FETÖ-nun Azərbaycandakı təhsil şəbəkəsinin rektor ortağı həbs edildi

Müəllif: Qafqaz Omarov

Editor

Türkiyədə daha bir universitetin rektoru FETÖ ilə əlaqəsi olduğuna görə həbs olunub.

Türkiyənin Uşak universitetinin rektoru professor Sait Çelikin də aralarında olduğu 8 nəfər həbs edilib.

Bu gün Uşak vilayət polis idarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları universitetə gələrək rektor Çeliki və daha 8 nəfəri həbs edərək idarəyə gətirblər.

Hazırda onların ifadələrinin alındığı bildirilir. Yayılan məlumatlarda universitetin müəllim heyətindən daha bir nəfərin də axtarışa verildiyi deyilir.

Qısa arayış: Uşak universitetinin əsası 2006-cı il 1 mart tarixində qoyulub. Dövlət universitetidir. 4 fakültə 5 peşə məktəbi ilə birlikdə Afyon Kocatepe universitetindən ayrılıb. Qurucu rektoru Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər olub. Birinci rektor Adnan Şişmanı Sezər özü təyin edib. Daha sonra, Abdulla Gül hazırda həbs olunan FETÖ-çü Sait Çeliki Uşak Universitetinə rektor təyin etdi.

Bir vaxtlar Türkiyənin o qədər də tanınmayan bu universitetinin hazırda 21 000 tələbəsi var ki, bunun da 3000-ə yaxını xarici ölkələrdən gəlmiş tələbələrdir. Statistikaya görə, Uşak universitetində 600-ə yaxın azərbaycanlı tələbənin adı qeyd olunub. Son 5-6 ildə FETÖ-çülərin yuvasına çevrilmiş bu təhsil ocağının belə populyarlaşması ağıllarda sual işarələri yaradır. Xüsusilə böyük artım xarici tələbələrin arasanda qeydə alınıb və bunun da əsas səbəbi kimi xaricdə fəaliyyət göstərən FETÖ liseyləri və kolleclərini bitirənlərin Türkiyədə məhz Uşak universiteti və Gülənə aid olan digər universitetlərə yönləndirilməsidir. Ümumiyyətlə Uşak universitetinin qəflətən belə böyüməsi və hətta Türkiyənin ən qədim və köklü universitetlərini belə güclü piarın köməyi ilə kölgədə qoyması FETÖ-nün nəzarətində olan məktəblər şəbəkəsi və media qurumları vfasitəsi ilə onun geniş reklam kampaniyasının təşkil edilməsi ilə birbaşa əlaqədardır. Xarici tələbələrin Türkiyədə seçdikləri universitetlərin son 10 ildəki siyahısına diqqət yetirsək, bu versiyanın doğruluğunun özümüz şahidi olarıq.

Uşak Universitetinə Azərbaycandakı FETÖ-çülərin tələbə qəbulu keçirməsi və digər təhsil fırıldaqları haqda ilk dəfə Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu Həsən Zeynalov məsələ qaldırmış, bu problemi gündəmə gətirmişdi. Azərbaycandakı FETÖ-çülərin qurduqları müxtəlif özəl təhsil şirkətləri vasitəsi ilə Türkiyəyə tələbə göndərilməsi, saxta diplom alveri məsələlərini dəfələrlə gündəmə gətirən keçmiş baş konsul Həsən Zeynalov xarici təhsil maxinasiyalarını da ilk dəfə ictimailəşdirən dövlət məmuru oldu. Uşak Universiteti ilə azərbaycanlı FETÖ-cuların əlaqəsini də ilk dəfə sabiq konsul gündəmə gətirmişdi. Təəssüf ki, Təhsil Nazirliyi bu yöndəki neqativ xəbərlərə zamanında lazımi reaksiya vermədi.

Bu gün üzə çıxan statistikadan belə nəticə çıxarmaq olar ki, Azərbaycandakı FETÖ şəbəkəsi öz gizli fəaliyyətini hələ də davam etdirməkdə, qanunsuz təhsil, diplom alveri məşğul olaraq ilə hər il bu maxinasiyalardan on milyonlarla dollar qazanmaqdadır. Aparılan araşdırmalardan isə məlum olub ki, təkcə FETÖ-nün nəzarətində olan Uşak universitetində adı qeyd olunmuş azərbaycanlı tələbələrin 600 nəfərdən yalnız 10-u dərsə normal davmiyyətlə gedib. Geridə qalanların böyük əksəriyyətinin isə universitetdə sadəcə adı gedir. İllik təhsil haqqını ödəyən bu “tələbələr” müddət bitdikdən sonra bəlli bir məbləği rüşvət olaraq ödəyərək diplomlarını alırlar. Hər il yüzlərlə tələbəyə diplom satan FETÖ-nün kassasına isə bu qanunsuz biznesdən milyonlarla dollar axır. Bu pullar isə həm Türkiyədə, həm də Azərbaycanda FETÖ-nün dayaqlarının möhkəmlənməsinə xidmət edir.

Yeniçağ.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır