yenicag.az

Ərdoğan-Putin davasında kim uduzacaq?

Ərdoğan-Putin davasında kim uduzacaq?

Müəllif: Redaktor

Editor

8b4b9c8c379fTürkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus təyyarəni vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib. Rəsmi Ankara hesab edir ki, Türkiyənin hava məkanını pozan Rusiya təyyarəsinə 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edilsə də rus pilotlar buna məhəl etməyib. Bu səbəbdən baş nazir Əhməd Davudoğluun əmri ilə Rusiya təyyarəsi məhv edilib.

Rusiya prezidenti Vladimir Putin Türkiyənin bu addımını “kürəkdən vurulan zərbə” adlandıraraq Ankaraya sərt cavab veriləcəyini deyib. Kremlin təpkisindən sonra Ərdoğanın “yaxşı edib vurmuşuq” -deyə Putinə ünvanladığı mesaj münasibətləri daha da pisləşdirib. Münasibətlərin yaxın gələcəkdə normallaşacağı inandırıcı görünmür.

Türkiyə- Rusiya davasında kim udacaq, kim uduzacaq?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyənin atdığı addımın haqlı olduğunu hesab edir.

Politoloq hesab edir ki, ölkələr arasında münasibətlər getdikcə pisləşəcək: “Türkiyə Rusiyaya dəfələrlə qırıcı təyyarələrinin sərhədi pozmaması ilə bağlı xəbərdarlıq edib. Təəssüf ki, Rusiya bu xəbərdarlıqları qulaq ardına vurdu. Bundan başqa Rusiya son zamanalar İŞİD-lə yanaşı türkmənlərin yaşadığı əraziləri də bombardıman edirdi. Bu, Türkiyə üçün həssas mövzudur. İndi iki dövlət arasındakı münasibətlərdə soyuqluq müşahidə olunacaq. Hətta müəyyən gərginliklər də ola bilər. Soyuq məntiqdən yanaşsaq, gərək Rusiya Türkiyə ilə münasibətlərin gərginləşməsinə getməsin. Ancaq, Suriya münaqişəsi davam etdikcə Rusiya-Türkiyə münasibətlərində maraqların kəsişməsi davam edəcək”.

E.Şahinoğlu hesab edir ki, Suriya böhranının aradan qaldırlması üçün quru əməliyyatları vacibdir: “Suriyadakı terrorçu qruplaşmaları yalnız bombardımanla neytrallaşdırmaq mümkün olmayacaq. Beynəlxalq koalisiya yaradılmalıdır ki, quru əməliyyatları başlasın. Bugünkü hadisə onu göstərir ki, belə bir koalisiyanın yaranmasının özü sual altındadır. Çünki, koalisiyanın bir üzvü digərinin təyyarəsini vurursa, bu məsələnin uzanacağına işarədir. Aydındır ki, Qərb, Avropa, NATO Türkiyənin mövqeyini müdafiə edəcək. Ona görə ki, dəfələrlə bəyan edilmişdi ki, Rusiya İŞİD-lə yanaşı, ona aid olmayan əraziləri bombalayır. Bu, artıq gərginlik ocağıdır. Düşünmürəm ki, quru əməliyyatları üçün anti-İŞİD koalisiyası tezliklə yaradılsın”.

“Baş verən hadisədən sonra Rusiya və Türkiyə arasındakı münasibətlər hansı istiqamət üzrə inkişaf edə bilər” sualına isə politoloq belə cavab verib: “Düşünmürəm ki, baş verən hadisəyə görə Rusiya və Türkiyə arasında hər hansı bir münaqişə yaransın. Hər halda tərəfdaşdırlar, enerji layihələri bu ölkələri bir-birinə bağlayır və bunda hər iki tərəf maraqlıdır. Doğrudur, münasibətlərdə soyuqlaşma olacaq, amma gərginliyin toqquşmalara gətirib çıxaracağını düşünmürəm”.

Politoloq Fikrət Sadıqov da hesab edir ki, baş verən olay Rusiya və Türkiyə arasında gərginliyin artmasına səbəb olacaq: “Bu gərginlik hələ bir müddət davam edəcək. Çünki, artıq Rusiyada Türkiyəyə qarşı siyasətçilər, ictimai xadimlər səviyyəsində kampaniya başlanıb”.

Ekspertin sözlərinə görə, rus təyyarəsinin vurulması tərəflər arasında iqtisadi münasibətlərə öz mənfi təsirini göstərəcək: “İki ölkə arasında müxtəlif iqtisadi layihələr var. Əminəm ki, “Türk axını” layihəsi və atom elektirik stansiyasının tikintisi dayandırılacaq. Həmçinin rus turistləri uzun müddət Türkiyəyə getməyəcək. Bundan həm Rusiya, həm də Türkiyə uduzacaq”.

F Sadıqov bildirib ki, ruslar bu halda Ermənistanı gücləndirə bilər: “Belə ki, ruslar Türkiyəyə qarşı mübarizə şüarı altında Ermənistana silah-sursat, zenit raket kompleksləri göndərəcək. Əlbəttə ki, onların diplomatik münasibətlərinə bu amil təsir göstərəcək. {lkələr qarşılıqlı şəkildə müəyyən müddətə səfirlərini geri çağıracaq. Yəni, bu hadisə müsbət heç nə vəd etmir”.

Politoloqların da fikirləri təsdiq edir ki, baş verən hadisə Türkiyə və Rusiya ilə yanaşı ümumən dünya üçün də yaxşı heç nə vəd etmir. Münasibətklərdə yaranan gərginlikdən hər iki dövlət itirəcək.

“Kommersant” qəzeti hökumətdəki etibarlı mənbələrə istinadən xəbər verib ki, Rusiya Türkiyə ilə birgə biznes-layihələr və hərbi əməkdaşlıqdan imtina etməyə hazırlaşır. Mənbənin bildirdiyinə görə, “Qazprom” “Türk Axını” layihəsinin reallaşdırılmasının məqsədəuyğunluğunu yenidən nəzərdən keçirəcək.

Bundan əlavə Türkiyədə ilk Akkuyu AES-nin tikintisi ilə əlaqədar müqavilə də təhlükə altındadır. Belə ki, Rusiyanın “Rosatom” şirkətinin bu layihəsinin dəyəri 22 milyard ABŞ dollarıdır.

Qəzet yazır ki, Türkiyə öz növbəsində Rusiya gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsinə mane ola bilər ki, bu da Rusiyanın Suriyadakı Xmeymim bazasına silah-sursat çatdırılmasını çətinləşdirəcək(Azvision).

Araşdırma, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti