FETÖ Azərbaycanda: gizli sekta dövlətin ən mühüm strukturlarına necə sızdı? – Fotofakt

Müəllif: Baş Redaktor

Baş Redaktor

15554670_841033866039918_962991654_n2016-cı il yanvarın 13-də Vüsal Kərimli yeni yaradılan Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə baş direktor təyin edilib.

Xatırladaq ki, prezident İlham Əliyev 2015-ci il dekabrın 21-də Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılır və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) də Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq yeni qurumun tabeliyinə verilir. Fərmanla, həmçinin, faktiki olaraq, Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bəzi səlahiyyətləri də Bakı Nəqliyyat Agentliyinə verilir.

Yeniçağ.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinə baş direktor təyin edilən Vüsal Kərimli bundan əvvəl “BakuBus” MMC-nin direktor müavini vəzifəsində çalışıb. “BakuBus” MMC 2014-cü ilin aprelində Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus şirkət kimi yaradılıb və hazırda da fəaliyyətini davam etdirir.

Məsələnin diqqətçəkən tərəfi isə bu agentliyə rəhbər təyin edilmiş, ictimaiyyətin yaxından tanımadığı Vüsal Kərimlinin keçmişi ilə bağlı bir çox detallardır. Araşdırmalarımızdan sonra məlum oldu ki, Vüsal Kərimli Lənkəran Özəl Türk Liseyinin məzunudur. 2014-cü ildə qəfildən bağladığı “Facebook” səhifəsində Gülən camaatının imamlarının da aktiv iştirakı ilə FETÖ-nün təbliği ilə məşğul olub. Liseydə oxuduğu illərdən başlayaraq gülənçilərin Azərbaycandakı özəyinin rəhbərliyinin ciddi nəzarətində olan Vüsal Kərimli daha sonra FETÖ-yə sədaqət üçün keçdiyi bütün sınaqlardan müvəffəqiyyətlə çıxaraq, gizli sektanın ən inamlı müridlərindən birinə çevrildi. Azərbaycanda FETÖ üzvlərinin təsir dairəsində olan bir çox strukturlarda çalışan Vüsal Kərimli daha sonra qarşısına daha böyük tapşırıqlar qoyularaq dövlət idarə sisteminə sızdırıldı. Nəqliyyat sistemi ilə əlaqəli işləyən bir neçə firmada menecer kimi çalışan gənc FETÖ-çü 2014-cü ildə Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Bakı meriyasının nəzdində yaradılan yeni nəqliyyat şirkətinə, “BakuBus” MMC-yə rəhbər təyin edildi.

Bakıda keçirilən I Avropa Oyunları zamanı “BakuBus” MMC-nin sürücüsünün avtobusla xarici idmançıları vurmasından sonra ciddi problemlər yaşayan Vüsal Kərimli FETÖ özəyinin səyləri nəticəsinndə öz yerini qoruyub saxlaya bildi. 2015-ci ilin dekabr ayında isə Bakı Nəqliyyat Agentliyinin yaradılmasından sonra bu quruma rəhbər təyin edildi. Qurum yaradılarkən Nəqliyyatın İntellektual İdarə edilməsi Mərkəzi kimi mühüm bir sahə də bu agentliyə, yəni gənc FETÖ-çünün ixtiyarına verildi. Artıq paytaxt nəqliyyatı və nəqliyyatı tənzimləmək üçün qurulmuş nəhəng kamera-müşahidə şəbəkəsi Vüsal Kərimlinin nəzarətindədir.

Məlumata görə, Kərimli bu sahələrə nəzarəti ələ keçirən kimi Agentlikdəki və NİİM-dəki əsas vəzifələrə Gülən camaatının Azərbaycandakı özəyinin ən fəal üzvlərini təyin edərək, bu mühüm sahə üzərində gizli sektanın mütləq hakimiyyətini bərqərar edib. NİİM-in imkanlarını nəzərə aldıqda isə camaatın əlində hansı imkanların olduğunu təsəvvür etmək bir o qədər də çətin deyil. Dövlət rəhbərliyinin, ölkəmizə səfərə gələn yüksək səviyyəli qonaqların, dövlət və hökumət başçılarının kortejlərinin hərəkət istiqaməti, marşrutları, onları müşaiyət edən mühafizənin avtomobilləri, təhlükəsizlik tədbirlərinin görüldüyü ərazilər və sahələr haqqında tam, detallı, müfəssəl informasiyanın yığıldığı bir qurumun bu təhlükəli sektanın nəzarətində olması Azərbaycanın milli və dövlət təhlükəsizliyinə birbaşa təhdiddir. Vüsal Kərimli və onun FETÖ-çü qruplaşmasının bu sahədə əldə etdikləri maliyyə resursları və ciddi kompromatlar gələcəkdə dövlətin başağrısına, hətta Türkiyənin bu gün yaşadığı problemlərin Azərbaycanda təkrarlanmasına gətirib çıxara bilər. Ona görə dövlətin təhlükəsizlik orqanları bu incə məqamı diqqətdə saxlamalıdırlar.

Vüsal Kərimlinin 2014-cü ildə, “BakuBus” MMC-yə rəhbər təyin edildikdən sonra tələsik bağladığı “Facebook” profilindən bir neçə paylaşmanın surətini oxucularımıza təqdim edirik:

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır