!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Erməni gəlinin körpəsini alıb, kötüyün üstündə parçaladı” - Qaradağlı faciəsinin canlı şahidindən TÜKÜRPƏDİCİ FAKTLAR

!Reklam – Yazi

Azərbaycan son 25 ildə fevral ayında 2 böyük faciəsini qeyd edir. Məhz bu ayda erməni vəhşiliyinin dəhşətləri bir daha canlı şahidlərin dilindən səsləndirilir. Xocalıdan əvvəl ermənilərin ilk olaraq soyqırım həyata keçirtdiyi Qaradağlı isə çox az yada salınır və o dəhşətləri yaşayanlar demək olar ki, diqqətdən kənarda qalır. O insanlar bu gün sosial problemlər məngənəsində yaşayır, ömürlərinə həyatdan küsmüş kimi davam edirlər. Belə insanlardan biri də Qardağlıda döyüşmüş, əsir düşüb, erməni cəhənnəmini yaşamış İlqar Hüseynovdur.

xxx

Onu çoxdan tanıyıram. Dəfələrlə mətbuat konfranslarında, tədbirlərdə rastlaşmışıq. Amma bu il… o müdhiş faciənin 25-ci ildönümündə nədənsə, məhz onun evinə getmək, şəraiti ilə yaxından tanış olmaq istədim. Beləcə, üz tutdum Bayıl qəsəbəsindəki, köhnə bir zavodun həyətinə… Bu zavodda sovet dövründə neft qurğuları istehsal olunurmuş… Və artıq neçə illərdir ki, onun həyətində zavod işçiləri deyil, körpə uşaqlar gəzişirlər. Bura, müsahibimiz kimi neçə-neçə qaçqın soydaşımızın sığınacağına çevrilib. İlqar Hüseynovun mənzilini soruşuruq. Qapını nəvələri açır….

… Onunla söhbətə necə başlayacağımı bilmirdim. Özü dadıma çatdı. Sonrasa xatirələr çözüldü, titrəyən dodaqlar, yol çəkən gözlər sahibinin hansı dəhşətləri yaşadığını dönə-dönə təsdiqlədi:

“Əslində, faciələrimiz 1988-ci ilin fevralından başlamışdı. Qaradağlı, Xocavənd rayonu ilə Xankəndi arasında yerləşən azərbaycanlı kəndi idi. 41 erməni kəndinin içərisində olan yeganə azərbaycanlı yurdu idi Qaradağlı… Qarabağ hadisələri başlayanda bizim kəndimiz Xocavənddən Xankəndinə gedən yolun üstündə yerləşdiyi üçün ermənilərə göz açmağa imkan vermirdik. Ona görə də ermənilərin hədəfi biz azərbaycanlılar idik. 1990-cı ilin noyabrında Bakıdan mebel gətirən maşın geri qayıdanda Qaradağlının 6 kilometrliyində bizim həmkəndlimiz Xandəmir Hüseynov və iki nəfər bakılını ermənilər öldürüb, sinələrinə xaç damğası vurmuşdular. O damğa bizə çox pis təsir etmişdi. 1991-ci ildə Qaradağlının kolxoz sədri Soltan Bayramovu Xocavənddən Ağdama gedən yolda ermənilər kürəyindən güllələdi. Bax belə edə-edə ermənilər Qaradağlını sıxışdırmağa başladılar. İnanın, biz hər şəhid verdikcə, daha da qüvvətlənirdik. Əgər bizdən bir nəfər şəhid olurdusa, əvəzində on erməni öldürürdük. 1991-ci ilin martında ermənilər Ələkbər Quliyev və Zülfüqar Hüseynovu öldürdülər. Həmin ilin iyun ayında “ferma hadisələri” baş verdi. Ermənilər fermada işləyən 3 qadın və kişini orada diri-diri yandırmışdılar. Sonra 1990-cı il noyabrın 20-də Qarakənd səmasında o məlum vertolyot qəzası baş verdi və Qaradağlının yolu dörd bir tərəfdən kəsildi. Kənddə ümumilikdə, 118 nəfər qaldı. 1992-ci ilin fevralında ermənilər Qaradağlıya dəhşətli hücuma keçdilər. Fevralın 17-də səhər saatlarında artıq ermənilərin tank və topları işə düşdü, mövqelərimizi, evlərimizi dağıtmağa başladılar. Biz ermənilərə Xankəndi tərəfdən kəndimizə girməyə imkan vermirdik. Elə orada xeyli erməni öldürmüşdük. Ümumiyyətlə, sonradan əsirlikdə olanda ermənilər bizə dedi ki, 150 nəfərdən çox döyüşçüləri ölüb. Mən erməni dilini bilirdim və 12 il Xocavənddə, rabitədə işləmişdim. Əslində, ermənilərin Qaradağlıya hücumu fevralın 15-dən başlayıb. Biz 17-i səhər saatlarına kimi döyüşlərdə 25 nəfər şəhid vermişdik. Qaradağlıya hücum başlayanda biz yardım üçün nəinki Bakıya, hətta ətraf rayonlara da xəbər vermişdik. Lakin heç bir yerdən bizə kömək gəlmədi. Mən hər gün, hər saniyə fikirləşdiyim bir məqam var ki, ona cavab tapa bilmirəm. Maraqlıdır ki, biz fevralın 15-dən 17-si günorta saat 3-ə kimi döyüşdük, bizə kömək edən olmadı; amma bizə Ağdam, Muğanlı, Kuropatkina, Əmralılar, Gülablı tərəfdən kömək edə bilərdilər. Ağdamdakı ordu birləşmələri Xocavəndə qısa hücum edib, ermənilərin diqqətini yayındıra bilərdilər. Təsəvvür edin ki, Xocavənd ilə Əmralıların arası heç 2 km. deyildi. Beyləqan və Ağcabədidən də kömək edə bilərdilər. Niyə etmədilər? Əgər onlar toplardan atəş açsaydılar, biz də mühasirədən çıxıb qurtulardıq. Qaradağlı işğal edilən gün 64 nəfəri gözümün qabağında güllələdilər. Sonra yenə 33 nəfəri də güllələyib, silos quyusuna doldurdular. Elə neçə nəfərin başını gözümün qabağında kəsdilər.

Çox maraqlıdır ki, döyüşdüyümüz 3 gün ərzində bizə kömək edən olmadı, amma fevralın 18-də vertolyot Qaradağlıdan meyid götürüb, geri qayıdır? Faktiki olaraq da, kənd ermənilərin əlində olub, işğal edilib. Bu, necə ola bilər? İndi də bu hadisəni oturub düşünürəm, amma hələ də anlamıram”.

İ. Hüseynov ermənilərin əsirləri yol boyu öldürə-öldürə gedib Xankəndinə çatdıqlarını deyir:

“118 nəfərdən 25-i şəhid olmuşdu, qalanlarını isə əsir götürmüşdülər. Bizi Xankəndində bir zirzəmiyə doldurdular. Orada bir gün qaldıq və ikinci günü yanımızdakı cavanları çölə çıxartdılar. Onların içərisində Vətən Əliyev, Əbülfət Hüseynov, Füzuli Vəliyev, Mikayıl Dadaşov, Hafiz Axundov və 3 nəfər də “Milli ordu”dan var idi. Onları hara apardılar bilmədik. Sonra ermənilər bizi yeni tikilən 3 mərtəbəli təcridxanaya apardılar. Bizi hər gün döyürdülər, ac-susuz qalırdıq. 8 nəfər də burada acından və döyülməkdən öldü.

Biz əsirlikdə olanda Beynəlxalq Qızıl Xaç Komitəsi gəldi, bir neçə dəfə bizimlə görüşdü. Onların bizə təqdim etdiyi blankları doldurduq və qeyd etdik ki, Xankəndindəyik, bizi dəyişmək lazımdır. Onlar da Ağdama çatdırmışdılar. Düz 45 gün o cəhənnəmdə yaşadım. 1992-ci il martın 31-də bizi dəyişdilər”.

İ. Hüseynov əsirlikdən qayıdanda 42 kq çəkisi olduğunu dedi:

“Əsirlikdə olanda, hardasa Xocalı faciəsindən bir gün qabaq məni güllələmək üçün çölə çıxartdılar. Erməni “sapoqu” ilə necə vurdusa, ağzımda bir dənə də diş qalmadı, hamısı töküldü. Qarın içinə yıxıldım və belimdən necə bir təpik vurdusa, bircə dəfə “şaq” elədi. Gördüm ki, ayağa dura bilmirəm. Sən demə, belimin sümüyü qırılıbmış. Ağrıdan huşumu itirəcəkdim. Amma fikirləşirdim ki, bir azdan hər şeyə son qoyulacaq. Bir güllə ilə canım bu cəhənnəmdən qurtaracaq. Amma fikirlərindən daşındılar. Nə qədər qarın üstündə qaldığımı bilmədim. Gözlərimi açanda yanımdakı uşaqlardan birinin nəsə dua etdiyini gördüm. Həmin o qırılan sümük də orda elə əyri birləşdi”.

