Ərdoğan Rusiyanın ən böyük şantajını belə zərərsizləşdirdi – VİDEO

Müəllif: Baş Redaktor

Baş Redaktor

565c3274ac1fe3134404567dTürkiyənin BOTAŞ dövlət şirkəti ilə Qətər neft şirkəti arasında sıxılmış maye qaz alqı-satqısına dair memorandum imzalanıb.

Memorandum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətərə səfəri çərçivəsində razılaşdırılıb.

Türk prezidenti Qətərə səfəri zamanı jurnalistlərin suallarını cavablandırıb. Ərdoğanın sözlərinə görə, iki ölkə arasında ümumilikdə 15 razılaşma əldə edilib. “Bu gün əldə etdiyimiz 16-cı hesab edilə biləcək razılaşma isə viza rejimin ləğvidir. Bundan sonra Qətər və Türkiyə arasında viza rejimi tətbiq olunmayacaq. Türk və Qətər vətəndaşları rahatlıqla ölkələrimizə gəlib-gedə biləcəklər”- deyə Ərdoğan iki ölkə arasında viza rejiminin ləğv olunmasını təsdiq edib. Ərdoğan bununla əlaqədar Qətərin Şeyxi Həməd bin Xəlifə Əl Sani öz təşəkkürünü bildirib.

BOTAŞ və “Qatar petroleum” arasında əldə olunan razılığı şərh edən Ərdoğan Qətərin neft şirkətlərinin artıq bir müddətdir ki, Türkiyədə maye qaz sektoruna investisiya yatırmaqla bağlı təşəbbüslərinin olduğunu deyib. “Hazırda Türkiyə məlum hadisələrlə əlaqəli qaz alışı məsələsini yenidən müzakirə edir. Biz də buna müsbət yanaşırıq. Yəqin ki, ya hökumətlər arası ya da fərqli bir şəkildə investisiya yatırılması ilə bağlı qərarlar qəbul ediləcək.”

Yenicag.az xəbər verir ki, Qətər özünün təbii qaz ehtiyatlarına görə, dünya nəhəngləri arasında yer alır. Belə ki, dünyanın təbii qaz ehtiyacının yüzdə on dördünü bu ölkə qarşılayır. Bundan başqa Türkiyənin Nigeriya, Əl-Cəzair, İran və Azərbaycanla təbii qaz alışına dair sazişləri var.

Bununla da Türkiyə özünü Rusiyanın növbəti gözlənilən addımlarından sığortalamış oldu. Hazırda Su-24 hadisələri ilə bağlı Türkiyə və Rusiya arasında münasibətlər gərginləşib. Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan sənədi imzalayıb. Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu Qətərə səfəri zamanı müşayiət edən jurnalistlərə açıqlamasında bildirib ki, Rusiyadan qaz idxalı dayansa belə Türkiyə batmayacaq.

“Mən artıq demişəm ki, Rusiyadan başqa biz digər ölkələrdən də qaz alırıq. Allahın köməkliyi ilə biz bütün problemlərin öhdəsindən gələcəyik”.

***

Qeyd edək ki, Ərəb dünyası Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyalardan sonra Ankaraya dəstək olub.

Sosial şəbəkələrdə “Türk məhsullarına dəstək ol”, “Ərəbəm və Türkiyə ilə həmrəylik içindəyəm”, “Müsəlmanam və Türkiyə ilə həmrəylik içindəyəm” kimi haştaqlar geniş yayılıb.

Türkiyəyə öz dəstəyini göstərən ərəblər “Türk məhsullarının dəstəklənilməsi bütün müsəlman və ərəblərin vəzifəsidir. Türk məhsulları çox keyfiyyətli və qiymətləri münasibdir”, – deyə sosial şəbəkələrdə kampaniyalara start veriblər.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır