Ermənilərin əsassız iddialarına növbəti – Cavab

Müəllif: Baş Redaktor

Baş Redaktor

yenicag.az_qarabagErmənistan hakimiyyəti aprelin əvvəlində cəbhə xəttində uğradıqları məğlubiyyətdən sonra dayanmadan Rusiyanı Azərbaycana silah satmaqda ittiham edir və Azərbaycan Ordusunun Rusiya silahları hesabına gücləndiyini iddia edir.

Məsələyə münasibət bildirən hərbi ekspert Rəşad Süleymanov Trend-ə bildirib ki, Azərbaycan Ordusunun Rusiya silahları hesabına güclənməsi barədə ermənilərin iddiaları əsassızdır.

Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə yanaşı digər ölkələrdən də silah tədarükü həyata keçirir: “Azərbaycan Ordusunun arsenalında olan mükəmməl və dəqiq silahların çoxu Rusiya istehsalı deyil. Budan əlavə, Azərbaycana silah satmaqda iddialı olan ölkələr arasında Avropa ölkələri, Çin və digər ölkələr var. Rusiya satmayacağı halda, Azərbaycan bu ölkələrdən də müasir və dəqiq silahlar ala bilər”.

R.Süleymanov qeyd edib ki, hazırda iqtisadi böhranın davam etdiyi bir dövrdə Rusiya Azərbaycan bazarını əldən vermək istəməz: “Rusiya yaxşı bilir ki, Azərbaycan bazarını itirməsi artıq bir də bu bazara qayıda bilməməsi deməkdir. Əgər Rusiya Azərbaycana hərbi texnika və silah satmayacaqsa, Azərbaycan bunu İsraildən, Cənubi Koreyadan, Türkiyədən və digər inkişaf etmiş ölkələrdən alacaq və nəticə etibarilə Rusiya bu bazardan sıxışdırılıb çıxarılacaq. Belə olan halda düşünmürəm ki, Rusiya ermənilərin hansısa bəyanatlarına əhəmiyyət versin və bu bazarı əldən versin. Digər tərəfdən də Azərbaycan silah ehtiyatının bəlli bir hissəsini daxili istehsal hesabına təmin etməyə başlayıb və bu, yüksələn xətt üzrə davam edir”.

Ekspert vurğulayıb ki, cəbhə xəttində rüsvayçı məğlubiyyətdən sonra ermənilər özlərinə təskinlik vermək və cəmiyyəti sakitləşdirmək üçün bu cür əsassız iddialar səsləndirirlər.

Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, Ermənistanın siyasi və hərbi hakimiyyəti Azərbaycan Silahli Qüvvələrinin aprelin əvvəlində onlara yaşatdığı ağır günləri unutmaq üçün min bir bəhanəyə əl atır:

“Bu bəhanələr artıq neçə müddətdir davam edir. Serj Sarkisyan Almaniya Kansleri Anqela Merkellə görüşündə deyirdi ki, bizim silahlarımız 80-ci illərin silahlarıdır, Təhlükəsizlik Şurasının iclasında isə deyirdi ki, müasir silahlar alacağıq. Bundan başqa, Ermənistanın Baş naziri Ovik Abramyan rusiyalı həmkarı Dmitri Medvedevlə aprelin 7-dəki görüşündə Ermənistana təcili silahların verilməsini xahiş edirdi. Bütün bunlar Ermənistanın uğursuzluğunu pərdələmək üçün bəhanələr axtardığını göstərir. Onların indiyə qədər təriflədikləri orduları fiaskoya uğrayıb və Ermənistan ordusu faktiki olaraq “nokdaun” vəziyyətindədir və Azərbaycan bir qədər də hərəkət etsəydi, Ermənistanı sözün həqiqi mənasında “nokauta salacaqdı”.

Ermənilərin iddialarına cavab olaraq Ü.Cəfərov bildirib ki, Azərbaycan Ordusunun arsenalında olan müasir silahlar təkcə Rusiya istehsalı deyil: “Digər ölkələrdən də müasir silahlarımız var. Ermənistan bir şeyi anlamalıdır ki, onun iqtisadi imkanları Azərbaycanla müqayisə oluna bilməz. Çünki Azərbaycanın təkcə hərbi büdcəsi bütövlükdə Ermənistanın dövlət büdcəsini xeyli üstələyir. Bunu görən ağılsız Ermənistan rəhbərliyi gərginlik yaradır və zərərini də özü çəkir”.

Ekspert əlavə edib ki, Azərbaycan Ordusu dünya ölkələri ordularının reytinqində də erməniləri dəfələrlə üstələyir: “Ermənilər nə qədər tez qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarsalar, Azərbaycan Silahlı Qüvvələri də onlara o qədər az zərbə yetirəcək”.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır