Yazı İçi 468×60

sadiqovaniBakı zərgərləri onu yaxşı tanıyır. Çünki illərdən bəri kişi sənətkarlarla çiyin-çiyinə çalışan yeganə qadındır. Ondakı məharətə, hövsələyə və ən əsası da işinə olan sevgiyə heyran qalmamaq mümkün deyil. Biz də istədik ki bu xanımı – Azərbaycan zərgərlik sənətinin şəbəkə üslubunu öz təxəyyülü ilə inkişaf etdirən, bu nadir sənət nümunələri ilə dünyanı mat qoyan bir insanı – Mehriban Sadıqovanı Yeniçağ.az-ın oxucularına daha yaxından tanıdaq.

                                 Əmircandan başlanan yol…

– “ Sadə bir ailədə doğulmuşam. Ağlım kəsəndən nənəmi, anamı evdə nəsə toxuyan gördüm. Sonra bildim ki, bu, bədii tikmədir. Mən də qoşuldum onlara… Pis də alınmırdı, naxışları çox zərif vururdum. Müəllimlərim deyirdi ki, səndən yaxşı rəssam olacaq. Mənsə Pedaqoji İnstitutu bitirdim, müəllimə kimi işləməyə başladım. 24 yaşında ailə qurdum. 5 il birgə yaşadım, ayrıldıq. Qaldıq anam, atam, oğlum… Ailənin yükü düşdü boynuma. Onda Bakı Slavyan Universitetində müəllimə işləyirdim. Bir gün getdim Mərkəzi Univermağa, özümə qəşəng bir şəbəkə sırğa aldım. İnanın, bütün günü ancaq sırğanın gözəlliyinə, ondakı naxışlara baxırdım. Məşğul olduğum o bədii tikmə ilə bu şəbəkə üslubu arasında qəribə bir bağlılıq gördüm və özümə söz verdim ki, mən bu işi mütləq öyrənməliyəm.

Başladım həmin sırğanı düzəldən ustanı axtarmağa. Düz 1 il mən onu az qala şəhərin hər tinindəki zərgər köşkündən soraqladım. Axırda tapdım. Kişiyə dedim ki, mənə bu şəbəkə işini öyrət. Yazıq üzümə matdım-matdım baxıb, dedi: ay qız, get işinlə məşğul ol. Əl çəkdim ki??? Uzun sürən yalvar-yaxardan sonra razı saldım. Odu-budu… düz 13 ildir ki, şəbəkə işi ilə məşğulam”.

– Azərbaycan zərgərliyi tarixində şəbəkə üslubu ilə işləyən ilk qadınsız.

– Mən bununla qürur duyuram. Müxtəlif beynəlxalq tədbirlərdə Vətənimi təmsil etmişəm. Amerikanın Texas ştatında “Dünya Müsəlman ölkələrinin festivalı” keçirilirdi. Orda bizim guşəyə Hyuston şəhər merinin xanımı yaxınlaşdı. Heyrətini gizlədə bilmirdi, bütün işlərimə bir-bir baxdı, axırda da iri qızılgül sancağını aldı. Bir dəfə də… Heç yadımdan çıxmaz. Ərəb Əmirliklərinin Sharja şəhərində festival keçirilirdi. Azərbaycandan o festivala gedən 10 nəfər nümayəndədən biri də mən idim. Düşündüm ki, nəsə maraqlı, fərqli bir iş hazırlamalıyım.10 günüm vardı. İnanin, gecələr yatmadım. Doğulduğum Əmircan kəndinin təsviri olan 50×40 ölçülü bir rəsm əsəri vardı. Ordakı meynələri (üzümlük –red.) bir-bir gümüş şəbəkə ilə işlədim. Çərçivəsini düzəltdim, qaşlar yapışdırdım. İlahi… iki göz istəyirdi tamaşa etsin. Festivalda hamı heyran qalmışdı. Onu qayıdacağımız gün bir ərəb əmiri 8 min dollara aldı. Həyatımda satdığım ən qiymətli əl işim idi.

