!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

FHN-nin sürücüsü Portuqaliyada dünya çempionu oldu - Fotolar

!Reklam – Yazi

FHN-nin əməkdaşı Şahmar Nəzərov Portuqaliyanın Lissabon şəhərində Sanda üzrə dünya çempionatının qalibi olub və Azərbaycan bayrağını zirvəyə qaldırıb

Portuqaliyanın paytaxtı Lissabonda əlbəyaxa döyüş növləri üzrə dünya çempionatı keçirilib.

6 min idmançının iştirak etdiyi yarışda Azərbaycan 12 idmançı ilə təmsil olunub. Azərbaycan təmsilçiləri arasında 80 kq çəkidə yarışan, FHN əməkdaşı Şahmar Nəzərov yarımfinalda küveytli rəqibi Johar Johar və livanlı rəqibi Fredy Naderə qalib gələrək finala yüksəlib. Finalda isə portuqaliyalı rəqibi Almiro Coelhoya qalib gələrək qızıl medala layiq görülüb.

Qeyd edək ki, Şahmar Nəzərov 1988-ci ildə Bakı şəhərində doğulub. 1994-2005-ci illərdə Ədalət Abbasovun adını daşıyan 257 nömrəli orta məktəbdə təhsil alıb. Şahmar Nəzərov idmanla 10 yaşından məşğul olmağa başlayıb. 4 il yunan-roma güləşi ilə məşğul olub. Yunan-roma güləşi üzrə keçirilən bir sıra yarışların qalibi olub. Yunan-roma güləşi üzrə ilk müəllimi hərbçilər arasında dünya və Avropa çempionu Taleh İsrafilov olub. Həmin dövrdə Azərbaycanın Milli Qəhrəmanı, SSRİ idman ustası, əməkdar məşqçi, mayor Əliyar Əliyevin xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə turnirin qalibi olub, eyni zamanda 3 dəfə yeniyetmələr arasında keçirilən yunan-roma güləşi üzrə respublika birincisi olub. Müxtəlif yarışlarda respublika ikincisi və üçüncüsü olaraq qələbələr qazanıb.

Əlbəyaxa döyüş növü olan Sanda döyüş növü ilə iki ildir ki, məşğul olur. Bu il Portuqaliyanın paytaxtı Lissabonda keçirilən əlbəyaxa döyüş növləri üzrə dünya çempionatında Azərbaycan təmsilçisi kimi ilk dəfə olaraq Sanda döyüş növü üzrə yarışda iştirak edib və bütün rəqiblərini yenərək ölkəmizə qızıl medalla dönüb. Hal-hazırda isə noyabr ayında İspaniyanın Benidorm şəhərində keçiriləcək əlbəyaxa döyüş növləri üzrə dünya çempionatına hazırlaşır.

Yeniçağ.az Sanda döyüş növü üzrə dünya çepmionu Şahmar Nəzərovla olan müsahibəni oxucularına təqdim edir:

– Şahmar bəy, himnimizin sədaları altında Azərbaycan bayrağı zirvəyə qalxarkən hansı hisslər keçirdiniz?

– Mənim iştirakımla Azərbaycan bayrağının zirvəyə qalxması mənə xoşbəxtlik hissi verirdi. O hissləri sözlə ifadə etmək mümkün deyil. İnsan özünü dünyaya yenidən gəlmiş kimi hiss edir. Bu baxımdan bayrağımızı zirvəyə qaldırmaq mənim üçün qürurverici idi. Bü qüruru yaşadığıma görə çox xoşbəxtəm. Azərbaycan bayrağını beynəlxalq idman yarışlarında zirvəyə daşımaq hər bir Azərbaycan idmançısının xəyalıdır. Bu xəyalıma qovuşduğuma görə çox xoşbəxtəm və doğrudan da bu hissləri ifadə etmək olmur.

Bu mənim beynəlxalq yarışlarda ilk iştirakım idi və ilk yarışdan böyük uğur qazandım. Uğurumda iştirakçı olan hər kəsə, məşqçilərimə və məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Xüsusilə mənə bu qələbəni qazanmaq üçün hər cür dəstək verən Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə, ən başda cənab nazir Kəmaləddin Heydərova öz dərin minnətdarlığımı bildirirəm. Açığı onların mənə göstərdiyi qayğı və diqqət olmasaydı, bu qələbəni qazana bilməzdim.

-Əlbəyaxa döyüş növünün bir çox növləri var. Sanda döyüş növünə üstünlük verməyinizin səbəbi nədir?

– Bilmirəm niyə, amma həmişə özümü Sanda döyüş növündə görürdüm. Uzun müddət yunan-roma güləşi ilə məşğul olmağıma baxmayaraq, elə bilirdim ki, Sanda mənə uyğun olan döyüş növüdür və bu idman növü ilə Azərbaycanı başqa ölkələrdə təmsil edə bilərəm. Bu döyüş növünə üstünlük verməyimdə xüsusi səbəb və ya hansısa hadisə olmayıb, sadəcə olaraq məni cəlb etdiyinə görə idman həyatımı bu istiqamət üzrə yönləndirməyə qərar verdim. Ona görə də iki il əvvəl Sanda döyüş növü ilə məşğul olmağa başladım və hisslərim məni yanıltmadı. İlk beynəlxalq yarışda dünya çempionu ola bildim.

Sanda döyüş növü üzrə ilk müəllimim prezident mükafatçısı, dünya və Avropa çempionu Ramil Allahverdiyev olub. Sanda döyüş növü üzrə ilk beynəlxalq yarışda iştirakım zamanı Ramil müəllimlə yanaşı, 19 qat dünya çempionu, 6 qat Avropa çempionu, Azərbaycan kikboksçusu Eduard Məmmədovun dəstəyi böyük olub. Onu da qeyd edim ki, 6 min idmançının iştirak etdiyi yarışda Azərbaycan 12 idmançı ilə təmsil olunub. Eduard müəllim də bu təmsilçilərdən biri idi və o da vətənə qızıl medalla döndü. Yarım finalda birinci hissəni uduzurdum, amma Eduard müəllimin məsləhətləri və tövsiyələrindən sonra ikinci hissədən qələbə ilə ayrıldım. Verdiyi dəstəyə görə də ona çox minnətdaram.

– Sanda döyüş növü Azərbaycanda o qədər də tanınmır. Ölkəmizdə Sanda döyüş növünə üstünlük verən gənclərin sayı çoxdurmu?

– Bəli, həddindən artıq çoxdur. Son illər bu əlbəyaxa döyüş növünə Azərbaycanda maraq artıb. Əslində bu sevindirici haldır.

-İdmanla bağlı qət etdiyiniz məsafələrdə yolunuz çoxmu enişli-yoxuşlu olub?

-Əsasən yunan-roma güləşi ilə məşğul olurdum. Sanda döyüş növü ilə 2 ildir məşğul oluram. Qət etdiyim məsafədə yolumun çox enişli-yoxuşlu olduğunu düşünmürəm.Təbii ki, hər bir idmançının karyerasında olduğu kimi eniş və çıxışlar yaşanır, amma bunun sayının çox olduğunu söyləmək hələ çox tezdir. Güman edirəm ki, eniş-yoxuşlara baxmayaraq, qarşıma hədəf olaraq qoyduğum bu yolda böyük nailiyyətlər əldə edə bilərəm. Qət etdiyim yolda hədəflərimə çatmaq üçün mübarizənin qaçınılmaz olduğunu düşünürəm.

-Sizcə, 20 yaşda idmana başlayan insan uğur qazana bilərmi?

-Əslində insanın özündən çox şey asılıdır. İdman sahəsində uğurlu nəticə qazanmaq istəyən insan həyatını idmanla bağlamalı və gündəlik olaraq məşqlərə davam etməlidir. Bununla yanaşı, düzgün və sağlam qidalanmaq, yuxu rejiminə diqqət yetirmək lazımdır. 20 yaşlı insan idman sahəsində uğur qazana bilər. Əgər insan qarşısına qoyduğu məqsədə çatmaq istəyirsə, öz üzərində ciddi şəkildə işləməlidir.

– Karyeranızda ümumilikdə neçə döyüş olub?

– Yunan-roma güləş növü ilə çox məşğul olduğuma görə döyüşlərim də çox olub. Sayını konkret olaraq söyləyə bilməyəcəm, amma kifayət qədər çox yarışlarda iştirak etmişəm.

– Adətən idmançılar əsəbi olurlar. Olubmu ki, hansısa yarışda əsəbiləşmisiniz və özünüzü idarə edə bilməmisiniz?

– Əsəb tək idmançılarda deyil, hər kəsdə olur. Bu baxımdan sırf idmançıların əsəbi şəxslər kimi qələmə verilməyini qəbul etmirəm. Əksinə idmançılar səbirli və təmkinli olurlar. Əsl idmançı nəyisə əldə etmək istəyirsə, səbirli olmalıdır. Hər bir yarışda istənilən idmançı qalib gəlmək üçün arenaya çıxır, bu zaman əsəb gərginliyi ancaq ziyan verir və deyim ki, məğlubiyyətlərin böyük hissəsi də məhz əsəb gərginliyi nəticəsində olur. Hansısa hadisədə sırf fiziki gücünə güvənən idmançıları əsl idmançı hesab eləmirəm. Çünki hər kəsin özünə görə fiziki gücü var. Önəmli olan təmkinli və səbirli olmağı bacarmaqdır. Ümumiyyətlə, fiziki zorakılığa qarşı olduğuma görə fiziki gücdən yalnız döyüş meydanlarında istifadə edilməsinin tərəfdarıyam. Fiziki gücünə güvənib, qalib gələn idmançılar isə çox az olur. Əsas olan fiziki güclə mənəvi gücün balansına sahib olub yarışmaqdır. Qələbə ancaq fiziki güclə mənəvi gücün vəhdətindən doğur. Əgər ikisi arasında balans pozulursa, demək ki, məğlub olacaqsan.

– Nə vaxtsa Sanda döyüşündən bezə biləcəyinizi düşünmüsünüz?

-Mənim həyatda yaşamağıma əsas səbəb valideynlərim, qız övladım və idmandır. Deyərdim ki, idmanla nəfəs alıram. Ona görə də nə vaxtsa idmandan ayrılacağımı düşünmürəm. Düzünü desəm, heç bunu düşünə də bilmirəm. Çünki idmanla məşğul olmağı çox sevirəm və bu sahədə mənəvi rahatlıq tapıram.

– Azərbaycanda professional idmanla məşğul olan və yüksək uğur qazanan idmançıların bəziləri kriminal olaylarda iştirak edirlər. Sizin kriminal aləmdən tanışlarınız varmı?

– Fikrimcə, normal insan kriminal hadisələrə müsbət yanaşa bilməz. İdmançılarımızın kriminal hadisələrdə olmasına və adlarının bu şəkildə hallanmasına yaxşı baxmıram. Kriminal aləmdən tanıdığım şəxslər yoxdur. Sadəcə olaraq hamı kimi bəziləri haqqında eşitmişəm. Hər kəsin bu həyatda öz yolu var. Ancaq özüm bu yolun yolçusu olaraq görmürəm və bir qayda olaraq kriminal şəxslərlə təmasdan qaçıram.

– Yüksək uğur qazanmış idmançılarımızın əksəriyyəti “prestijli” bir sahədə çalışmağa can atırlar. Bildiyim qədəriylə, siz də FHN əməkdaşısınız. Lakin siz Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi idman federasiyaları üzrə yarışmırsınız. Bu halda FHN-də sizə qarşı bir ögeylik hiss edirsinizmi?

– Mən FHN-də sürücü işləyirəm. İşimdən də razıyam. Beş ildir bu qurumda çalışıram və bu günə qədər heç bir ögeyliyin şahidi olmamışam. İstər yunan-roma güləşi üzrə yarışlara qatılanda, istərsə də Sanda döyüş növü ilə məşğul olduqdan sonra FHN rəhbərliyndən ancaq qayğı və diqqət görmüşəm. Ölkə prezidenti İlham Əliyevin idmana olan qayğısı da hər kəsə bəllidir və cənab nazir Kəmaləddin Heydərovun Azərbaycan idmanının inkişafı üçün xüsusi olaraq çalışdığını da hər kəs bilir. Mənim dünya çempionu olmağımda da nazirimiz cənab Kəmaləddin Heydərov başda olmaqla, Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin rəisi Cəbrayıl Xanlarovun və müfəttişliyin rəisi Asiman Hüseynlinin xüsusi rolu olub. Məhz onların göstərdikləri diqqət hesabına Azərbaycan bayrağını zirvəyə daşımaq mənə qismət oldu. Ona görə də başda cənab nazirimiz olmaqla, hər kəsə minnətdarlığımı ifadə edirəm.

– Hal-hazırda məşqlərinizi harada davam etdirirsiniz?

– Hal-hazırda məşqlərimi Fövqəladə Hallar Nazirliyinin “Qəbələ” idman klubundakı idman cəmiyyətində davam etdirirəm. Müəllimim Ramil Allahverdiyevdir.

– Hazırda hansısa yarışa hazırlaşırsınızmı?

– Hal-hazırda noyabr ayında İspaniyanın Benidorm şəhərində keçiriləcək əlbəyaxa döyüş növləri üzrə dünya çempionatına hazırlaşıram. Bu yarışla bağlı məşqlərə ciddi şəkildə davam edirəm. Ümid edirəm ki, vətənə qalib olaraq dönəcəm.

-Son olaraq, Azərbaycanda idmana maraq göstərən gəclərin sayı artmaqdadır. Bu sahədə olan gənclərimizə məsləhətiniz nə olardı?

– Bəzi insanlar var ki, sırf formada qalmaq üçün idmana üz tuturlar. Məqsəddən asılı olmayaraq, idmanla məşğul olmaq insan sağlamlığı üçün çox vacibdir. Gənclərə məsləhətim odur ki, sağlam həyat yaşasınlar, zərərli vərdişlərdən uzaq olsunlar, dövlətin mənafeyini hər şeydən üstün tutsunlar.İdmançı adını almaqla, özlərini kimlərdənsə güclü hesab eləməsinlər. Əsl idmançı öz nümunəvi davranışı ilə hamıya örnək olmalıdır.

Yeniçağ.az

www.yenicag.az

913
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv