Yazı İçi 468×60

nigar-02Bildiyiniz kimi, gələn il ölkəmizdə Formula1 çempionatı debüt edəcək. İyunun 19-da keçirilməsi planlaşdırılan Avropa Qran Prisi paytaxt Bakımızın küçələrində baş tutacaq. Yarışın təşkilati işləri ilə məşğul olan “Bakı Şəhər Halqası” (keçmiş “Baku Grand Prix”) şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai “Formula1 Azərbaycanda” (www.f-1.az) saytı üçün eksklüziv müsahibə verib. Həmin müsahibəni nəzərinizə çatdırırıq…

– Gəlin lap əvvəldən başlayaq. 5 il əvvəl biz İdman və Gənclər naziri Azad Rəhimovdan ölkəmizdə Formula1 yarışının keçirilməsi barədə soruşduqda, cavab vermişdi ki, hələ dövlətimiz belə bir yarışın keçirilməsində maraqlı deyil. Maraq necə yarandı?

– Düşünürəm ki, bu işlərin məntiqi bir nəticəsi idi. Belə ki, 5 il əvvəl indi mövcud olan infrastruktur yox idi. Son illər ərzində Azərbaycan artıq çoxlu sayda beynəlxalq tədbirə ev sahibliyi edib. Avroviziya mahnı müsabiqəsi, dünya və Avropa Çempionatları, Bakı 2015 Avropa oyunları və s. kimi tədbirlərə hazırlıq zamanı şəhərimizdə lazımi infrastruktur hazırlıqları aparılıb, yollar, mehmanxanalar, idman obyektləri və s. tikililər hazır vəziyyətə gətirilib. Ölkəmizdə idmanın inkişafına xüsusi önəm verilir. Bütün bu tədbirlərdən sonra Bakının Formula1 kimi mötəbər bir yarışa ev sahibliyi etməsi labüd idi.

– Beləliklə, sizin təmsil etdiyiniz “Baku Grand Prix” (hazırda “Bakı Şəhər Halqası”) şirkəti quruldu və FOM-la işgüzar danışıqlar başlandı. Berni Ekklstonla razılıq necə əldə edildi?

– Danışıqlar 1 il sürdü və hər iki tərəfin maraqlarına cavab verən şərtlərlə müqavilə bağlandı.


– Formula1 tarixində görünməmiş müddətə – 9 illik müqavilə bağlandı. Amma bizim Azərbaycanda, Bakıda keçirilən yarış Avropa Qran Prisi adlanacaq. Nə zamansa bu yarışın adının dəyişdirilməsi nəzərdə tutulubmu?

– Əvvəlcə qeyd edim ki, müqavilə 10 il müddətinə bağlanıb. Bildiyiniz kimi, Formula1 Qran Pri yarışı miqyasına görə beynəlxalq çempionatdır və mütəmadi olaraq hər il təxminən 200 ölkədə və 5 qitədə təşkil olunur. Tədbirə ev sahibliyi edən ölkələr hər biri özlüyündə nadir cəhətləri və müxtəlif kriteriyalar üzrə bir-brindən seçilir. Bu kriteriyalara ölkənin yerləşdiyi coğrafi məkan, yarış trekinin şəhəriçi və ya şəhərdən kənarda olması, gündüz və ya axşam saatında keçirilməsi və s. daxildir.

Buradan çıxış edərək demək olar ki, iyun ayında Bakıda keçirilməsi nəzərdə tutulan yarışa Avropa Qran Prisi adı verilməsi sırf ölkəmizin coğrafi təsnifatı ilə bağlı bir məqamdır. Avropa Qran Prisi titulu Valensiyadan sonra boş idi və bu titulu bizə təklif edəndə onun məmnuniyyətlə qəbul etdik. Belə ki, son illər ölkəmiz Avropaya inteqrasiya yolunda bir çox təbdirə imza atıb. Düşünürük ki, Qran Prinin Avropa qitəsi ilə əlaqələndirilməsi Bakı şəhərinin Avropadan gələn Formula1 azarkeşləri üçün turizm istiqaməti kimi tanınmasına kömək edəcək. Unutmaq lazım deyil ki, Qran Pri paytaxtda, Bakı Şəhər Halqası trekində keçiriləcək və müvafiq kontekstlərdə bu trekin adına da istinad olunacaq. Lakin, əlbəttə, biz bir zaman bu adı dəyişməyi düşünürük.

– Keçən il elə bu vaxtlar Berni Ekklstoun və Hermann Tilke ölkəmizə gəlmişdilər – onların təqdim etdiyi trasın konfiqurasiyası sizinlə razılaşdırılmışdı? Yəni təqdim edilən versiyada sizin hər hansı bir təklifiniz nəzərə alınmışdı?

– Bizim trasın konfiqurasiyası çox maraqlıdır. Biz əminik ki, 20 müxtəlif çətinlikli döngəni, dar keçidləri və ən maraqlısı – 2.2 km uzunluğu olan sahilboyu zolaqda 340 km/saat sürətə çatmağa imkan verən Bakı Şəhər Halqası, cari Formula 1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacaq.

Yarış zamanı avtomobillər Dənizkənarı bulvar boyunca hərəkət edərək, paytaxtımızın ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcəklər. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin müasirliyi və qədim tarixi gözəlliyi birləşdirən tam simasını görə biləcəklər. Biz əminik ki, F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcəyik.

– Nə zamansa Azərbaycan yarışını şəhər trasında deyil, stasionar trasda keçirmək planlaşdırılırmı?

– Doğrusu belə plan yoxdur. Bakının məhz şəhər trasına ev sahibliyi etməsi təsadüfi hal deyil. Bu öncədən planlaşdırılmış bir addım idi. Belə ki, artıq qeyd etdiyim kimi, yarışı izləyən tamaşaçılar Bakının tam simasını görə biləcəklər, bu da, turizm potensialını inkişaf etdirmək və Bakını regional mərkəz kimi təqdim etmək baxımından çox önəmlidir.


– Formula1 təqvimində şəhər trasları çox olub, elə indi də Melburn, Monako və Sinqapur Qran Priləri var. Bu trasların təcrübələri öyrənilirmi?

– Formula1-in gələn mövsüm üçün ilkin təqvimində yer alan şəhər trekləri arasında Monako, Sinqapur və Melbrunla yanaşı Bakı Şəhər Halqası da var. Əlbəttə, bizdən öncə olan şəhər yarışlarının da təcrübəsi öyrənilir, maarfiləndirici səfərlər təşkil olunur. Bizə Sinqapur modeli daha yaxındır. Bu məqamda mən yarışın iqtisadi faydasından söz açmaq istərdim. Belə ki, yarışa ev sahibliyi edən ölkələrin mənfəətini bir neçə faktor müəyyən edir: təşkilatçı ölkənin dünya mediasında istisnasız yayımı və təbliğatı (yarış 187 ölkədə 500 milyondan çox tamaşaçı tərəfindən izlənilir), turizmin yüksəlişi, avia uçuşlarda artım və otel infrastrukturunun tam istehlakı.
Misal üçün, Sinqapurun Qran Pri günləri ilə əlaqədar ölkədə avia uçuşlarda, bilet satışlarında, otel və restoranlar şəbəkəsinin fəaliyyətində görünməmiş canlanma müşahidə olunur. Biz Sinqapur təcrübəsinin müsbət tərəflərini Azərbaycanda da tətbiq etmək istərdik.

– Qran Pri 3 gün davam edəcək – trasa yaxın ərazilərdə hərəkət qrafiki necə olacaq? Ərazidə yerləşən dövlət qurumlarında, firmalarda iş qrafiki dəyişdiriləcək?

– Qran Pri günlərində trek üzərinə düşən yollar yarış saatlarında tamamilə, qeyri-yarış saatlarında isə qismən bağlı olacaq. Bununla bağlı şəhər sakinlərinin maneəsiz hərəki üçün alternativ marşrutların hazırlanması üzrə müvafiq dövlət qurumları ilə iş gedir. Plan hazır olan zaman, paytaxtda müvəqqəti infrastruktur dəyişiklikləri ilə bağlı müvafiq ismarışlar və təbliğat-maarfiləndirmə işi aparacayıq.

– Təmsil etdiyiniz şirkətin başçısı Arif Rəhimov müsahibələrin birində tribunların 19 min 500 tamaşaçıya nəzərdə tutulduğunu demişdi – bu az deyil?

– Bəli, ilkin plana görə, Bakı Şəhər Halqası boyu bu il 19 500 oturaq tamaşaçı yerləri nəzərdə tutulub. Bundan əlavə yarışı izləmək üçün ayaqüstü tribunalar qurulacaq ki, ümumilikdə məkanın canlı izləyici tutumu 40 000 ətrafında olacaq. Düşünürük ki, təhlükəsizlik və rahatlılıq meyarlarını nəzərə alaraq bu rəqəmin artırılması düzgün olmazdı.

– Tras keçən küçələrdə asfalt örtüyü tam dəyişəcək yoxsa yalnız üz qatı? Qəmbər döşənmiş iki sahənin taleyi necə olacaq?

– Cari tikinti-quraşdırma layihəsinə əsasən 6 km-lik dairəvi marşruta düşən mövcud yolların təmir olunması və yeni asfalt qatının salınacağı gözlənilir. Şübhəzsiz ki, Formula1 standartlarına müvafiq olaraq yenilənmiş bu yüksək keyfiyyətli yollar yarışlardan sonra şəhər sakinlərinin istifadəsində olacaq. Üzərinə qəmbər daşları döşənmiş olan sahələrdə isə xüsusi qoruyucu örtük və onun üzərinə müvəqqəti asfalt qatı qoyulacaq ki, yarışdan sonra bu örtük çıxarılacaq. Bundan əlavə, İçəri Şəhərin perimetri boyunca Qala Divarlarının yüksək sürətlə hərəkət edən avtomobillərin səs titrəmələrindən və zərbədən qorunması üçün xüsusi qoruyucu qat çəkilməsi planlaşdırılıb.

– Digər Qran Prilərdə Formula1 yarışına dəstək yarışları da keçirilir – bizdə belə yarışlar nəzərdə tutulub? Ümumiyyətlə, Qran Prinin həftəsonunda hansı əyləncəli proqramlar yer alıb?

– Avropa Qran Prisi həm avtomobillərin sürət yarışını izləmək, həm də Formula1 həftəsonunu ailə ilə birlikdə əylənərək keçirmək üçün gözəl fürsət olacaq. Cari ilin dekabr ayında satışa çıxarılacaq biletlər əsas yarışlara və yarış ərəfəsində keçiriləcək əlavə avtomobil yarışlarına, müxtəlif əyləncələrə, konsert tədbirlərinə girişi də özündə əhatə edəcək. Yarış həftəsonu əylənəcə xarakterli tədbirlərlə və konsert proqramları ilə bol olacaq.

– Yarışın nəticəsinə görə ilk üçlüyə təqdim olunacaq kubokların dizaynı hazırdır?

– Hazırda dizayn ətrafında iş gedir.

– Yarışda çalışacaq marşalların və könüllülərin yığımına nə zaman başlanacaq?

– Yarışın təşkilatçılığında xüsusi çəkisi olan F1 marşalları və könüllülərin cəlb olunması və təlimləri bizim üçün önəmlidir. Yarışda həm yerli, həm də xaricdən gələn könüllülərin və marşalların iştirakı gözlənilir. Könüllülük proqramına bu ilin dekabr ayında start veriləcək və yeniliklərlə bağlı bütün məlumatları saytımızdan izləmək mümkün olacaq. Bundan əlavə, suallar və iştirakla bağlı “Mən də bacararam!” başlıqlı məktublara volunteers@bakugp.az elektron məktub ünvanı vasitəsilə cavab verilir.

– Uzun illərdən sonra biz həvəskarların, fanatların arzuları gerçəkləşmək üzrədir. Buna görə sizə, sizin şirkətə, başçınız Arif müəllimə, nazir Azad müəllimə və bu işdə əməyi olan hər bir kəsə minnətdarlığımızı bildiririk. Ümid edirik ki, ölkəmiz bu yarışa sadəcə ev sahibliyi etməklə kifayətlənməyəcək və tezliklə biz çempionatda öz sürücümüzü və komandamızı da görəcəyik…

– Biz də Sizə təşəkkür edirik. Formula1 ölkəmizdə keçirilən ən maraqlı və böyük idman yarışlarından biri olacaq və biz əminik ki, birlikdə bu yarısı ən yüksək səviyyədə keçirə biləcəyik…(f-1.az)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 54
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."