Bu yerdə söhbətə müdaxilə edən İlqar Hüseynovun həyat yoldaşı Xalidə Hüseynova heç bir hərbi-tibbi ekspertizanın yada düşmədiyini qeyd etdi:

“İlqar elə bir gündə gəlmişdi ki, biz ancaq onun sağalması üçün Allaha dua edirdik. Çünki təzə vaxtlarda gün ərzində cəmi üç qaşıq duru yemək verirdik. O vaxt İlqarla bir yerdə əsirlikdən qayıdan iki nəfər məhz müalicə olunduğu halda dünyasını dəyişdi. Təsəvvür edin ki, bir alma yeməklə bağırsağı partlamışdı. Ona görə də düz bir ay İlqarın üstündə əsirdik ki, özünə gələ bilsin. Heç yeriyə də bilmirdi”.

Xocalıdan olan əsirləri görüb-görmədiyini soruşduqda İ. Hüseynov təcridxanada onlardan əvvəl Şuşanın Kərkicahan kəndindən 9 nəfərin olduğunu dedi:

“Onu da təsadüfən öyrəndim. Xaricilər bizə baş çəkməyə gələndə nəzarətçi dilindən qaçırtmışdı ki, sizdən əvvəl kərkicahanlılar burada bir ay qalıb. Onu da deyim ki, əsirlərə baş çəkməyə gələndə bizə isti odeyallar verilirdi, onlar gedən kimi bizi döyüb əlimizdən alırdılar. Qaldığımız yerin pəncərəsi magistral yola baxırdı. O yol Xocalıya gedirdi. Fevralın 25-də axşam bir erməni gəldi, “ara, xocalıları sizin günə salacağıq” dedi və qapını bağlayıb getdi. Hardasa gecə saat 11 olardı. Həmin vaxtda da Xankəndində işıq yox idi, şəhər zülmət içində idi. O gecə həmin pəncərədən Xocalıya hücum edən 96 ədəd hərbi texnikanın keçdiyini saydıq. Onları görmürdük, sadəcə, maşınların işıqlarını hesablayırdıq. Səhəri günü balaca bir dəlikdən gördük ki, xocalıları döyə-döyə gətirirlər.
Qaradağlıda anam, bibim, qardaşım da əsir düşmüşdü. Rəhmətlik anam 13 gün Əsgəranda əsirlikdə qalıb. O, həmişə deyirdi ki, xocalılara elə bir zülm ediblər ki, gecə yatanda da yuxuma girir. Çünki anam ağlaya-ağlaya ermənilərin Xocalıdan olan qadının əlindən uşağını zorla alıb, başını kötüyün üstünə qoyub, kəsdiyini söyləyirdi. Rəhmətlik deyirdi ki, sizi unutmuşdum, o körpələrin dərdini çəkirdim.

Ermənilər bibimi də zülmlə öldürmüşdülər. Onu evində güllələdilər. Sonra da barmağındakı üzüyü çıxartmaq istəyiblər, alınmayıb; qolunu kəsib aparmışdılar. Bunu onun dalınca evlərinə gedəndə görmüşdüm. Bibim əslində, bizdə qalırdı, yazıq evinə getmişdi ki, ayaqqabısını geyinsin, kənddən bir yerdə çıxaq. Çünki bizi aldatmışdılar ki, guya vertolyot gəlib, xilas edəcək.

Qardaşım Vidadi Hüseynovun da sağ qalması təsadüfdür. 33 nəfəri silos quyusunun yanında güllələməyə aparanda qardaşım da onların içində olub. Orta məktəbin hərbi hazırlıq müəllimi Telman Tağıyev bizə dedi ki, məndə “qranat” var. Qoltuğunun altında gizlətdiyi qumbaranı atdı və ermənilərdən ölənlər oldu. Onda bildilər ki, əsir götürdükləri camaatda silah var. Yaşlı kişilərin papağından, üstündən tapançalar tapdılar və kimdən ki, silah çıxmışdı, onları elə yerindəcə güllələdilər.

Həmin Telman Tağıyev “qranatı” atanda onun qəlpəsi qardaşımı yaralayır. Və elə oradaca silos quyusunun yanında meyidlərin yanına yıxılır, ermənilər elə bilir ki, o, ölüb. Qaranlıq düşəndə qardaşım yarasının üstünə qar basır və bir neçə günə Ağdamın Abdal-Gülablı kəndinə gəlib çıxır. Qaradağlı faciəsi barədə ilk məlumatı da Azərbaycana Vidadi çatdırıb. Onun yarası bu gündə ağrıyır”.

İ. Hüseynov çəkdikləri əziyyətlərdən, yaşadıqları ağır qaçqın həyatının da onlar üçün problemlər yaratdığını dedi:

“Erməni əsirliyində olmağıma və orada xəsarət almağıma baxmayaraq, “Müharibə əlili” statusumu bərpa edə bilmirəm. “Müharibə veteranı” vəsiqəsi veriblər, amma heç ona görə də müavinət almıram. Deyirlər ki, sənin döyüşdüyünü təsdiq etmək üçün gərək hərbi biletinə “vaenkom”da “peçat” vurula. Bizim rayonun hərbi komissarlığı yoxdur. İndi mən “peçat” üçün Xocavəndə getməliyəm? Axı biz o vaxt əlimizə silah alıb, döyüşəndə “ştamp, peçat” fikirləşməmişik? Qaradağlıdan Rafiq Hüseynovdan başqa heç kim “Müharibə veteranı” müavinəti almır. O da sonradan Ağdamda döyüşüb, ona görə. Şəhidlərimizə belə ad verilmədi. Halbuki, orada şəhid olanlar güllələnməzdən əvvəl “Vətən sağ olsun” deyirdilər. Amma döyüşməyən insanlara az qalır ki, “Milli Qəhrəman” adı versinlər. Qaradağlı kənd orta məktəbinin direktoru Mobil Zeynalov da həmin gün şəhid olub. Halbuki, o kənddən çoxdan çıxıb gedə bilərdi. Postda dayanan 12 nəfər şagirdinin yanına gedəndə hamısını bir yerdə qumbaraatanla vurub öldürdülər”.

X. Hüseynov şəhid qardaşı Mobil Zeynalovun adının əbədiləşdirilməsi ilə bağlı danışaraq, Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovun laqeyd münasibətini vurğuladı:

“Hətta qardaşımın müəllim yoldaşları işlədikləri orta məktəbə Mobil Zeynalovun adının verilməsi ilə bağlı müraciət imzalayıblar. Lakin heç bir nəticəsi olmadı. Qaradağlılar döyüşlər vaxtı əlli erməni başı kəsiblər, amma onu car çəkmirlər. O cür insaların haqqını vermək lazımdır. Şəhidin həyat yoldaşı dəfələrlə Prezident Administrasiyasına Mobil Zeynalovun adının əbədiləşdirilməsi ilə bağlı müraciət edib. Lakin rayonun icra başçısı Eyvaz Hüseynov “hamı qəhrəmandır” deyərək, laqeydlik edir”.

İ.Hüseynov həmçinin həyat yoldaşı Xalidə Hüseynovanın 1991-ci ildən son dövrlərədək Qaradağlı kənd klubunun rəhbəri vəzifəsində çalışdığını, lakin sonradan müxtəlif bəhanələrlə işdən uzaqlaşdırıldığını dedi:

“Təəssüflər olsun ki, o da işsizdir, mən də. Bu gün əsas problemimiz də budur. Həyat yoldaşımın işdən uzaqlaşdırılmasına səbəb kimi onun hazırda xocavəndlilərin yaşadığı ərazidə fəaliyyət göstərməməsini dedilər. Bilirsiniz ki, xocavəndlilər Beyləqan ərazisində məskunlaşıb. Bizim orada yaşamağımız üçün ev yoxdur, bunun üçün heç şərait də yaradılmır. Belə olan halda biz nə etməliyik? İş tapmaq üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də getmişəm, ərizə də yazmışam. Şifahi şəkildə deyirlər ki, yaşlı adamsan. Yaxşı, biz nə ilə dolanmalıyıq? Məni nə müharibə əlili, nə də veteran kimi qeydiyyata salmırlar. Halbuki, məhkəmə ekspertizasının, “Əsir, girov götürülmüş və itkin düşmüş şəxslərlə əlaqədar Dövlət Komitəsi”nin, Hərbi Prokurorluğun verdiyi rəylər var. Çoxları deyir ki, yerli İcra Hakimiyyətinizə müraciət elə. Heç vaxt Xocavənd rayon İcra Hakimiyyətinə müraciət etməmişəm və etməyəcəm də. Bunun səbəbini rayon rəhbərliyi gözəl bilir. Yaxşı, deyək ki, mənim hüquqlarım tanınmır. Heç olmasa, ildə bir dəfə Qaradağlıda şəhid olanların ailələrinə bizim rayonun icra hakimiyyəti bir baş çəksin, onlarla maraqlansın. Çox təəssüflər olsun ki, biz bunu görmürük”.

 

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

2104
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv