yenicag.az
yenicag.az

Faiq Sücəddinov: "Əsl kişi nə sevdiyi, nə də gəzdiyi qadından danışmaz"

Faiq Sücəddinov: “Əsl kişi nə sevdiyi, nə də gəzdiyi qadından danışmaz”

Müəllif: Redaktor

Editor

Müsahibim məşhur Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli Faiq Sücəddinovdur. Məşhur bəstəkar silsilə mahnıları ilə bir çox müğənnilərin populyarlaşmasına səbəb olub.

Görüşümüz Yaşıl Teatrda baş tutdu. Faiq müəllimi kabinetində pianonun başında gördük. Mane olmadan oturub, onun ifasını dinlədik. Barmaqları sanki pianonun dillərində uçurdu. İfa etdiyi musiqi də çox möhtəşəm idi…

Təqribən beş dəqiqəlik ifadan sonra söhbətimizə başladıq.

Bəstəkar Faiq Sücəddinovun Yeniçağ.az-a müsahibəsini təqdim edirik:


– Faiq müəllim, sizi xoş gördük.

– Sizi də xoş gördük. Çox sağ olun.

– Öncə yaradıcılığınızda olan yeniliklərdən söhbət açmanızı istərdim.

– Yeniliklərdən fortepiano əsərlərim, iki diskim var: biri “Vətən balladası”, biri də “Nə yaxşı ki, varsan”. Birincidə 25 fortepiano əsərləri var, o birisində də 16 və xatirə qalsın deyə , 3 mahnı da mənim ifamdadır. Təbii ki, mən müğənni deyiləm (gülür). İnanın mənə, sənət varsa, bu elə özü yenilikdir. Yenilik odur ki, sənətinlə məşğul olasan. Həmişə axtarışdayam və yeni nəsə yazmaq istəyirəm. Kiməsə bənzəməkdən, təkrarlamaqdan xoşum gəlmir Bizim sənət çətindir və zəhmət tələb edir. Baxın, stolun üstündə nə görürsünüzsə, bunlar hamısı yeni əsərlərdir. (əli ilə göstərir) Burda mahnıdan başqa, instrumental, kamera əsərləri ilə yanaşı, kiçik orkestr və royal üçün də bəstələr var. Hər gün pianonun arxasına keçib yeni nəsə ifa etməsəm, elə bilərəm ki, nəsə itirmişəm. Mənim beynim 24 saat işləyir. Addımladığım addımı da yadıma salıb, onu da fikirləşib, nota yazıram. Hətta bir dəfə oturub pianoda ifa edirdim. Bir nəfər də kənardan məni diqqətlə izləyirmiş. İfanı bitirdikdən sonra o, mənə dedi ki, “Faiq müəllim, nə yaxşı pianoda barmaqlarınız qaçır”. Dedim ki, “mən hər gün ifa etdiyimə görədir bu”. Əlbəttə ki, ifa etməsəm barmaqlar qaçmaz. İstedad öz yerində, bəstəkarlıq çox çətin, həm də bilik sevən bir sənətdir. Ancaq istək istedadla mümkün deyil. Bunun elmini biləndən sonra istedad yeni nəsə icad etməyə böyük dəstək olur.

Mən 1969-cu ildə Asəf Zeynallı adına Musiqi Akademiyasını bitirdim. Ancaq bu günə kimi pianoçu kimi fəaliyyət göstərirəm. Hətta xarici ölkədə də 7 il pianoçu kimi fəaliyyətimi davam etdirdim. Orada bəstəkarlıq lazım deyildi, yalnız nəyisə öyrədib, öyrənmək lazım idi. Hal-hazırda da İncəsənət Universitetinin “Kino rejissorluğu və operator sənəti” kafedrasının professoruyam. Onu da deyim ki, rejissorla bəstəkarın işində ümumi cəhətlər çoxdur. Kütləvi bayram konsertlərini, kinonu, televiziyanı, teatrı rejissorsuz necə təsəvvür etmək olar? Təbii ki, orada musiqi də mütləqdir. Məsələn, teatrda tamaşanın musiqisiz olması mümkünsüzdür, həmçinin də televiziyada da…. Hərdən öz-özümə fikirləşirəm ki, Tofiq Quliyevin, Emin Sabitoğlunun musiqiləri o qədər zəngin olub ki, kino qalıb bir tərəfdə, o musiqilər bizimlə indi də yaşayır. Xarici bəstəkarlardan Bethoven, Sebastyan Bax, Qendra, Qluk, bunlar hamısı 17-ci əsrdə yazıblar, amma əsərləri bu gün də yaşayır.

– Mahnı janrında hansı yeniliklər var?
– Hər bir insan öz həyatında nəsə etməlidir. Özündən sonra iz qoymalıdır. Tanrı bizi dünyaya bir elçi kimi göndərib. Hər bir sənətdə yenilik olmasa heç birimiz tanına bilmərik. Elə götürək 2015-ci ildə ölkəmizdə keçirilən Avropa Oyunlarını. Avropa Oyunları bugünki Azərbaycanın bir güzgüsüdür. Biz nəyə qadir olduğumuzu, dünənimizi, bu günümüzü ən xırda detalına qədər həmin oyunlarda bütün dünyaya göstərdik. Üzeyir Hacıbəyovdan başlayaraq, xalq mahnılarımız və folklor nümunələrimizin hamısı müasir ritmdə ifa olundu. Bizə ən önəmli alov və sudur. Rəmzlərimizdir. Bizdən sonra Rio De Janeyroda Olimpiya Oyunları , Soçi də isə Qış Olimpiya Oyunları keçirildi. İnanın, mənə bizimki hamısından yüksəkdə idi. Çünki bizim çox zəngin musiqimiz var.

– Zəngin musiqilərimizdən biri muğamdır…

– Bəli . Bizim kodumuz var, o da muğam kodudur. Muğamın tarixi yoxdur. Muğam əsrlərdən bizə gələn bir paydır. Biz bəstəkarlar, şəxsən mən muğama köklənmişəm. Tək mən yox, elə musiqi sənətimizin dahiləri də… Üzeyir Hacıbəyov da, ( “Leyli və Məcnun”, “Koroğlu”, “O olmasın, bu olsun”, “Arşın mal alan”), Qara Qarayev də öz əsərlərində muğama söykənimlər. Fikrət Əmirovun “Şur- Azərbaycan Kapriçosu”, bütün simfonik poemalarının hamısı, Niyazinin “Rast” simfoniyası muğamla bağlıdır. Mən də onların davamçısıyam. Çox istərdim ki, bu ənənə davam etdirilsin. Bizim gənc bəstəkarlarımız bu dəyərləri itirməməlidirlər. Milli köklərimizə arxalanmaq lazımdır.

– “Ölülər XXI əsr” bədii filminə musiqi bəstələmisiniz…

– Bəli. 2016-cı ildə Cəlil Məmmədquluzadənin “Ölülər XXI əsr” bədii filminə musiqi bəstələdim. Rejissoru Tahir İmanov idi, ssenarisini də onlar yazmışdı. Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir həmişə müasir qalacaq. Filmi də çox bəyəndilər.

– Müğənnilərin əksəriyyəti daha çox fonoqrammaya üstünlük verirlər. Siz necə?

– Mən televiziyalarda və konsertlərdə canlı ifa edirəm. Hesab edirəm ki, ən gözəl ifa fonoqramma yox, canlı ifadır. Canlı ifa hər zaman fizioloji olaraq insanın durumunu göstərir. Fonoqrammada nəyisə dəyişdirmək olmur, ancaq canlıda mümkündür. Mən heç zaman musiqidən həzz almıram, onu tənqidi tərəfdən dinləyirəm. Dinləyə-dinləyə musiqini beynimdə araşdırıram. Axıra kimi heç nəyə qulaq asmıram. Çünki ardını bilirəm. Yeddi notdur, heç nə dəyişmir və bütün dünya yazır. Elə etmək lazımdır ki, nəyəsə bənzəməsin, bizə və ruhumuza daha yaxın olsun. Ruhumuza yaxın olarsa, bunu bütün dünya qəbul edəcək.

– 7 il xarici ölkədə yaşadınız. Ölkədən kənarda olmağınız nə ilə bağlı idi?

– Bəli. Uzun illər xarici ölkədə işlədim. Orada araşdırma ilə məşğul idim. Onların musiqilərini öyrənirdim. Hətta mətbəxləri ilə də maraqlanırdım (gülür). Onların musiqisi ilə mətbəxləri bir-birinə vəhdət təşkil edir. Çox dərinə gedəndə onların meyvələri, tərəvəzləri, insanları, zarafatları, iqlimə görə geyimləri də bambaşqadır. Bütün bunlara rəğmən 7 il ərzində dərk etdim ki, bizim ölkə daha zəngindir. Onların özləri də bunu etiraf edirdi ki, bizim musiqi olduqca zəngindir. Yadıma gəlir, Sovet vaxtında Moskva Musiqi Akademiyasında professorlar deyirdilər ki, “Çaykovski, Qlinka lazım deyil. Hər bir xalq öz musiqisini yazsın”. Məsələn, Hindistanın bir ifaçısı Amerikaya gedəndə, hamı onun ifasına valeh olur. Çünki onun ifası yeni bir tərzdir, kimisə yamsılamır. İnanın ki, Azərbaycan muğamı harda eşidilirsə hamı dəhşətə gəlir və ona valeh olmayan adam qalmır. Fikrimcə, hər insanın yorğanı özü üçün olmalıdır. Mənim yorğanım da mənimçün olsun. Bizdə hər şey gözəldir. Mənə öz vətənimdə çox rahatdır.

– Çox maraqlıdır, ilk bəstənizi necə xatırlayırsınız?

– O vaxtlar estrada orkestrində pianoçu idim. Orkestr mənim üçün bir laboratoriya idi. Oranjiman etməyi, hansı notların hansı imkanları olduğunu öyrəndim. Mənim bəxtim gətirdi ki, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Anatollu Qəniyev, Oqtay Ağayev, Flora Kərimova, İlhamə Quliyeva kimi sənətkarlarla işlədim. Yadımdadır ki, ilk dəfə bədii şuraya daxil olanda, Musiqi Akademiyasının III kurs tələbəsi idim. Bitirirdim deyə, mənə icazə verdilər. Elə ilk ciddi yaradıcılığım da ordan başladı. Heç vaxt da yadımdan çıxmaz: Emin Sabitoğlu, Cahangir Cahangirov, Şəfiqə Axundova ilə yanaşı mən də bədii şuranın münsif heyəti idim. Həmişə onlara yer verirdim və özüm qalırdım axıra…(gülür).

– İndi kiçiklər böyüklərimizə yol verirmi?

– Bəli… Bilirsiniz, insan həyatda da mədəni olmalıdır, yalnız televiziyada deyil. Hərdən hardasa növbə gözləyəndə yaşıma, sənətimə görə deyirlər ki, “Faiq müəllim, keçin önə”. Mən keçmirəm, hamı kimi dayanıb, növbəmi gözləyirəm. Bir söz deyim ki, ümumiyyətlə, televiziyaya tez-tez çıxmaq da özü bir mədəniyyətsizlikdir. Az-az çıxarlar, mənalı çıxarlar.

– İlhamə Quliyevanın adını çəkdiniz. İlhamə Quliyeva bir zamanlar yazdığınız silsilə mahnılarla populyarlaşdı. Hazırda elə biri varmı ki, silsilə mahnılarınızla ulduza çevrilsin?

– Çox adama silsilə mahnılar yazmışam. Heç vaxt yadımdan çıxmaz: 80-ci ilin ortaları idi; Nisə Qasımovaya, Şövkət xanıma, Gülağa Məmmədova, Rəşid Behbudova, Zeynəb Xanlarovaya, Flora Kərimovaya, həmçinin İlhamə Quliyevaya da silsilə mahnı yazırdım. Yeni nəfəs, yeni fikirlə nəinki, İlhamə Quliyeva, müğənnilərimizin çoxu populyarlaşdı. Bunların içində Brilliant Dadaşova da var. “Fikrim dolaşır, ruhum əzilir”, “Əgər məni unutsan”, “Azərbaycan” “Nəğmələr”… bunları Brilliant xanım ifa edib. Bu gün də müğənnilərin çoxu yanıma gəlir. İnsan tarixdə qalmaq üçün öz sənətinə ciddi yanaşmalıdır. Bəzi müğənnilərimiz zaman keçdikcə maraqsız olacaqlar, tarixdən silinəcəklər. Ancaq gözəl müğənnilərimiz də var.

– Yeni nəslə tövsiyyəniz nədir?

– Bu sənətə axın böyükdür. Çox istərdim ki, gənclər öz üzərində daha çox işləsinlər, tarix yazsınlar, yaddan çıxanlar sırasında olmasınlar, yeni mahnılar ifa etsinlər. Onların əksəriyyətinin bayağı ifaları xoşuma gəlmir və çox tənqidi yanaşıram. Çünki mənim xəmirim ayrı cür yoğrulub. Nə deyim… arzularla yaşayıram, görək də necə olur.

– Hazırki şou-biznes əhlini necə dəyərləndirirsiniz?

– Bizdə şou-biznes yoxdur. Mən onlardan kənardayam.

– Faiq müəllimin sənətində özünə rəqib gördüyü bəstəkar var?

– Bəstəkarlıq belə bir sənətdir ki, burada rəqib yoxdur. Hər bir bəstəkar öz musiqisini yazmalıdır. Hər oxuyanın öz dəsti-xətti olmalıdır. Kimisə yamsılasan, o irəli gedəcək, sənsə geridə qalacaqsan. Heç kimi nə rəqib bilirəm, nə də fikirləşməmişəm ki, rəqibdir ya yox. Sənət mənim qəlbimdə çox böyük yer tutur.

– Musiqi sizin üçün nədir?

– Musiqi hər zaman insanı əhatə edir. Sevgi musiqidir, səslər… o da musiqidir. Böyük xoşbəxtlik, odur ki, kaş səsim olaydı, sevdiyim qıza mahnı oxuyardım (gülür). İnsan gözəl meyarlarla yaşamalıdır. Bəxtiyar Vahabzadənin bir yaxşı sözü var: “Əvvəlcə səs olub, sonra söz”. Səslə danışıb, sonra sözə çeviriblər. 6 yaşım olanda anam əlimdən tutub, məni musiqi məktəbinə apardı. Musiqiyə o vaxtdan vurğunam. Sənətimə böyük sevgim, hörmətim var. Bizim nəslimizdə bir mənəm bu sənətlə məşğul olan. Hesab edirəm ki, mənim anam müdrik qadın olub. Mən də musiqini ömrümün sonuna kimi özümlə daşıyacam.

– Sevgisiz yaradıcılıq olmaz…

– Sevgisiz, ümumiyyətlə heç bir şey mümkün deyil. Sevə-sevə musiqi yazılmalıdır, şeir oxunmalıdır, ifa edilməlidir. Hətta xörək bişirəndə də sevə-sevə bişirmək lazımdır. O zaman xörək də dadlı olur. Mənim bir dostum var, deyir ki, həyat yoldaşımla mehriban olanda bişirdiyi xörək də çox dadlı olur. Amma elə ki, aramızda bir balaca gərginlik yarandı, yeməyin də dadı başqalaşır. Çünki su özünə mənfi və müsbəti götürür. Səhər duranda üzdə təbəssüm olmalıdır. Doğrudur, bu, çətindir, ancaq lazımdır. Bəzən düşünürəm ki, daxilimdə bir insan oturub. Öz-özümlə danışıram, hərdən tənqid, hərdən də tərif edir məni. Ancaq tənqidi tərəfim də çox olur (gülür).

– Müsahibələrinizin birində də demisiniz ki, “məhəbbət olmayan yerdə musiqi olmaz”…

– Ümumiyyətlə, ciddi və xoş əhval-ruhiyyə musiqi yaradır. Qaraqabaq olmaqla musiqi yazmaq olmaz. O zaman özün-özünlə mübarizə etmiş olursan.

– Məhəbbətiniz olan qadına musiqi bəstələmisiniz?

– (Gülür) Kişi heç vaxt nə sevdiyi, nə gəzdiyi qadından danışmaz.

– Qadın heyrətamiz varlıqdır.

– Təbii… Biz bir-birimiz üçün yaşayırıq. Ancaq sizin missiyanız çox böyükdür, dünyaya övlad gətirirsiniz. Həmişə qadına böyük hörmətlə yanaşmışam. Qadın Tanrıdan göndərilən böyük bir varlıqdır. Əsasən də Azərbaycan qadını.

– Yaradıcılıqda ən böyük uğurunuz?

– Uğurlarım çox olub. Mən hər addımımı uğurum kimi dəyərləndirirəm (gülümsəyir).

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Foto Qalereya:

Xəbərlər, Manşet, Müsahibə, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti