!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FETÖ-nün Azərbaycanı işğal planı – Elnur Aslanov Azərbaycanın “Gülən” planını necə Amerikaya satdı? – II Yazı

!Reklam – Yazi


Son dövrlərdə Azərbaycanda Fətullah Gülən Şəbəkəsi ilə bağlı müdafiədə bir xətt xüsusilə diqqət çəkir. Bu xətt digərlərindən onunla fərqlənir ki, bu xətti müdafiə edənlər açıq şəkildə Güləni müdafiə etmirlər. Daha çox bəzi millət vəkilləri və “müxalif” ekspertlərin baş vurduqları bu taktika daha çox tərəfsiz kimi görünüb, əslində Gülənin Azərbaycana təhlükə olmadığı fikrinə insanları inandırmaqdır:

  1. Gülən Azərbaycanda çevriliş edə bilməz. Bizim dövlətimiz buna imkan verməz.
  2. Fətullahçıların Azərbaycanda yetərincə dəstəyi yoxdur.
  3. Onlar sadəcə təhsil sahəsindədirlər və siyasi hakimiyyətə maraqlı deyillər.
  4. Gülən məsələsi Türkiyənin daxili işidir, biz qarışmamalıyıq.

 Göründüyü kimi, Gülənin dövlət üçün təhlükə olması faktorunu elə gəlişigözəl cümlələrlə ört-basdır edirlər ki, məharətlərinə böyük bir alqış düşür. Bu əslində CIA-nın “dövlət reflekslərini keyləşdirmə” taktikasıdır. Əlbəttə ki, hər birimiz dövlətimizin güclü olmasını istəyirik. Ancaq ən güclü dövlətin belə refleksləri keyləşdiyi zaman onun müqavimət gücü sıfıra enir. Necə ki, Türkiyə 15 iyulda bu gerçəklə üzləşdi. Çevriliş cəhdinin olacağı ehtimalını belə qəbul etməyən generalların boynuna ip salındı. Süni düşmənlər yaradaraq, dövlətin içində onlara qarşı olan milli qüvvələri çıxdaş edən Paralel Şəbəkə son mərhələdə məğlub olsa da, onu dövlətin damarlarından və bağırsaqlarından təmizləmək heç də asan məsələ deyil. Bizim reflekslərimizin keyidiyi anda vəziyyətimiz 90 illik cümhuriyyətdən daha pis olacağını indidən demək mümkündür. Bəs nə etməli? Qanun sadədir: Dövlətin refleksləri heç vaxt keyiməyəcək və özünəarxayınlıq hissi yaxın buraxılmayacaqdır. Çünki hər zaman ən böyük zərbə gözləmədiyindən gəlir. Elə, Gülənin “qızıl nəsli”nin hakimiyyətində prezident olmaq istəyən Elnur Aslanov və onu qoruyan havadarlarının da gözlədiklər dövlətin bunlar barədə tam arxayınlaşdığı andır.

***

Qeyd edək ki, Türkiyədə hakim partiyanın ilk dövrlərində sırf dünyəvi-atatürkçü kadrları mühafizəkar kadrlarla əvəzləmək siyasətindən maksimum yararlanan Gülən qarşısındakı əngəlləri ilanı seyid Əhməd əli ilə tutaraq, reallaşdırdı. 1996-97-ci illərdə “dövlətin kapilyar damarlarında çox irəliyə getmək lazımdır, beləcə can damarları içində dolaşmaq əgər geri dönüləcəksə, yaralanmadan hiss etdirmədən dönülməlidir” deyən Gülən, mühafizəkar hakimiyyətin bu planından maksimum yararlandı. Yəni, hakimiyyətə yeni gələn iqtidarın arzusu dindar kadrlarla çalışmaq olsa da, əlində yetərli sayıda kadr nə o zaman vardı, nə də indi var. Bu fürsəti əldən verməyən Gülən bununla 1980-ci illərdə planlaşdırdığı planlarını rahat şəkildə həyata keçirməyə başladı və kadrları bürokratiyada ən strateji nöqtələrə gəldilər. Eləcə də, Azərbaycanda və digər ölkələrdə “minalar” basdırmağa başlanılmışdı. Türkiyədə “Qızıl nəsil”ini bürokratiyada sürətlə yerləşdirirkən, Turqut Özal və Süleyman Dəmirəlin məktubları ilə gəldikləri Azərbaycan başda olmaqla türk cümhuriyyətlərində həmin nəsili yetişdirməkdəydilər.

Gülənçilər Azərbaycana nə zaman gəldi?

Gülən tərəfdarlarının Azərbaycandakı bütün təbliğatçıları elə bir PiaR kampaniyası aparırlar ki, sanki, 15 iyun 1993-cü ildə Bakıya enən təyyarə ilə gəliblər. Halbuki, Ulu Öndər hakimiyyətə gəldiyi zaman Gülənin məktəblərində artıq 2000-ə yaxın şagird təhsil alırdı. Bunu deyən isə Azərbaycan Türk Liseylərinin ilk baş direktoru Turan Öztorpaqdır.

Fətullahçıların Azərbaycana ilk gəlişi və təşkilatlanma tarixi isə 1990-92-ci illərdir. İlk gəliş 18 yanvar 1990-cı ildə Halit Esendir, Saadettin Başer, Cahit Değerli, Mehmet Şevki Erol və Mehmet Tanrıseverlə başlayıb. O səfər zamanı Xalq Cəbhəsi ilə əlaqələr quran fətullahçılar bir sonrakı səfərlərində Azərbaycanın o zamankı iqtidarına “qarmaq atmağı” bacaracaqdılar. Azərbaycanda yaşamaq üçün gələn Hilmi Öney (Gülənin ilk Azərbaycan imamı, Camaatın buradakı bütün müəssisələrini quranlardan biri) “Çağ Öyrətim İşlətmələri”nin təməllərini 1990-cı ildə atmağa başladı. Ona yardım edən isə texnikum rəhbəri (hazırda İsmayıllı rayonunun icra hakimiyyətinin başçısı) Mirdamət Sadıqov və Neft Akademiyasının müəllimi Mehdi Ağayev idi.

***

Azərbaycan dövləti ilə ilk yüksək səviyyədə təmas isə 08.05.1991-ci il tarixində baş nazir Həsən Həsənovla gerçəkləşdirildi və baş nazirin tapşırığı ilə Bakının o zamankı birinci katibi Sənan Əlizadə fətullahçılara normal fəaliyyət üçün Yasamalda 3 otaqlı köhnə erməni mənzilini bağışladı. Gülənçi Faruk Arslan yazır ki, İlhan İşbilənin diplomatik qabiliyyəti və “hədiyyə vermək” mövzusundakı fərasəti açılmaz kimi görünən qapıları üzümüzə taybatay açırdı”… Məhz bu hədiyyələrdən olacaq ki, Həsən Həsənov 26 aprel 1991-ci ildə “Zaman”ın Azərbaycanda leqal fəaliyyət göstərməsi üçün Nazirlər Kabinetinin xüsusi qərarını çıxartdırdı. “Zaman Azərbaycan”ın ilk buraxılışında isə (24 may 1991-ci il) Həsən Həsənov, Əbülfəz Elçibəy və Bəxtiyar Vahabzadənin təbrikləri yer alırdı. Qəzetin təmsilçisi Yılmaz Polat, xəbər müdiri İbrahim Nəbioğlu idi. Yılmaz Polat Həsən Həsənovla qurduğu münasibətə görə, artıq Azərbaycanda istənilən dövlət qurumuna girib-çıxa bilirdi. Faruk Arslan bunu öz kitabında belə qələmə verir:

“Yağmur Gözlü (oxu: Fətullah Gülən) bizə buyurdu: “Media gücünüz oradakı təhsil və digər fəaliyyətlərinizin yol açıcısə, qoruyucusu və önəmli partnyoru olacaqdır. Səbr edin, tələsməyin. Bir nəsil yetişdirmək ən az 25 il istər. Olmur deyə, ümidsizliyə qapılmayın”.  Yəni, “25 il meyvə gözləməyin, səbrli olun” tövsiyyəsi ilə hərəkət edib, qısa müddət ərzində bəhrə gözlənilmirdi. Ancaq çiçəklər çox tez açacaqdı. Çünki zaman və zəmin susuzluqdan, həsrətdən çatlamışdı”.

Gülən Türkiyədə də Qızıl nəsil yetişdirilməsi üçün 25-30 il müddət gözləməyin vacibliyini vurğulayırdı. Onun “qızıl nəsil” dedikləri isə yüksək savada malik, lakin ailəsindən, dövlətindən daha çox Hocaəfəndisinə, abilərinə bağlı nəsil idi.

Bəli, öncə “Zaman”ı qurdular. Daha sonra yenə Həsən Həsənovun yardımları ilə məktəblərin təməlləri atılmağa başlanıldı.  Mütəllibov dönəmində qurulan məktəblər Elçibəy dönəmində rəsmi icazə verilmədiyi halda böyüməyə davam etdi. Bunun da səbəbi həmin məktəblər üçün Turqut Özal və Süleyman Dəmirəlin göndərdiyi məktublar idi. Azərbaycanın o dövrkü hakimiyyəti Türkiyənin bu istəyini rədd edə bilmirdi. Qısacası, ilk liseylər 1992-ci ildə Bakı və Sumqayıtda quruldu. Bunun üçün dövrün təhsil naziri İstanbula götürüldü və lazımi qərarlar alındı. Rəsmi açılış Mütəllibovun devrildiyi, Elçibəyin hakimiyyətə gəldiyi dönəm bu liseylərin də fəaliyyətə başladığı dönəmdir.

Fətullahçıların Naxçıvana getməsi isə Bakı görüşlərindən aylarca sonraya-payıza təsadüf edir. Ancaq başda Azərbaycan dövlətçilyinin banisi Şah İsmayıl Xətai haqqında çirkin sözləri dərsdənkənar ədəbiyyat kimi liseylərdə oxudulan Gülənin ilk azərbaycanlı imamlarından Nazim Əkbərov və digərləri elə fon yaradırlar ki, guya Həsən Həsənov və AXC hökumətini tanımırlar, Azərbaycana 93-ci ildə gəliblər. Bu isə əslində iz azdırmaqdan başqa bir şey deyil.

Bu arada Türkiyə dövlət olaraq da Azərbaycanda təhsil müəssisələri açmaqdaydı. Bunlardan biri də Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsi oldu. Elçibəyin iştirakı ilə açılan bu fakultə zaman-zaman Gülənin hədəfində oldu. Bu fakultəni ələ keçirməyə cəhd etdi. Açığı, bir müddət Diyanət İşləri başqanı olmuş, sabiq deputat Təyyar Altıkulac ilə olan münasibəti bu fakultənin ilk illərinə öz təsirini göstərdi.   Belə ki, imtahansız bu fakultəyə daxil olanlardan biri sonradan Gülənin gənclər imamı olan Elnur Aslanov idi. Özü tərcümeyi-halında bunu yazmasa da, tələbəlik illərindən Gülənin “seçilmiş”lərindən idi. Tanınmış alim Vasim Məmmədəliyevin tədricən Altıkulacın təsirini azaltması nəticəsində fətullahçılar zamanla bu fakultəyə düşmən oldular. Lakin son illərdə yenidən fakultəni ələ keçirmək üçün çabaladıqları xəbərləri dolaşmaqdadır.

Qısacası, 1993-cü ilin iyun ayına qədər Azərbaycanda artıq təşkilatlanmış olan fətullahçılar Azərbaycanın yenicə müstəqillik qazanmasını maksimum şəkildə istismar etdilər. Əllərində Türkiyə prezidentlərinin və baş nazirlərinin məktubları ilə burada kök saldılar. Qafqaz Universiteti də Türkiyə rəhbərliyinin xeyir-duası ilə   Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il tarixli, 11/1 saylı qərarı ilə fəaliyyətə başladı.

2006-cı il Dövlət Təhlükəsizlik Şurasının qərarı və Abdullah Gülün səfəri

Gülənçilərin sırf özlərini iqtidara yaxın göstərmək üçün uydurduqları yalanlardan çox bəhs etmək olar. Fəqət bir həqiqət var ki, onlar o zamankı Türkiyə rəhbərliyinin arxalarında olmalarından maksimum yararlandılar. Məhz bu səbəbdən Azərbaycan hakimiyyəti də onlara “yaşıl işıq” yandırdı. Təbii ki, burada bəzi məmurların tamahının da az rolu olmadı. Gülənin hədiyyələri o qədər şirin gəldi ki, onların nəyi nə üçün istədiklərini belə araşdırmadılar. Gülənin Azərbaycan əyalətlərində təşkilatlanması həm də bu məmurların ucbatından oldu. O zamana kimi ki, Azərbaycan prezidenti İlham Əliyev bunların sırf məmur övladlarını hədəf seçmiş təhsil siyasətindən narahat olmağa başladı. 2000-ci ilə qədər çox aşağı təhsil haqqı istəyən liseylərin birdən birə fantastik qiymətlər təyin etməsi, ayrıca ölkədə fətullahçıların sürətlə artmasına dair məlumatlar Prezidenti narahat etmişdi. 2005-ci ildə Rəsul Quliyevin çevriliş cəhdinə fətullahçıların gizli dəstək verməsinə dair bilgilərin də olması vurğulanırdı. Bu səbəbdən də, Dövlət Təhlükəsizlik Şurasının 2006-cı ildəki toplantısında liseylərin və universitetin bağlanması, fətullahçı iş adamlarının ölkədən çıxarılması müzakirə olunurdu. Bu barədə yazan isə ABŞ-ın Azərbaycandakı səfirliyidir. Səfirliyə bu xəbəri ötürən isə böyük ehtimalla o zamanlar “Yavər” olan, Gülənə qarşı bu əməliyyatı zamanında ötürdüyü üçün qısa zamanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri vəzifəsi ilə mükafatlandırılan Elnur Aslanov idi. Çünki bu toplantının ardından fətullahçı iş adamlarını da təyyarəsinə mindirib, Bakıya gələn xarici işlər naziri Abdullah Gül Azərbaycan dövlətini bu qərardan vaz keçirməyə nail oldu. Şəxsən Qafqaz Universitetini ziyarət edən Gül, bununla Türkiyə dövlətinin bu məktəblərin arxasında olduğunu bir daha sərgilədi.

Gülənin Türkiyədə tədricən hakimi-mütləq olmağa doğru getdiyi dönəm də məhz elə Gülün prezidentliyi dönəmində oldu. Saxta ittihamlarla vətənsevərlərin həbs olunduğu müddətdə, onların yerlərinə gülənçilər keçməyə başladılar. Nəticədə, Gülən o qədər gücləndi ki, heç vaxt qapılmadığı hissə-təkəbbürə yenildi və Türkiyə hökumətindən istədikcə, istədi. “Yox”u unutduğundan ilk rədd cavabı ilə MİT başqanı Hakan Fidanı həbs etdirmək istədi. Bu krizis vaxtında çözülsə də, daha sonra Gəzi və 17-25 dekabr hadisələri ilə qisas almaq istədi. İstər Gül, istərsə də, Arınc hər iki prossesdə AK Partiyanı birlikdə qurduqları Ərdoğanı yalnız qoydular. Ancaq Türkiyənin hazırkı prezidentinin qətiyyəti nəticəsində nəinki Gülənin planı baş tutmadı, tam əksinə, fətullahçıların çöküşü başladı.

Bəs bu illər ərzində Azərbaycanda nə oldu?

Bu illər ərzində fətullahçılar daha da gücləndilər. Onlar buranın dəyərini bildiklərindən dolayı təkcə Azərbaycan üçün deyil, Orta Asiya, Rusiya üçün müridlərini burada yetişdirdilər. Camaat üzvlərindən birinin dediyi kimi, “Azərbaycan Camaat üçün çox önəmlidir. Çünki bir gün Asiyada bir yanğın çıxarılacaqsa, o yanğının benzini Azərbaycan və azərbaycanlılar olacaqdır”. Bu səbəbdən də, hər dəfə dövlət təzyiq edəndə gedəcəyini deyən fətullahçılar nəinki getdilər, tam əksinə burada özlərinə bağlı nəsil yetişdirdilər. Nazim Əkbərov, Natiq Paşa kimi müridləri vasitəsi ilə ölkənin müxtəlif yüksək vəzifəli şəxsinə “qarmaq” atıb, onlarla əlaqə qurdular.Bu illər ərzində Türkiyədən gələn Hilmi Öney başqanlığında ilk dönəmdə TUSİAB-ı qurmuşdularsa, bu gün artıq azərbaycanlıların üstünlük təşkil etdikləri “İpək yolu”nu qurublar. Bu gün Türkiyədən gələn təlimatla TUSİAB-dan atılanların hamısı “İpək yolu”nda özünə yer tapır. Burada bir məqamı unutmaq lazım deyil ki, illərlə TUSİAB bunlar üçün özlərindən olmayan iş adamlarının önünü kəsmək üçün bir vasitə oldu. Qurultaylarında həqiqi üzvlər yerinə “vəkalət”lə səs verənlərlə kimin hara seçiləcəyi müəyyən edildi. Gülən daim bu təşkilatı “kölgə kabinet” ilə idarə etdi. Ancaq son qurultayda Yasın Goralın istefasından sonra qurumdakı “veteran” fətullahçıların da getməsi maraqlı prosseslərdən xəbər verir. İstəyimiz TUSİAB-ın 22 il sonra da olsa, sonunda həqiqi türk təşkilatına çevrilməsidir. Güllüoğluların, Menekşelerin, Cintosunların deyil, qeyri-fətullahçıların birləşdiyi bir mərkəz olmasıdır. “İpək yolu”unun isə belə bir şansı yoxdur. Çünki bunun üçün qurum özünü tamamilə buraxmalıdır. “Tuna” şirkətinin rəhbəri, Ənvər Özərən ilə birlikdə ABŞ-da olan Rəşid Çulaqov getsə belə, qurumda azərbaycanlı fətullahçıları təmizləmək imkansızdır. “Özsüt”dən “Mado”ya, “İsra İnşaat”dan “Aktiv Reklam”a, “Exclusive Media”dan “Yıldız Elektrik”ə onlarla fətullahçı şirkəti öz daxilində saxlayan qurumun gizli imamları Qafqaz Universitetinin müəllimi Sərraf Nəzər və Rövşən Məmmədovdur.

Əvvəl bir universitetləri var idisə, indi bir neçə özəl universitetə nüfuz edirlər. Artıq özlərindən olan millət vəkilləri var. Nazir müavinləri, nazirliklərin aparat rəhbərləri var. Əksər nazirliklərdə köməkçi vəzifəsi onlardadır.

 

Əvvəllər bir “Zaman” mətbəələri varkən, indi bir neçə nəşriyyat sahibidirlər. “Güvən” Nəşriyyatı ilə hazırlıq mərkəzlərinə ədəbiyyat çap edir, Gülənin gizli imamlarından Rövşən Məmmədovun elmi məsləhətçisi olduğu “Xəzər” Nəşriyyatı ilə Gülənin kitablarını və onun fikirlərini təbliğ ədəbiyyatları yayırlar. Bir vətənsevər iş adamının obyektində zorla və qanunsuzluqla qurduqları “Nurlar” mətbəəsi ilə də, “Xəzər”də çap edə bilmədiklərini yayırlar.

Gülənin rəsmi təmsilçisi olan Dialoq Avrasiya Platformu (“Dialoq” jurnalı) bu gün də Azərbaycanda fəaliyyətini davam etdirir. Köhnə təmsilçi Mustafa Saatçı “Aksesuar İnşaat”da işə başlasa da, Qafqaz Universitetinin sabiq dekanı Cəlil Ərdəm media ilə DAP arasında əlaqələndirici olmaqda davam edir. Əgər axtarış saytlarında yoxlasanız, son bir ildə neçə önəmli media qurumu ilə görüşlər keçirdiyini də görəcəksiniz.

Bu gün iddia edirlər ki, Elnur Aslanov “vurulub”. O necə “vurulmadır” ki, bütün komandası vəzifədədir. 2005-ci ildən sonra dövlət içinə yerləşdirdiyi bütün komanda başda SAM direktoru Fərhad Məmmədov olmaqla,  gündüz işdədir, gecə isə Aslanovla planlar cızmaqda… Bu gün müxtəlif nazirliklərdə, Milli Məclisdə, ayrı-ayrı dövlət qurumlarında Elnur Aslanova bağlı bir “ordu” fəaliyyət göstərməkdədir. Bu qrup heç bir şəkildə ayrılmır, dağıdılması imkansızdır. Təbii ki, bütövlükdə bir dəstəni idarə etmək çətindir. Bunun üçün Elnur Aslanova İxtiyar Hüseynli, Elşad İskəndərov, İntiqam Babayev, Fərhad Məmmədov kimi müavin “imam”lar yardım edirlər.

Aslanov isə istədiyi zaman təhsil adı altında ABŞ-a gedib, təlimatları alır və Azərbaycana qayıdır.

Fətullahçıların Bakıdakı “Beyin mərkəzi” sayılan Qafqaz Universitetində sözdə rəhbər dəyişikliyi edilsə də, hələ də əsas füqurlar yerlərində qalmaqdadırlar. İllərdən bəri dövlət və özəl sektora fətullahçı yerləşdirmək rolunu oynayan “Azinka”nın qurucusu Şaiq Nəbiyevdən  Natiq Paşaya qədər öz fəaliyyətlərini davam etdirirlər.

 

***

Bu gün  Türkiyə çevrilişdən daha böyük və ciddi bir təhlükə ilə üz-üzədir. On ildən çox bir zamanda test imtahanlarının cavablarını oğurlayan fətullahçılar polis və hərbi məktəblərə ancaq öz adamlarını yerləşdiriblər. 10 il bir nəsil deməkdir. Eyni problem bizdə də başqa şəkildə özünü göstərib. Elnur Aslanov dövlətin gənclər siyasətinin başına keçdikdən sonra onun “filtirasiya”sından keçənlərin əksəriyyəti öz kadrları olub.

Güləndən yazıb “dövlət düşmanı” elan edilmək…  

Ona qarşı çıxanlar isə çıxdaş edilib. Dövlətə düşmən kimi təqdim edilib. Məsələn, bu sətirlərin müəllifi 2007-ci ildə Gülənə qarşı araşdırma yazılarına başladıqdan sonra öncə E.Aslanovun yaxını tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verildi, sonra “Gülənə toxunma, kimdən nə yazırsan, yaz” mesajı aldı. Bu şərt qəbul edilmədiyində isə E.Aslanov tərəfidən barəsində “dövlət düşməni” obrazı yaradıldı. Halbuki, 2000-ci ildə mətbuata gəldiyim gündən bu günə kimi nəinki dövlət əleyhinə bir cümləm, bir fəaliyyətim yoxdur, harada dövlətə qarşı nəsə addım olubsa, onun qarşısında olmuşam. Elnur Aslanov dəstəsi ilə xaricdə sadəcə, AzTV-nin göstərdiyi tədbirlərlə dövlət büdcəsini soyarkən, bu sətirlərin müəllifi 2008-ci ildən bu günə kimi heç bir dövlət qurumundan bir qəpik almadan, dost-tanışa minnətçi düşərək, xarıcdə hər il Xocalı konfranslarının təşkil olunmasına nail olub, beynəlxalq tədbirlərdə məruzəçi olaraq, Azərbaycanın haqlı davasından danışıb, onlarla xarici televizya kanalında Qarabağdan danışıb. Sadəcə, bu il 25 fevralda 5 telekanalda çıxış edərək, Xocalı Soyqırımının gündəmdə qalmasına çalışıb. Xocalı həftəsinin dörd gününü hava limanında gecələyərək, şəhərdən şəhərə gedərək, konfranslarda iştirak edib. 10 illik arxivində bir kiçik nöqsan tapa bilməsələr də, gah ergenekonçu deyilib, gah dövlət düşməni, ən son da SAM tərəfindən Hüseyn Cavid kimi “pantürkist” olduğum elan edilib. Azərbaycanda Türkiyənin maraqlarını reallaşdıran biri olduğum “pantürkist” adı altında şərh edilib. Halbuki, biz onlardan fərqli olaraq, daim azərbaycançılıq ideyasına bağlı olmuş, özümüzün sadəcə Azərbaycan Prezidenti İlham Əliyevin əsgəri olduğumuzu hər cümləmizdə bəyan etmiş və bu xəttdən heç vaxt ayrılmamışıq. Biz onlar kimi dövlət parasını talamışıq, ancaq gündüzlər ağır işlərdə işləyib, gecələr dövlətimizin maraqlarını müdafiə edən yazılar yazmışıq. Bir gün belə olsa, “dövlət bunların əlindədir, nəyinə lazımdır” deməmişik. Çünki biz bu ailəmiz tərəfindən “dövləti qorumaq hər bir vətəndaşın borcudur” tərbiyyəsi ilə böyüdük, “onlar hökumət nümayəndələri, sən dövləti müdafiə edirsən” məsləhətini heç vaxt qulağımızdan əksik etmədik. Onun üçün gördüyümüz bu qədər haqsız münasibətə, barəmizdə çıxan o qədər dedi-qoduya rəğmən dövlətə olan sevgimiz azalmadı. Hər təhlükənin qarşısında vardıq. Ölkəmizdə fəaliyyət göstərən hər bir sektaya qarşı hamıdan öncə biz qarşı çıxdıq. Bunu da bu torpaqlara, bu dövlətə, bu millətə borcumuz saydıq. Bəlkə “Terrorun Gülən üzü” kitabında sadəcə Güləndən yazıb, ad çəkmədən ümumi olaraq, gülənçilərdən bəhs etsəydim, indi sütunum qızıldandı. Ancaq Gülənin bildiyim bütün şəbəkəsini isim-isim yazaraq, onlarla, yüzlərlə düşmən qazandım. Olsun! 2014-cü ildə A Haber telekanalında çıxış edərkən, dövlət şirkətinin içindəki şəbəkədən parlamentdəki üzvlərinə qədər adlar çəkdiyim üçün rəsmən linç edildim. Dostlarım belə “adları niyə çəkirdin” deyə, qınadılar. Barəmdə 2 milyon manatlıq təzminat davası açıldı. Hələ də məhkəmə icraçıları bu yazılara görə, təkzib verməyimi tələb edirlər. Baxmayaraq ki, sonucda Türkiyədəki həbslər mənim haqlı olduğumu göstərdi. HASEN bağlandı, dövlət şirkətinin Türkiyədəki qanadının neçə üzvü FETÖ ittihamı ilə həbsdədir. Ancaq yenə də burada səsi boğulmaq istənən mənəm. Halbuki, biz iki-üç il əvvəlki yazılarımızda dövlət şirkətinə “bağırsaqlarınızı təmizləyin, fətullahçılar bütün strateji mövqelərinizi işğal edib” yazır, dövlətimizin təhlükədə olan maraqlarını müdafiə edirdik. Düşmən hesab edildik. Məhkəmələrdə süründürüldük və indi də səksəkədəyik. Fəqət haqlı olduğumuz davadan əsla vaz keçmədik, keçməyəcəyik.

 

Gülən məktəbləri bağlandımı?

Həmçinin bu gün yaşananlar göstərir ki, adlar çəkilməlidir. Əks halda, o baş aldatmadan başqa bir şey deyil. Məsələn, “Gülənin məktəbləri bağlandı” deyirlər. Biz buna “yalan” deyirik. Hətta qosqoca Türkiyə belə bu yalana inanır, bizi inandıra bilmirlər. Çünki biz bilirik ki, “Çağ” liseyləri “İstək”ə çevrilib. Başında dayanan isə “O Şah İsmayılı ki, ortodoks kilsəsinin sadiq qulu Martanın oğlu idi. Erməni keşişlərindən tərbiyə almışdı və şeirlərində özünü Allah elan edirdi (haşa!)…” sözlərinin müəllifi Nazim Əkbərovdur (Sitat N.F.Əkbərovun “Fərrux Əkbərov” imzası ilə yazdığı “Zamanın axarında” silsilə kitablarından “Ədəbiyyatımızın tarixi və tariximizin ədəbiyyatı” adlı III kitabındandır). Əgər hər iki liseyin “baş məsləhətçisi” eyni şəxsdirsə, dünənə qədər “Çağ” olan binaların üzərində “İstək” yazılıbsa, hansı qapanmadan danışıla bilər? Və ya ötən yazılarımızda daha geniş bəhs etdiyimiz kimi “Araz” kursları “Güvən” Nəşriyyatının ədəbiyyatlarından istifadə edən Hazırlıq Mərkəzlərinə çevriliblər.

Və ya gülənistlər dövlətin bütün lahiyələrində “savadlı kadr” kimi önə çəkilir, sağlam kadrların səsi boğulursa, buna səssizmi qalmalıyıq? Yaxşı olardı ki, Dövlət Təhlükəsizlik Xidməti son on ildə dövlət qurumlarına imtahanlı-imtahansız qəbul edilənləri ciddi şəkildə araşdırsın. O imtahanlarda (xüsusilə, sözlü) baş verən haqsızlıqları, gülənçilərin necə savadlı Azərbaycan gənclərinin haqqını mənimsədiyinin şahidi o zaman olacağıq. Sadəcə, onlar da deyil. Gülənin liseylərinin üzərini nə zaman “qara buludlar” alsa, onları müdafiəyə qalxan Əli Kərimlinin maliyyə vəziyyəti də araşdırılsın. “Azadlıq” qəzetinin satışı ilə illərdən bəri “dolandığını” iddia edən AXCP-nin bu satışdan nə qədər qazandığı da açıqlansın. İşçiləri qul kimi işlədib, oğlunu gülənçilərlə bərabər Londonda oxudan Ə.Kərimlinin xərclərini hansı qaynaqdan təmin etdiyi də sonunda çözülsün… Elə “Azadlıq” qəzetinin illərdən bəri çay pulu tapa bilməyən müxalifətçilərin vermək iqtidarında olmadıqları “ianə”lərlə çıxdığını iddia etmək gülüncdür. O zaman 30 nəfərə yaxın kollektiv hansı pulla saxlanılır? Qəzetdən gələn cüzi məbləğlə? Elektron poçtumuza bu barədə daxil olan məlumatı nəzərinizə çatdırıram. Əli Kərimlinin tribunası olan “Azadlıq”ın elan olunan tirajı 6 mindir. Ancaq faktiki günlük çap 3483 nüsxədir.

Aylıq dövriyyənin 26 dəfə olduğunu və 40 faizinin satılmadığını nəzərə alsaq, aylıq gəlir 13040 manatdır.

26*3483 = 90558 – 40 % silinmə = 36223

90558 – 36223 = 54335 * 0.24 = 13040 manat gəlir

Çap xərci isə aylıq 9055 manat edir.

Çap xərci : 3483 * 26 = 90558 * 0.10

Çap xərci  9055

Geri qalan məbləğ isə cəmi 3985 manatdır.

Aylıq icarə haqqı (465 manat) və digər texniki xərcləri (orta hesabla 1000 manat) üst-üstə gəlsək, yerdə cəmi 2520 AZN pul qalır.

30 nəfərin hər birinə orta hesabla 700 AZN maaş verilməsi üçün Əli Kərimliyə 2520 AZN-dən əlavə 18448 AZN pul lazımdır. “Azadlıq” bu dotasiyanı haradan alır? Hamını şəffaflığa çağıran Ə.Kərimli niyə gəlirlərini şəffaf şəkildə göstərmir ki, biz bu sualı verməyək?!

Son on ildə fətullahçıların dövlətin donor təşkilatlarından müxtəlif adlarla aldıqları vəsaitləri hara xərclədikləri araşdırılsın.

Müxtəlif nazirliklərin elan etdikləri qrant müsabiqələrindən ancaq Elnur Aslanovun QHT-ləri dəstək alıb.


Təkcə, Elnur Aslanovun QHT-ləri deyil. DAP-la ciddi və gizli əlaqələrini davam etdirənlər həm də dövlətin qrantını xarıci media ilə əlaqələr adı altında fətullahçılara yedirdiblər. Bu barədə sadəcə bir faktı media qurumlarının diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycanda Türkiyə Qəzetçilər Cəmiyyətinin sədri və ya Alanya təmsilçisi kimi təqdim olunan Mehmet Ali Dim Gülənin türk mediasındakı əsas adamlarından biridir. Azərbaycanda bir sıra media qurumları ilə əlaqə qurmağı bacaran bu şəxsin Ərdoğan iqtidarı əleyhinə sözləri, “Zaman” və “Samanyolu”nun vəkilliyini etməsinə dair saysız-hesabsız fakt mövcuddur. Təəssüf ki, Azərbaycan dövlətinin etimadından istifadə edən bəzi QHT-lər bu kimi keçmişi qaranlıq şəxsləri yenidən “diriltmək”lə məşğuldurlar. Bir müddət öncə Gülənin azərbaycanlı olduğuna dair “araşdırma”ları cəmiyyətə sırımaq istəyənlərin hələ də dövlətin bəzi qurumları tərəfindən dəstəklənməsi ciddi siqnaldır. Beləliklə də, akademik Ramiz Mehdiyevin xarici media ilə əlaqədar diasporamızın çiyninə yüklədiyi önəmli missiya kripto fətullahçılar tərəfindən bu şəkildə sui-istifadə olunur. 

SAM-a ayrılan milyonlar necə silinib, öyrənilsin. Daha fətullahçıların müəyyənləşdirilməsi SAM-a tapşırılmasın. Bu qurdu quzuya tapşırmaqdan daha betərdi. Belə edildi ki, son bir neçə ayda “fətullahçı” deyə, deport edilənlərin əksəriyyətinin bu şəbəkənin “qara siyahı”sındakılar oldu.

Bütün bunlar isə fətullahçıların bir xanım müğənniyə oxutduqları “hər şey yaxşı olacaq” mahnısının nəqarəti ilə həmahəng təşkil edir. “Düşmən” anlayışında erməni refleksi olmayan, sadəcə Gülənin düşmən bildiklərinə nifrət edən bu şəbəkə Azərbaycanda gücünü, mövqelərini tam olaraq, qorumaqdadır. Rəbiyyət Aslanovanın “siyasi xadim” adlandırdığı oğlu kənardan dəstəsini idarə etməkdə, “komanda” isə yeri gələndə “Burc”da, yeri gələndə “Özsüt”də, yeri gələndə də müxtəlif villalarda keçirilən “ad günü parti”lərində bir araya gələrək, koordinasiyanı itirmirlər. Yenə böyük lahiyələr Elnur Aslanovun komandasına verilir və pulun necə bölünməsi “Əbu Ömər”in rəhbərliyi ilə gerçəkləşir.

Qısacası, bu gün Gülən Azərbaycan üçün real təhlükə mənbəyi olaraq, qalmaqdadır. Dövlət içindəki məmur ordusu, böyük kapitala sahib iş adamları və iqtidarlı-müxalifətli sadiq müridləri ilə Azərbaycanın zəif anını gözləyirlər.  Əgər dövlət illərdən bəri bir neçə dəfə əyalət üsyanları modelini sınaqdan keçirən, sosial şəbəkələr üzərindən psixoloji təzyiq metodlarından istifadə edən FETÖ ilə bağlı ciddi addımlar atılmasa, azərbaycanlı müridlərə toxunulmasa, sabah doğrudan da gec olacaq.

Bu gün yüzlərlə QHT sahibi olan fətullahçılar ictimai və media sektorunda hegemonluqlarını əllərində saxlayırlar. Xaricdəki FETÖ-cu QHT-lərlə birlikdə çalışan fətullahçılar bütün böyük dövlət lahiyələrini də əllərindən vermirlər.

Onu da unutmayaq ki, təhsil nazirimizin Elnur Aslanovun kadrı Şahin Seyidzadəyə əmanət etdiyi və universitetlərdə savadlı kadrları müəyyənləşdirən biznes qurumunun adı da “Sabah”dır. Onlar bizim SABAHımıza sahib çıxmaq istəyirlər… Gənclərimizə, gələcəyimizə sahib çıxmaq istəyirlər… Gəlin, 15 iyul yaşamayaq… Azərbaycançılıq ideologiyasını, türklük məfkurəsini Pensilvaniyadakı kardinala qurban vermək istəyənlərə qarşı hamımız bir yumruq olaq…

II Yazının sonu

Aqil Ələsgər

www.yenicag.az

1136
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv