Yazı İçi 468×60

Bir müddət əvvəl bir sıra mətbuat orqanlarında millət vəkilinin evində işlətdiyi fəhlələrin pulunu verməməsi ilə bağlı yazılar diqqət çəkdi. Adıçəkilən şəxs 41 saylı Sumqayıt I seçki dairəsindən seçilmiş deputat və  “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilov idi. Hansı ki, o, həm də biznesmen kimi tanınır. Sabirabad rayonunun Kovlar kəndində anadan olan Mirzəcan Xəlilov 2005-ci ildə 63 saylı Sabirabad I Seçki Dairəsindən deputatlığa namizəd olub. Hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputat olmaq istəyən M. Xəlilov sonradan məğlub olub. 2006-ci ildə 44 saylı Sumqayıt Seçki Dairəsindən namizəd olsa da, bu dəfə də deputat mandatı qazana bilməyib. Onun təkrar olaraq 65 saylı Sabirabad-Saatlı-Kürdəmir seçki dairəsindən namizədliyini irəli sürməyə hazırlaşdığı söylənilsə də, YAP-ın açıqlanan namizədlər siyahısında adı çıxmayıb. Lakin son olaraq, 41 saylı Sumqayıt I seçki dairəsindən Milli Məclisə vəsiqə qazanan M. Xəlilov demək olar ki, 10 ildən sonra öz arzusuna çatır.   

M.Xəlilov millət vəkilindən daha çox fəhlələrin “pulunu mənimsəyən” adam kimi yadda qalıb. 2015-ci ildə Zaur Mikayılov media vasitəsilə bəyan edib ki, Xəlilovun Novxanıdakı nəhəng şəxsi imarətinin sauna hissəsinə jalüzilərin qurulması işini görüb, dizayner xidməti göstərib. Prosesin gedişində işlərin həcmi artıb. Z. Mikayılovun sözlərinə görə, razılaşdıqları işin 3950 manatdan 4900 manata qədər artacağını bildirəndə M. Xəlilovun əlaltıları işə davam etməsini və pulun qalanının da ödəniləcəyini deyiblər.

Lakin nəticədə, M. Xəlilov ilkin razılaşmadan kənara çıxan 1000 manata yaxın pulu ödəməkdən imtina edib. O, hətta zəhməthaqqını tələb edən ustanı kobud sözlərlə təhqir edərək, villasından qovub.

2016-cı ildə də demək olar ki, eyni hadisə təkrarlanır: Mirzəcan Xəlilov villasında işlətdiyi ustaların pulunu vermir. Bu azmış kimi ustalara briqadirlik etmiş Laçın rayonundan məcburi köçkün olan Zülfüqar Əliyevi də öldürməklə hədələyib. Z. Əliyevin sözlərinə görə,  2013-cü ildə Mirzəcan Xəlilovla Novxanıdakı villasında fasadın təbii daş örtüyü ilə üzlənməsi üçün aralarında anlaşma olub.

Materialların alınması, daşınma xərcləri və işçilərin zəhməthaqqısı… ümumilikdə 185 min manat dəyərləndirilib. Zülfüqar Əliyev də briqadiri olduğu 20 nəfərlik usta-fəhlə heyəti ilə işə başlayıb. 2014-cü ilin may ayına qədər işlərin 90 faizə yaxını görülüb. 2014-cü ilin may ayından isə Mirzəcan Xəlilovla Zülfüqar Əliyev arasında problemlər meydana gəlib:

“Materialların qiymətləri getdikcə bahalaşdığı və ortaya görüləsi əlavə işlər çıxdığından bəlli oldu ki, 185 min manat işi sona çatdırmağa bəs etməyəcək. Hesabladıq ki, materiallar və işçilərin zəhməthaqqı üçün əlavə olaraq 55 min manat da lazımdır. Villa dəyəri bir neçə milyon olan böyük bir saraydır. Mirzəcan Xəlilov onun sarayı üçün aldığım materialların pulunu vermir ki, aparıb ödəyim. Onun mənə ümumilikdə 55 min manat borcu var”.

Həmin villada çalışan digər ustalar Rizvan Şükürov və Vasif Həsənov tərəfindən də mediada daha bir şikayət yer aldı. R.Şükürov qeyd edib ki, rəhbərlik etdiyi 6 nəfərlik briqada M.Xəlilovun Novxanıdakı evində “malyar”, alçiban, ”poduqa” işlərini görüb:

“Mirzəcan müəllimin şəxsən özü ilə qiymət razılaşmamız olub. 2014-cü ilin iyun ayında işə başlamışıq. Bir il sonra evi təhvil vermişik. İş kvadratla ölçülüb, hesabatı gedib, bəlli olub ki, 79.850 manat zəhməthaqqı edir. Mirzəcan Xəlilov həmin məbləğin 12800 manatını borclu qalıb. Bu günə qədər də həmin borcu vermir”.

Yuxarıda qeyd edilən şikayətlərdən bəlli olur ki, M.Xəlilov milyonlarla qiyməti olan villasında çalışan fəhlələrin əməkhaqqlarını ödəməmək kimi bir “vərdişi” var. Bəs görəsən bu cür “adəti” olan Mirzəcan Xəlilov deputat kimi necə tanınır?

Bu məqsədlə Yeniçağ.Az saytı jurnalistlər arasında “Mirzəcan Xəlilov” adı beyninizdə ilk olaraq hansı fikirlə assosiasiya olunur?” sualı ilə sorğu keçirib.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal: “Deputat olduğunu bilirəm. Amma heç vaxt deputatlıq fəaliyyəti ilə bağlı hər hansı çıxışına rast gəlməmişəm”.

Müstəqil İnformasiya Agentliyinin redaktoru Zaur Əhməd: “Mirzəcan. İlk dəfə bu adı eşidəndə nəsə canayaxın, mehriban, qayğıkeş bir obraz göz önünə gəlir. Amma bir balaca fikirləşirəm və yadıma düşür ki, yaşadığım ərazidən deputatlığa namizəd idi. Seçki günü MirzəCAN müəllimin adamları, başda oğlu olmaqla, yüzminlik maşınlarla məntəqələri gəzirdirlər. “Seçki” və “Mirzəcan Xəlilov” deyəndə, Polad Ələmdar və adamlarının CİPdə “operasyon”a getmələri göz önünə gəlir. Bir də Mirzəcan və Milli Məclis deyəndə, təmsil etdiyi kasıb seçicilərinin ziddinə gedərək, suyun qiymətinin qaldırılmasını təklif edən deputat yerini “zanit” edən bir adam canlanır gözlərimin qarşısında”.

Avrasiya İnformasiya Agentliyinin (avrasiya.net) rəhbəri Cavid Şahverdiyev: 

“Parlamentdə hər bir deputat öz fəaliyyəti, çıxışı, davranışı və s. xüsusiyyətləri, hərəkətləriylə ictimaiyyət arasında tanınıb. Kiminin adı yaxşı hallanıb, kiminin isə pis. Kifayətdir ki, jurnalist deputatı danışdırsın; kimin qabında nə olduğunu ictimaiyyət yaxşı biləcək. İllərdir ağzına su alıb, yalnız bircə dəfə fikir söyləyən deputatlarımızın da necə biabır olduğunun şahidiyik. “Mirzəcan Xəlilov” adlı deputatın isə olduğunu bilmirdim, o zamana qədər ki, onun fırıldaqçılığı ilə bağlı mediada yazılanları oxumasaydım. Onun villasında işlətdiyi fəhlələrin pulunu verməməsi, fəhlələrə briqadirlik edən məcburi köçkünü ölümlə hədələməsi bu adamın əsl simasını ictimailəşdirib. Onu da deyim ki, belə adamlar parlamentdə az deyil. Mirzəcan Xəlilovun bir dəvəsi əskikdir, bəlkə haralardasa dəvə sürüləri də var. Fəhlənin pulunu kəsmək olar? Onun bu hərəkəti qəbuledilməzdir. Millət vəkili adına layiq olmayan bir hərəkətə yol verib. Onun kimi deputatlar istənilən fəhləni hədələyə bilərlər, lazım gələrsə, haqlarını tələb edənləri döydürə də bilərlər. Gözünü pul tutan adamlar hüquqi dövlətdə yaşasalar da, hüququn aliliyinə hörmət etmirlər. Hüququ qoyaq bir kənara, axı bu məsələdə haqq var – insan əməyinin haqqı. O fəhlələrin əməyi ilə tikilən villada necə rahat yaşamaq olar ki, sən onların haqqını verməmisən? Haqqını verməyən, üstəgəl onları ölümlə hədələyən deputat, deyək ki, hüquqdan, ədalətdən, məhkəmədən qorxmur, bəs Allahdan necə, ondan da qorxmur? Deyəsən qorxmur ki, Xəlilov belə hegemonluq edir, kasıbın pulunu mənimsəyir, haqqını tapdalayır”. /react-text

Teleqraf.com saytının əməkdaşı Nemət Orucov: 

“Deputatdır, amma indiyə qədər parlamentdə heç bir çıxışına rast gəlməmişəm. Onu deyə bilərəm ki, fəal deputat deyil və onunla heç vaxt ünsiyyətdə olmamışam. Ancaq mediada gedən yazılara görə, işlətdiyi fəhlə və ustalara pul ödəmək məsələsində problem yaşayıb. Usta və fəhlələr iddia edib ki, onları işlədib, lakin pullarını tam ödəməyib”.

Moderator.az xəbər portalının baş redaktoru Zülfüqar Hüseynzadə: “Adı qeyri-adi olduğu kimi deputat mandatını da hansısa yolla əldə edən qeyri-adi bir məmurdur”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Röya Rəfiyeva: “Bu deputatı demək olar ki, tanımıram. Yaxın günlərdə villaları barədə məlumat yayılmışdı. Vəssalam, başqa fəaliyyəti barədə məlumatlı deyiləm”.

Haqqın.az saytının əməkdaşı Zaur Rəsulzadə: “Belə bir adam tanımıram”.

Bəxtiyar

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 256
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."