!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“FETÖ-çuların suçları siyasidirmi? Xeyr, rəsmən cinayətdir, amma…” - Bədrəddin Dalan - MÜSAHİBƏ  

!Reklam – Yazi

“Ergenekon” adı verilmiş saxta istintaq və məhkəmə prosesinin 1 nömrəli “şübhəli şəxsi”, İstanbulun keçmiş meri, Demokratik Mərkəz Partiyasının keçmiş sədri, eks- millət vəkili, İstanbul Təhsil və Mədəniyyət Vəqfinin sədri və Yeditəpə Universitetinin idarə heyətinin rəhbəri Bədrəddin Dalanın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– 2002-ci ilin yayında vaxtından əvvəl seçki qərarı qəbul ediləndə demişdiniz ki, AK partiyası iqtidara gələ bilər, ancaq camaat ilə məsafə saxlamalı, onları hökumətə yaxınlaşdırmamalıdır. 15 il cərəyan edən proseslərdən sonra o proqnozlarınız barədə nə demək istərdiniz?

– 15 il əvvəl dediyim sözlər proqnoz yox, bir planın ifşa edilməsiydi. Proqnoz təxmini olur, mənim dediklərim isə dəqiq məlumatlar idi. Təəssüf ki, o vaxt həmin məlumatları ən yaxınımda olan insanlara belə izah edə bilmədim.Türkiyəni idarə edən siyasi partiyalara, holdinq sahiblərinə, hərbi və mülki bürokratiyaya o planı başa salmaq çətin oldu. Həmin plan müəyyən müddətdən sonra az qala dövləti yıxırdı. Niyə o işi heç kimə izah edə bilmədim? Çünki insanlar açıq şəkildə gələn bir təhlükəyə inanmırlar. Hətta mənim danışdıqlarıma “xəyal məhsulu”- dedilər. Ancaq hər şey böyük həqiqətlərdən ibarət idi. Gəldiyimiz nöqtədə içimdə ağrı, tar-mar olmuş xəyallar və böyük qəzəb var.

– Bunun xariclə əlaqəli bir plan olduğunu o vaxt da vurğulayırdınız.

– Doğrudur. O planı əvvəlcədən görən hər bir insan böyük təhlükələrə məruz qaldı. Hələ 1974-cü ildə ekranlara çıxan “Three days of Condor” filmi ABŞ-ın İraqı necə işğal edəcəyi planının Mərkəzi Kəşfiyyat İdarəsinin kitabxanaçısı tərəfindən necə ifşa olunmasından bəhs edirdi. Bunun fərqinə varan MKİ kitabxananın bütün əməkdaşlarını öldürürdü. Öldürülməyən yeganə insan – o planı çözən kitabxanaçı idi. Mən o filmdəki Robert Retfordun vəziyyətinə düşdüm, planı erkən fərq etdim(gülür). Ona görə də içəridə və xaricdə mənə dəyməyən yumruq qalmadı.

– Türkiyəyə qarşı yönəldilən “erməni soyqırımı” böhtanlarına ilk reaksiyanı da siz verərək, 2002-ci ildə universitetinizdə konfrans keçirtmiş, məşhur alim Justin McCarthy də orada çıxış etmişdi. Sizə qarşı yönəldilən ittihamların səbəblərindən birinin də bu olduğunu düşünürsünüzmü? Çünki Türkiyə daha sonra bu sahədə böyük böhtan və təzyiqlərə məruz qaldı.

– Böyük Orta Şərq planı – çox köhnə bir şeydir. Diqqət yetirsəniz görəcəksiniz ki, Türkiyənin üzərində həyata keçirilməsi planlaşdırılan bir çox ssenari 1974-cü ildən sonra başlayıb.1974-cü ilə qədər Türkiyədə və dünyada “erməni problemi” adlı bir şey olmayıb, bir anda “erməni problemi” ortaya çıxdı, Türkiyəyə hərbi embarqo tətbiq edildi. həmin il “Böyük Şərq” dərnəkləri quruldu, PKK terror təşkilatının əsası qoyuldu, ələvi-sünni qarşıdurması yaradıldı, Maraşda, Yozqatda vətəndaşlarımız qətlə yetirildi, sağ-sol münaqişəsi daha da alovlandı. Bunların hamısı böyük bir layihənin Türkiyədəki əks-sədaları idi. O böyük layihəyə görə, Türkiyə öz təşəbbüsünü demək olar ki, itirəcək və layihəni yaradan dövlətlərə tabe olaraq, onların boyunduruğu altına girəcəkdi. Bu məqsədlə iqtisadi böhranlar da yaradaraq, Türkiyəni “vassal dövlət” halına gətirməyə çalışırdılar. Planlar istədikləri kimi getmədi, müəyyən dərəcədə uğur qazandılar, müəyyən dərəcədə yox. Allah axırımızı xeyirli etsin.

– “Ergenekon” adı verilmiş saxta istintaq proseslərinin ən ağır vaxtında sizin yaratdığınız qurumlara da basqınlar təşkil edilmiş, axtarışlar aparılmışdı. O vaxt medianın, elm və təhsil ocaqlarının sizi kifayət qədər dəstəklədiyinə inanırsınızmı?

– Mətbuatdan heç bir dəstək görmədim. Ən yaxın dostumun – Aydın Doğanın rəhbərlik etdiyi mətbu orqanlarında əleyhimə yüzlərlə yazı çıxdı. Mənə “qaçaq, fərari, günahkar, “Ergenekon”un 1 nömrəli şübhəli şəxsi”- dedilər.

– O “1 nömrə” haradan çıxmışdı?

– Mən nə bilim?! Bəlkə də o planı ilk anlayan adam mən idim, başqaları fərqinə varmadı, hər halda, oradan “1 nömrə” oldum (gülür). Mətbuatdan ən xırda dəstək görmədiyimi deyə bilərəm. Bir nəfər istisnadır: “Sabah”da Hıncal Uluç. O vaxt “Sabah” qəzeti bu saxtakarlıqları dəstəkləməsinə baxmayaraq, əsgər yoldaşım olan Hıncal Uluç aslan kimi məni müdafiə etdi, dəstəyini gördüm. Adam kimi adamdır.

– Bəs elmi-tədris ictimaiyyəti?

– Bizim məktəblərin və universitetin əməkdaşlarından sonsuz dəstək gördüm; o cür olmasaydı, bu qurumlar ayaq üstündə qala bilməzdi. İş yoldaşlarımız daha çox çalışaraq, qurumumuzu ayaq üstündə saxladılar. Mən İSTEK Vəqfinin əməkdaşlarına çox şey borcluyam.

– Siyasi təcrübənizi və məruz qaldığınız haqsızlıqları nəzərə alaraq, FETÖ-nun 15 iyul hərbi çevriliş cəhdindən sonra sizə müraciət edərək, “Mübarizədə bizə kömək edin”- deyənlər oldumu?

– Çevrilişə təşəbbüsdən sonra həmin hadisəni araşdıran komissiyaya həm iqtidar, həm də müxalifət partiyasının komissiya üzvləri olan millət vəkilləri vasitəsiylə xəbər göndərdim ki, məni çağırın, onların hər şeyini sizə izah edim. Komissiyanın sədri məni çağırmadı. Demək ki, onların keçmişini məndən yaxşı bilirlər və ya məni dinləmək istəmədilər.

– Siz proseslərə həm içəridən həm də rakursdan baxırsınız. Hal-hazırda mübarizənin uğurla aparıldığını deyə bilirsinizmi?

– Mübarizə qəti şəkildə səhv aparılır. Mən həyatımda qurban kəsməmişəm, ancaq qurbanlıq heyvanı boğazından kəsirlər, ayaqlarından deyil. Nöqtə və son. Qurbanın ən azı 250-300 min ayağı var, hansını kəsəcəksən? Amma 1 və ya 50 başı var. Bu işləri tərsdən görürlər, görülməsi lazım olan iş bu deyil. Bu qədər səhv mübarizə olmaz.

– FETÖ-yə qarşı mübarizədə Türkiyənin ABŞ-a bu şəkildə müraciətlərindən bir nəticə hasil ola bilərmi? FETÖ-nun oradakı üzvlərini geri qaytararlarmı?

– Bunu demək istərdim: mən də təxminən 7 il məcburən xaricdə qaldım. Ancaq heç bir halda Türkiyənin əleyhinə bir cümlə də demədim. Bunlar hər gün ABŞ-da və Avropada Türkiyənin əleyhinə qara təbliğat aparmaqda davam edirlər. Ondan sonra “Biz müsəlmanıq, milliyyətçiyik”- deyirlər. Avropanın qanunlarını bilirəm. Məni oradan tələb edəndə Almaniyanın məşhur konstitusiya mütəxəssisi Rozentala haqqımda yazılmış ittihamnaməni verdim. Oxuyub güldü və dedi ki, bu nə Türkiyə hüququ, nə də Avropa və ABŞ hüququdur. Bu, Quantanoma hüququdur.100 min səhifəlik ittihamnaməyə ağıllarına gələn hər şeyi doldururlar, heç kim də onu oxumur. Bunu sizin adamlarınıza yaxşı öyrədiblər. Rozental mənə demişdi ki, səni burdan heç kim ala bilməz, çünki Almaniya konstitusiyasına görə, siyasi cəhətdən ittiham edilən heç kim ölkəsinə verilə bilməz. Hətta Merkel də səni geri qaytarmaq istəsə, buna müvəffəq ola bilməz. FETÖ üzvlərini Almaniyadan geri almağa çalışan Türkiyə onlara qarşı istintaqı “Ağırlaşdırılmış ömürlük həbs cəzası” – maddəsiylə başlamamalıdır. Almaniya qanunlarına görə, hər hansı bir qatilə qarşı o maddə ilə istintaq başladıb geri istəsən, onu sənə verməzlər; qatildirsə, sərbəst şəkildə gəzər. Bizim də burada əsəbiləşməyimiz özümüzə qalar. Bəs onda nə edəcəyik? Qardaşım, onun cəzası ömürlük həbs olsa da istintaqa 30 il, 40 il cəza tələbiylə başlayacaqsan. Bir adamı 30-40 il içəridə saxlayırsansa, bu, elə ömürlük həbs deməkdir. Mənim üçün guya “Qırmızı bülleten” çıxartmışdılar, 3 dəfə İnterpoldan tələb etdilər. “Ergenekon” terror təşkilatının başçısı” kimi mənim Türkiyəyə verilməyimi istəyirdilər. İnterpol dedi ki, “Ergenekon” terror təşkilatının varlığını sənin öz ölkənin kəşfiyyatı, polisi, hərbi kəşfiyyatı müəyyənləşdirə bilməyib. Sən isə ölkənin belə müəyyənləşdirə bilmədiyi bir “terror təşkilatının liderini” İnterpoldan tələb edirsən. İnterpol isə bu cür terror təşkilatının müəyyənləşdirilmədiyini deyir. Türkiyəni bu cür tragikomik vəziyyətə saldılar. 3-cü tələbdən sonra İnterpol məktub yazdı ki, gərək bu işlər barədə gəlib sizə brifinq keçirək, yəni, türk hüququnu təhqir etdilər. “Ağırlaşdırılmış ömürlük həbs cəzası” kimi siyasi maddə ilə heç kimi Avropadan ala bilməzsiniz. FETÖ-cuların suçları siyasidirmi? Xeyr, deyil, rəsmən cinayətdir. Hər cür cinayət var. Sən cinayət işlərini o maddələrdən qaldır. Məqsəd üzüm yemək olmalıdır, bağbanı döymək yox.

– Bu qədər həngaməni törədən adamların başında duran prokuror Zəkəriyyə Öz və başqaları indi Avropada sərbəst gəzirlər. Bu necə olur?

– Onlar hüquqi cinayətə yol veriblər. O cinayətləri də sənədlərlə ortaya qoyub siyasi yox, hüquqi günah kimi, qanundakı qarşılığı nədirsə, ona istinad edib, Avropadan istəyəcəksən. Zəkəriyyə Özü “Ağırlaşdırılmış ömürlük həbs cəzası” maddəsiylə Avropadan geri ala bilməzsən, orada sərbəst gəzər. Ancaq onlar sərbəst gəzə bilmirlər, gizlənirlər. Mən Almaniyada sərbəst şəkildə, cangüdənim olmadan, maşınımı özüm sürdüm, 200 min km. məsafə qət etdim. Məni görüb, tanıyan türklərin hamısı boynuma sarıldı. Hətta aralarında fətullahçılar da vardı (gülür). Heç kimdən tək sözlə də olsa, mənfi münasibət görmədim. Hətta gözümü yaşardan anlar da oldu, mənə çox dəstək verdilər. Ölkəmə zərər verə biləcək heç bir addımı atmadım, o səbəbdən Almaniyada sağçı-solçu bütün türklər mənə qucaq açdılar. İndi görək, Zəkəriyya Öz və onun kimi hüquq düşmənləri, hakim-prokuror qalıqları da sərbəst gəzirlər? Xeyr, gəzə bilmirlər. Dəhşətli dərəcədə gizlənirlər, gizləndikləri yerləri də, demək olar ki, bilirəm. Küçəyə çıxa bilmirlər, türk xalqı orada da onları döyə bilər. Almaniyada rastlaşdığım bir neçə gənc mənə dedi ki, onları görsək döyəcəyik (gülür). Məni isə hamı bağrına basmışdı.

– 15 iyul 2016-cı ildəki hərbi çevriliş təşəbbüsünə baxanda bölgədə cərəyan edən prosesləri necə dəyərləndirirsiniz?

– Əsas plan Türkiyədən imtina edib, PKK terror təşkilatı ilə əməkdaşlıq etməkdir. Proseslər bu qədər bəsitdir.

Söhbəti qələmə aldı: Aytək YUSİFSOY
Yenicag.az

www.yenicag.az

1583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv