Ermənilər aprel ayında atəşkəsi 3597 dəfə pozub

Müəllif: Redaktor

Editor

235c98ba618d17fc5366641f0d56ea70Aprel ayında erməni silahlı bölmələri atəşkəs rejimini 3 597 dəfə pozub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 mm çaplı minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan, 122 mm çaplı D-30 tipli haubitsalardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Aprel ayının əvvəllərində erməni silahlı bölmələri tərəfindən bütün cəbhə boyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqəsi də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın endirdiyi dəqiq cavab atəşi ilə darmadağın edilib, nəticədə düşmənin yüksək rütbəli zabirləri (polkovnik və generalları) məhv edilib.

Erməni tərəfi aprelin əvvəllərində cəbhədə baş vermiş 4 günlük müharibə zamanı 100-dək itki verdiyini açıqlasa da, APA-nın erməni mətbuatı və sosial şəbəkələrdə apardığı monitorinqlər nəticəsində məlum olub ki, ermənilərin real ölü sayı 300-dən, yaralı sayı 500-dən çoxdur.

Döyüş toqquşmalarında Azərbaycan Ordusu da itki verib.

Aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında döyüş qarşıdurması zamanı erməni hərbi qulluqçularına aid müxtəlif sənədlər, rabitə vasitələri, ləvazimatlar, düşmən ordusunun döyüş meydanında atıb qaçdıqları silah-sursat, gecəgörmə cihazları, avtomobil texnikası və müxtəlif avadanlıq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən ələ keçirilib.

Aprel ayı ərzində atəşkəsin pozulmasına görə ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonudur. Qarabağ cəbhəsi üzrə atəşkəs apreldə Cəbrayıl rayonu, Tərtər rayonu və Xocavənd rayonu istiqamətində də pozulub.

Ermənistan ordusu atəşkəs rejimini aprel ayında Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl, Ağstafa və Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonları istiqamətində də pozub.

Aprel ayında erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub.

Ötən ay cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli pilotsuz uçuş aparatı (PUA) və kvadrokopter tipli “DJI PHANTOM” pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib, “X-55” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.

Hazırda əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır