yenicag.az

Ərdoğan və Yıldırımdan İlham Əliyevə təbrik

Ərdoğan və Yıldırımdan İlham Əliyevə təbrik

Müəllif: Redaktor

Editor

binali_erdogan_tebrik_Azvision.azTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Cənab Prezident, əziz qardaşım.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Bu il müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edən Azərbaycan dövlətlərin tarixi baxımından qısa bir müddətdə qədim tarixindən, mədəniyyətindən və ənənələrindən güc alaraq bütün sahələrdə gözqamaşdırıcı uğurlara nail olub. Gündən-günə daha da inkişaf edən və bölgədə olduğu kimi, qlobal miqyasda da önəmli bir ölkə mövqeyinə yüksələn Azərbaycanın bu uğurlarını məmnunluqla müşahidə edir və qürur duyuruq. Əminik ki, qətiyyətli və uzaqgörən liderliyiniz sayəsində qarşıdakı dövrdə də Azərbaycan bütün sahələrdə yeni nailiyyətlər əldə edəcək.

“Bir millət, iki dövlət” şüarı əsasında strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizin qarşılıqlı səfərlər və görüşlərlə yanaşı, beynəlxalq platformalarda da bir-birimizə verdiyimiz dəstəklə ən yüksək zirvəyə qalxması məmnunedicidir. Qarşıdakı dövrdə də iki qardaş dövlət olaraq sıx əməkdaşlığımızın genişlənməkdə davam edəcəyinə, regionumuzda, hətta bölgəmizdən kənarda da təhlükəsizlik, rifah və sabitliyə əhəmiyyətli töhfə verəcəyinə əminəm.

Milli bayramınız münasibətilə Zati-alinizə, əziz qardaşıma cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah diləklərimi bir daha ifadə edirəm”.

Türkiyənin baş naziri Binəli Yıldırım da Azərbaycan prezidentinə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Cənab Prezident, əziz qardaşım.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi hökumətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İqtisadiyyat və müdafiə sahələri başda olmaqla 25 illik qısa müddətdə Azərbaycan etdiyi güclü sıçrayışla təqdirəlayiq səviyyəyə çatıb. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olaraq, göz qamaşdıran uğurlarınızı təqdir edir və qürurla izləyirik.

Tarixi və qardaşlıq münasibətlərimizə əsaslanaraq strateji müttəfiqlik səviyyəsinə çatan əlaqələrimizin qarşılıqlı səfərlər və görüşlərlə daha yüksək səviyyəyə qalxdığını, sıx əməkdaşlığımızın regional rifaha və sabitliyə də müsbət təsir etdiyini məmnunluqla müşahidə edirik.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə bir daha cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram”.

Dünya, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti