!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Eşşəknamə”si ilə məşhur, “Əfəndi”si kimi ingilis bayrağı olan şair

!Reklam – Yazi

AMEA Tarix İnstitutunun “əməkdaşı” (əslində dissertantı), qubalı şairə Gülarə Aydının tanınmış şair Ramiz Qusarçaylı poeziyasına, şəxsiyyətinə həsr etdiyi “Məni yaman tutub şeir havası” adlı, 2014-cü ildə çapdan çıxmış kitabında yer alan “monoqrafiya-mürşidnamə”sindən Allah və vicdan mühakiməsinə inanan, bu Vətənə, Millətə layiqli övlad olmaqdan ötrü yaşayan bir qələm adamı kimi bəhs etməyə bilməzdim. Əslində, yaradıcı ziyalı sayılan hər bir şəxs heç nəyə gücü çatmasa belə, doğru bildiyi mövqeyi ortaya qoymaqdan çəkinməməli və ya ”bir yazarın əsərlərini daha yaxşı mənimsəmək üçün öncə onun şəxsiyyəti araşdırılmalıdır” (Şəxsiyyət sənətkardan yüksəkdir – A.Blok).

57 illik həyatının son 25 ili Quba rayon ictimaiyyəti arasında keçən, yəni əksəriyyətin yaxşı tanıdığı bir məmur-şairin “bu xalqın (mənsub olduğu xalqınmı?!) vicdan etalonu” olduğunu iddia etməklə xalqı təhqir edən xanım müəllifə “fil qulağından” çıxıb, yazdıqlarına şeir və şüar havasında deyil, vicdan və məntiq anlamında baxmağı tövsiyə edərdim. Çünki yazıçı-filosof Əlisa Nicat demişkən: “istedadlı, hətta dahi olmaq hələ vicdanlı, ləyaqətli xarakterə malik olmaq demək deyil”. Və ya tənqidçi-professor N.Şəmsizadənin etiraf etdiyi kimi “Adi bir yazarı bəzən qaldırıb dağın başına qoyuruq. Bu gün Azərbaycan ədəbi tənqidi meyarsızlıq sindromu yaşayır”. Ən azı, yaxın tariximizdə “ədəbiyyatımızın vicdanı” adlandırdıqları, qoşa şəkil çəkdirməkdən ötrü böyründən çəkilmədikləri Əkrəm Əylislinin “Daş yuxular” riyakarlığı varkən… Mənim də bir vaxtlar rəğbətlə oxuduğum, dinlədiyim “Azərbaycan bayrağı” şeirini (2004-cü ildə vəzifədən atılmaq qorxusu altında yazsa da) əlində bayraq edərək (10 il əvvələdək bayrağı Fətulla Gülən idi), müasir Azərbaycan poeziyasının mübariz bayraqdarı iddiası ilə ünvanlı-ünvansız həcvlər, mədhiyyələr yazaraq, zəhərli cidanı bədii çuvalda gizlətməyə çalışmaqla, özünün girdiyi “bu bataqlıqda” deyil, “içindəki kin yuvası”nda, şöhrətpərəstlik azarında boğulmağa doğru getdiyini nə özü, nə də haqqında məqalə, kitab yazıb, “sirat körpüsündən keçirən”lər görmür deyəsən…

Aramızda, “haqqın elçisi” bildiyi Fətulla hocası kimi “ingilis bayrağı” rolunu oynayan bu tanınmış şairi müəllif xanıma və məlumatsız oxuculara tanıtmaq üçün bəzi mətləblərə işıq salmaq lazımdır. O, ayıq halında məclisdə, çayxanada hörmətli adamlar, millət vəkilləri, yazarlar haqqında “təyinatlı ağsaqqal”, ”fəxri yiyə”, “şöhrət dilənçisi”, “istedadlı bədbəxt”, “ədəbi q….lər” və digər yazılması mümkün olmayan ayamalar işlədirsə, gör içkili, sərxoş halında necə hədyanlar danışır, şəbədələr qoşur, yalanlar uydurur. Burada G.Aydının başqa məqaləsində yazdığı – “Mövlana, Nizami, Füzuli, Nəsimi səviyyəsində hesab etdiyi və sözü millətin mənəvi zirehi olan” bu şairlə aralarında ruhi bağlılıq gördüyü əl-Fərabi, ibn-Sina kimi müdriklərin bir məsəli yerinə düşür: “Kim necədirsə o cür danışır, başqa sözlə, insan dilinin altında gizlənmişdir”. Daha çox “Azərbaycan bayrağı”, “Əfəndim” şeirləri və “Eşşəknamə”si ilə tanınan bu “yüksək statusa layiq” şair birinci şeirində bayrağı quşa – “Şuşada sən qonduğun daşa pir deyəcəyəm”, ikincidə adamı bayrağa – “Sənsən bayrağım daha” bənzətməsini işlədərkən, üçüncü şeirində başqalarını eşşəyə bənzətməklə, bir vaxt “… təpik dəyməmiş bas bayıra” təhqiri müqabilində tərəfimdən özünə verilən –

“Bir özündənrazı ədabaz gədə,
Təpik atmağıyla gəlirkən hədə,
Dedim, kərəminə şükür, İlahi

Şair yaratmısan Sən ki ulağı”– cavabını ört-bastır etmək cəhdini görürük. Bir də ki dua yerinə, oxucusuna minnətdarlıq əvəzinə bir kitabını kimlərinsə binəsini, babasını, nənəsini… söyməklə, başqa kitabını da qohum-qardaşını ”poetik prikola” tutmaqla sonlayan, bir qism əliəyrilərə, mənəviyyatsızlara qataraq bütün xalqı, Vətəni təhqir etməyə, qınamağa cürət edən şairdən bundan artıq nə gözləmək olardı ki?! Bunlardır “bugünkü poeziyamızda sözün şeyxi” olanın “gələcək nəsillərə qoyduğu şərəf mirası”, “bütün poeziyası ilə qurduğu mükəmməl şahlıq”. Və bir də… şəxsiyyəti və yaradıcılığı barədə, Haqqın cəlalı (qüdrəti) ilə cilvəsinin (ilhamın) fərqini ayırd edə bilməyənlərin yazdığı, böyük H. Cavidə, R. Rzaya belə çox gördükləri şişirtmə təriflər, “vicdan etalonu”nu itirmiş təşbehlər… Kulturoloq Aydın Xanın təbirincə desək, “bu yazılanlar ədəbi tənqiddən çox “ədəbsiz tərifə” aid edilə bilər”.

“Monoqrafiya” müəllifinə görə, bir sözə yüz arxın suyunu calayan, hər sözün başına qəddarcasına oyun açan” (Zakir Məmməd), şeirlərində özünün kimliyini etiraf etdiyi kimi – “Allahı da mənim kimi adamdan Allah saxlasın” və ya “Ürəyim köksümdə cəllad kötüyü” misralarıyla çox güman ki, etiraf mərhələsində ilişib qalan şairin “şeirlərində bir mürşid öyüdü var”mış. “Bir misrasını belə bir nəzəriyyə sayaraq” nümunə gətirdiyi, “Asmışam Vətəni kirpiklərimdən, gözümdən Xocalı, Şuşa tökülür” bənzətməsinin uğursuzluğunu (özünü nə boyda böyük və ya Vətəni nə boyda kiçik saymalısan ki, bu cür bənzətməni işlətməyə cürət edəsən…) görməyən “tanınmış ədəbiyyatşünas”ın mürşid, öyüd anlayışlarının daşıdığı məna yükündən xəbərsiz olduğu görünür. Sovet-Rus imperiyası zamanı hərbi xidmətdə (dərc etdirdiyi tərcümeyi-halında 18 ildən bəri İH-də işlədiyini yazmağı “unutsa” da, bunu məxsusi qeyd edir) “şücaətlər göstərən BMP atıcı-operatoru olmuş” R.Qusarçaylı-Həmzəyevin Müstəqillik dövründə Qarabağ savaşında iştirak etmədən (əslində, burada yazmağa utandığım biabırçı bir əskikliklə yayınıb) “Qaytarın Şuşanı, qaytarın mənə” şeiri kimi, məhrəm, ağrılı mövzuları istismar etməklə “dünyada ən böyük vətənpərvərlik məktəbi” yaratmasını, “Qazi ömrü” yaşamasını, “millətin qəhrəmanlıq abidəsi” olmasını yazması da Gülarə xanımın etdiyi ziddiyyətli, anlaşılmaz “etiraflar”dandır.

“Monoqrafiya”nın müəllifi hörmətli G.Aydına və dəyərli oxuculara məlum olsun ki, guya “aristokrat düşüncəsi dünyanın iki qütbünü birləşdirməyə qadir olan” bu məmur-şairin hətta həmkəndliləri, doğma qohum-qardaşı ilə ünsiyyət çətinliyi yaşaması, AYB-nin Quba filialının sədri kimi 12 ildə bacarmadığını – “əyalətin çürüməkdə olan ədəbi dağıntıları arasında boy verib, əraziyə ziyalı nuru yayaraq ədəbi mühit və səmimi ünsiyyət məktəbi yaratdığı”nı (“Ay işığı-15 il”) iddia etməsi, 3 il öncəki tənqidimdən təsirlənərək özünü doğrultmağa calışsa belə, heç də bölgə ədəbi mühitini birləşdirə, əhatə edə bilməyəcəyini sübut edirdi. Çünki bu “istedadlı” bəla Quba bölgəsində özündən üstün və ya özü ilə rəqabətə girmək potensialı olan, ona yalandan da olsa “himayədarım, ustadım” deməyən (əsasən də türk və tat) yazarların irəli getməsinə, AYB-nə üzv olmasına, respublikada tanınmasına əngəl yaratmış, ən azından yardım etməmişdir. Əgər yazar tanınandırsa, mane ola bilməyəndə də nüfuzundan yararlanmağa çalışmış, həmin şəxs öldükdən sonra isə sağ ikən küsülü olsalar belə onunla dostluğundan dəm vurmuşdur.

Müasir Azərbaycan ədəbiyyatının qaymaqlarından olan Sabir Rüstəmxanlı, Ramiz Rövşən və digər bu kimi şairləri şeirlərində, çıxışlarında hədəfə alan, ələ salan bu özünəvurğun şairi, bildiyim qədərincə, bir elə hörmət bəsləmədiyi, bəyənmədiyi böyük “Mirzə Cəlil, Xəlil Rza və başqaları ilə ideal, ruh əkizi” saymaq, yumşaq desək, Gülarə xanımın şair, qadın səmimiyyətindən, məsuliyyətsizliyindən doğan səhvidir, aldanışıdır… Sponsorunun kim olduğu bilinməyən (Azərpoçt-un MTN işilə bağlı həbs olunan sabiq sədri Qəmbər Bəybalayev olduğu söylənsə də) bu kitabla “Monoqrafiya- düşüncələr” adı altında şeirlərini, şəkillərini tirajlayan “Qubanın əlinə düşmüş yeganə şairi” bildik, bəs kitabın redaktoru, tanınmış filoloq- şair Zakir Məmmədin, kitabı 500 tirajla çap edən “Elm və təhsil” nəşriyyatının direktoru, professor Nadir Məmmədlinin və kitab haqqında (əslində, kitabdan bir parça olan) mədhiyyəni rəsmi abunəçilik hesabına 1500 tirajla çap olunan “Şəfəq” rayon qəzetində redaktəsiz dərc edən baş redaktor Qəhrəman Qasımovun məsuliyyətini kim bölüşəcək görəsən?! Məlum şəxsi tənqidçiləri və şəxsini yaxından tanıması imkansız olan qeyri-qubalılar və şeirlərinə vurulmuş qadınlarla təbliğatını quran bu şair-məmur 3 nəfərlə birgə yalan çuğulluq edərək, Quba Xeyriyyə Cəmiyyətini bağlatdırmaqla (burada qeyd etməyi lazım bilmədiyim səbəbdən) Qubanı təmsil etmək haqqını 15 il öncədən itirib əslində…

İndi də kitabın “düşüncələr” qisminə sənətkarlıq, cəsarət nümunəsi olaraq salınmış “seçmə” şeir, bənd və “əsrin şah beytləri”ndən bir neçə misra misal göstərək:

“Allah cibinizdə, pir cibinizdə”; “Çadırdan çadralı kişi boylanır”; “Şuşanı bazara çıxara bildı… bu millət; “Üfunət qoxuyur bu Vətən indi; “Basıblar Vətəni yorğan altına”; “Aşağı, yuxarı qulbeçələrdi”; “Bu xalq qəbilədən ucuz”; “Düşüb xəyanətə rişə olanım, almadan- almaya kişi olanım, kəndim, a kəndim”; “Hər yan cindi, şeytandı…, Bura Qubadı, qardaş, adamlar şair yeyir…” və sair. Allaha, Vətənə, Xalqa, qaçqına, rayonuna, kəndinə (babasının yurdu olan qonşu rayonu cani-dildən tərifləmək, oradan başqa yerləri özünə yamaq, pinə saymaq şərtilə) və s. hörmətsizlik tüğyan edən belə yöndəmsiz misralar onun yaradıcılığında kifayət qədərdir. Belə ki, öz xislətindəki eybəcərlikləri, mənəviyyatındakı mənfilikləri xalqın xarakterik xüsusiyyəti kimi qələmə vermək, nəzmə çəkmək bu “məsul şəxsin” yaradıcılıq üslubunun əsas istiqamətlərindəndir.

7 il əvvəl Z. Məmmədin “Haqqın calalı Qusarçaylı…” kitabına salınmış “…irfani işıqlar” məqaləsi kimi eyni fikirlərin, eyni misalların müxtəlif məzmunlu təkrarı ilə dolu olan bu kitab dəyərli, cəsarətli fikirlərdən, təhlillərdən xali olmasa da, daha çox, “millətin tarix salnaməsi” saydığı Qusarçaylı yaradıcılığında irad tutulası heç nə tapmayan xanım müəllifə görə – “poeziyası vətənə sədaqət iksiri” olan “bütün zamanların şairi”nin “şərəfin ali obrazı” olduğunu sübut etmək yönündə köklənmişdir. Bəlkə imam əl-Qəzalinin özünün belə yüksələ bilmədiyi “mənəvi kamilləşmə məqamının 9 mərhələsini bir məmur-şairin tam ixlasla keçdiyini görərək, şair qələminə təvəkkül edəcək” dərəcədə “havalanmış” müəllif xanımın həqiqətlərdən uzaq qalmış qulaqlarına aşağıdakı misralar sırğa əvəzi olsun barı:

“Məmuru müqəddəs sırıyanların,
Dünyada qoyduğu qara oyundu,
Cəhənnəmə mələk sürüyənlərin,
Qiyamət qopmamış kitabı yandı”.

Allah bir adamı ki əlilləri təhqir edib, adam yerinə qoymayıb, yazdığı şeirlə hallarına acımaq riyakarlığından, “Nə gözəldi yolun, Allah” yazıb, fətullahçı olmadığını göstərmək üçün gələn tapşırığa uyaraq Ramazanda, Bayramda araq içmək haramkirliyindən qorumadı, ona nəinki irfan nəsib etmək, hətta ümidini kəsib deməkdir (onun yaradıcılığından “müdafiə-monoqrafiya” yazan “tənqidçilərin” halına isə həqiqətən acımaq gərək). Quba bölgəsinin bu məşhuri-cahan şairi haqda kitab, məqalə yazanların, onunla çörək kəsib, şəkil çəkdirib paylaşanların, (əgər özünün tayı deyillərsə) utanıb xəcalət çəkəcəyi günlər uzaqda deyl. Son olaraq onu da qeyd edək ki, 18 ildir Quba rayon İH aparatında (hansı “xidmətlərinə” görəsə diplomsuz işə götürülüb və 8 il sonra Moskva universitetinin filialından qiyabiçi diplomu alıb) müxtəlif vəzifələrdə işləməklə məmurlaşmış olsa da, özünü bölünmüş, torpaqları işğalda olan xalqın, millətin nümayəndəsi, şairi sayan şəxsin camaat arasında “oxlov udmuş” kimi özünü dartıb poza verməsi, yekəxana-yekəxana gəzməsi “mən ayrı, siz ayrı” mənasına gəlmirmi?!. Yaltaqların, qorxaqların, ikiüzlülərin, laqeydlərin susması, yarınması sayəsində necə gəldi yazaraq, çap olunaraq meydan sulayanlara, iqtidara yaltaqlanıb quduraraq, özünü “ədalət cəngavəri”, başqasını “erməni törəməsi” kimi qələmə verənlərə bir “dur” deyən, yerini göstərən tapılacaqmı?!

Qələmə aldı: Cabir Alpoğlu Albantürk (şair -publisist, AYB üzvü)

Yenicag.az

www.yenicag.az

2083
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv