!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərşad Salihi: "Hədəfi olmayan millət başqasının hədəfinə çevrilər"

!Reklam – Yazi

İraq Türkman Cəbhəsi Partiyasının lideri Ərşad Salihi Yenicag.az-a müsahibə verib:

– Bildiyiniz kimi 25 sentyabrda Bərzani İraqın şimalında bir referendum keçirtməyə hazırlaşır. O, “Buna icazə verilməzsə, müharibə başlaycaq” kimi sərt bir açıqlama verdi. Həmçinin mətbuatda qeyd olunur ki, Qətər böhranı ilə əlaqədər Türkiyə və Səudiyyə Ərəbistanının münasibətləri pisləşib. Buna görə də Səudiyyə Ərəbistanı Şimali İraqdakı referendumu dəstəkləyəcək. Bu mövzuda fikirlərinizi bilmək istərdik…

– Məlumdur ki, İraq yeni bir mərhələyə adlayıb, xüsusilə də 2003-cü ildən sonra İraqı parçalamaq layihəsi müxtəlif adlar altında həyata keçirilməyə başlandı. 2003-cü ildən 2006-cı ilə qədər Əl-Qaidə terror təşkilatı regionda aktivləşdirildi. Birinci mərhələdə ortalığa məzhəbsəl bir fitnə ataraq, Əl-Qaidə vasitəsilə planlarını həyata keçirtdilər. Bu zaman xalq arasında xaos yaşandı. Bu planın ikinci mərhələsi 2014-cü ildə İŞİD layihəsi kimi meydana çıxarıldı. İŞİD Əl-Qaidənin daha radikal bir forması olaraq həmin layihənin davamıdır. Bu təşkilat sadəcə, İraqa görə yox bütün region üçün yaradılıb. Bütün bunlar ərəb baharının bir hissəsidir – hərçənd bu, “ərəb baharı” deyil, “ərəb payızı”dır. Çünki bahar yaxşılıq gətirər, bu proses isə ərəblərə heç bir xeyir vermədi. Bu hadisələrin fonunda regionda yaşanan gərginlik Suriya və İraqa ciddi bir şəkildə sirayət etdi. Diqqət edin, 2014-cü ildə ikinci layihə (İŞİD layihəsi) ortalığa çıxarıldı. İŞİD layihəsi İraqı məzhəbsəl münaqişələrin mərkəzinə çevirmək, İraqın və Suriyanın torpaq bütövlüyünü pozmağa hesablanıb. Bu terror təşkilatı son günlərini yaşayır. Mosul əməliyyatının uğurla başa çatması çox müsbət hadisədir. Hal-hazırda Təlafər və Kərkükün cənubunda sünni ərəblərin yaşadığı bölgə İŞİD-in nəzarəti altındadır.

İstər-istəməz İŞİD dövriyyədən çıxarıldıqdan sonra III mərhələ, III layihə başlayacaq. Yenə də İraqın və Suriyanın torpaq bütövlüyünün pozulması siyasəti davam etdiriləcəkdir. Bunun üçün də yeni bir obyekt yaradılmalıdır, artıq məzhəbsəl və milli münaqişələrdən kifayət qədər istifadə olunub.

Kərkükdə referendumun keçirilməsi məsələsinə münasibətimiz bəllidir. Referendum keçirilsə də, keçirilməsə də müharibə ehtimalı var. Bu məqamda sizin sualınıza cavab olaraq, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri keçmiş siyasətini davam etdirmir. Əvvəllər İraqın torpaq bütövlüyünü təmin etməyə çalışan bir ərəb dünyası vardı, indi biz onu görmürük. Hazırda İraqın torpaq bütövlüyünü müdafiə edən ölkələr arasında ilk sırada Türkiyə və İran dayanıb. Çünki regionda baş verən hadisələr bu ölkələrə birbaşa təsir göstərir. Referendum bölgədə arzuolunmayan ssenarilərə yol aça bilər.

– Regionda və xüsusilə də İraqda baş verən geosiyasi proseslərdə ABŞ-ın rolunu necə dəyərləndirirsiniz? Həmçinin, kürd məsələsində ABŞ və İsrailin mövqeyi nədən ibarətdir? Bütün bunlar regionda yeni bir münaqişə ocağının yaradılması üçün hazırlıq ola bilərmi?

-Hər bir dövlətin öz maraqları, öz planları var. Ancaq belə görünür ki, böyük dövlətlər bu regionda müəyyən qədər razılığa gəliblər. Bayden daha əvvəl belə bir iddia ortaya atmışdı ki, İraq bir neçə etnik hissəyə bölünsün. Bir neçə gün əvvəl Amerikanın səfiri Bərzaniyə bu vəziyyəti qəbul etmədiklərini söylədi. Bərzani də Avropa ölkələrinə bunu qəbul etdirmək üçün səfərə getdi. Hər nə qədər referendum əleyhinə fikirlər səsləndirilsə də, həmişə onlar üçün bir yaşıl işıq yanıb. Əks- təqdirdə onlar bu cür davrana bilməzdilər. Pərdəarxası bizim görmədiyimiz oyunlar gedir.

– Bəs türkmanlar yaranmış vəziyyətə adekvat olaraq təşkilatlana bilir, yoxsa əksinə, insanlar arasında dərin bir parçalanma var?

– Hazırda İraqda ən çox türkmanlar birlik halını alıblar. Baxın, referendum məsələsində hər nə qədər Bərzani bunun əksini sübut etməyə çalışsa da kürdlər arasında fikirayrılığı var. Qaranzilər bu məsələdə fərqli mövqeyə malikdirlər, hətta Təlabaninin partiyası da iclaslara gəlmir. Yəni hər nə qədər Bərzani bunun əksini sübut etməyə çalışsa da, referenduma etiraz edən kürdlər də var. Mən ordakı millətlərin mövqeyi barədə ümumi mənzərəni sizə təsvir etmək istəyirəm. Sünni ərəblər digərlərinə nisbətən daha dağınıq haldadırlar; nə bir qrupları, nə bir partiyaları var. İraqda tam bir sünni ərəb coğrafiyası belə qalmayıb. Şiələrə gəldikdə isə onların dini bir məcraları var, buna görə də həmrəy ola bilirlər. Ancaq partiya baxımından ən çox siyasi qarmaqarışıqlıq bu hissədədir. Biz türkmanları isə davamlı olaraq parçalanmış halda qələmə vermək istəyirlər. Amma elə bir şey yoxdur. İndiyə qədər eşitmisinizmi ki, bir türkman digərini silahla vursun? Heç görmüsünüzmü türkmanların tərtib etdiyi bir qanun layihəsi məclisdən keçməsin? Düzdür, müxtəlif partiyalarımız var, ancaq ümumi stratejik planda hamımız birik. 14 mayda keçirtdiyimiz Böyük Türkman Qurultayında bütün türkman partiyaların üzvlərini bir araya topladıq və oradan da 9 nəfərlik bir koordinasiya heyəti yaratdıq. Biz də bu proseslərin içindəyik. Türkmanlar bu məsələlərdə ən çox zərər görən tərəf ola bilər, ona görə də bu çətinliklərə baxmayaraq, həmrəy olmalıyıq.

– Türkmanlar birlik olsalar belə, kürdlər kimi dünya ictimaiyyəti tərəfindən dəstək görmürlər. Türkiyə müəyyən qədər dəstək olsa da, digər ölkələrdən heç bir yardım verilmir. Bu istiqamətdə hansı addımlar atılır?

– Biz davamlı olaraq, bu məsələlər ətrafında müzakirələr aparırıq. Əgər türkmanlara dəstək verilərsə, türkmanlar da İraqın torpaq bütövlüyü üçün əllərindən gələni edər. Beləliklə, xain planların üzərinə kölgə düşər. Biz İraqın torpaq bütövlüyünün tərəfdarıyıq, biz burda kraldan çox kralçılıq edirik. Mən Amerikadan, ingilislərdən, fransızlardan, avropalılardan hərbi sahədə dəstək istədim. Dedim ki, Peşmergeye yardım etdiyiniz kimi türkmanlara da kömək edin, ancaq etmədilər. Deyirlər ki, siz konstitusion bir güc deyilsiniz. Mən çağırış etdim, ancaq türk dövlətləri arasında sadəcə, Türkiyə dövlət olaraq bizim yanımızdadır. Bəli, Azərbaycan xalqı da bizim yanımızdadır, bilirəm ki, bizə qarşı böyük rəğbət bəsləyirlər. Qənirə xanım çox sağ olsun ki, problemlərimiz barədə danışıb. Mənim babamın o torpaqlarda qanı var, mənim babam o torpaqlarda şəhid olub.

– Kərkük türkmanlarının bundan sonrakı addımları necə olacaq, hansı planlarınız var?

– Biz əsasən, iki səviyyədə fəaliyyətlərimizi davam etdiririk. Hüquqi sahədə biz Bağdadda ali məhkəməyə referendum məsələsi və Kərkükdə ictimai binaların üzərinə asılan kürd bayraqları ilə bağlı müraciət etmişik.

Siyasi sahədə isə ABŞ və digər ölkələrə, siyasi partiyalara, parlamentlərə təzyiq göstəririk. Hər iki sahədə təsir dairəmizi daha da genişləndirmək istəyərik. Ancaq bütün bu addımlarımız bir nəticə verməzsə və Kərkük referendumdan sonra kürd bölgəsinə çevrilərsə, bu iş silahlı qarşıdurma ilə nəticələnəcək. Buna hazırlıqlı olmalıdırlar. Biz istəmərik ki, vəziyyət o həddə qədər gedib çıxsın.

-Türkiyə İraq türkmanları kimi Suriya türkmanlarına da dəstək göstərdimi? İraqla Türkiyə arasında 50 illik güclü ticari əlaqələr var. Məlumdur ki, İraq Türkiyəyə neft satır. Ərdoğan da çıxışında xəbərdarlıq edib ki, referendum keçirtsələr peşman olacaqlar. Bu barədə nələr deyə bilərsiniz?

– Regionda müxtəlif layihələr reallaşdırılır. Heç kimin ağlına gəlməzdi ki, Fərat Qalxanı əməliyyatı keçirilsin və Türkiyə həmin bölgələrə girsin. Yaxın Şərqdə bəzi keyfiyyət dəyişiklikləri baş verib. PKK\PYD terror təşkilatının fəaliyyətləri türkmanlarla yanaşı Türkiyədə də həssaslıq yaradıb.

– Siz İraqdakı bütün bu problemlərin kökünün məzhəb fərqlilikləri ilə bağladınız. Ancaq bir çoxları belə düşünür ki, bu problemlərin təməlində Səddam Hüseynin devrilməsi dövrü dayanır. İstərdik ki, İranın təsirilə İraqda sünnilərin siyasi proseslərdən uzaqlaşdırılması, sünnilər və şiələr arasında məzhəb münaqişələrinin yaradılması məsələlərinə də toxunasınız… Bir də yadınızdadırsa, Həşdi Şəbinin komandirlərindən biri demişdi ki, əgər Ərdoğan buraya gələrsə, biz onun başını kəsəcəyik.

– Regionda sünni-şiə məsələsi ətrafında münaqişələrin yaradılması köhnə siyasətdir. Hələ 1970-ci illərdə şiələr Səddam Hüseynə qarşı qaldırılırdı, Səddam da onların cavabını çox böyük qəddarlıqla verirdi. Bu proseslərin adını sivilizasiyaların toqquşması, ya da məzhəbsəl münaqişələr belə qoysaq, sonda qazanan tərəf olmayacaq. Bütün bu məzhəbsəl fəqliliklər sadəcə bir bəhanədir, əsas mübarizə neft uğrunda gedir. Digər tərəfdən türkman Həşdi Şəbinin belə bir məqsədi olmayıb, çünki onun komandiri də bizim dostumuzdur, onlar qısa müddət ərzində prezidentlə də görüşəcəklər. Bu dediyiniz fikri daha əvvəl eşitməmişəm.

– Ərşad bəy, belə görünür ki, İŞİD-lə mübarizə çərçivəsində əsas diqqət Mosuldan sonra İraqın şimalında yerləşən Təlafərə yönələcək. Bu barədə nə düşünürsünüz?

– Daha əvvəl də dediyim kimi bu layihənin əsl məqsədi regionu parçalamaqdır. Bu prosesin müxtəlif səbəbləri var. Diqqət etsəniz görəcəksiniz ki, Təlafər İraqın içində təmiz türk qanına malik olan oğuzlardan ibarətdir. Hətta genetik olaraq da, üzlərinə baxan kimi bu, hiss olunur. Elə bil ki, indicə Azərbaycandan gəliblər. Həmin bölgə sırf türk bölgəsidir. Amma Suriyanın içində bir YPG yaradılıb. İŞİD-in Təlafərə gətirilməsi də həmin layihənin bir hissəsidir. Gələcəkdə İŞİD-i Təlafərdən çıxartmaq da planın bir parçasıdır. İŞİD bu bölgəyə yerləşdirildikdən sonra türkmanlar Türkiyəyə üz tutdu, kürdlər isə Rakkaya. Orda sadəcə, İŞİD qaldı. Sonra da İŞİD-i çıxartmaq üçün YPG-ni işə saldılar. Təlafər üzərində də eyni oyun oynanılır. 2004 -cü ildə Əl-Qaidəni, 2014-də isə İŞİD-i gətirdilər. Beləliklə, əsl məqsəd YPG və PKK-nı bu bölgəyə yerləşdirməkdir. Buna görə də Türkiyə bu proseslərə səssiz qalmır. Təlafər həm də zəngin bir şəhərdir, yer altında qaz yataqları, yer üstündə isə böyük buğda zəmiləri var. İraqın ən yaxşı buğdası Təlafərdə yetişdirilir. Buna görə də YPG və onun arxasında duran güclər bu bölgəni nəzarət altına almaq istəyir.

– İraq türkmanları və Suriya türkmanları arasında daha güclü bir koordinasiya qurmaq, kürd xəttinə qarşı bir türkman xəttini yaratmaq… Belə bir missiya həyata keçirilmi?

– Belə bir layihə var. Bizim “Türkməneli cəbhəsi” adlanan bir internet səhifəmiz var. Onu sizin kimi gənclər idarə edir. Bu səhifə keyfiyyət baxımından böyük bir coğrafiyanı əhatə edir. Biz mütləq uzunmüddətli bir siyasət aparmalıyıq, özümüzə bir hədəf seçməliyik. Hədəfi olmayan millət başqasının hədəfinə çevrilər. Bizim bu “Türkməneli cəbhəsi” layihəsini təqdim etməyimizin əsas məqsədi budur. Mən özüm də Suriyada 4 il yaşamışam. Bizim irqimizə alternativ bir irq yoxdur, bir türk öz türkçülüyünü itirərsə gələcəkdə başqasının qulu olar. Biz Suriya türkmanları ilə birlikdə uzunmüddətli siyasət aparacağıq ki, regionda varlığımızı qoruyub saxlayaq.

– Türkiyənin kürd zolağına qarşı istənilən həmləsinə ABŞ mane olmağa çalışır. Sizcə, ABŞ bu siyasətində daha nə qədər duruş gətirəcək?

– Suriyada təhlükəsizlik bölgələrinin yaradılması müvəqqəti bir haldir. Necə ki bir zamanlar İraqın şimalında belə bir bölgə yaradılmışdı… Əslində, 2014-cü ildən belə bir addım atılmalı idi. Ancaq Türkiyə və İran bu məsələdə razılaşa bilmirdilər. Halbuki, bu addım hər ikisinin xeyrinə idi. Bununla da ABŞ Suriyanın içində əl-qol açmağa imkan tapdı.

– Son olaraq, Suriyanın gələcəyindən nə gözləyirsiniz?

– Əgər belə davam edərsə, Suriya İraqdan daha çox bölünəcək. Çünki Suriyada milli azlıqlar çoxdur və bu fərqli qrupları silahlandırmaqda maraqlı olan bəzi qüvvələr var. Suriya daha böyük bir cəhənnəmə çevrilə bilər. Buna görə də ən yaxşısı regionda oynanılan oyunu dayandırmaq, layihənin gerçəkləşməsinə mane olmaqdır.

Yenicag.az

www.yenicag.az

1071
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv