Əmlak Məsələləri Dövlət Komitəsindəmüşavirə keçirilib

Müəllif: Redaktor

Editor

01_1436902320Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2016-cı ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Komitə sədri Kərəm Həsənov müşavirəni açıq elan edib və bildirib ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində 2016-cı ilin I rübündə də dünyadakı mövcud iqtisadi böhranın təsirlərinə baxmayaraq ölkə iqtisadiyyatının davamlı inkişafı təmin edilib. Dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi islahatlar çərçivəsində daşınmaz əmlak idarəçiliyi və mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi sahəsində mütərəqqi tədbirlər davam etdirilib.

Qeyd olunub ki, dövlət başçısı tərəfindən sosial-iqtisadi inkişafın yeni mərhələsində ölkədə özəlləşdirmə prosesinin sürətlənməsi və yeni özəlləşdirmə proqramının hazırlanması ilə bağlı tapşırıqlar verilib. Bununla bağlı artıq Komitə tərəfindən “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin III Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Layihə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Hökumətə təqdim edilib. Yeni Özəlləşdirmə Proqramının hazırlanması ilə bağlı dünyada “Böyük Dördlük” kimi tanınan (KPMG, PwC, “Ernst & Young” və “Deloitte & Touche”) beynəlxalq məsləhətçi şirkətləri ilə birgə işlər aparılıb. Yeni Özəlləşdirmə Proqramının başlıca məqsədi iqtisadi aktivliyin artırılması, büdcə yükünün azaldılması və bu prosesdə şəffaflığın daha da artırılmasıdır.

Ölkə başçısının ötən dövr ərzində keçirilmiş müşavirə və konfranslarda torpaq fondunun dəqiq uçotunun aparılması, vaxtilə verilmiş torpaq sahələri üzərindəki uyğunsuzluqların aradan qaldırılması ilə bağlı tapşırıqları olub. Eyni zamanda, 07 mart 2016-cı il tarixində “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzalanıb. Fərmanın məqsədi torpaqların elektron uçotunu yaratmaq, müasir coğrafi informasiya sistemlərinin tətbiqi ilə torpaqların faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaq və ondan daha səmərəli istifadəni təmin etməkdir. Bu Fərmanla respublikada torpaqların elektron kadastr uçotu sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi Qaydaları da təsdiq olunub.

Verilən Fərman və tapşırıqlara əsasən komitə tərəfindən ölkə üzrə torpaqların elmi əsaslarla səmərəli idarə olunması istiqamətində tədbirlər həyata keçirilib. Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə başlanılmış və bu proses bu ildə davam etdirilib. Bununla bağlı yanvar ayında İctimai Təqdimat keçirilib, tədbirdə bu istiqamətdə görülən işlər barədə iştirakçılara və mediaya ətraflı məlumatlar verilib. Yaradılacaq sistem təyinatından və mülkiyyət növündən asılı olmayaraq ölkənin bütün torpaqları barədə məlumatları əhatə etməklə, torpaqların dəqiq sərhədləri, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları və digər zəruri məlumatlar da öz əksini tapacaqdır.
Bakı və Sumqayıt şəhərləri üzrə böyük kadastr layihələrindən sonra hazırda Komitə Gəncə və Şəki şəhərlərində “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsini davam etdirir. Artıq Gəncədə bu layihə yekunlaşmış, bu ilin yarısında isə Şəkidə layihənin yekunlaşması nəzərdə tutulur. Komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2020-ci ilədək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sistemini yaradılmasına nail olmaqdan ibarətdir.

Eyni zamanda torpaqların kəmiyyət göstəricilərinə görə uçotu ilə yanaşı, həm də keyfiyyət göstəricilərinə görə uçotunun aparılması işləri davam etdirilir. Bu məqsədlə, müasir tələblərə uyğun, modern cihaz və avadanlıqlarla təchiz olunmuş Torpaq və Bitki Laboratoriyası istismara verilib.
Komitə sədri bildirib ki, mülkiyyət hüquqlarının səmərəli təmin olunması məqsədilə “bir pəncərə” prinsipinin tətbiqi ilə daşınmaz əmlakın qeydiyyat prosesi həyata keçirilir. Daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyi ilə bağlı bütün hüquqi əməliyyatlar bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrində aparılır. Bu isə, öz növbəsində sənədləşdirmə prosesində optimallıq, çeviklik və rahatlığın kifayət qədər artmasını təmin edib.
Qeydiyyat sahəsində komitənin hər ay paralel olaraq paytaxt və regionlarda, birbaşa ünvanlarda keçirilən “Kütləvi çıxarış” kampaniyaları davam etməkdədir və mətbuatda geniş işıqlandırılır. 2016-cı ilin müvafiq dövründə kampaniya Bakının 3 rayonunda və respublikanın 4 şəhər və ya rayonunda keçirilib.

Müşavirədə qeyd olunub ki, bu ildən respublikada mülkiyyət hüquqlarının yüksək səviyyədə təmin olunması məqsədilə əhaliyə geniş hüquqi məsləhət xidmətlərinə start verilib. Vətəndaşlar, o cümlədən də mülkiyyət sahibləri daşınmaz əmlakla bağlı hər hansı əməliyyat aparmazdan öncə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli ofislərində təmənnasız olaraq göstərilən hüquqi yardımlardan faydalana bilirlər. Bu xidmətdə başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları maarifləndirməkdir.

Ölkə başçısının 04 may 2015-ci il tarixli Fərmanı ilə bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsini aparmaq və bu sahədə nəzarəti həyata keçirmək Komitəyə həvalə edilmişdir. Bu məqsədlə, Komitə bu il vətəndaşlara, fiziki və hüquqi şəxslərə ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın ödənişli əsaslarla qiymətləndirilməsi xidmətinə start verib. Qiymətləndirmə prosesi milli və beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun şəkildə həyata keçirilir.

Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın illik beynəlxalq reytinq cədvəlində yer alıb. 129 ölkəni əhatə edən reytinq cədvəlində Azərbaycan “daşınmaz əmlakın qeydiyyatı” kateqoriyasında mümkün 10 baldan demək olar ki, maksimum balı (9,7 bal) toplayaraq dünya üzrə 20-ci yerdə qərarlaşıb.

Daşınmaz əmlak idarəçiliyi ilə bağlı Azərbaycan təcrübəsi xarici dövlətlərin də diqqətini cəlb etməkdədir. Belə ki, Tacikistanın daşınmaz əmlakın qeydiyyatı və kadastrı üzrə nümayəndə heyəti 6-13 mart tarixində Azərbaycanda təlim səfərində olub. Səfərin məqsədi mülkiyyət hüquqlarının qeydiyyatı sistemi, daşınmaz əmlakın kadastrı, torpaq idarəçiliyi ilə bağlı Azərbaycanda aparılmış uğurlu islahatlarla tanış olmaq, Azərbaycan təcrübəsindən yararlanmaq olmuşdur.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, komitə sədri tərəfindən Hacıqabul və Cəlilabadda rayon ictimaiyyəti və sahibkarlarla görüşlər keçirilib. Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən keçirilən son müşavirələrdə, o cümlədən regionların sosial-iqtisadi inkişafı ilə bağlı müşavirədə verilən tapşırıqlar, hər iki rayonun inkişafı və bu il həyata keçiriləcək sosial-iqtisadi tədbirlər barədə məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli müvafiq Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb. Şura sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmasını həyata keçirir, bu sahədə şəffaflığın və obyektivliyin təmin edilməsini, onların hüquqlarının müdafiəsini təmin edir.
İctimai təbliğat və hüquqi maarifləndirmə məqsədilə aidiyyəti qurumlar, bələdiyyələr, fiziki və hüquqi şəxslər, həmçinin mətbuat nümayəndələrinin iştirakı ilə ictimai təqdimatlar, təlim-seminarları keçirilib. Eyni zamanda, ictimai məlumatlandırma və maarifləndirmə komitənin çağrı mərkəzləri, həmçinin mətbu orqanları olan “Mülkiyyət” qəzeti, “Daşınmaz Əmlak” jurnalı və komitənin rəsmi internet səhifəsi vasitəsilə də aparılıb.

Müşavirədə hesabat dövründə fəaliyyət sahələri üzrə qeydə alınan bəzi statistik göstəricilər barədə məlumat verilib. Qeyd olunub ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 70 kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikililər, 125 müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. 40-dan çox qeyri-yaşayış sahəsi və 15 torpaq sahəsi icarəyə verilib. Keçirilmiş 12 pul hərracında 3 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib.

Dövlət mülkiyyətində olan torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət, torpaqlardan əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər aparılıb. 481 torpaq qanunvericiliyinin tələblərinin pozulması halı aşkar edilib və bununla bağlı qanunauyğun tədbirlər görülüb.
Ötən dövrdə 37 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunlardan 11 mini ilkin, 26 mini isə təkrar qeydiyyata aid olub.

Hesabat dövründə 10 minə yaxın ipoteka müqaviləsi qeydə alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 27 mindən çox yüklülük (məhdudiyyət) arayışı verilib ki, bunun da 17 minə yaxını onlayn üsulla həyata keçirilib. Həmçinin əhaliyə xidmətlə bağlı 20 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib. 32 minə yaxın daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.

Ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi istiqamətində işlərin icrası davam etdirilib.

60-a yaxın normativ hüquqi aktın layihəsi hazırlanıb. Hazırlanmış layihələrdən 21-i təsdiq edilib.
Ötən dövrdə regionlarda keçirilmiş 3 vətəndaş qəbulunda 185 vətəndaş qəbul edilib.
Müşavirədə görülən işlər barədə müxtəlif çıxışlar dinlənilib və verilən suallar cavablandırılıb.
Sonda komitə sədri struktur bölmə və tabeli qurum rəhbərlərinə tapşırıqlarını verib. Komitə sədri bildirib ki, fəaliyyət sahələri üzrə ardıcıl və kompleks tədbirlər daha intensiv və mükəmməl şəkildə davam etdirilməlidir. Dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı sahəsində daxilolmalara nəzarət və vəsaitlərin qənaətli istifadəsi məsələləri diqqətdə saxlanılmalıdır. Özəlləşdirmə və qeydiyyat sahəsində vətəndaş məmnunluğunun və şəffaflığın artırılması məqsədilə tədbirlər gücləndirilməlidir. Rahatlıq və əlçatanlığın təmin olunması istiqamətində görülən tədbirlər daha sürətli və effektiv şəkildə həyata keçirilməlidir. Torpaqların elektron uçotu sisteminin yaradılması üzrə aparılan işlər sürətləndirilməlidir. Bütün kateqoriyalı torpaqların xəritələşməsi və məlumat bankının yaradılması işi daha aktiv şəkildə aparılmalıdır. Daşınmaz əmlakların kadastr məlumat bazasının təkmilləşdirilməsi, ünvan reyestri informasiya sisteminin bütün ölkə üzrə tezliklə istifadəyə verilməsi ilə əlaqədar tədbirlər daha da sürətləndirilməlidir. Torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının qarşısının alınması, torpaq qanunvericiliyinin qorunmasına nəzarət tam təmin edilməlidir.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır