yenicag.az
yenicag.az

Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifovun təhlili

Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifovun təhlili

Müəllif: Redaktor

Editor

1440487547_mellimÖlkə başçısının sahibkarlığın inkişafı və vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyan son qərarları ölkə əhalisi tərəfindən yüksək qiymətləndirlir. Müşahidələrimiz, apardığımz söhbətlər, bölgələrdən aldığımız məlumatlar göstərir ki, Azərbaycan iqtisadiyyatına böyük perspektivlər vəd edən islahatlar Azərbaycan vətəndaşlarının ürəyincədir.

Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş addımların hər biri Dövlət büdcəsi üçün əlavə yükdür. Bu addımlar ya büdcədən əlavə vəsaitlərin ayrılması, ya da büdcəyə gəlməli olan gəlirlərdən vətəndaşların xeyrinə imtina edilməsi yolu ilə tənzimlənir. Məsələn, gömrük sərhədlərindən vətəndaşların ölkə ərazisinə gətirdikləri gömrük ödənişlərindən azad olunan malların həcminin 1500 ABŞ dollarından 10 000 ABŞ dollarına qədər artırılması o deməkdir ki, dövlət əvvəlcə 1500 dollarlıq maldan büdcəyə gömrük ödənişlərini vətəndaşlara bağışlayırdısa, indi 10 000 dollarlıq malın gömrük ödənişlərini almayacaqdır. Yəni yeni qaydalarla büdcəyə sözügedən əməliyyatlar xətti ilə əvvəlkindən 6,7 dəfə az gömrük ödənişi daxil olacaq. Dünyada gedən iqtisadi tənəzzül dönəmində və neftin qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü bir vaxtda bu sıradan olan addımların atılmasına başqa ölkələrdə rast gəlmək mümkün deyil. İqtisadiyyatı neftlə bağlı ölkələrdə isə bu məsələlər ümumiyyətlə gündəmə gətirilmir.

Ən önəmli hal budur ki, ölkə Prezidenti bu və ya digər məsələlərlə bağlı verdiyi bəyanatlardan sonra vətəndaş onun konkret və real addımlarını görür. Bu yazıda haqqında geniş bəhs edəcəyimiz İpoteka Fondunun yenidən təşkili barəsində Prezidentin qəbul etdiyi qərar da məhz həmin ardıcıl xəttin bir nümunəsidir.

Bu ilin iyul ayının 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında ipoteka kreditləşməsi məsələsinə münasibət bildirən ölkə Prezidenti belə demişdi: “Digər sosial məsələ ipoteka kreditləşməsi ilə bağlıdır. Mən artıq göstəriş vermişəm ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın. Buna böyük ehtiyac var. Xüsusilə gənclər, digər kateqoriyalı insanların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir”. Həmin müşavirədə Prezident eyni zamanda aidiyyatı qurumlara ipoteka kreditləşməsi sahəsindəki mövcud durumu araşdırıb ona lazımi məlumatların təqdim edilməsi tapşırığını vermişdi. Bu sahədəki mövcud durumu hərtərəfli araşdırdıqdan sonra o, oktyabr ayının 27-də Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən İpoteka Fondunun yenidən təşkil edilməsi məqsədilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzaladı.

Bu Fərmanın mahiyyəti nədən ibarətdir? Fərmanda nəzərdə tutulan müddəaların icrası ölkə əhalisinin – ik növbədə gənc ailələrin, aztəminatlı ailələrin mənzillə təmin olunması sahəsində sözün əsil mənasında bir dönüş olacaqdır. Gəlin baxaq, bu vaxta qədər məsələnin həlli Mərkəzi Bankın üzərinə düşürdü. Mərkəzi Bankın isə öz qayğıları kifayət qədərdir. Digər tərəfdən, Fondun vəsaitlərinin formalaşdırılması sahəsində geniş rıçaqların olmaması onun imkanlarını məhdudlaşdırırdı. Fərmanın qəbulu bu məsələlərin həlli üçün ortaya yeni bir yanaşma qoydu. İndi İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti kimi sərbəst fəaliyyət göstərəcək bu qurum öz vəsaitlərini dövlət zəmanətli istiqraz vərəqələrinin yerləşdirilməsindən tutmuş, ölkə daxilində və xaricdən bankların və başqa maliyyə qurumlarının, eləcə də beynəlxaiq maliyyə institutlarının vəsaitlərini sərfəli şərtlərlə uzun müddətə cəlb edə biləcəkdir. Təbii ki, bütün bunlarla yanaşı, ölkə başçısının imzaladığı fərmanda verilən tapşırığa uyğun olaraq Maliyyə Nazirliyi də növbəti illərin büdcəsində bu istiqamətə vəsait ayrılmasını təmin edəcəkdir. Deməli, Fond kifayət qədər vəsait toplamaq imkanına malik olacaqdır. Belə olduğu tədqirdə, əlbəttə ki, Fondun bu vəsaitləri təyinatı üzrə istifadə etmək, onların likvidliyini təmin etmək istiqamətində zəruri addımlar atmaq imkanları da kifayət qədər geniş olacaqdır. Bu gün ipoteka kreditlərinin faizləri az qala adi bank kreditlərinin faizləri həddindədir. Bu isə həmin kreditin ipoteka mahiyyətini çox azaldır və onu vətəndaşlarımız üçün az sərfəli edir. Lakin yeni yaradılmış struktur artıq bu faizləri ipoteka adına yaxınlaşdırıb, əhalinin sosial cəhətdən az təminatlı kateqoriyaları üçün güzəştli ipoteka kredirlərinin verilməsi imkanlarına malik olacaqdır. Başqa sözlə, əgər adi ipoteka kreditləri üçün faiz ödənişləri haradasa 4-6% həddində olacaqsa, güzəştli ipoteka kreditləri üzrə faizlər bundan iki dəfə az – 2-3% həddində ola bilər. Nəticə etibarı ilə bu Fərmanın icrası ən az təminatlı vətəndaşlarımızı belə mənzil sahibinə çevirəcək.

Fərman eyni zamanda ölkədə yaşayış binalarının istifadəyə qəbulu, mənzillərə mülküyyət hüququ verən sertifikatların (kupçaların) alınması sahəsindəki əngəllərin tamamilə aradan qaldırılması sahəsində də dəyişikliklərə səbəb olacaq. Artıq vətəndaş mövcud qaydalarla ipoteka krediti hesabına aldığı mənzilinin (həmin mənzilin olduğu binanın istismara qəbul edilib edilməməsindən asılı olmayaraq) sertifikatını (kupçasını) çox sadə bir qaydada ASAN xidmət vasitəsilə əldə edə biləcəkdir. Belə olan halda bütün komunal xidmətlərlə təmin edilmiş binanaların istismara qəbul olunması işi də tam sadələşmış olacaqdır.

Fərmanda “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədrinin və onun müavinin ölkə Prezidenti tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi barəsindəki müddəa isə o deməkdir ki, cəmiyyətin rəhbərliyi görülən işlər və onların nəticəsi barədə ölkə başçısına mütəmadi hesabat təqdim edəcək. Bir sözlə, bu Fərmandan irəli gələrək ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması yolunda atılacaq addımlar bilavasitə dövlət başçısının nəzarətində olacaqdır. Bu isə o deməkdir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin ana xəttində vətəndaşa qayğı dünən olduğu kimi, bu gün də çöx önəmli bir yer tutur.

 

Fikrət Yusifov
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
Iqtisad elmləri doktoru, professor

İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti