FETÖ-nun siyasi sui-qəsdləri – Karlovaqədərki QURBANLAR

Müəllif: Redaktor

Editor

15723977_846290472180924_995142169_nRusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən Mevlüt Mert Altıntaşın FETÖ-çu olmasının müəyyənləşməsi bu terror şəbəkəsinin ötən illərdə törətdiyi siyasi xarakterli cinayətləri yenidən xatırladıb.

Yeniçağ.Az xəbər verir ki, “Kriter” nəşrinin yazarı Kenan Kıranın “Siyasi cinayətlərdə və qaranlıq olaylarda FETÖ-nun izi” adlı bir müddət əvvəl dərc etdirdiyi məqaləsində Bayram Ali Öztürk Hoca, Necip Hablemitoğlu və Qrant Dink cinayətləri, Danıştay hücumu, Kaşif Kozinoğlunun ölümü və Uludərə basqını kimi qaranlıq hadisələrdə FETÖ izinin olmasını araşdırıb.

Fətullah Gülənin lideri olduğu FETÖ/PDY (“Paralel dövlət”) şəbəkəsinin 15 iyul çevrilişinə uğursuz cəhddə iştirak etmiş çox sayda hərbçi ilə yanaşı, bir çox hakim, prokuror və polis də həbs edildi. Araşdırmalar zamanı müəyyən edildi ki, FETP-yə mənsub hakim və prokurorların apardıqları cinayət işlərində xeyli qaranlıq məqamlar var.

Prezident Rəcəb Tayyib Ərdoğanın Marmarisdə qaldığı otelə hücum edən zabit Aydın Özsıcakın adı BBP-nin qətlə yetirilən rəhbəri Muhsin Yazıcıoğlunun ölümünün araşdırıldığı cinayət işində də keçir. Ərdoğanı qətlə yetirmək üçün yaradılan qrupda yer alan və həbs edilən A.Özsıcak partiya sədrinin içində olduğu helikopter vurulduqdan sonra onun “qara qutusu”nu aradan çıxararaq məhv etməkdə ittiham olunur.

“Balyoz” işində əsgərlərə qondarma ittihamlar irəli sürməkdə əsas şübhəli olan Prezidentin mühafizə alayının sabiq komandiri Muhammed Tanju Poshor da Kosovadakı NATO qüvvələri tərkibində qulluq edərkən 14-17 iyul tarixləri üçün icazə aldığı və 15 iyulda TRT-yə hücum edən qrupa başçılıq rəhbər etməsi ittihamı ilə həbs edildi.

Qrant Dink cinayəti baş verəndə kapitan olan və hadisə yerindəki jandarm təhlükəsizlik əməkdaşları ilə telefon əlaqəsi saxlayan polkovnik M. D. Də 15 iyul çevrilişində iştiraka görə məsuliyyətə cəlb edilib.

2015-ci il noyabrın 24-də Rusiyaya məxsus hərbi təyyarəni vuran pilotların da 15 iyul çevrilişinə cəhddə iştirak etdikləri versiyası da araşdırılır. Prezident Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra verdiyi açıqlamada “15 iyul çevriliş təşəbbüsündən sonra həbs olunanlar arasında həmin pilotlar da var. İndi bu pilotlarla bağlı nəsə demək doğru olmazdı. Bu məsələ araşdırılır”, deyib. Bundan başqa, yazıda FETÖ təhqiqatı çərçivəsində həbs olunan və ya məsuliyyətdən yayınmaq üçün xaricə qaçan şəxlərin 2000-ci illərdə törətdikləri cinayətlərdən bəhs olunacaq.

Necip Hablemitoğlu cinayəti (18 dekabr 2002-ci il)

“Cumhuriyet” qəzetinin yazarı Necip Hablemitoğlunun Fətullah Gülənə həsr etdiyi tənqidi kitabına görə öldürüldüyü üçün son dönəmdə yeni iddialar ortaya çıxıb. FETÖ təhqiqatı zamanı müəyyən edilib ki, həbs edilmiş keçmiş polis zabiti Yurt Atayün Ankara Polis İdarəsində vəzifədə olduğu dövrdə N. Hablemitoğlunun cinayət işini araşdırarkən, lazımı prosedurları qəsdən həyata keçirməyib. Bundan başqa, həmin cinayət işi ilə əlaqədar bəzi raportların yoxa çıxması, cinayət günü əraziyə təhkim edilən polis əməkdaşlarının xidməti yerlərində olmadığı müəyyənləşib. FETÖ-nun Türkiyə üzrə əsas fiquru olduğu deyilən Mustafa Özcanın yazar N.Hablemitoğluna zəng vuraraq, onu təhdid etdiyi də üzə çıxıb. Bu iddialardan sonra Ankara Prokurorluğu N. Hablemitoğlunun cinayət işinin təkrar araşdırılmasına başlayıb. N. Hablemitoğlu 2001-ci ildə “Alman Vəqfləri və Bergama dosyesi” adlı kitabında Türkiyədə fəaliyyət göstərən “Konrad Adenauer”, “Friedrich Ebert” və “Heinrich Böll” adlı fondların əlaqələrini ifşa edərək, həmin qurumların qızıl mədənlərinə dair maraqlarını təsvir edib. Onun ölümündən sonra çap olunan “Göstəbək” adlı kitabında isə Almaniya şirkətləri tərəfindən idarə olunan Bergamadakı qızıl mədənlərinin FETÖ-nun əsas maliyyə mənbələrindən biri olan Akın İpəyin nəzarətinə keçməsindən bəhs olunub. N. Hablemitoğlu həmin kitabında , Fətullah Gülən qrupunu tənqid edərək, onu Türkiyə üçün ən böyük təhlükə adlandırıb.

Danıştay hücumu (17 may 2006-cı il)

“Ergenekon” işinin əsasını təşkil edən “Danıştay hücumu” ilə bağlı cinayət işinin də FETÖ tərəfindən ört-basdır edildiyi qeyd olunur. Alparslan Arslan tərəfindən həyata keçirildiyi iddia edilən Danıştay II Dairəsinin üzvü Mustafa Yücel Özbilginin ölümü ilə nəticələnən hücumda adı çəkilən əsas şəxsin FETÖ-nun təşkilatlanmasında fəal iştirak etmiş polis rəisi Bayram Özbek olduğu bildirilir. Məhz B.Özbek vasitəsilə Danıştay işi başlanıb və səs-küylü “Ergenekon” prosesinə start verilib. O, Elazığ Polis İdarəsində Terrorla Mübarizə Şöbəsinin rəis müavini olduğu vaxtda Alparslan Arslanın atası İdris Arslanın evində axtarış aparmayıb, onu və xanımı Hatice Arslanı ifadə vermələri üçün Ankara Polis İdarəsinə gətirdərək, onlara təzyiq göstərib. İdris Arslanın “Oğlumuzun bu cinayəti Vətənsevər Güc Birliyi Hərəkatı ilə Vəli Küçük və Muzaffer Tekinin təhriki ilə edə biləcəyi qənaətindəyik” ifadəsini verib. Müfəttiş olan İdris Arslanın məhz bu ifadəsindən sonra Vəli Küçük və Muzaffer Tekin həbs olunub və “Ergenekon” işinə başlanıb. Eyni zamanda, Fətullah Gülənin yaxın qohumu Kemalettin Gülenin Danıştay hücumundan 3 gün əvvəl Alparslan Arslanla görüşən vəkili Hilmi Öztürkü hadisədən həmən sonra yanında işə götürməsi İstanbul 13-cü Ağır Cəza Məhkəməsi tərəfindən nəzərə alınmayıb.
Araşdırma zamanı B.Özbekin bir sıra digər cinayətlərinin də açılmaması üçün qanunsuz addımlar atdığı müəyyən olunub.

Bayram Ali Öztürk cinayəti (3 iyul 2006-cı il)

Fətullah Gülən tərəfindən gündəmə gətirilən dinlərarası dialoq məsələsi və xoşməramlı ideya düşüncəsinə qarşı çıxışlar edən Bayram Ali Öztürk Fatih İsmailağa Camisində sübh namazından sonra moizə edərkən bıçaqlanaraq öldürülüb. Dörd xarici dil bilən və İsmailağa camaatının lideri Mahmut Ustaosmanoğlunun yerinə keçəcəyi gözlənilən Bayram Ali Öztürkün qətli ilə bağlı FETÖ/PDY prokurorları tərəfindən 10 il cinayət işi açılmayıb. 2006-cı ildən 2011-ci ilə qədər 2006/20669 saylı dosye ilə aparılan araşdırma zamanı üç prokuror dəyişdirilib. Lakin onların heç biri cinayət işinin açılması üçün lazım olan addımları atmayıblar. Həmin prokurorlardan biri olan Süleyman Pehlivan FETÖ-nun uğursuz çevriliş cəhdindən sonra həbs edilib, digər prokurorlar Cihan Kansız və Salim Duran isə xaricinə qaçıb.

Qrant Dink cinayəti (19 yanvar 2007-ci il)

“Agos” qəzetinin baş redaktoru Qrant Dinkin öldürülməsinin də FETÖ-nun təhriki əsasında baş verdiyinə dair ciddi iddialar irəli sürülməkdədir. Türkiyə Polisi Kəşfiyyat İdarəsinin sabiq dairə rəisi Ramazan Akyürekin Trabzonun polis rəisi, Ali Fuat Yılmazerin isə İstanbul Polisi Kəşfiyyat İdarəsinin “C” Şöbəsinin rəisi olduğu vaxtlarda Q. Dinkin öldürüləcəyinə dair kəşfiyyat məlumatları 11 ay gizlədilib. Q. Dinki qətlə yetirən Ogün Samast isə cinayətdən əvvəl izlənməsinə baxmayaraq, həbs edilməyib. Ramazan Akyürek, Yasin Hayal və Ogün Samastın izlənildiyinə dair raport və sənədləri məhv etmək istəsə də, buna nail olmayıb. FETÖ/PDY Q. Dinkin qətlindən sonra qarşılarında maneə kimi gördükləri İstanbul Polisinin Kəşfiyyat rəisi Ahmet İlhan Güleri vəzifədən çıxartdıraraq, yerinə Ali Fuat Yılmazeri təyin etdiriblər. Bundan sonra İstanbul Polisində qanunsuz olaraq yaradılmış “C-5” şöbəsi tərəfindən “Ergenekon” və “Balyoz” təhqiqatı başladılıb. Son dalğada isə Q. Dinkin qətlində əlləri olduğu ehtimal edilən Ramazan Akyürek və Ali Fuat Yılmazer FETÖ/PDY-nin aparıcı şəxsləri olduqları üçün həbs ediliblər.

Muhsin Yazıcıoğlunun ölümü (25 mart 2009-cu il)

Böyük Birlik Partiyasının (BBP) mərhum lideri Muhsin Yazıcıoğlu və başqa 5 nəfərin həlak olduğu helikopter qəzası ilə bağlı bəzi şübhəli şəxslərin 15 iyul uğursuz çevriliş cəhdinin iştirakçıları arasında olmaları da diqqəti cəlb edən məqamdır. Prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücum edən qrupun tərkibində olan Davut Uçum və Aydın Özsıcakın həm də Muhsin Yazıcıoğlu və 5 tərəfdarının olduğu helikopterdəki “Argus5000 CE” və “SKYMAP” cihazlarını (“qara qutu”) aradan çıxartdıqları müəyyən edilib. M.Yazıcıoğlunun içində olduğu helikopter qəzadan 3 gün sonra tapıldı. Aydın Özsıcak 7 ay həbsdə qalmasına baxmayaraq, həmin cihazların taleyinə aydınlıq gətirilmədi. O özü isə ifadəsində “qara qutu”nu xatirə olaraq, oğurladığını deyib. Davut Uçum da dindirildikdən sonra sərbəst buraxılıb. Onların hər ikisi illər sonra president Ərdoğanın qaldığı otelə hücum edən qrupun tərkibində olduqları üçün həbs edilib.

Kaşif Kozinoğlunun ölümü (13 noyabr 2011-ci il)

Oda TV işində həbs olunaraq dindirilən MİT Xarici Əməliyyatlar Şöbəsinin rəisi Kaşif Kozinoğlunun ölümündə də şübhəli məqamların olduğu bildirilir. K.Kozinoğlunun Oda TV işi ilə bağlı keçirilən ilk prosesdə (22 noyabr 2011-ci il) “Paralel dövlət”lə bağlı mühüm məlumatlar verəcəyi haqda xəbərlər mətbuatda işıq üzü gördükdən sonra dünyasını dəyişməsi də diqqəti cəlb edən məsələdir. K.Kozinoğlu həbsxanada öz əli ilə qələmə aldığı qeydlərdə Gülən məktəblərindəki müdirlərin CIA-ya hesabat verdikləri bildirilib. Onun ölkə xaricindıə fəaliyyət göstərən FETÖ məktəblərini tənqid edən hesabatı da MİT-ə təqdim olunub. Prosesə 10 gün qaldığı müddətdə Silivri həbsxanasında saxlanılan K.Kozinoğlunun halı pisləşib və o, xəstəxanaya aparılarkən, yolda keçinib.

Haydar Meriç cinayəti (31 may 2011-ci il)

Jurnalist Haydar Meriç Fətullah Gülən əleyhinə kitab yazacağını söylədikdən sonra qaçırılaraq qətlə yetirilib. 2011-ci ilin may ayının 31-də qaçırılan jurnalistin cəsədi iyunun 18-də Düzce Akçakoca səmtindən tapılmışdı. Solçu terror təşkilatının üzvü olduğu iddia edilən H. Meriçin telefonları dinlənilib və o dənəmdə də qaçırılıb. Bu işlə bağlı artıq 9 FETÖ-çu polis həbs edilib.

Uludərə qətliamı (28 dekabr 2011-ci il)

Şırnakın Uludərə kəndində F-16 hərbi təyyarəsinin bombardmanı nəticəsində 34 sakinin həlak olduğu hadisəyə görə məsuliyyət daşıyanlar da hələlik, müəyyən edilməyib. Bu bombardmanın yanlış məlumat əsasında İraqdan Türkiyəyə qaçaqmalçılıqla siqaret və mazut keçirən PKK terrorçularına qarşı təşkil edildiyi bildirilir. O zaman FETÖ-ya bağlı “Taraf” qəzeti bu hadisənin məsuliyyətini MİT-in üzərinə qoymağa çalışmışdı. Lakin 15 iyuldan sonra Uludərə Hüdud Tabur komandiri, jandarm polkovniki Hüseyin Ertenin FETÖ-çu olmaq ittihamı ilə həbs olunması diqqəti cəlb edir. Bombardman üçün onun təlimat verdiyi haqda mediada da məlumat yayılıb.

Rusiya təyyarəsinin vurulması (24 noyabr 2015-ci il)

15 iyul uğursuz çevriliş cəhdi zamanı FETÖ-çu pilotların idarə etdikləri “F-16″lar Prezident Sarayının qarşısındakı kütlənin olduğu yerə iki dəfə bomba atılmış, 5 mülki, nəfər, 47 polis şəhid olmuşdu. Bu qətliamdan sonra 2015-ci il noyabrın 24-də Rusiya hərbi təyyarəsini vuran “F-16” hərbi təyyarəsinin pilotları da FETÖ-ya bağlılıq ittihamı ilə həbs ediliblər. Prezident Ərdoğan da “Əl-Cəzirə” telekanalına müsahibəsində həmin pilotların Pensilvaniya ilə əlaqələrinin ola biləcəyini və təhqiqatın bütün bu ehtimallara aydınlıq gətirəcəyini deyib.

Nəzərə alsaq ki, FETÖ ilə bağlı təhqiqatlar hələ də davam etdirilir, demək, bu terror şəbəkəsinin əli olan daha başqa cinayətlər də üzə çıxacaq.

Yeniçağ.Az-ın Analitik Qrupu


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır