FETÖ lideri ilə “Avropanın Güləni”ni nə birləşdirir? - Macar vəkildən şok bənzətmə

Müəllif: Redaktor

Editor

Macarıstanın nüfuzlu siyasi nəşrlərindən olan “Magyar İdök” qəzetində milyarder Corc Sorosun fəaliyyəti FETÖ terror şəbəkəsinin lideri Fətullah Gülənlə müqayisə edilib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, vəkil Yanoş Somojinin “Corc Soros – Avropanın Fətullah Güləni” adlı məqaləsində adıçəkilən milyarderin Macarıstan üçün ciddi təhlükə mənbəyi olduğu bildirilib. Müəllifin yazısında Sorosla FETÖ lideri arasında inanılmaz bənzərlik olduğu vurğulanıb və onların qurduqları şəbəkələrin fəaliyyətinin üst-üstə düşdüyü qeyd olunub.

Milyarder Sorosun əldə etdiyi böyük pullara qane olmadığını, siyasi təsir imkanları qazanaraq, başqa ölkələrin və xalqların gələcəyinə qərar vermək iddiasına düşdüyünü yazan Somoji bu bənzərliyi belə göstərib: “Soros tərəfindən idarə olunan şəbəkə ilə Fətullah Gülən şəbəkəsinin fəaliyyətində heyrətləndirici uyğunluqlar var”.
Macar vəkilin fikrincə, Soros və Gülən öz məqsədlərini ilk növbədə sahibi olduqları media imperiyaları vasitəsilə həyata keçirtməyə çalışırlar:

“Gülən də, Soros da təhsilə, ideologiyaya böyük əhəmiyyət verir və öz hədəflərinə çatmaq üçün geniş şəbəkə formalaşdırırlar. Bu şəbəkələrdə onların yaratdıqları media imperiyalarının xüsusi yeri var. Türkiyədə ötən ilin yayında baş verən çevriliş cəhdinin arxasında Gülənin dayandığı bildirilir. Lakin Soros bu gün Macarıstanda, ya da Almaniyada bu qədər irəli getmədi və gedə də bilməz”.

Macarıstanın sağ-mərkəz təmayüllü mövcud hökuməti macar əsilli Sorosun öz şərtlərini hakimiyyətdə olan siyasi qüvvələrə qəbul etdirmək üçün vətəndaş cəmiyyəti təşkilatlarını alətə çevirməsindən narahatlığını gizlətmir. Hakim koalisiyanın təmsilçisi Jilard Nemet amerikalı milyarderin maddi dəstək verdiyi təşkilatların bağlanması təklifini irəli sürsə də, onun bu yanaşması ciddi mübahisələrə səbəb olub. Hökumət koalisiyasına daxil olan Xristian-Demokrat Partiyasından seçilmiş millət vəkili İştvan Hollik isə Nemetin təklifini dəstəkləyərək, Sorosun maliyyələşdirdiyi təşkilatlarla bağlı ölçü götürülməsini tələb edib:

“Bəzi ictimai təşkilatların Macarıstanın sosial-iqtisadi inkişafına heç bir təsiri yoxdur, onlar sadəcə, siyasi məqsədlərlə fəaliyyət göstərirlər və xaricdən maliyyələşirlər. Ona görə də həmin qurumların mövcud olub-olmadıqlarının bir mənası yoxdur. Bu təşkilatları ciddi nəzarətə götürmək lazımdır”.

Qeyd olunur ki, Macarıstan hökuməti 15 iyul uğursuz çevriliş cəhdindən sonra prezident Yanoş Lazarın baş nazir Viktor Orbana verdiyi təlimat əsasında FETÖ- nun bu ölkədəki strukturları ilə bağlı təhqiqata başlayıb. Hətta Macarıstanın Daxili İşlər və Xarici İşlər nazirliklərinin bu təhqiqatı birlikdə aparacaqları qeyd olunur. Məlumata görə, FETÖ Macarıstanda əsasən, paytaxt Budapeştdə şəbəkələşib və “Prizma” Vəqfinin xətti ilə 2006 və 2014-cü ildə “Orchidea” adlı məktəb açıb.

Yenicağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir