www.sinerjipro.net

SinerjiProWide
Reklam

Onunla söhbətlərimiz həmişə ayaqüstü olub. Vaxtın darlığından gileylənib, mütləq bir gün rahat oturub, bir növ “dərdləşəcəyimizə” dəfələrlə söz verib. Nəhayət, o gün gəldi. Və Bakı Musiqi Akademiyasının rektoru, professor, xalq artisti Fərhad Bədəlbəyli görüş üçün imkan tapdı.

– Fərhad Bədəlbəyli oxucu üçün həmişə maraqlı olub. Bunu tanıdığım insanlar deyir. Sizcə, bu maraq nədən doğub?

– Yəqin səbəbkar mənim soyadımdır. Çünki bu soyadın nümayəndələri Azərbaycan üçün bir vaxtlar çox iş görüblər. Köhnə Sovet küçəsindəki Bədəl bəyin məktəbi adla tanınıb. Əfrasiyab bəy Bədəlbəyli görkəmli dirijor, ilk balet yazarı olub. Muğamata qıyqacı baxılan illərdə Əfrasiyab Bədəlbəyli radioda mütəmadi şəkildə leksiyalar oxuyurdu. Kommunist ideologiyasının yenicə hökm sürdüyü 20-ci illərdə tara qarşı böyük kampaniyalar başladı. Onda Əfrasiyab Bədəlbəyli Üzeyir bəylə çiyin-çiyinə bu məsələdə mübarizə aparırdı. Bəlkə də mənə olan maraq elə bu Bədəlbəyli soyadına görədir.

– Məncə yox. Yəqin Fərhad Bədəlbəyli öz şəxsi dünyasından, maraq dairəsindən o qədər az danışır ki, oxucu da məhz onu bu tərəfdən tanımaq istəyir.

– Bilirsiniz, mən bir az konservativ adamam. Ailə məsələlərini, şəxsi problemləri heç vaxt müzakirə etmirəm. Kim də edirsə, bu, onun şəxsi işidir. Məndə ingilislərin prinsipidir: mənim evim, mənim qalamdır.

– Yəni o qaladan heç kim içəri keçə bilməz?

– Ən azı Şərqdə yaşayırıq, bir az da bizdə müsəlmançılıq qalıb.

– O qalanı bu gün neçə nəfər müdafiə edir?

– (gülür) Mən tək…

– Bəs qalanın sakinləri neçə nəfərdir?

– Yoldaşım, qızım Dilarə və nəvəm.

– Demək komandan meydanda təkdir?

– Oğulu nəzərdə tutursunuzsa… hə. Düzdür, qızım mənim üçün min oğul əvəzidir. Bir gözəl də qız nəvəm var ki, dünyalara dəyişmərəm. Amma etiraf edim ki, ürəyimdə bir oğul niskili qaldı.

– Görürsünüz, qalanın nə gözəl sirləri açılır…

– (gülür) Belə sirləri açmağa hazıram. Özü də çox istəyirəm ki, bir neçə nəvəm olsun. Bir uşaq azdır. Mən axı gec evləndim. Başım sənətə elə qarışmışdı ki… Bəlkə də adi mühəndis, həkim, müəllim olsaydım 5-6 övladım olardı. Amma gəncliyim qastrollarda keçdi. 18 yaşımdan o ölkədən bu ölkəyə səfər etdim. Bir az matrosa oxşayırdım. Elə matros həyatı da yaşamışam. 1977-ci ildən düz 10 il Polad Bülbüloğlu ilə gəmiylə okeanları dolaşıb, düz 5 dəfə dünyanı gəzdik.

– Hamı da sizə bəxtəvərlik verirdi?

– Hə… Onda camaat heç Bolqariyaya gedə bilmirdi. Partiya komitəsindən mənasız suallar verirdilər, “hara gedirsiniz, niyə gedirsiniz?”, deyib, sorğu-sual edirdilər. Bax, biz o illərdə dünyanı gəzdik. Gəmi 10 mərtəbəli idi. Çox nəhəng zalları, iri konsert otaqları vardı. Biz orada çox yaxşı təbliğat da aparırdıq. Onda axı heç Azərbaycanı tanıyan da yox idi. Bizə “rus” deyirdilər. Polad da, mən də yaman dilxor olurduq. Sonrakı səfərlərdə plastinkalar aparıb payladıq. Orada klassik musiqidən ibarət olan müxtəlif konsertlər verirdik. Polad da öz mahnılarını oxuyurdu. Halal yolla çörəyimizi qazanırdıq. Həmin gəmi ilə bütün dünyanı gəzdik. Ta 80-ci illərin sonlarına kimi…

– Yəqin musiqi sizi hər şeydən ayırmışdı, qızlarla tanışlığa vaxt da olmazdı.

