonundan 90-cı illərə qədər tikilən binalar, onların mühəndis-texniki göstəriciləri və davamlılığıdır. Bir də böyüdüb tərbiyə etdiyi namuslu övladları nəslimizin bu günki davamçılarıdır.

Svetlana Bayramova

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 77
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."