– Bəs Bakıda əl işlərinizi hansı məşhurlar alıb?

– Müğənni xanımlardan çoxu… Bir gözəl sinəbəndim vardı. Onu Gülyanaq Məmmədova aldı. Əl işlərim hamının xoşuna gəlir. Hətta ötən il Fransada keçirilən Azərbaycan günlərində Qənirə xanım Paşayeva mənə dedi ki, sənin kimi istedad tək-tük doğulur. O sərgidə ona klon hədiyyə etdim.

– Deyəsən, gümüşlə işləməyi daha çox sevirsən….

– Gümüşü sevirəm. Çünki o, qızıldan “kapriz”lidir. Alovu düz tutmadınsa o dəqiqə əriyəcək.

– Şəbəkəçi kişilərlə rəqabət necə gedir?

– (gülür) Mənə elə baxırlar ki, elə bil qan düşməniyəm. Halbuki, hərənin öz müştərisi, öz dəsti-xətti var. Dəfələrlə olub ki, gəlib məni soruşublar, deyiblər Mehriban yoxdu, işləmir burda…. Halbiki, mən nahara çıxmışam. Bilmirən nədən belə qısqancdırlar. Görən niyə başa düşmürlər ki, ruzini yetirən Allahdır.

                                 Milyonçu nəslin kasıb sənətkarı

– Adətən, bakılı qadınların nənədənqalma qızıl sinəbəndi, bazubəndi, bilərzikləri olurdu. Və bu miras nəsildən-nəsilə ötürülürdü. Miras baxımından bəxtin gətirib?

– Mən sizə kimin nəslindən olduğumu desəm, məəttəl qalarsız. Bakı milyonçusu Şəmsi Əsədullayevin bacısı ata nənəmdir. Atamın 80 yaşı var, uşaqlığı ilə bağlı xatirələrini dəqiqliklə xatırlayır. Nənəm danışırmış ki, Sovet hökuməti qurulanda 5 dənə qızıl qılıncı qını ilə birlikdə həyətdəki quyuya atıblar ki, bolşeviklər tapmasın. Sonralar dalğıc-filan gətiriblər, amma qılıncları quyudan tapa bilməyiblər; torpaq udubmuş… Çox əziyyət çəkiblər. Nənəm qızıllarını bir kasa una dəyişirmiş ki, balaları müharibədən sağ çıxsın. Mərdəkandakı 2 saylı “İstirahət evi” var ha…o, atamın babasının bağı olub. O, həyətdə iki quyu varmış… 80-ci illərdə o quyuları təmizləmək üçün fəhlə çağırırlar. Quyunu təmizləyən fəhlələr görürlər ki, hər iki quyu bir-biri ilə uzun tunellə birləşir. Tunelin ortasından isə otaq tapırlar. Otaq ağzına qədər ləl-cəvahiratla dolu imiş…

Bu barədə o vaxt bütün qəzetlər yazdı. Atam həmin xəbəri oxuyan gün infarkt keçirtdi. Adamın lap cızdağı da çıxar… Çünki o boyda var-dövlətin varisi olan atam ailəsi ilə aşağı Sovet məhəlləsinin gecəqondusunda yaşayırdı.

– Şəmsi Əsədullayevin qızı Bakıya gələndə atanız onunla görüşdü?

– Əlbəttə. Züleyxanı görəndə atam hönkür-hönkür ağlayırmış. Deyirdi, elə bil anamın əkizi idi, o qədər oxşayırmışlar. Atam danışır ki, Züleyxa gələndə qohumları ona bir süfrə açıblar ki… O da gülə-gülə deyib ki, bir aylıq yeməyi bir gündə süfrəyə düzən adamlar milyonçu ola bilməz. Elə düz də deyirdi. O boyda milyonlara sahib olan nəsilin bu gün yeddi dəyirmanda bir ovuc dəni yoxdur.

Zakirə Zakirqızı

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 147
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."