– Bağışlayasız məni… (gülür) Musiqi məni heç vaxt qadınlardan ayıra bilməz. Onda da cavan idik, gəmidə də gözəl xanımlar vardı. O gəmi bir röya idi. Bu gün də deyə bilərəm ki, o günlər həyatımın ən xoşbəxt anları idi. Nə isə…

Salamı kasıba verərlər….

– Məncə, Bədəlbəylilər nəslinin nümayəndəsi olmağın özü elə xoşbəxtlikdir.

– Sizinlə tam razıyam. Və mən bununla həmişə qürur duymuşam. Mən gözəl bir sevginin oğul payı olmuşam. Anam çox dövlətli ailənin qızı olub. Atası Tağı bəy Səfərəliyev adla tanınıb. Anam həmişə deyərdi ki, səhər duran kimi “salamı” birinci sizə qulluq edən adamlara verin. Şoferlərə, aşpazlara, nökərlərə… Əvvəla onlar sizə qulluq edirlər, ikincisi də kasıbdırlar. Deyirdi ki, dövlətli sənin salamını almaya da bilər, amma kasıba verdiyin “salam” onu xoşbəxt edər.

– Bu haqq-hesabla sizin xoşbəxt etdiyiniz adamlar çoxdur?

– Özümü deyə bilmərəm, amma dirijor Niyazi elə idi. O cür dahi insan o qədər sadə idi ki… Allah ona övlad verməmişdi. O, harda uşaq görürdü başını sığallayırdı. Yay vaxtı dənizə getməyə peşman olurduq. Bir də görürdün ki, qoşuldu cavanlara, başladı kart oynamağa. Mən də pərt olurdum. Deyirdim maestro, axı onlar kimdi ki, siz onlarla kart oynayırsız. Deyirdi, sən də belə adamlarla ünsiyyətdə ol, dostluq elə. Çünki sənət adamları fürsət düşən kimi səni satacaqlar.

– Siz də onun məsləhətinə əməl etdiniz?

– Əlbəttə. Yəqin ona görə də bu gün mənim dostlarım arasında sənətdən çox uzaq olan – həkimlər, memarlar var.

– Onlar daha etibarlıdırlar?

– Onlarda rəqabət hissi yoxdur. İnsana qısqanclıqla yanaşmırlar. Ona görə də dostluqda etibarlıdırlar. Sənət adamları arasında dostluq həmişə şübhə altında olur. Ay nə bilim, filankəs ad aldı, mən qaldım; ona mükafat verdilər, mənə yox… Bax, bu, bir az anormal ünsiyyətdir. Amma deyim ki, bu cür yanaşma bütün dövrlərdə, bütün ölkələrdə olub. Məşhur bir musiqi tənqidçisi olub – Sezar Kyu. O, Çaykovski barədə elə şeylər yazıb ki… Bu gün onun yazdıqlarını oxuyanda dəhşətə gəlirəm. O cür dahi haqqında elə söz işlətmək sadəcə, gülüncdür.

– Bəzilərinin Üzeyir bəy haqqında dedikləri kimi…

– O söhbətləri mən də eşitmişəm. Onlar elə dahi titanlardır ki, onlara biz heç yaxın gedə bilmərik.

– Bəlkə o dahiləri də ört-basdır edən elə onların dühaları olub?

– Vallah, mən hamının – Niyazinin də, Fikrət Əmirovun da, Qara Qarayevin də nöqsanlarını bilirdim. Amma Üzeyir çox müqəddəs insan idi. Onun heç bir nöqsanı yox idi.

Mən hər gün səhər işə gələndə Üzeyir bəyə “salam” verirəm. Və deyirəm ki, yaxşı ki, sən var idin. Rəhmətlik Süleyman Ələsgərov deyirdi ki, biz hamımız onun çörəyini yeyirik.

– Demək, bu gün bu kürsüdə oturduğunuz üçün Üzeyir bəyə borclusunuz?

– Əlbəttə.

– Amma məncə, bu zirvədə bir qarabağlı geni danılmazdır. Çünki sizin atanız Şəmsi Bədəlbəyli musiqimizin beşiyi sayılan Şuşada doğulmasaydı, siz heç bu yerdə oturmazdınız.

– O da düzdür.

– Əsas odur ki, siz elə genlərinizdə atanıza layiq oğul oldunuz. Heç kim Fərhad Bədəlbəyli barəsində “kürsü onu dəyişdi” demədi.

– Bilirsiniz, bizdə bir söz var: görməmişlik. Son illər bizim bəzi məmurları görürəm də… Salamı da zorla verirlər. İnsanlar arasında varlı-kasıb kimi təbəqələşmə gedir. Bax, bu, çox qorxulu haldır. Mən bu gün yeni nəsil üçün çox narahatam. Axı pul hər şey demək deyil. Gənclərin “ Yeddi gözəl”dən, Nizamidən xəbərləri yoxdur. Mən başa düşürəm, kompüter yaxşı şeydir, amma elə bil bizim bəzi insanlarda robotlaşma gedir. Cavanlar ən elementar şeyləri bilmirlər. Düzdür, qorxduğum bir çox amillər də var. Amma ümidimi o qədər də üzmürəm. İstedadlı uşaqlar var. Məsələn, İsfar Sarabski… İtaliyada təhsil almış Cavid Səmədov. Gözəl səsi var. Yəni musiqimizin sabahını etibar edə biləcəyimiz kəslər var. Amma onlar da həqiqəti görürlər axı…

– Bu da onları ruhdan salır.

– Hər halda mən buna imkan vermirəm. İndi nə edək? Kimsə məndən çox pul qazanırsa, indi mən oturub ağlayım?

– Siz də bu baxımdan varlısınız da…

– Əlbəttə. Mən həmişə fikirləşmişəm ki, kişi dolanışıq üçün heç vaxt ağlamaz. Vəziyyətim pis olar, gedib taksi sürərəm, dolanaram. Kişi olan kəs heç vaxt heç kimdən nəsə ummaz. Mən ilk qazancımı evə gətirəndə bilirsiniz neçə yaşım vardı? 7 yaş. İndiki kimi yadımdadı… Bizim yaşadığımız Zevin küçəsindən İçərişəhərə pilləkənlər vardı. İndi də o yol durur. Yayda maşınla gətirilən qarpızları əllə İçərişəhərə daşıyardılar. Onda biz uşaqlardan xahiş etdilər ki, kömək edək. Dedilər ki, biz də sizə zəhməthaqqı kimi iki dənə balaca qarpız verəcəyik. Mənim iki qarpızla evə girdiyimi görən anam gözlərinə inanmadı. Elə şirin çıxdılar ki… Mən də fəxrlə bacılarıma dedim ki, baxın da…mənim qazandığım qarpızlardan yeyirsiniz. Sonradan da heç vaxt havayı çörək yemədim. Əlimin zəhməti, alnımın təri ilə pul qazandım. Çünki mən o zəhmətin dəyərini hələ uşaqlıqdan bilirəm. Hələ də atamın evində yaşayıram: 4 otaqdır. Ərizə yazıb, dövlətdən bir kvadratmetr də almamışam. Lazımdır? Get zəhmət çək, qazan, al. Çoxları deyir ki, sən SSRİ Xalq artistisən, nə əcəb Prezident təqaüdçüsü deyilsən? Başa düşmürəm, mənə niyə təqaüd verilməlidir axı? Təqaüd o insanlara verilir ki, əmək qabiliyyətləri yoxdur. Mənə nə olub ki? Gedərəm, qazanaram.

– Harda? Restoranlarda?

– Niyə ki? Mənim gül kimi sənətim var. Bağışlayasız məni… xarici ölkələrdə konsert verirəm, qazanıram. Əsas odur, halaldır, şirin qazancdır.

– Fərhad Bisutunda Şirinin əksini yaratdı. Bəs siz?

– (gülür) Şirinlər çoxdur. Əfsus ki, onların ardınca qaçmağa könlüm yoxdur. Mən bir Şirinin əksini yaratdım, bəsimdir.

– O da hər axşam Bədəlbəyli qalasının pəncərəsindən baxıb, yolunuzu gözləyir?

– Yox, pəncərədən niyə baxır ki? Nailə İbrahimova çox yaxşı musiqiçidir. Bu gün də mənimlə çiyin-çiyinə çalışır. Musiqi Akademiyasında kafedra müdiridir. Yaxşı ki, biz ikimiz də musiqi ilə məşğul oluruq, yoxsa bir-birimizi çətin başa düşərdik. Bir də görürsən, gecə saat 3-dür, durub gəlirəm Akademiyaya, pianoda məşq edirəm. O da başa düşür məni… Bir də yaxşı ki, bağ var.

Gecə saat 2-də də olsa qalxıb, nəsə ifa etsəm, heç kim heç nə deməz. Ümumiyyətlə, məndən olsa şəhərdən baş götürüb qaçaram. İndi başa düşürəm ki, Raxmaninov, Çaykovski niyə ən gözəl əsərlərini yazmaq üçün kəndə qaçırmışlar.
Bir iş də var ki, bu gün Abşeronun iqlimi o qədər də ürəkaçan deyil. Bax, hər il Qəbələdə Beynəlxalq Musiqi Festivalı keçiririk də… Vallah, cənnətdir. İnsanın ruhu dincəlir.

– Bəlkə elə Qəbələdə özünüzə bir ev alasınız?

– Elə mən də onu fikirləşirəm. Bax, danışırıq, ona təəssüflənirəm ki, kaş o evi Şuşada ala biləydim. Məncə, onda daha rahat olardım. Amma kim bilir, bəlkə bir 10 il sonra sizinlə Şuşadakı evimdə söhbət etdim. Bu dünyanın işini bilmək olmaz.

 

Zakirə Zakirqızı

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 425
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."