Əziz Əzizov cəlilabadlıları üsyana təhrik edir – Şok faktlar

Müəllif: Baş Redaktor

Baş Redaktor

eziz-ezizovRayonda işsizlik yüksək həddə çatıb, əhali kredit borcu içindədir, icra başçısının zülmü isə baş alıb, gedir…

Söhbət Cəlilabad rayonundan gedir. Əziz Əzizov-2006-cı ildə, ölkə başçısının əmri ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Düz 10 ildir Cəlilabadlıların qanını sovurmaqla məşğuldur.

Haqqında əldə etdiyimiz məlumatlar bu iddiaları bir daha sübut etdi. Məlumatda bildirilir ki, Ə.Əzizov rayonda rüşvətxorluq, qanunsuzluq, vəzifəsindən suistifadə ilə məşğuldur. Hətta iş o yerə çatıb ki, şəxsi biznesi olan çörək zavodu onlarla ailənin çörəksiz qalmağına bais olub.

İcra başçısının monopoliyası

Məlumatlı mənbə bildirir ki, Əziz Əzizov rayonda bütün çörək sexlərinə əl qoyub. Beləki, başçı özünə şəxsi çörək zavodu açaraq, bütün sexlərdəki çörək istehsalını qadağan edib: “ Özümə çörək sexi açmışdım. İstər təmizliyi, istərsə də sənədləşməsi, hər şeyi qaydasında idi. Amma başçının əmri ilə sexə möhür vuruldu. Etiraz etmək istədim, sonra şərləyib həbs etdirdiyi adamlar gözümün qarşısına gəldi”.

Rayondakı bütün çörək istehsalı və satışı Ə.Əzizovun monopoliyasındadır. Hətta rayondakı təndirxanaları dağıtdırıb: “Təndirxana demir, özəl sex demir, hamısını bağlatdırır. Rayonda bir dənə də olsun təndir görə bilməzsiniz. Hamısı başçının göstərişi ilə sökülüb. Az qalır ki, evdə bişən çörəklərə də müdaxilə etsin. Hətta Cəlilabad azmış kimi, indi də ətraf rayonlara girişir. Belə görünür ki, tək rayonda deyil, ölkədəki çörək istehsalını və satışını monopoliyaya almaq istəyir”.

“Burda mənəm, Bağdadda kor xəlifə”

Məlumatlı mənbə deyir ki, mövzu çörək olunca, icra başçısının gözü heç nə  görmür. Hətta hakimiyyət nümayəndələrindən birinə məxsus çörək zavodundan gələn çörəklərin belə rayona girişinə qadağa qoyub: “Sumqayıtdan gətirilən çörəklərin rayona daxil edilməməsi üçün xüsusi qrup yaradıb. Halbuki, bunu etmək olduqca risklidir. Amma məsələ çörəkdirsə, başçı hər yola əl atır. Çörək sexi sahiblərini həbs etdirməklə hədələyir. Başçı burada özü üçün kiçik dövlət qurub, diktatorluqla məşğuldur. Düz 9 ildir bu əhalinin canın boğazına yığıb”.

“Ziyarət kimi qorunur, körpə kimi baxılır”

Başçının çörək sexi tam gücündə işləyir. Əksər vaxt gecə Cəlilabadın mərkəzi zülmət qaranlığa qərq olanda, qaz kəsiləndə çörək sexində işıqlar yanır, qaz problemi yaşanmır. Hətta fövqəladə hal yaranıb qaz kəsilsə çörək sexinin anbarına doğranıb yığılan qiymətli ağacların odunları iş ahənginin pozulmasına imkan vermir. Bir sözlə çörək zavodunu gözləri kimi qoruyurlar.

Üstü bəzək, altı…

Mənbə bildirir ki, Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir.

Cəlilabad torpağı Bakıya daşınır

Gözdən pərdə asmaq üçün qismən abadlıq işləri aparılan yerlər var ki, onun da xərci icra başçısının xırda sahibkarlardan zorla aldığı töycü hesabına ödənilib: “Torpağının münbitliyinə görə Cəlilabad SSRİ dövründə 2-ci Ukrayna adlandırıldı. Bu gün də Cəlilabadın o münbit torpağı maşınlarla Bakıya daşınır. Torpağı belə satıb, gəlir əldə edir. Digər bölgələri öz torpağıyla yaşıllığa çevirən Cəlilabad şəhərinin mərkəzi səhranı xatırladır”.

“Toyunuzu mənim restoranımda edin, yoxsa…”

Mənbə qeyd edir ki, rayonda villası olmasa da başçının aylıq gəlir gətirən obyektləri yetərincədir. Onlardan biri də “Tut bağı” adlanan yerdə tikdirdiyi şadlıq evidir. Qeyri-rəsmi göstərişə əsasən rayonda aşağı vəzifə daşıyan şəxs belə xeyir işini mütləq bu şadlıq evində keçirməlidir. Əks halda başçı anadan əmdiyimiz südü burnumuzdan gətirər”.

Başçının fırıldağı

Mənbənin verdiyi digər məlumat isə olduqca maraqlıdır: “Müəllimlər, həkimlər, bir sözlə, büdcədən maliyyələşən təşkilatda çalışanları iməcilik adı ilə məcburi əməyə cəlb edilməsi hesabına da başçı qazanc əldə edir. Belə ki, onların gördüyü iş Kommunal Təsərrüfatı Birliyinin işi kimi qeydə alınaraq büdcədən çıxarılan vəsait mənimsənilir”.

Əzizov onun rüşvətxorluğuna açıq şəkildə etiraz edən, yuxarı instansiyalara şikayət məktubu yazan rayon sakinlərini müxtəlif formada şantaj edərək, şər və böhtana məruz qoyur, məhkəmənin sədri Ə.Ələkbərovun əli ilə həbs etdirir.

Mənbə bildirir ki, Ə.Əzizov prezidentin siyasətinə kölgə salır: “Rayon sakinləri arasında çoxdan nüfuzunu itirmiş Əzizovun fəaliyyətinin yoxlanılması üçün aidiyyəti qurumlara, o cümlədən Hesablama Palatasına, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göstəriş verilsin və bu yoxlamaların nəticələrinə uyğun olaraq da qərar qəbul etsinlər. Yoxsa əhali bu gedişlə üsyan edəcək”.

Prezidentin xəbərdarlığı və…

Prezident İlham Əliyev  dəfələrlə xəbərdarlıq edib, məmurlara əhalini incitməməklə bağlı göstəriş verib. Amma görünür Əziz Əzizov bunu unudur. Elə isə bird aha xatırlatmaq da ehtiyac var: “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb”.

Ölkə başçısı deyib ki, əksər hallarda məmurlarla bağlı müsbət mənzərə müşahidə olunur:“ Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən onlara öz sözümü deyirəm: Gedin, təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim əsas tələblərim”.

Amma nədənsə Əziz Əzizov prezidentin dediyini qulaqardı edir, ya da görməzdən gəlir. Öz diktatorluğuna son verməməyinin başqa adı yoxdur./ azerinfo.org


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır